İçərişəhərdə ilk numizmatik ekspozisiya açıldı

 

Təqdim edilən örnəklər 2500 ili əhatə edir

 

Pul - hər bir ölkənin dövlətçilik tarixinin əyani sübutudur. Bu baxımdan ölkəmizin tarixi keçmişi çox zəngindir və əldə edilmiş numizmatik örnəklər 2500 ilə dayanır. İçərişəhərdə yerləşən Çin Məscidində 10 may - Heydər Əliyevin doğum gününə 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş ilk numizmatik ekspozisiya açılıb (APA).

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev açılışda çıxış edərək bildirib ki, ekspozisiyaya daxil olan sikkələr e.ə V əsrdən - XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir. Ekspozisiyada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini də görmək mümkündür. Sərgilənən sikkələrin böyük hissəsi İçərişəhərdə müxtəlif dönəmlərdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Qoruq İdarəsinin Elmi Mədəni Mərkəzinin arxeologiya üzrə baş elmi işçisi Qənirə Pirquliyeva isə bildirib ki, ilk dəfə olaraq pullara əsasən, Azərbaycanın 2500 illik dövlətçilik tarixi öz əksini tapıb:

"Nəinki Azərbaycanda, bütün Qafqaz ərazisində ən qədim pul nümunəsi e.ə. V əsrə, Əhəmənilər dövrünə aid olan pul İçərişəhərdə, Məhəmməd məscidi yaxınlığında aşkar edilib. Bu çox qiymətli maddi-mədəniyyət nümunəsidir". Tədbirdə Azərbaycan ərazisində mövcud olmuş zərbxanaların və sikkələrin yayılma arealını göstərən iki xəritə də təqdim olunub.

Yeri gəlmişkən, "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a uyğun olaraq Çin Məscidində təmir-bərpa işləri yenicə başa çatdırılıb, abidə möhkəmləndirilib və fasadı tarixi görkəminə qaytarılıb. "Şirvanşahlar Sarayı Kompleksi" yaxınlığında yerləşən Çin Məscidinin fasadı üzərində yerləşən epiqrafik kitabəyə əsasən, məscid 1375-ci ildə Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunub. Xalq etimologiyasına görə, məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. Başqa bir versiyaya görə, Böyük İpək Yolu üzərində yerləşən Bakıda bu məscid Uzaq Şərq diyarından gələn müsəlman tacirlərin (müsəlman Şərqi Türküstanı bu yerlərdə "Çin" kimi də tanınırdı) ibadət etdikləri məkan imiş.

 

 

Ayna.- 2011.- 21 may.- S.20.