Sabah artıq bu gündən başlayır

 

İlham Namiq Kamal məktəblərdə dram dərnəkləri ənənəsinə qayıtmağı təklif edir

 

Mədəniyyət və İncəsənət Universitetinin "Estrada sənəti" kafedrasının müdiri, professor, xalq artisti İlham Namiq Kamal teatr dərnəklərinin yenidən bərpa olunması təklifini irəli sürüb. Professor bildirib ki, bu məsələ ilə bağlı fikir və təkliflərini məktubla ölkə başçısına ünvanlayıb. İlham Namiq Kamal milli teatrın inkişafı və onun maddi texniki bazasının yenidən qurulması barədə prezidentin sərəncamını xatırladır: "Bu, əslində teatrların dünya standartları səviyyəsində yenidən qurulmasıdır. Bunun bariz nümunəsini Dövlət Kukla, Gənc Tamaşaçılar, Akademik Milli Dram Teatrlarının timsalında görürük. Hazırda Musiqili Komediya və Opera Balet Teatrı da tam yenidən qurulur. Bütün bunlar biz sənət adamlarını sevindirir. Amma mən uzun illər teatr sahəsində çalışan bir sənətçi kimi, istərdim ki, bu barədə bəzi fikirlərimi bildirim. Teatrların dövlət tərəfindən yenidən bərpası, maddi texniki bazasının gücləndirilməsi çox gözəldir. Lakin teatrın içi, onun gələcək kadrları, yəni sabahın yaradıcı qrupları haqqında da düşünmək lazımdır. Hətta mən deyərdim vacibdir. Yadıma gəlir, ötən illərdə bizim orta məktəblərdə dram dərnəkləri vardı, elə məktəb yox idi ki, orada dram dərnəyi olmasın. Pionerlər evi, mədəniyyət sarayları və klublar da məktəbləri öz ətrafında birləşdirib, teatr sənətinə maraq və sevgi yaradırdı. İndi isə bu mədəniyyət sarayları və klubların bir hissəsi bank və sair təşkilatlara icarəyə verilib. Digərləri isə bir qrup insanın özəl qurumu kimi fəaliyyət göstərir. Bir sözlə, klub və mədəniyyət evləri nəzərdə tutulduğu kimi, mədəniyyətə xidmət etmir".

Sözlərinə əlavə edir ki, teatr sənətinə məhəbbətin təməli dərnəklərdə qoyulur. İndi yeni tipli yeni-yeni məktəb binaları tikilir, köhnələr müasir şəklə salınır. Əvvəllər orta məktəblərdə dram dərnəkləri olub, son illərdə isə bu ənənə unudulub. Belə olan təqdirdə yetişməkdə olan nəslin həvəs dairəsi necə olsun? Onlarda teatr sənətinə məhəbbət necə aşılansın? Biz niyə bu ənənəni unutmalıyıq?", - deyə xalq artisti sual edir.

İlham Namiq Kamal məsələni belə qoyur ki, sabahkı teatrın inkişafı naminə bu gün düşünməliyik. O hesab edir ki, əgər idmanımızla böyük nailiyyətlər qazanırıqsa, teatr sənətimizlə də dünya miqyasında səs sala bilərik. Bunun üçünsə bu gün düşünməliyik. Teatr sənətinin incəlikləri uşaqlara və yeniyetmələrə təbliğ və təlim olunmalıdır. Çox qısa bir zamanda nəticələr göz önündə olacaq. Biz uşaqları sevirik və onlara inanırıq. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri işlədiyim üçün gənclərlə bilavasitə təmasdayam. Onların əksəriyyəti istedadlıdır. Lakin bu tələbələrin çoxu teatr sənətilə yalnız ali məktəblərdə tanış olurlar. Bu, ümumi işimizin zərərinədir. Bu mənada orta məktəblərdə dram dərnəklərinin vacibliyi bir daha üzə çıxır. Bununla bağlı bir daha əvvəlki illəri yada salmaq istəyirəm. Bu, heç də arxaizm deyil. Sadəcə, gələcəyimizin inkişafına xidmət edən ənənələr bərpa olunmalıdır".

Həmsöhbətim deyir ki, qabaqlar məktəblər tədris proqramına uyğun olaraq sinif-sinif teatr tamaşalarına gəlirdilər. Tədris proqramına salınmış yazıçı və dramaturqların əsərlərinin tamaşasını seyr edən uşaqlar oxuduqlarını bir növ əyani görürdülər. Aktyor deyir ki, bununla uşaq həm biliyini artırır, həm də teatr sənətinin incəliklərini qavrayırdı. Bu tamaşalarda iştirak edən siniflər tamaşadan sonra onların müzakirəsini keçirir, aktyorlarla görüşlərdə iştirak edir, bir sözlə, teatr biliklərini artırırdılar. Bu isə teatrın ecazkar nağıl aləminə sevgi doğururdu.

Xalq artisti deyir ki, yüksək fəxri adlar, təqaüdlər, mükafatlar, mənzil şəraitlərinin yaxşılaşdırılması bu gün də diqqət mərkəzindədir. Bütün bunlar danılmazdır:

"Lakin burada bir nüansı xatırlatmaq istəyirəm. Gənc sənətçi universiteti bitirib, teatra işləməyə gəlir. Onun aylıq məvacibi 100 manat olur. Bu isə gənc bir sənətçi üçün olduqca azdır. Teatrda isə iş məşəqqətlidir. Gündüz məşqlər, axşam - tamaşalar. Biz gənclər haqqında, onların dolanışığı, məişət məsələləri ilə bağlı bir qədər düşünməliyik. Bütün bunların dövlət səviyyəsində həll olunması pis olmazdı. Gənclər bizim gələcəyimizdir. Onlar haqqında bu gün düşünməliyik. Bunlar bizim xoş sabahımız və gələcəyimiz üçün lazımdır. Sabah isə artıq bu gündən başlayır".

 

 

Xatun

 

Ayna.- 2011.- 21 may.- S.20.