Təhlükəsizlik
və müdafiə sektorunda nə baş verib? (1-15 may)
29 aprel - 6 may. Ermənistan silahlı
qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində
- Ağdam və Xocavənd rayonlarının işğal
altında olan ərazilərində, Ağdamın
işğal altında olan Şahbulaq dağı və Uzundərə
ərazisində artilleriya və zirehli texnikadan istifadə etməklə
hərbi təlimlər keçiriblər. Manevrlərdə
piyada qoşun bölmələrinin da iştirak etdiyi
bildirilir.
2 may. Daxili İşlər
Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan
Mansurzadə bildirib ki, xarici dövlətlərin ölkəmizdə
olan səfirlik və digər diplomatik nümayəndəlikləri
terror və digər təhlükələrdən yüksək
səviyyədə qorunur.
2 may. Vyetnam Sosialist
Respublikasının dövlət strukturlarını təmsil
edən 10 nəfərdən ibarət heyət Azərbaycanda səfərdə
olub.
3 may. Milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarus
Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin
sədri general-leytenant Vadim Zaytsev Azərbaycana rəsmi səfərə
gəlib. Görüşdə tərəflər
arasında transmilli mütəşəkkil cinayətkarlığın
müxtəlif təzahürləri, xüsusən də
getdikcə daha geniş miqyas və təhlükəli xarakter
almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz
dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn
problemlərlə bağlı fikir mübadiləsi
aparılıb, iki ölkənin xüsusi xidmət
orqanları arasında əməkdaşlığın yeni
reallıqlara uyğun inkişaf perspektivləri müzakirə
olunub.
3 may. İran müdafiə
nazirinin müavini Rza Müzzəriniya Ermənistana səfər
çərçivəsində Ermənistanın müdafiə
naziri Seyran Ohanyanla görüşüb. Görüş
zamanı Ermənistanla İran arasında hərbi sahədə
əməkdaşlıq məsələləri müzakirə
olunub.
3 may. Prezident İlham Əliyevin sərəncamı
ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi
iştirakçılarına 500 manat məbləğində,
Böyük Vətən müharibəsində həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, həmin
dövrdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi illərində
döyüşən cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
Böyük Vətən müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsinin iştirakçılarına 200 manat məbləğində
birdəfəlik maddi yardım verilib. Bu məqsədlə
prezidentin ehtiyat fondundan 8,7 milyon (səkkiz
milyon yeddi yüz min) manat məbləğində vəsait
ayrılıb.
4 may. Rusiya Hərbi Dəniz
Qüvvələrinin (HDQ) komandanı Vladimir Vısotski
bildirib ki, Rusiya 2020-ci ilədək Xəzər flotiliyasına
16 yeni hərbi gəmi daxil etməyi planlaşdırır.
HDQ komandanı deyib ki, qarşıdakı illərdə
Xəzərdə "Cənub"
komandanlığının nəzdində yeni sahil raket hissələri
və aviasiya qrupları formalaşdırılacaq. Bu il isə flotiliyanın tərkibinə 2 yeni
raket kateri və 3 desant gəmisi daxil ediləcək. Flotiliya Mahaçqaladakı hərbi limanda genişləndirmə
işləri aparmağı da planlaşdırır.
4 may.Ermənistan silahlı qüvvələri
son günlər peşəkar snayperlərini cəbhə xəttinin
ön nöqtələrinə yerləşdirməyə
başlayıb. Düşmən hərbçiləri Azərbaycan
Ordusunun canlı qüvvəsi ilə yanaşı, təmas xəttinin
yaxınlığında mal-qara otaran, təsərrüfatla məşğul
olan yerli sakinləri, hətta ev
heyvanlarını da hədəfə alıb məhv etmək
haqda əmr alıb.
4 may. Rusiya baş nazirinin
müavini Sergey İvanov hökumət yanında Dəniz
Kollegiyasının yığıncağında
çıxış edərək bildirib ki, Rusiya Xəzərin
milli sektorlara bölünməsinin əleyhinə
çıxış edir.
