Təhlükəsizlik
və müdafiə sektoru - 16-30 aprel
16 aprel. KHVTİC sədri, general-mayor Novruzəli Orucov bildirib ki, Aviasiya Mərkəzi ərazisində Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Dövlət Sərhəd Xidməti birgə aerodrom inşa edəcək. Hazırda yaxınlıqdakı hərbi bazada baş vermiş partlayış nəticəsində mərkəzin ərazisinə dağılmış mina və döyüş sursatları təmizlənir: "İşlər başa çatandan sonra mərkəz yenidən qurulacaq və buradan Dövlət Sərhəd Xidməti ilə birgə istifadə edəcəyik".
16 aprel. Çernobıl faciəsinin 25-ci ildönümü ərəfəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyi sistemində çalışan Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirilib.
17 aprel. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, 1991-ci ildən bu yana burda Azərbaycan Ermənistan və Gürcüstanla müqayisədə silah alınmasına daha çox pul xərcləyir. Özü də əvvəlki illərlə müqayisədə fərq artıb. Məsələn, 2010-cu ildə Azərbaycan silah alınmasına 1.5 milyard dollar, Ermənistan 422, Gürcüstan 454 milyon dollar xərcləyib. Ancaq institutun 2009-cu il üçün açıqladığı rəqəmlərinə görə, ümumdaxili məhsulunun ən böyük hissəsini silah almağa xərcləyən ölkə Gürcüstandır. Rəsmi Tbilisi silah alınmasına ÜDM-in 5.6, Yerevan 4.2, Bakı isə cəmi 3.4 faizi qədər vəsait xərcləyir.
18 aprel. Azərbaycanda səfərdə olan Rumıniya prezidenti Trayan Basesku deyib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Lakin bu həll istənilən dövlətin ərazi bütövlüyünə təsir göstərməməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları, xüsusilə azlıqların suveren dövlət çərçivəsində hüquqlarına hörmət prinsipi əsasında həll olunacaq".
18 aprel. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 2010-cu ildə Türkiyənin müdafiə sektorunda fəaliyyət göstərən iki şirkət Azərbaycana 267 milyon ABŞ dolları dəyərində ixracat gerçəkləşdirib. Məlumata görə, Türkiyənin ən böyük raket və reaktiv döyüş sursatlarının istehsalçısı olan ROKETSAN şirkəti Azərbaycanla 244 milyon dollarlıq ixracat müqaviləsinin icrasını gerçəkləşdirib. "Otokar" şirkəti isə Azərbaycanla zirehli nəqliyyat vasitələrinin ("Cobra" təkərli transportyorların və "Land Rover Defender" avtomobillərinin) ixracına dair 23 milyon dollar dəyərində müqavilə imzalayaraq icrasına başlayıb. Bundan başqa, Türkiyənin dənizçilik sektorunda fəaliyyət göstərən "Dearsan" tərsanəsi Xəzəryanı ölkələrdən Türkmənistandan 120 milyon dollarlıq gəmi sifarişi alaraq işlərə başlayıb.
18-20 aprel. Azərbaycanın milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə
Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru
general-leytenant Kirço Kirov ölkəmizdə rəsmi səfərdə
olmuşdur.
18-20 aprel.
Türkiyənin Quru Qoşunları komandanı, ordu
generalı Erdal Ceylanoğlu Azərbaycana səfərə gəlib.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə
görüşündə hərbi əməkdaşlıq məsələlərinin
perspektivləri diqqət mərkəzində olub. Dövlət
Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin
Quliyevlə görüş zamanı isə Türkiyə heyətinə
Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili,
əməliyyat şəraiti və mövcud təhdidlər
barədə məlumat verilib. Görüşdə sərhəd
təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin
səviyyəsi yüksək qiymətləndirilib, gələcək
hərbi əməkdaşlıq vəziyyəti və perspektivləri
müzakirə olunub.
19 aprel. Müdafiə Nazirliyinin
Naxçıvan MR-da yerləşən "N" saylı hərbi
hissəsində 2011-ci ildə Ordubad Rayon Hərbi
Komissarlığından həqiqi hərbi xidmətə
çağırılmış, 1992-ci il təvəllüdlü
Orxan Nəriman oğlu Babayev xəstəlikdən vəfat
edib.
19 aprel.
