"Bu ikinci Ərəblinski hardan çıxdı?"

 

Sidqi Ruhulla - 125

 

Keçmişin görkəmli aktyoru Sidqi Ruhullanın 125 illik yubileyidir. Onun fəaliyyəti teatr tarixinin inkişafı ilə qırılmaz surətdə bağlı olmuş, bu mühitdə şöhrətlənmişdir. Gənclik illərində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyindən yoldaşlarının təklifi ilə Sidqi təxəllüsünü qəbul etmişdir.

Sidqi Ruhulla (1886, 28 mart - 1959, 5 may) öz müəllimi H.Ərəblinskiyə çox bağlı olmuşdur. S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində şəxsi fondunda (Fond 519) saxlanılan sənədlərdən aydın olur:

"N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Rüstəm bəy rolunu Ərəblinski özü ona təklif etmişdir. Bu əsəri balaca bir otaqda məşq edərkən müəllimi Ərəblinskinin ona göstərdiyi hər hərəkətə, hər bir danışıq qaydasına fikir vermişdir. Hətta Rüstəm bəy rolunu səhnədə oynarkən Ərəblinskinin ona göstərdiyi hərəkətləri səhnədə elə göstərmişdi ki, Haqverdiyev birinci pərdədən sonra səhnəyə gəlib Ərəblinskiyə "Bu ikinci Ərəblinski haradan çıxıbdır" demişdir.

...Həmişə yaxşı aktyor olmağı düşünürdü. Əlyazmalarından oxuyuruq: "Məşğələlərdən sonra evə gəlib Rüstəm bəy rolunu öyrənirdim. Eşitmişdim ki, Ərəblinski həmişə bir rolu hazırlayanda qoca anasını yanına çağırıb onu tərəfi-müqabil tutub, onunla danışarmış. "Mən nə edəcəyimi düşünürdüm, çünki özümü Ərəblinskiyə oxşatmaq istəyirdim, o vaxt mən sənəti məhz onda görürdüm. Rolun bir parçasında çox çətinlik çəkirdim. Rüstəm bəyin oğlu Mahmud bəyin meyitini onun evinə gətirirlər, Rüstəm bəy meyitin üzərində ağlayır. Mən həmin parçanı hazırlamaq üçün nə edəcəyimi bilmirdim. Bu vaxt Ərəblinskinin anasını qabağına qoyub danışmağı yadıma düşdü. Çarpayıdan yorğanı götürüb meyit əvəzinə yerə uzatdım və nəticədə Bakıda qaldığım evdən qovuldum".

O zamanlar tamaşa vermək üçün icazə almaq çox çətin idi. Ya gərək senzor tərəfindən icazə verilmiş əsərlərin kataloqu, ya da çap olunmuş afişalar olsun. S.Ruhulla yazır:

"Mən rayonlara gedəndə əvvəlcə icazə verilmiş əsərin adını, altında icazəsiz əsərin adını xırda yazardım. İcazəsiz tamaşa oynadığım üçün jandarma idarəsindən gəlib səhnəni əhatə etdilər. Pərdə enən kimi suflyordan pyesi götürdülər və mən bir neçə gün həbsdə qaldım".

Cəfər Cabbarlı S.Ruhulla haqqında yazmışdır: "Sidqinin ən böyük xidməti odur ki, çar istibdadının ən ağır günlərində Azərbaycanda bütün şəhərləri, kəndləri və xırda obaları belə dolaşmış və o zamana qatı qaranlıq arasında teatr işığı aparmışdir".

S.Ruhulla Güney Azərbaycanın baş şəhəri Təbrizdə milli teatrın təməlini qoymuşdu. Təbrizdə olarkən yerli azərbaycanlı ziyalılardan, sənətə rəğbət bəsləyənlərdən kiçik dəstə toplayaraq burada bir neçə tamaşanın quruluşunu vermişdir. Həmin tamaşalardan Ə.Haqverdiyevin "Bəxtsiz cavan" dramı və Molyerin "Zorən təbib" komediyası diqqəti cəlb etmişdi.

Təbrizdən qayıdandan sonra onun yaratdığı həvəskarlar truppası öz ana dilində tamaşalar verir və nəticədə bu truppa professional Azərbaycan teatrına çevrilir. Ruhulla eləcə də orta Asiyada özbək dilində ilk musiqili tamaşanın quruluşçusu olmuşdur. Onun aktyorluq fəaliyyəti bilavasitə qastrollarla əlaqədar idi. O, Rusiyanın bir çox şəhərlərində, Türkmənistanda, Özbəkistanda, Dağıstanda, Gürcüstanda, İranda və bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.

Ruhulla 1913-cü ilin yazında Tiflisə qasrtrola gələndə Əbdürrəhim bəylə birlikdə yerli tamaşaçıların xüsusi maraq göstərdikləri "Ağa Məhəmməd Şah Qacar" faciəsini hazırlamışlar. Ruhulla Qacarı, Əbdürrəhim bəy isə Sadıq xanı oynamışdır. Teatrşünas İ.Rəhimli yazır ki, "Fədakarlar Tiflisdə milli teatr sənətimizin inkişafı sahəsində yorulmaz fəaliyyətlərini davam etdirirdilər. Bakıda mart qırğınından sonra aktyorlar pərən-pərən düşmüşdülər. Aktyor və rejissor Sidqi Ruhulla Bakıdan öz aktyor dəstəsi ilə Tiflisə gəlmişdi. O burada yerli teatr həvəskarları ilə "Leyli və Məcnun" (Məcnun - S.Ruhulla), "Əsli və Kərəm "(Kərəm - S.Ruhulla) operalarını, "Arşın mal alan" (Soltan bəy - S.Ruhulla) operettasını, Əbdürrəhim bəyin, Nəcəf bəyin pyeslərini tamaşaya qoyur.

Teatrla yanaşı özünü kinoda da sınamışdır. "Gilan qızı" filmində Hacı Zahid rolunda, "Tamilla"da - Yolçu, "Hacı Qara"da - Əlimərdan bəy, "Fətəli xan"da- Rza bəy rollarını böyük məharətlə ifa etmişdi. Həm teatrda, həm kinoda oynadığı rollar özünəməxsusluğu, mürəkkəb xarakterləri ilə fərqlənirdi.

Teatr sənətindəki xidmətlərinə görə 1931-ci ildə əməkdar artist, 1938-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına, sonralar dövlət mükafatına layiq görülmüşdü.

 

 

Məxluqə MƏMMƏDOVA

 

Ayna.- 2011.- 19 mart.- S.19.