Tarixin bir vərəqi və onun
iki səhifəsi
Nəriman Nərimanov və Mir Cəfər
Bağırov
İlk
addımı Ermənistan KP MK katibi Q.A.Aritunov atdı. O,
1945-ci ilin noyabrında Stalinə məktub göndərərək
Qarabağın Ermənistan SSR-ə verilməsini ondan
xahiş edir. Bunu belə əsaslandırırdı ki, guya
Qarabağın coğrafi şəraiti Ermənistanın
coğrafi şəraiti ilə uyğunluq təşkil edir, kənd
təsərrüfatı Ermənistanın kənd təsərrüfatı
ilə sıx bağlıdır. Həmin məktubu
baxılması üçün Stalin SSRİ Nazirlər
Sovetinin sədri G.Malenkova göndərir. G.Malenkov da öz
növbəsində bu məsələ ilə bağlı Azərbaycan
rəhbərliyinin mövqeyini öyrənmək məqsədilə
M.C.Bağırovdan münasibət bildirməsini xahiş edir
və 28 noyabr 1945-ci ildə göndərdiyi məktubuna
Aritunovun fikirlərini əlavə edir:
"Yoldaş
Aritunov bu məsələ ilə bağlı məktubunda
aşağıdakıları qeyd edir: "Ermənistan ərazisi
ilə kəsişən Dağlıq Qarabağ Muxtar Vilayəti
1923-cü ildən Azərbaycan SSR-in tərkibindədir. Bu
bölgənin əhalisinin əksər hissəsini ermənilər
təşkil edir. 153 min əhalidən 137 mini ermənilərdir.
Dağlıq Qarabağın kənd təsərrüfatı
Ermənistanın dağlıq hissəsi ilə eynilik təşkil
edir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
onun inkişafına səbəb olar və təsərrüfatın
idarə olunması işini yaxşılaşdırar. Ermənistanın
respublika təşkilatları tərəfindən əhaliyə
ana dilində mədəni-kütləvi və siyasi xidmət
daha da gücləndirilərdi". Bundan əlavə, Aritunov
Qarabağdakı ermənilərin ali təhsillərini Ermənistan
ali məktəblərində ana dilində alması məsələsini
irəli çəkir.
Sonda
Aritunov yazır: "... Dağlıq Qarabağ əhalisinin bu
istəyindən irəli gələrək, Ermənistan Mərkəzi
Komitəsi və Xalq Komissarları Soveti, Azərbaycan SSR-in
Dağlıq Qarabağ vilayətinin Qarabağ vilayəti
şəklində Ermənistan SSR-in tərkibinə daxil edilməsi
məsələsini ÜK(b)P MK və İttifaq hökuməti
qarşısında qaldırır.
Bu məsələnin
müsbət həll ediləcəyi təqdirdə sovet
hakimiyyətinin qurulma ərəfəsində
dağıdılan Qarabağın keçmiş mərkəzi
Şuşa şəhərinin bərpası təklifi ilə
Ermənistan MK-i və XKS hökumət qarşısında
çıxış edəcək".
Məktubla
tanış olan M.C.Bağırov vaxtilə N.Nərimanovun
qarşısına qoyulan məsələnin indi onun
qarşısına çıxarıldığını
anlayırdı. Çünki o, vaxtilə N.Nərimanovun rəhbərliyi
altında əksinqilab, möhtəkirlik, sabotaj və vəzifə
cinayətlərinə qarşı Fövqəladə
Komissiyanın sədri vəzifəsində işləmişdi
və artıq yetərincə təcrübəli idi. Siyasi
sistemi bilir və rejimi gözəl tanıyırdı.
Daşın hansı pəncərədən necə
atıldığını yaxşı dərk edirdi.
Bununla
belə, M.C.Bağırov 10 dekabr 1945-ci ildə G.Malenkova cavab
məktubu göndərir. O, göstərilənlərin
heç bir əsası olmadığını qeyd edir.
Qarabağın tarixindən faktlar gətirərək, onun Azərbaycan
torpağı olduğunu və Qarabağın Azərbaycanın
siyasi və mədəni həyatında önəmli çəkisinin
olduğunu bildirir: "...Dağlıq Qarabağ qədimdən,
mərkəzi Qarabağ xanı Pənah xan tərəfindən
1747-ci ildə qala məqsədilə inşa edilmiş Pənahabad
olan Qarabağ xanlığının tərkibində
olmuşdur.
1826-cı
ildə Qarabağ (xanlığı) çar Rusiyasına
ilhaq edilmişdir. Nəticədə indiki Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisinə Yelizavetpol quberniyasının
Şuşa, Cavanşir, Qaryagin, Qubadlı qəzaları daxil
edilmişdir.
1918-1920-ci
illərdə Azərbaycanda müsavatçıların və
Ermənistanda daşnakların hakimiyyəti dövründə
bütün Qarabağın ərazisində müsavat
hökuməti tərəfindən mərkəzi Şuşa
(keçmiş Pənahabad) şəhəri olan Qarabağ
general-qubernatorluğu təşkil edilmişdir.