Gürcüstan Rusiya ilə, ərazisindən keçməklə,
bu ölkənin Ermənistandakı hərbi bazasına
yüklərin daşınmasını nəzərdə tutan
razılaşmanı ləğv edib. Tbilisi bu qərarını
5 illik müqavilə müddətinin bitməsilə əsaslandırıb.
19 aprel. 15-25
may tarixlərində "Regional cavab-2011" adı
altında keçirilməsi gözlənilən ABŞ - Azərbaycan
birgə hərbi təlimləri növbəti dəfə təxirə
salınıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi,
polkovnik-leytenant Eldar Sabiroğlu deyib ki, nəzərdə
tutulan təlim qeyri-müəyyən vaxta təxirə
salınır.
19 aprel.
"Flight Global" agentliyinin məlumatına görə,
İsrail Kosmik Sənaye şirkəti (Israel Aerospace Industries)
Azərbaycana "Heron" və "Searcher 2" pilotsuz kəşfiyyat
təyyarələrini təklif edib. Məlumatda qeyd olunub ki, bu
yaxınlarda İAİ heyətinin Azərbaycana səfəri
zamanı belə bir təklif səsləndirilib.
20 aprel. Ermənistan
SQ Azərbaycanın işğal altında olan keçmiş
Ağdərə rayonunun ərazisində, Tərtərin
Talış və Yuxarı Çaylı kəndləri
istiqamətində hərbi təlimlərə
başlayıblar. Təlimlərdə müxtəlif
çaplı artilleriya qurğularından və zirehli
texnikalardan istifadə edilib. Həmin ərazilərə
yaxın yaşayış məntəqələrində
partlayış səsləri eşidilib.
20 aprel. Xocavənd rayonunun Kuropatkino kəndi
yaxınlığında ermənilərin atəşkəs
rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri
- Fazil Elxan oğlu Abdullayev (1991) və Elşən İsfəndiyar
oğlu Nəzərov (1990) düşmən gülləsinə
tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib.
F.Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir.
E.Nəzərov isə yüngül xəsarət alıb.
F.Abdullayev Gədəbəy, E.Nəzərov isə Kəlbəcər
RHK-dan həqiqi hərbi xidmətə
çağırılıblar.
20 aprel. Azərbaycanda rəsmi səfərdə
olan Litva daxili işlər naziri Raymundas Palaitisin rəhbərlik
etdiyi heyəti fövqəladə hallar naziri Kəmaləddin
Heydərov qəbul edib.
21 aprel. Türkiyənin xarici işlər
naziri Əhməd Davudoğlu bəyan edib ki, "Türkiyə
və Ermənistan arasındakı münasibətlərin
yaxşılaşması və Qarabağ münaqişəsinin
nizamlanması məsələləri ilk baxışdan əlaqəli
görünməsə də, bu iki prosesin
bağlılığı mübahisəsizdir".
21 aprel. Şəmkir Hərbi Birləşməsinin
hərbi hissələrindən birində 2010-cu ilin
oktyabrında Nərimanov RHK-dan həqiqi hərbi xidmətə
çağırılmış Elçin Əli oğlu Kərimbəyli
(1992) ürək tutmasından dünyasını dəyişib.
22 aprel. Ermənistan
Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində
atəşkəsi pozması nəticəsində ordumuzun
giziri Anar Əli oğlu Süleymanov (1982) düşmən
gülləsinə tuş gəlib. Güllə yarası alan
gizir hospitala yerləşdirilib.
22 aprel. Moskvada
Azərbaycan, Ermənistan və Rusiya XİN
başçıları arasında Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasına dair görüş
keçirilib. Görüşlə bağlı geniş məlumat
verilməyib.
25 aprel. ANAMA mətbuat
xidmətindən bildirilib ki, NATO-nun yardımı ilə Azərbaycanın
Ağstafa rayonunda həyata keçirilən
"Partlamamış sursatların təmizlənməsi
üzrə Saloğlu layihəsi" çərçivsində
əməliyyatlar iyun ayında tamamlanacaq. Hazırda ərazidə
əməliyyatlarla yanaşı, xarici keyfiyyət
yoxlamaları da aparılır. Xarici keyfiyyət yoxlamaları ərazidə
işlər bitdikdən sonra daha bir neçə ay davam edəcək.
Agentlikdən verilən məlumata görə, 2005-ci ilin
dekabrından bu günə qədər Saloğlu kəndində
5 528 263 kvadratmetr ərazi təmizlənib, 586 765
partlamamış sursatlar aşkar olunaraq zərərsizləşdirib.
