"Bizim qələbəmiz göz qamaşdırır"

 

 İsmayıl Ömərov maliyyə məsələsinin üstünə getməməyi tövsiyə etdi

 

"Azərbaycan builki "Eurovision" müsabiqəsinə ötən ildəkindən az vəsait xərcləyib". Bu sözləri mətbuata İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyib. Onun sözlərinə görə, bu barədə indi konkret rəqəm söyləmək doğru olmaz. Çünki bu barədə hesablamalar aparılır.

İ.Ömərov müsabiqədə iştirak edən bəzi ölkələrin "Azərbaycan yarışmaya böyük məbləğ ayırıb və bu səbəbdən qalib gəlib" açıqlamalarına da aydınlıq gətirərək əlavə edib ki, "bizim qələbəmiz göz qamaşdırır və onlar bu qələbəni həzm edə bilmirlər. Deyilən bütün sözlər absurddur və mətbuatdan xahiş edirəm ki, maliyyə məsələsinin üstünə bu qədər getməsinlər. Bu qələbə Azərbaycan mədəniyyətinin, musiqisinin qələbəsidir".

"Dost da bilir, düşmən də bilir, Azərbaycan qalibdir. Sevinən sevinsin, sevinməyən isə sussun", - deyə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru əlavə edib. İsmayıl Ömərov 3 ildir ki, birincilik iddiasında olduğumuzu xatırladır. Qurumun direktoru bildirdi ki, Eldar və Nigar cütlüyü ideal seçim idi.

Onun sözlərinə görə, münsiflər seçim zamanı böyük tərəddüd içində idi, ancaq çox düzgün qərar verildi. "Bu seçim bizim olsa da, artıq bütün dünyanın seçimidir", - deyə İ.Ömərov artıq Avropa Yayımlar Birliyinin 2012-ci ildə ev sahibliyini təsdiqləyən sənədi Azərbaycana təqdim etdiyini və iyunun 20-də Cenevredə yarışmanı harada və necə keçirməklə bağlı məsələlərin ilkin müzakirə olunacağını qeyd edib.

"Əminəm ki, yarışmanın ən gözəl örnəyi Azərbaycanda keçiriləcək, çünki təmsilçilərimiz Azərbaycanın sivil, təfəkkürlü obrazını dünya qarşısında yaratdılar",- deyə İ.Ömərov əlavə edib.

İTV-nin direktoru Ermənistanın gələnilki müsabiqədə iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: "Mən özüm oxumamışam, amma mənə məlumat veriblər ki, ermənilər burada keçirilən müsabiqədə iştirak etməyəcəklərini bildiriblər. Əgər onlar bu fikirdədirlərsə, çox təəssüf edirəm. "Eurovision" yarışması insanları humanizmə çağıran bir müsabiqədir". Onun sözlərinə görə, Azərbaycan heç bir ölkəni ayrıca dəvət etmir: "Avropa Yayımları Birliyinin öz ciddi qaydaları var. Ölkələr də bu qaydalara ciddi əməl etməlidir. Ona görə də mən onların əvəzindən heç nə deyə bilmərəm".

"Eurovision-2011" Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala gəlincə, hazırda onlar Almaniyadadırlar. Bu dəfə yarışmaya yox, istirahətə gediblər. Qaliblər bu ölkədə 4 gün istirahət edəcəklər. Səfər öncəsi maraqlı açıqlamalar verən təmsilçilər bildiriblər ki, ikinci dəfə seçilsələr, yenə ölkəmizi bu müsabiqədə təmsil etməyə hazırdırlar. Onlar bu yaxınlarda Türkiyəyə də gedəcəklərini açıqlayıblar. Artıq bir çox ölkələrdən dəvət alan təmsilçilər onların adlarını Almaniyadan döndükdən sonra bəlli edəcəklər. Cütlüyün gələcəklə bağlı bir sıra iş planları var. Bu arada isə Nigar Camal ona filmə çəkilmək təklifi gəlsə, buna razılıq verəcəyini bildirib.

 

 

Zəminə

 

Ayna.- 2011.- 21 may.- S.21.