Kürmük məbədində Müqəddəs Georgi Günü

 

Xristianlar və müsəlmanlar bayram ovqatını birgə yaşadılar

 

Son zamanlar gürcü və erməni mətbuatında Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına yönəlmiş təxribat xarakterli məqalələrin yer aldığı müşahidə olunur. Belə ki, həmin məqalələrdə tolerantlığı ilə hətta keçmiş sovetlər birliyində bütün respublikalardan seçilən Azərbaycanda guya milli azlıqların hüquqlarının pozulduğu iddia edilir. Xüsusi olaraq Qax-Zaqatala-Balakən ərazisində yaşayan gürcü kökənli əhalinin guya Azərbaycan hökuməti tərəfindən dil, təhsil, adət-ənənələrinin və dini ayinlərinin həyata keçirilməsində məhdudiyyətlər qoyulduğu söylənir.

Bu kimi təxribatlarda "politoloq" Eduard Abramyan daha çox canfəşanlıq göstərir. Azərbaycanda yaşayan ingiloylarla bağlı Rusiya saytlarında onlarca uydurma məqalələr təqdim edən Abramyan iddia edir ki, Qax ərazisində yerləşən qədim alban məbədinin qalıqları üzərində inşa olunmuş Kürmük məbədi guya vaxtilə ermənilər tərəfindən inşa olunub. Bundan başqa, Abramyan Qaxda yaşayan gürcü kökənli ingiloyların doğma ana dillərində təhsil ala bilmədikləri və sair sayıqlamalar barədə də uydurmalar yürütməkdə davam edir.

Mayın 6-da Qax rayonunun Kürmük məbədində keçirilən Müqəddəs Georgi Günü mərasimində iştirakımız Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışan təxribatçıların məqsədlərini bir daha ifşa etdi.

 

Kürmük oba bayramı

 

Ənənəvi olaraq Qax rayonundakı Kürmük məbədində ildə iki dəfə - may və noyabrda "Kürmük oba bayramı" və ya gürcülərin təbirincə desək, Müqəddəs Georgi Günü qeyd olunur. Həmin gün məbəd adi günlərdə olduğu kimi, qapılarını hamının, eləcə də ölkədəki azsaylı və qonşu xalqların üzünə açır. Bu dəfə də ənənə pozulmadı. Yerli sakinlər və qonaqlar Kürmük oba bayramı günü münasibətilə ibadətgaha gələrək sərbəst şəkildə niyyət etdilər. Məbədə gələnlərin sayı minlərlə ölçüldüyünə görə xüsusi təhlükəsizlik tədbirləri də görülmüşdü.

Qax rayon rəhbərliyi tərəfindən düzənlənmiş Kürmük oba bayramı xüsusi təmtəraqla keçirildi. Bayram günü Qax rayonunda əsl tolerantlıq nümayiş olundu. Yerli sakinlərlə yanaşı, digər rayonlardan və qonşu Gürcüstandan gələn qonaqlar məbədi ziyarət edib, qurbanlar kəsdilər. Xristianlar, müsəlmanlar və başqa dini inaclardan olanlar burada ilahi sözə tapınırdılar.

Məbədin qarşısında qədimlərdəki kimi, bu gün də el şənliyi, güləş, qol yarışları, rəqs kollektivlərinin ifasında gözəl kompozisiyalar, aşıq və zurnaçıların ifasında el havaları təqdim olundu. Törən günün sonuna kimi davam etdi. Gələnlər məbədi ziyarət etdikdən sonra Kürmük vadisi boyu ailəlikcə yeyib-içib istirahət etdilər.

Kürmük məbədi Azərbaycan dövləti tərəfindən tarixi abidə kimi qorunduğu üçün burada yalnız ildə iki dəfə dini mərasimlər keçirməyə icazə verilib. Minlərlə insanın axışdığı ibadətgah Sovet İttifaqı dağıldıqda, artıq yararsız halda olduğundan dağılmaq təhlükəsi ilə üzləşib.

Məbəd Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə əsaslı bərpa edildikdən sonra bu gün Kürmük məbədində əsrlərlə davam edən tolerantlıq yenidən bərqərar olunub. Kürmük məbədində qeyd olunan təntənəli mərasim Abramyan, Uca Ninuaşvili və digər fitnəkarların gerçək məqsədlərini bir daha ifşa etdi.

 

İngiloylar söylədilər

 

Qax ərazisində olarkən milliyyətcə ingiloy olan bir neçə yerli sakinlə görüşdük. Meşəbaş kənd sakini, ingiloy Zaza bildirdi ki, Qaxda hər hansı gürcü kilsəsinin bağlanması halı olmayıb. Rayon sakinləri bir-biri ilə mehribandır. Məbəd bayramında gürcülər xüsusən azərbaycanlıları evlərinə qonaq dəvət edib bayram sevincini paylaşırlar: "Bu barədə yayılan məlumatlar fitnəkarlıqdır. Qax rayonunda gürcü kilsəsinin bağlanması haqda yayılan xəbərin əsası yoxdur. Rayon ərazisində gürcülərin yaşadığı ərazilərdə 5 kilsə fəaliyyət göstərir. Kürmük məbədi isə bu günə qədər necə fəaliyyət göstərmişdisə, elə də davam edir. Bura həm müsəlmanlar, həm də xristianlar ziyarətə gəlir və buna heç kəs yasaq qoya bilməz. Hamı dinindən asılı olmayaraq, bu günü çox səbirsizliklə gözləyir. Bayram günü hamı bir-birini qucaqlayıb təbrik edir. Deyilənlər gürcülərlə azərbaycanlıların arasını vurmaq üçündür. Biz Azərbaycanda doğulmuşuq, burda yaşamaqdan məmnunuq, deyilənlərə isə məhəl qoymuruq".

Qaxda mənşəcə 20-dən artıq millətdən olan insanlar yaşayır. Gürcü mənşəli sakinlər isə rayon əhalisinin 14 faizini təşkil edir. Gürcü əhalisinin məskunlaşdığı 5 kəndin hər birinin öz kilsəsi var.

 

Kürmük məbədi

 

Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Kürmük məbədi Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim bir alban məbədinin (I-III əsr) qalıqları üzərində inşa olunmuş kilsədir. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin təklif və təkidləri ilə inşa olunmuşdur. Vaxtilə burada mövcud olmuş alban məbədindən və monastırından isə torpaq altından aşkara çıxarılmış tikinti qalıqları var. Bu kilsənin alban abidələri ilə heç bir əlaqəsi yoxdur. 2006-cı ilin sentyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlarda alban kilsəsinə aid olduğu sübuta yetirilmişdir.

Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, Kürmük məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. Bundan başqa, Qaxda daha 68 tarix və mədəniyyət abidəsi qeydiyyata alınmışdır ki, onlardan 2-si dünya əhəmiyyətli, 18-i ölkə əhəmiyyətli, 48-i isə yerli əhəmiyyətlidir. Abidələrin 48-i memarlıq, 18-i arxeoloji, 2-si monumental-xatirə abidələridir. Kürmük məbədi tarix-diyarşünaslıq muzeyinin tərkibinə daxildir.

 

 

Ayna.- 2011.- 14 may.- S.6.