Qeyd edək ki, Saloğlu sovet ordusunun Cənubi Qafqazda ən
böyük sursat anbarı olub. Rusların 1991-ci ilin avqust
ayında bazada törətdikləri partlayış nəticəsində
138 sursat anbarı dağılıb.
25 aprel. KHVTİC
Respublika Şurasının sədri, general-mayor Novruzəli
Orucov bildirib ki, Azərbaycanda yeniyetmələr
üçün desant kursları açılacaq. Onun sözlərinə
görə, desant kurslarında yeniyetmələrə bir
neçə istiqamətdə - nəzəri hazırlıq,
paraşütdən tullanma, əlbəyaxa döyüş və
silah atıcılığı - təlimlər keçiləcək.
25 aprel. Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov "Rusiya qlobal siyasətdə"
adlı jurnala müsahibəsində bəyan edib ki, Ermənistan
ordusunun Qarabağdan çıxarılması çox vacibdir
və buradakı vəziyyəti köklü surətdə dəyişə
bilər.
25 aprel.
İran HDQ komandanı, kontr-admiral Həbibullah Səyyari deyib
ki, İran İR-in yeni müdafiə doktrinası
hazırlanır. Səyyari yeni müdafiə doktrinası
haqqında jurnalistlərə danışarkən
İranın hərbi qüvvələrinin xüsusən Hind
okeanının Ərəb dənizinin bir hissəsi olan Ədən
körfəzi sularında iştirakının vacibliyini vurğulayıb.
Admiral körfəzin sularında daha 30 xarici dövlətin gəmilərinin
olduğunu qeyd edib.
25 aprel. Azərbaycanın müdafiə
naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Metyu
Brayzanı qəbul edib. Görüşdə ABŞ-Azərbaycan
ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin
gedişatı və perspektivləri müzakirə edilib, eyni
zamanda təxirə salınmış "Regional cavab -
2011" birgə hərbi təliminin keçiriləcəyi
vaxt barədə də danışılıb. Bundan
başqa, enerji infrastrukturunun təhlükəsizliyi haqda fikir
mübadiləsi aparılıb.
25 aprel.
ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri
üzrə köməkçisi Tina Kaydanau Azərbaycana səfər
edib. O prezident İ.Əliyev və xarici işlər naziri
Elmar Məmmədyarovla görüşüb. İkitərəfli
əməkdaşlıq perspektivləri müzakirə olunub.
26-28 aprel.
Bakıda Azərbaycan və ABŞ arasında imzalanmış
Hərbi əməkdaşlıq üzrə İş
Planı çərçivəsində Azərbaycan-ABŞ
ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq
konfransı keçirilib. Konfransda ölkələr
arasında növbəti il üçün
planlaşdırılan hərbi əməkdaşlıq
mövzuları müzakirə olunub.
26-27 aprel. Xəzər dənizi üzrə Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran tərəflərinin işçi qrupun Bakı görüşü zamanı konvensiyanın ayrı-ayrı müddəaları razılaşdırılıb. Bunu Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair konvensiyasının müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun iclasından sonra keçirdiyi mətbuat konfransında xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Xələfov əlavə edib ki, Bakı görüşünün yekunu olaraq Xəzərin hüquqi statusuna dair konvensiyanın işlənməsi üzrə işçi qrupunun iclasının yekunları üzrə kommunike qəbul edilib.
26-28 aprel. ANAMA baş əməliyyat meneceri Samir Poladov Xorvatiyanın Sibenik şəhərində 8-ci Beynəlxalq Humanitar Minatəmizləmə Simpoziumu - "Humanitarian Demining 2011 - HUDEM-2011"ə qatılıb. Tədbir çərçivəsində istehsalçı şirkətlər özlərinin yeni texnologiyalarını sərgiləyiblər.
27 aprel. CAR-ın Adi Silahlanmaya Milli Nəzarət Komitəsinin (NCACC) məlumatına görə, ötən il Cənubi Afrika Respublikası (CAR) Azərbaycana 17 674 395 ABŞ dolları (119 119 764 CAR randı) dəyərində hərbi məhsul ixrac edib. CAR-ın 2010-cu ildə Azərbaycana hansı məhsulları ixrac etməsi barədə məlumatlar isə açıqlanmayıb. 2009-cu ildə isə CAR şirkətləri tərəfindən Azərbaycana 22 515 775 dollar dəyərində ixracat gerçəkləşdirilib. 2009-cu ildə CAR-dan əsasən Azərbaycana "Paramount Group" şirkəti tərəfindən 10 ədəd "Marauder" tipli zirehli personal daşıyıcı satılıb.