Müsavatçılar
və daşnaklar tərəfindən təşkil edilmiş
millətlərarası qırğının nəticəsində
Azərbaycanın və Ermənistanın digər şəhərləri
kimi Şuşa da dağıdılmış və
xarabalığa çevrilmişdir.
1923-cü
ildə əhalisinin əksəri erməni olan Qarabağın
dağlıq hissəsinin Ermənistana birləşdirilməsi
məsələsi qaldırılmışdı. Bundan əlavə,
nəzərə almaq lazımdır ki, bu ərazi Ermənistan
SSR ilə heç bir vaxt ümumi sərhədə malik
olmamışdır və ondan əhalisi tamamilə azərbaycanlılardan
ibarət olan Qubadlı, Laçın, Kəlbəcər və
Dəstəfur (indiki Daşkəsən - N.E.) rayonları ilə
ayrılmışdır; partiya orqanlarının göstərişi
əsasında 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin dekreti ilə mərkəzi
kiçik məntəqə - Xankəndi (indiki Stepanakert)
olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradıldı".
Daha
sonra M.C.Bağırov Aritunovun təhsil məsələsinə
münasibət bildirərək qeyd edir ki, Azərbaycan SSR-in
texnikum və ali məktəb tələbələrinin 20,5
%-ni ermənilər, xüsusən Qarabağ erməniləri təşkil
edir; respublikanın partiya, sovet, təsərrüfat qurumlarda
Qarabağdan olan ermənilərin yüksək vəzifələrdə
- MK və AK(b)P BK katibinin müavini, xalq komissarları,
onların müavinləri və s.
çalışdıqlarını qeyd edir.
Lakin
bununla belə, Bağırov ermənilərin təklifini qəbul
edir, amma o bildirir ki: "...biz, DQMV-in Ermənistan SSR-ə birləşdirilməsinə
etiraz etmirik, lakin Dağlıq Qarabağın ərazisində
olan və əhalisi bütünlüklə azərbaycanlılar
olan Şuşa rayonunun Ermənistana verilməsinə razı
deyilik.
Şuşa
şəhəri təməli qoyulan gündən təkcə
Qarabağın inzibati-siyasi və mədəni mərkəzi
deyil, həm də Azərbaycan xalqının öz müstəqilliyi
uğrunda İran işğalçılarına qarşı
apardığı mübarizədə xususi rol
oynamışdır. Şuşada Qafqaz xalqlarına cəllad
kəsilmiş, qaniçən istilaçı İran
hökmdarı Ağa Məhəmməd Şah Qacar azərbaycanlılar
tərəfindən öldürülmüşdür.
Bu
şəhərdə Azərbaycan xalqının zəngin
musiqi mədəniyyəti formalaşmış və görkəmli
siyasi və mədəniyyət xadimləri İbrahim xan,
Vaqif, Natəvan və b. adları bu şəhərlə
bağlıdır".
Beləliklə,
o, Şuşa istisna olmaqla Qarabağı Ermənistana verməyə
etiraz etmədiyini bildirir, bu şərtlə ki, Azərbaycandan
alınmış və Azərbycanla ümumi sərhədə
malik, əhalisinin əksər hissəsi azərbaycanlı olan
Əzizbəyov, Qarabağlar və Vedi rayonlarının geri
qaytarılması məsələsinə də eyni zamanda
baxılsın. Bundan əlavə, o qeyd edir ki, bu rayonlarda
yaşayan azərbaycanlılar da Azərbaycanın tərkibində
daha yaxşı maddi-məişət şəraitində
yaşayar və onlara daha yaxşı siyasi-mədəni xidmət
göstərilər.
Beləliklə,
M.C.Bağırov Q.Aritunovun siyasi gedişlərini sərrastcasına
anlamış və ona eyni gedişlə cavab vermişdi. Bununla
yanaşı, M.C.Bağırov məktubunda qeyd edir ki,
Gürcüstan SSR də Qax, Balakən, Zaqatala
rayonlarını istəyir və bunu onunla əsaslandırırlar
ki, orada çoxlu gürcü yaşayır. M.C.Bağırov
bunun əsassız olduğunu, əhalisinin sayı 79000 nəfər
olan həmin bölgədə cəmi 9000 gürcü və
yengiloyların yaşadığını qeyd edir.
Bununla
belə, bu təklifə də M.C.Bağırov etiraz etmir, bu
şərtlə ki, əhalisi tamamilə azərbaycanlılardan
ibarət olan və Azərbaycanla ümumi sərhədə
malik olan Borçalı Azərbaycana qaytarılsın. O
cümlədən keçmişdə Azərbaycanın tərkib
hissəsi olan, Bakı quberniyasına daxil olmuş Dərbəndin
və Qasımkəndin Azərbaycana qaytarılma məsələsini
Moskva qarşısında qaldırır. Hansı ki,
heyvandarlıqla məşğul olan bu bölgənin əhalisi
ilin 9 ayını Azərbaycanda keçirir...