4 may. Ermənistanın müdafiə naziri
Seyran Ohanyan mayın 4-də "Tarix və mədəniyyət:
saxtakarlığa və qəsbkarlığa qarşı"
elmi konfransında deyib ki, "Ermənistanın ən
başlıca məsələsi - Azərbaycanla informasiya
müharibəsində mənəvi və mədəni cəbhədə
uduzmamaqdır".
4 may. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Prezident yanında
Strateji Araşdırmalar Mərkəzi və NATO-nun koordinatoru
missiyasını yerinə yetirən Rumıniyanın Azərbaycan
səfirliyinin birgə təşkilatçılığı
ilə Bakıda "Kiber və milli təhlükəsizlik.
NATO-nun siyasəti və milli baxış"
mövzusunda konfrans keçirilib.
4 may. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq Azərbaycan Respublikasının Goranboy rayonunun
Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində
monitorinq keçirilib.
5 may. Ermənistan parlamenti hərbi
xidmətdən yayınanlara şans verilməsini nəzərdə
tutan yeni qanun qəbul edib. Yeni qanuna əsasən, hərbi
xidmətdən yayınan və 2011-ci ilin may ayının 1-dək
27 yaşı tamam olan vətəndaşlara ölkəyə
qayıtmaq və cinayət təqibindən azad olmaq imkanı
verilir.
5 may. Azərbaycan Təhlükəsizlik
və Müdafiə İctimai Assosiasiyası tərəfindən
Azərbaycanın NATO-nun SNT proqramına qoşulmasının
17-ci ildönümünə həsr olunmuş "dəyirmi
masa" keçirilib.
6 may. ANAMA bildirib ki, apreldə
Azərbaycanda 2 156 716 kvadratmetr ərazi mina və
partlamamış hərbi sursatdan təmizlənib.
Hazırda agentlik tərəfindən təmizləmə əməliyyatları
Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şəmkir,
Tərtər, eyni zamanda Ağstafa rayonu Saloğlu kəndində
və Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində
davam etdirilir.
6 may. Milli Məclisin Təhlükəsizlik
və müdafiə məsələləri komitəsinin
üzvü Zahid Oruc deyib ki, Azərbaycanda bəzi hərbi
qanunvericilik aktlarının birləşdirilməsi və
unifikasiyası prosesi aparılır. Deputat
bildirib ki, konkret olaraq "Hərbi
çağırışın əsasları", "Hərbi
xidmət haqqında" və digər qanunvericilik
aktlarının vahid sənəd halına salınması
gözlənilir. Deputat qanunvericiliyə magistratura və
doktoranturaya qəbul olunmuş şəxslərin həqiqi hərbi
xidmətə çağırışdan azad edilməsi
üçün dəyişikliklərin ediləcəyini də
söyləyib: "Bildiyim qədər bu məsələlər
də qanunvericiliyə dəyişikliklərdə əksini
tapıb. Bu sənədlər Prezident
Administrasiyası ilə birgə işlənməkdədir".
Zahid Oruc onu da bildirib ki, qanunvericiliyə dəyişikliklərdə
Silahlı Qüvvələrdə insan haqlarının
qorunması ilə bağlı müddəalar da yer alacaq.
7 may. Milli Məclisin birinci
vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə
çağırışla bağlı normativ hüquqi sənədlərin
monitorinqi aparılır. O qeyd edib ki, Prezident
Administrasiyasında, Milli Məclisdə, Müdafiə
Nazirliyində bununla bağlı ekspertlər işləyir və
həmin sənədlər hazır olan kimi parlamentin plenar
iclasına çıxarılacaq: "Həddindən
artıq böyük iş olacaq. Çünki
işin həcmi çox böyükdür. Bilirsiniz ki, bizim hərbi qanunvericilik aktlarının
bir hissəsi 1995-ci ilin Konstitusiyasına qədər
hazırlanıb. Müəyyən dövr
ərzində əlavə və dəyişikliklər edilib.
