Muzeylər - təhsilin fəal məkanları

 

Mədəniyyət işçiləri bu mövzunu Qubada müzakirə ediblər

 

Qubada "Qubanın sənət inciləri" adlı sərgi, "Quba xalça məktəbinin ənənələri və onun digər sənət sahələrinə təsiri" mövzusunda tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, "Dvv international" Azərbaycan nümayəndəliyinin milli koordinatoru İsgəndər Sadiq, Quba İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və rayonda fəaliyyət göstərən muzey rəhbərləri iştirak edib. Röya Tağıyeva bildirib ki, layihədə məqsəd mövcud muzeyləri təhsilin fəal məkanlarına çevirmək üçün mədəni və təhsil institutları heyətlərinin bacarıqlarının artırılmasına dəstək verməkdir.

İki ildir Azərbaycanda Avropa Komissiyasının "İnsanlara Sərmayə: yerli mədəniyyətə doğru, mədəni müxtəlifliyin qorunması və təbliğatı" proqramı çərçivəsində "Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömürboyu təhsil məkanı kimi" mədəniyyət layihəsi həyata keçirilir. 30 ay müddətini əhatə edən regional layihə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada icra olunur. Ölkəmizdə bu layihəni Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi, eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi birgə həyata keçirir. Layihə Avropa Komissiyası və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir. Azərbaycanda bu layihə Bakı, Şəki, Astara və Qubada həyata keçirilir. 30 ay müddətində davam edən layihə bu ilin iyun ayında bitir.

 

 

Xatun 

 

Ayna.- 2011.- 19 mart.- S.20.