Təbii ki, Stalin heç bir halda bununla
razılaşa bilməzdi. Orta Asiyada
"Türküstanın ərazisi
sovet muxtariyyəti üçün olduqca böyükdür", - deyə
onu bir neçə
kiçik hissələrə
parçalayan Stalin M.C. Bağırovun
bu tələblərinə
əməl etməzdi.
M.C.Bağırovun sərt mövqeyi
ilə rastlaşan Ermənistan SSR rəhbərliyi
və Moskvadakı ermənilər bu yolla bir nəticəyə
nail olmayacaqlarını anlayaraq,
yeni bir yol axtarışına
start verdilər. Tarix boyu
böyük güclərin
istifadə aləti olmuş ermənilər yol tapmaqda çətinlik
çəkmədilər. Bu dəfə elə bir sistem hazırlanır
ki, heç kim bu ideyaya, bu layihəyə
etiraz etməyə arqument tapa bilmir
(məqsədini anlasa
belə). Ermənistan rəhbərliyi və
Moskvadakı ermənikimilər
Dağlıq Qarabağ
məsələsini bir
müddət arxa plana keçirərək,
Ermənistanda, öz tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlıları
buradan təmizləməyi
qərara aldılar.
Bu "layihə" belə əsaslandırıldı
ki, guya xaricdən öz "vətən"lərinə dönmək
istəyən çoxlu
sayda erməni var və Ermənistanda
onları yerləşdirəcək
qədər torpaq yoxdur. Azərbaycan SSR-in pambıqçılıq
rayonlarında isə işçi qüvvə çatışmır.
Odur ki, azərbaycanlıları Azərbaycana
köçürərək, guya oradakı təsərrüfatları işçi
qüvvə ilə təmin etmək, boşaldılmış evlərdə
və ərazilərdə
xaricdən gələcək
erməniləri yerləşdirmək
bəhanəsinə Azərbaycan
etiraz edə bilmir. Ermənilər növbəti dəfə
öz işlərini səhvsiz və zərgər dəqiqliyi ilə yerinə yetirmişdilər. Bir
tərəfdən illərlə
üzərində işlədikləri
"Türksüz Ermənistan"
xülyasını həyata
keçirir, digər tərəfdən öz torpağında, səfalı
dağətəyi ərazilərdə,
yaylaqlarda yaşayan azərbaycanlılar Azərbaycanın
Kür-Araz ovalığına
- ilan mələyən,
malyariyanın tüğyan
etdiyi, içməli suyun tapılmadığı
yarımsəhra bir əraziyə köçürülürdülər.
Bu əraziyə köçürüləcək əhalinin isə kəskin iqlim dəyişikliyinə dözməyərək
məhv olacağını
da təbii ki, ermənilər nəzərə almamış
deyildilər. Bu isə ermənilər üçün növbəti
qələbə, Sovet
Rusiyası üçün
isə siyasi maraqların təmin edilməsində irəliyə
atılmış növbəti
addım idi (çar Rusiyası, eləcə də Sovet Rusiyası Qafqazı azərbaycanlılardan,
müsəlmanlardan təmizləməyi
və bu ərazini bir xristian bölgəsi halına gətirməyi öz qarşısında
məqsəd qoymuşdu).
Odur ki, ermənilərin bu fitvasına dəstək verən
Stalin öz köməyini
onlardan əsirgəmədi
və 150 min azərbaycanlı
öz tarixi-etnik torpağından sürgün
edildilər.
Göründüyü kimi, tarixin müxtəlif
vaxtlarında eyni məsələ ilə qarşılaşan iki siyasi xadim N.Nərimanov
və M.C.Bağırov
hər halda milli maraqları qorumağa çalışdılar. Doğrudur, bunu
onlar hərəsi öz siyasi bacarığına və
nəyinsə itirilməsi
bahasına "şimal
ayısının" tələbləri
qarşısında bacardılar.
Hər qazancın arxasında itki durur - aksiomu
burda da öz doğruluğunu göstərdi, lakin fərqli şəkildə
- bədii dildə desək, başını
itirməmək üçün
qolunu, ayağını
qurban verməli olursan. N.Nərimanov Qarabağı vermədi, lakin Zəngəzurun verilməsinə razı salındı, Qarabağa muxtariyyət verildi və sonda qətlə
yetirildi; M.C. Bağırov
Qarabağı vermədi,
lakin Ermənistanda yaşayan azərbaycanlıların
öz dədə-baba
yurdlarından deportasiya
edilməsinə razı
salındı, sonda ona da ölüm
cəzası kəsildi.
Beləliklə, tarixin bir vərəqi - Qarabağ və onun növbəti tarixi iki səhifəsi
- N.Nərimanov və
M.C. Bağırov. Bu vərəqi Azərbaycanın tarix kitabı iki əsrdir ki, iri qara hərflərlə
yazılmış xüsusi
fəslində gəzdirir.
Və hələ ki həmin vərəqdə
yazılanların mürəkkəbi
qurumur...
Natiq EMİNOV
Ayna.- 2011.- 7 may.- S.19.