Buxta üzərində dünyanın ən uzun asma körpüsü

 

Paytaxtda şəhərsalmanın yeni modelləri tətbiq ediləcək

 

Gələn il Bakının yeni Baş Planı hazır olacaq. Beləliklə, 2030-cu ilə kimi paytaxtın Baş Planına əsasən, şəhərsalmanın ən yeni modelləri tətbiq olunacaq, infrastruktur tam yeniləşəcək. Bu, bütünlüklə Bakının və ətraf qəsəbələrin, ümumilikdə Abşeron regionunun inkişaf parametrini də müəyyən edən daha uzunmüddətli konsepsiya olacaq. Tikinti və yenidənqurma işləri hər il artdığından növbəti illərdə Baş Plana lazımi dəyişikliklər edilməsi də mümkündür. Gələcəkdə şəhərin ayrı-ayrı zonalarında və landşaft arxitekturasında dəyişikliklərin olunması və yeni obyektlərin tikilməsi bunu qaçılmaz edir. Baş Planın hazırlanması işinə Dünya Bankı 5 milyon manat qrant ayırıb. Layihənin hazırlanması üçün işlərə isə 2009-cu ildən başlanılıb.

 

Ərəb neft paytaxtlarına bənzəməyə çalışırıq

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, paytaxtın Baş Planı əvvəlkilərdən fərqlənəcək, bu işdə dünya təcrübəsinə isnad ediləcək. Burada ən modern sivilizasiyanın ən son elementlərindən, Avropa və Asiyanın müasir şəhərsalma ənənələrindən, eləcə də Yaxın Şərqin zəngin neft ölkələri olan BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveytin möcüzə memarlıq ansambllarından istifadə olunacaq.

Xəzər dənizi ilə paytaxtın amfiteatr hissəsində, eyni zamanda Qara şəhər - Zığ ərazisində nəhəng layihənin əsası qoyulacaq. Burada ilk növbədə ən iri dəniz nəqliyyatı infrastrukturu yaradılacaq. Bakı buxtası üzərində qurulan dünyada ən uzun asma körpü salınacaq. Bu layihənin ilkin variantı da hazırlanıb və tam mükəmməl bir layihənin icrasına başlamaq üçün Cənubi Koreya şirkətinə tapşırıqlar verilib. "Bakı körfəzi dəniz körpüsü" Cənubi Koreyanın "Dong Sung Engineering" şirkətinə həvalə olunub.

Şıx qəsəbəsindən Zığa qədərki asma körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Cənubi Koreya tərəfi Bakını əhatə edən dairəvi yola birləşəcək körpünün tikintisinə təxminən 1 milyard dollar həcmində vəsait ayıracaq. Eyni zamanda Dubayın və Küveytin tanınmış dizayn şirkətləri də bu işə cəlb olunublar.

Bu körpünün dəniz üzərindəki uzunluğu 13,3, ümumi uzunluğu isə 26,5 kilometr olacaq. Körpü həm də hazırda qövs şəklində olan 3 dairəvi yolu birləşdirəcək. Bundan başqa, körpü ətrafında süni adalar yaradılacaq və sualtı liftlər vasitəsilə həmin adalara yollar çəkiləcək. Bu asma körpünü həm də Bakının yeni simvolu adlandırırlar. Dəniz korpusunun 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdiri Yusif Yaqubzadə isə hesab edir ki, Baş Planda əsas strateji layihələrdən biri olan Ağ Şəhərin salınmasında Yaxın Şərqin ecazkar modellərinin tətbiqi istisna deyil. Belə ki, Küveytin turizm, logistika və memarlıq-dizayn şirkətlərinin Ağ Şəhər Layihəsində (Baku White Citi) də təmsil olunması nəzərdə tutulur. Küveytli mütəxəssislər Bakı Ağ Şəhər kimi cəlbedici layihənin potensialını yüksək qiymətləndiriblər.

 

Küveyt köməyini təklif edir

 

Küveyt neftqaz satışından böyük həcmdə valyuta rezervləri qazanan Azərbaycana iri şəhərsalma turizm komplekslərinin yaradılmasınıbu sahədə öz köməyini təklif edib. Respublikamızda səfərdə olan Küveytin xarici işlər naziri Şeyx Məhəmməd Əl-Sabah deyib ki, onun hökuməti iri turizm mərkəzlərinin yaradılmasına, böyük infrastruktur investisiya layihələrinin həyata keçirilməsinə kömək edə bilər. Kuveytin iri turizm və şəhərsalma üzrə dizayn şirkətləri Azərbaycanın coğrafi relyefini, xüsusilə də Bakı landşaftını nəzərdən keçiriblər. Burada ən müasir və yaraşıqlı binaların tikilməsi tövsiyə olunub. Hətta paytaxtımızda Əl-Küveytə oxşar yeni şəhərin yaradılması da istisna olunmur. Xəzər dənizindəki adalarda arxipelaqda tamamilə başqa bir Bakının salınması müzakirə mövzusudur.

 

Tarixi binalar varlılara satıla bilər

 

Onu da qeyd edək ki, paytaxtın tarixi abidələrini qorumaq məqsədilə "Böyük Bakının regional inkişaf planı" layihəsi çərçivəsində bu binaların hərraca çıxarılması və imkanlı adamlara satılması təklif olunur. Məqsəd isə həmin tikililərin infrastrukturunun saxlanması mühafizəsi işini birbaşa yerli sakinlərə həvalə etməkdir. Amma bu təklif cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi ekspertlər hesab edirlər ki, şəhərin mərkəzindəki tarixi binaların hərraca çıxarılması həmin tikililərdə yaşayan aztəminatlı ailələrin hüquqlarının pozulması ilə nəticələnə bilər.

Y.Yaqubzadə söhbət əsnasında tarixi binaların hərrac yolu ilə satışa çıxarılması təklifinə də münasibət bildirdi: "İş prosesində hər kəsin öz ideya və təklifi olur. Amma bu təklifin səsləndirilməsi o demək deyil ki, həmin ideya dərhal qərar şəklini alacaq. Biz layihə çərçivəsində xarici ölkələrin, o cümlədən Qərbi Avropa, Rusiya təcrübəsini öyrənirik. Məsələn, Moskvada tarixi binalar hərrac vasitəsilə imkanlı şəxslərə satılıb və orada yaşayan vətəndaşlara kompensasiya ödənilərək başqa ərazilərə köçürülüblər. Lakin bu proses kortəbii şəkildə deyil, qanunvericiliyə uyğun həyata keçirilib. Yəni hərracda qalib gələn tərəflə müqavilə bağlanır. Həmin sənədin tələblərinə görə, binanı əldə edən şəxs tikilinin tarixi görünüşünə, hətta rənginə xələl gətirməmək barədə öhdəlik götürür. Rusiya təcrübəsində belə bir addım onunla əlaqələndirilir ki, dövlətin bütün tarixi binaları qorumaq üçün vəsaiti yoxdur".

 

 

Banu 

 

Ayna.- 2011.- 19 mart.- S.16.