Lakin Azərbaycanın hazırkı
inkişafını və eyni zamanda Silahlı Qüvvələrin
inkişafını nəzərə alaraq bəzi hallarda
hüquqi baza məsələsi öz sözünü deməlidir.
Ona görə çalışırıq ki,
bu işi qısa zamanda yekunlaşdıraq.Bu addım
Silahlı Qüvvələrimizin qanunvericilik bazasını
daha da möhkəmləndirəcək".
9 may. Prezident İlham Əliyev Azərbaycan
Respublikasının Müharibə, Əmək, Silahlı
Qüvvələr və Hüquq-Mühafizə Orqanları
Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi
və maddi təminatının yaxşılaşdırılması
haqqında sərəncam imzalayıb. Azərbaycan
Respublikasının Müharibə, Əmək, Silahlı
Qüvvələr və Hüquq-Mühafizə Orqanları
Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi
və maddi təminatının
yaxşılaşdırılması məqsədi ilə
şuraya Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 200 000 (iki yüz min)
manat vəsait ayrılıb.
9 may. Azərbaycan Dövlət Neft
Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev
bildirib ki, 2013-cü ildən sonra Azərbaycanda Silahlı
Qüvvələr üçün hərbi gəmilərin
istehsalına başlanacaq. Onun sözlərinə görə,
gəmilər indi Bakıda tikilən Gəmi Tərsanəsində
istehsal ediləcək. Bu günə qədər ARDNŞ-in
balansından Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsi üçün 5 ədəd "neft-qaz"
tipli gəmilərin verildiyini söyləyən Rövnəq
Abdullayevin sözlərinə görə, bu gəmilər hətta
okeanda belə iş qabiliyyətinə malikdir: "Həmin gəmilər
ARDNŞ-in Gəmi Təmiri Zavodunda hərbçilərin istəyinə
uyğun təmir olunub və istifadəyə verilib".
9 may. Dövlət Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin döyüş sırasına yeni sərhəd-gözətçi
gəmisi daxil olub. Sahil Mühafizəsinin rəisi, general-mayor
İlham Mehdiyev çıxışında bildirib ki,
"Neft-qaz-3" tipli gəmi istənilən hava şəraitində
sərhəd mühafizəsini təşkil etməyə
qadirdir: "Gəmidə 3 radar qurulub və bunlar 96 mil məsafədə
suüstü və hava hədəflərini izləməyə
imkan verir".
10-13 may. Azərbaycan Müdafiə Sənayesi
Nazirliyi İstanbulda keçirilən "İDEF-2011" X
Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 89 adda
müdafiə təyinatlı məmulatla təmsil olunub. Sərgidə
MSN-lə yanaşı Azərbaycandan müdafiə naziri Səfər
Əbiyev və fövqəladə hallar naziri Kəmaləddin
Heydərovun rəhbərlik etdiyi heyətlər və
DSX-nın təmsilçiləri də iştirak edib. Növbəti
İDEF 2013-cü ildə yenə İstanbulda keçiriləcək.
11 may. Fövqəladə Hallar Nazirliyinin
(FHN) Mülki Müdafiə Qoşunları Alayının
Qaradağ rayonunun Səngəçal qəsəbəsində
yerləşən yeni hərbi hissəsinə baxış
keçirilib. Hərbi hissə 12 hektar ərazidə yerləşir.
Hərbi hissə ərazisində qərargah, yataqxana, tibb xidməti,
tədris korpusu, qarovul evi, yeməkxana korpusları var. Ərazidə
zabitlər üçün 44 mənzilli bina da inşa olunur.
11 may. İstanbulda Azərbaycan və
Türkiyə arasında hərbi sahədə əməkdaşlığa
dair iki müqavilə imzalanıb. Birinci müqaviləyə əsasən,
Azərbaycan Türkiyə müəssisələrində
istehsal olunun 105 mm-lik top və MODERN piyada tüfənglərinin
birgə istehsalı layihəsində iştirak edəcək.