27 aprel. Ermənistan SQ növbəti dəfə Xocavənd rayonu istiqamətində atəşkəs rejimini pozublar. Azərbaycan SQ-nin açdığı cavab atəşi nəticəsində bir erməni hərbçisi öldürülüb. Ermənistan mətbuatı başından aldığı güllə yarasından keçinən hərbçinin 1992-ci il təvəllüdlü Baxşiyan Vazgen Karlenoviç olduğunu yazır. Yaralı hospitala aparılanda yolda keçinib.
28 aprel. Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Zurab Adeişvili Azərbaycanda bir sıra görüşlər keçirib. Görüşlərdə iki ölkənin prokurorluq və ədliyyə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
28 aprel. ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə birinci müavini Uilyam Berns ATƏT Minsk Qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşüb. Uilyam Berns həmsədrlərlə onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yaxın və gələcək fəaliyyətini müzakirə edib.
28 aprel. Bakıda
ABŞ konqresmenlərindən ibarət bir heyətlə Milli Məclis
üzvləri arasında görüş olub. Azərbaycanlı
parlamentarilər ilə müzakirələr zamanı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə
toxunulub.
28 aprel.
Bakı Hərbi Məhkəməsindən verilən məlumata
görə, Milli Ordunun zabitləri Azər Xalıqov və Azər
Hüseynov Cinayət Məcəlləsinin 311.3.1-ci
(rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə) maddəsi ilə təqsirləndirilirlər.
Onların barəsində ötən gün Bakı Hərbi Məhkəməsinin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəmkir Hərbi
Birləşməsinin şəxsi heyətin uçotu üzrə
məsul zabiti, polkovnik-leytenant Azər Xəlil oğlu
Hüseynov bu il martın 14-də ülgüclə
boğazını kəsərək intihara cəhd edib. Bu
faktla bağlı araşdırma aparılır.
28 aprel. Azərbaycan və Litva baş prokurorluqları arasında memorandum imzalanıb. Memorandumda korrupsiya və qanun pozuntularının başqa növlərinin araşdırılması üzrə potensialın artırılması məqsədilə müxtəlif sahələrdə əməkdaşlığa dair razılaşma öz əksini tapıb.
29 aprel. Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Bakının Suraxanı Rayon Hərbi Komissarlığı çağırış şöbəsinin əməkdaşı Mərbud Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib. O, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bir neçə gün əvvəl Suraxanı və Binəqədi rayon hərbi komissarları rüşvətxorluqda təqsirli bilinərək həbs olunmuşlar.
29 aprel. Azərbaycan
MSN Milli Aerokosmik Agentliyi (MAKA) döyüş
texnikalarının personalı üçün yay
mövsümü şlemafonların istehsalına
başlayıb. MAKA-nın müəssisəsində istehsal
edilən bu qoruyucu baş geyimləri xüsusi qulaqlıqla da
təchiz olunub.
29 aprel. "Dok İNG" şirkətindən verilən məlumata görə, Azərbaycan Xorvatiyanın "Dok İNG" şirkətinin istehsalı olan MV-10 tipli mexaniki minatəmizləmə maşınlarına maraq göstərir.
29 aprel. Erməni
hərbi birləşmələri Ağdam və Xocavənd
rayonlarının işğal altında olan ərazilərində
artilleriya və zirehli texnikalardan istifadə etməklə hərbi
təlimlərə başlayıb.
29 aprel. Prezident İlham Əliyev Bakıda səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviçlə birgə mətbuat konfransında bəyan edib ki, Azərbaycan və Ukrayna arasında hərbi-texniki sahədə əməkdaşlıq ənənəvi formata malikdir. "Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcək. Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur", - deyə o qeyd edib.
29 aprel. Sankt-Peterburq Dövlət Universiteti və NATO-nun Moskva İnformasiya Bürosunun dəstəyi ilə "Rusiya - NATO tərəfdaşlığı: Lissabon sammitinin qərarlarını yerinə yetirərkən" adlı beynəlxalq konfrans keçirilib. Azərbaycandan tədbirə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli qatılıb. O, "NATO-nun Əfqanıstan missiyası: Tərəfdaş ölkələrin mövcud və perspektiv töhfələrində Rusiyanın rolu" adlı məruzə ilə çıxış edib.