İkinci müqavilə çərçivəsində
MKEK-in layihələndirdiyi 120 mm-lik çaplı minaatan birgə
istehsal olunacaq.
12 may. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq mayın 12-də Füzuli rayonunun
Aşağı Əbdürrəhmanlı kəndinin qərbindəki
təmas xəttində monitorinq keçirilib.
12 may. Ermənistan mətbuatının
məlumatına görə, aprelin 28-29-da işğal altında
olan Azərbaycan Respublikasının Füzuli rayonu istiqamətində
baş verən hadisə zamanı erməni tərəfindən
5 hərbçi ölüb, 1 nəfər isə yaralanıb.
Məlumata görə, ölənlərdən biri erməni
zabiti, Cənub diviziyasının qərargah rəisi, polkovnik
Sevak Qukasyandır. Eyni zamanda Xankəndindəki hərbi dairələrin
məlumatına görə, Dağlıq Qarabağda cəbhə
xəttində baş verən atışma zamanı 3 erməni
əsgəri ölüb. Azərbaycan Xarici İşlər
Nazirliyi də mayın 2-də buna reaksiya verib, ittihamları rədd
edib.
12 may. İstanbulda sərgi çərçivəsində
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin
qabaqcıl şirkətləri arasında top, minaatan, snayper
tüfəngi və gecəgörmə cihazlarının birgə
istehsalına dair niyyət protokolları imzalanıb.
12 may. Böyük Britaniyadakı Beynəlxalq
Araşdırmalar İnstitutu "Hərbi Balans 2011"
adlı hesabatını yayıb. Sənəddə
dünyanın müxtəlif ölkələrinin hərbi
imkanları, müdafiə sənayeləri haqqında məlumatlar
əksini tapıb. Bu ilin martında yayılmış sənədin
Azərbaycan və Ermənistandan bəhs edən hissələrində
yalnız Ermənistan Respublikasının hərbi imkanları
haqqında məlumat verilir. Qarabağdakı erməni qüvvələrinin
nələrə sahib olduqları bildirilmir.
12 may. Müdafiə Sənayesi Nazirliyi
(MSN) ilə Cənubi Afrikanın Paramount Group şirkəti
arasında minaya qarşı hərbi maşınların
(MRAP) istehsalına dair imzalanmış müqaviləyə əlavələr
edilib. Müqaviləyə əlavə birgə istehsalın
genişləndirilməsini özündə ehtiva edir. Bununla
birgə istehsal olunan hərbi-nəqliyyat vasitələrinin
sayı daha 10 ədəd artırılaraq 60-a
çatdırılıb. Artıq birgə istehsal olunmuş
30 ədəd "Matador" və "Marauder" (15+15)
tipli MRAP Azərbaycan Müdafiə Nazirliyinə təhvil
verilib. Qalan 30 maşın isə ən geci 2012-ci ilədək
Azərbaycan Silahlı Qüvvələrinə veriləcək.
13 may. Milli təhlükəsizlik
nazirinin sabiq müavini Əli Nağıyev Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
rəis müavini vəzifəsinə təyin olunub. O,
prezidentin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli
təhlükəsizlik nazirinin müavini vəzifəsindən
azad edilib.
13 may. Müdafiə naziri general-polkovnik
Səfər Əbiyev ABŞ nəqliyyat
komandanlığının komandanı general Dunkan Maknabı
qəbul edib. Görüşdə ABŞ-Azərbaycan hərbi
əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti
və inkişaf perspektivləri müzakirə olunub.
14 may. Şəmkir Hərbi Birləşməsinə
məxsus hərbi hissələrdən birində müddətdən
artıq xidmət edən hərbi qulluqçusu, Kürdəmir
RHK-dan çağırılmış 1987-ci il təvəllüdlü
Seymur Sabir oğlu Qədirov ildırım vurması nəticəsində
keçinib.