29 aprel. Erməni mətbuatının məlumatına görə, Azərbaycan əsgərləri daha iki erməni hərbçini məhv edib, birini isə yaralayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Onların adı hələlik açıqlanmır. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, Dağlıq Qarabağda iki erməni əsgərini Azərbaycan Ordusu deyil, Ermənistan vətəndaşı olan hərbçi öldürüb.
30 aprel. ANAMA-dan verilən məlumata görə, Vyetnam minaaxtaranları Azərbaycanın təcrübəsini öyrənəcəklər. Məlumatda bildirilir ki, Vyetnam Veteranları Amerika Fondunun (VVAF) 12 nəfərlik heyəti mayın 1-dən 5-dək Azərbaycanda səfərdə olacaq. Qeyd edək ki, buna qədər ANAMA tərəfindən Əfqanıstan, Tacikistan, Türkiyə və Gürcüstan minaaxtaranlarına müxtəlif təlimlər keçirilib.
30 aprel.
Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından
(MKEK) verilən məlumata görə, Azərbaycan mühəndislərinin
yaratdığı 12.7 mm çaplı "İstiqlal"
snayper tüfənginin (İST-12.7 Anti-Material Rifle) bu ilin
sonlarında Türkiyədə istehsalına başlana bilər.
Bu iri çaplı snayper tüfənginin birgə
istehsalına dair Türkiyə və Azərbaycan arasında
ötən ilin sonlarında anlaşma əldə olunub. Bu ilin
fevral ayında isə MKEK-lə Azərbaycan Müdafiə Sənayesi
Nazirliyi (MSN) arasında imzalanmış müqavilədə
birgə istehsal əksini tapıb. Birgə istehsal olunacaq
snayper tüfəngi Azərbaycanda hazırda sınaq testləri
keçirilən modeldən xeyli fərqlənəcək.
Silahın dizaynında, çəkisində və bəzi
sistemlərində əhəmiyyətli dəyişiklik ediləcək.
Hazırda bununla bağlı tədqiqatlar aparılır, eyni
zamanda texnologiyanın transferi həyata keçirilir.
Silahın Türkiyədə istehsal ediləcək modelinin həm
Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına
verilməsi, həm də MKEK-MSN əməkdaşlığı
çərçivəsində digər NATO ölkələrinə
və xarici bazarlara birgə çıxarılması nəzərdə
tutulur. İST-12.7 snayper tüfənginin Türkiyədə
istehsalı Azərbaycanın ilk hərbi-texnoloji transferidir.
30 aprel. Erməni hərbi birləşmələri
səhərdən hərbi təlimləri Ağdamın
işğal altında olan Şahbulaq dağı və Uzundərə
ərazisində keçiriblər. Düşmən
qüvvələri təlimlərdə artilleriya, zirehli texnika
və atıcı silahlardan istifadə edib.
30 aprel. MN mətbuat xidmətinin
yaydığı məlumata görə, Azərbaycan SQ hərbi
qulluqçuları bu tədbirlərdə iştirak edəcəklər:
FTP-dən əlavə. 02-06.05.2011. Əldədüzəltmə
partlayıcı qurğular əleyhinə mübarizə
mövzusunda kurs. İzmir, Türkiyə.
"Anadolu
Ulduzu-2011" axtarış və xilasetmə təliminin
müşahidəçilərin ziyarət günündə
iştirak. 03-05.05.2011.
İzmir, Türkiyə.
Azərbaycan-ABŞ
iş planına əsasən. 04.05.2011-06.09.2012. Döyüş dalğıcı
kursu. San-Antonio, ABŞ.
Azərbaycan-Böyük
Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən.
09.0517.06.2011.Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı (MPSO İTC) kursu. Vişkov, Çexiya.
NATO-nun
İnformasiya əməliyyatları
planlaşdırıcıları kursu. 09-20.05.2011. Oberamerqau,
Almaniya.
Azərbaycan-Litva
ikitərəfli əməkdaşlıq planına əsasən.
10-13.05.2011. Hospitala aparılmazdan
əvvəl travmalara qarşı mübarizə üzrə hərbi
kurs. Kaunas, Litva.
Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu. 12-18.05.2011. Brüssel / Mons, Belçika..
Ayna.- 2011.- 7 may.- S.9-10.