14 may. Naxçıvan MR-da SQ hərbçisi,
Culfa RHK-dan çağırılmış 1987-ci il təvəllüdlü
Osman Firdovsi oğlu Əliyev avtomobil qəzasına düşərək
aldığı xəsarətlərdən həyatını
itirib.
14 may. "Otokar" şirkətinin
baş direktoru Sərdar Görgüc bildirib ki, Türkiyənin
"Otokar" şirkəti Azərbaycan Müdafiə
Nazirliyi ilə ötən ilin sonunda imzalanmış
müqavilədə nəzərdə tutulan zirehli hərbi nəqliyyat
vasitələrinin göndərişini başa
çatdırıb.
15 may. Müdafiə Nazirliyi mətbuat
xidmətinin məlumatına görə, Azərbaycan SQ hərbi
qulluqçuları qarşıdakı müddətdə
aşağıdakı tədbirlərdə iştirak edəcəklər:
-
Müəllimlər üçün hərbi terminologiya kursu,
16-27.05.2011, Budapeşt,
Macarıstan
-
NATO-nun Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən
çoxmillətli birgə tapşırıq qüvvələri
(CJTF) əməliyyat planlaşdırma kursu, 16-20.05.2011, Bakı, Azərbaycan
- NATO-nun
Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən
maddi- texniki təminat mövzusunda kursu, 16-20.05.2011, Bakı, Azərbaycan
-
NATO-nun Brunssumdakı BQK-nın əməliyyat
direktoratlığının birgə planlar şöbəsinin
rəisi briqada generalı Maykl Jorqensenin Azərbaycana səfəri, 17-19.05.2011, Bakı, Azərbaycan
-
Bioloji təhlükələrə qarşı mübarizə,
epidemiyalara qarşı çoxmillətli cavab tədbirləri,
bioterrorçuluq hallarının araşdırılması,
bioloji silahların qadağan olunması üzrə beynəlxalq
konvensiyanın dövlət səviyyəsində həyata
keçirilməsi mövzusunda beynəlxalq konfrans, 17-19.05.2011, Tbilisi,
Gürcüstan
- Azərbaycan-İordaniya
ikitərəfli əməkdaşlıq planına əsasən,
18- 19.05.2011, Dənizdə və
quruda axtarış-xilasetmə əməliyyatlarının
keçirilməsi sahəsində İordaniya
axtarış-xilasetmə qrupunun tanışlıq səfəri,
Bakı, Azərbaycan
-
FTP-dən əlavə, 23-25.05.2011,
NATO/ABŞ Ekspertlərinin Silahlı Qüvvələrin Hərbi
Akademiyasına təhsil sahəsində ekspert
yardımını davam etdirmək məqsədilə Azərbaycana
səfəri, Bakı, Azərbaycan
- Azərbaycan-Özbəkistan
ikitərəfli əməkdaşlıq planına əsasən,
23- 26.05.2011, Əməkdaşlığın
prioritetlərinin, perspektivlərinin və istiqamətlərinin
müəyyənləşdirilməsi məsələləri
üzrə ekspertlərin işçi görüşü,
Bakı, Azərbaycan
-
FTP-yə əsasən, 23-27.05.2011,
NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların
arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti
görüşü, Neum, Bosniya və Herseqovina
-
"Hava nəqliyyatına nəzarət üzrə
terminologiya" kursu,
23.05-03.06.2011, İzmir, Türkiyə
- BMT
Hərbi Müşahidəçi kursu, 23.05-10.06.2011, Ankara, Türkiyə
- Azərbaycan-Almaniya
ikitərəfli əməkdaşlıq proqramına əsasən, 23- 25.05.2011, Tibb xidməti
mütəxəssislərinin ekspert danışıqları,
Hamburq, AFR
-
FTP-dən əlavə, 24-25.05.2011,
ATƏT çərçivəsində hərbi doktrinalar
üzrə yüksək səviyyəli seminar, Vyana, Avstriya..
Ayna.- 2011.- 21 may.- S.9-10.