"Gözəlçələr" Giresunu heyrətə gətirib
Gəncə teatrının
"Giresun Aksu" festivalında iştirakı
uğurlu olub
Gəncə Dövlət Dram
Teatrının Giresun şəhər bələdiyyəsinin
(Türkiyə) dəvəti üzrə 17-ci Uluslararası
"Giresun Aksu" teatr festivalında iştirakı
teatrın həyatında ilk xarici səfər idi və
çox uğurlu alındı, - deyə teatrın direktoru Əli
Qasımov qəzetimizə müsahibəsində bildirdi. -
Festivala bizi bələdiyyə rəisi Kərim Aksu dəvət
etmişdi. Biz də Tuncer Tucenoğlunun "Gözəlçələr"
tamaşasıyla bu festivala qatıldıq və tamaşa
çox bəyənildi".
Əli
Qasımov festivala qatılan digər teatrlardan fərqli olaraq Gəncə
teatrının tamaşadan 10 gün əvvəl və sonra
orada qalmaq üçün dəvət olunduğunu söylədi.
Direktor bunun qardaş Türkiyənin Azərbaycana olan
böyük hörmətindən irəli gəldiyini dedi.
Truppa
sözügedən tamaşanı iki dəfə, mayın 8-də
Giresunun özündə, 9-da isə Bulancaq turizm şəhərində
göstəriblər. "Gözəlçələr"
pyesi türk yazarına məxsusdur və bu əsər
Türkiyənin özündə də bir neçə dəfə
teatrlarda tamaşaya qoyulub.
"Bu
tamaşaya müraciət etməyimiz heç də təsadüfi
deyildi. Bildiyimiz kimi, son dönəmdə qadın alveri
dünya miqyasında böyük bir bəlaya çevrilib. Qadınların
əzablara, iztirablara məruz qalması, təhqir olunması,
onların insan dəllalları tərəfindən
aldadılaraq qul kimi satılması, ümumiyyətlə,
qadın alveri kimi arzuolunmaz halların tənqidi əsərdə
öz əksini tapır", - deyə direktor bu aktual problemə
toxunan tamaşanın uğurlu alındığını və
yaxşı qarşılandığını söylədi.
Direktor danışır ki, Türkiyədə incəsənətə
böyük qiymət verilir və xalq teatr tamaşalarına
böyük həvəslə gəlir. Orada bizim artistləri
yaxşı mənada təəccübləndirən bir
çox şeylərin şahidi olduğunu da sözlərinə
əlavə edir. Bir sözlə, teatr tamaşalarına
könüllü axın direktoru əməlli-başlı
heyrətləndirib.
Zalda
əyləşənlərin əksəriyyəti
ziyalılar, orta yaşlı nəslin insanları imiş. Çoxusu
tamaşalara ailəlikcə gəlibmiş. Onların
arasında Türkiyə universitetlərində müəllim
işləyən bizim azərbaycanlı professor
xanımları görüblər. Zalda olan oturacaqlardan
savayı, əlavə stullar qoyulubmuş ki, hər kəs yerləşə
bilsin. Publika tamaşanı çox diqqətlə izləmiş
və sonda bir neçə dəqiqə zalı tərk etməyərək,
gurultulu alqışlarla aktyorları səhnəyə dəvət
etmişlər.
Əli
Qasımov danışır ki, tamaşadan sonra mövzu teatr həvəskarları
tərəfindən müzakirə olundu, maraqlı fikirlər
söyləndi, Azərbaycan teatrının bu günü,
başqa ölkə teatrlarından fərqi və s. kimi
müqayisələr də aparılıb.
Giresun
bələdiyyə başqanı Gəncə teatr
truppasını təbrik etmiş, müxtəlif
mükafatlar, eləcə də mədəniyyət nazirinə
və Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinə
təşəkkürnamələr təqdim olunmuşdur. Vəd
verilib ki, bundan belə Gəncə teatrıyla Giresun bələdiyyəsi
arasında sıx əlaqələr olacaq, hər il ənənəvi
festivallara dəvət olunacaqlar.
Gəncə
teatrı iyunun 19-dan 21-nə kimi Türkiyədə daha bir
qastrolda olacaq. Onlar bu dəfə Ordu şəhərində
Antuan de-Sent Ekzüperenin "Balaca Şahzadə" əsərini
təqdim edəcəklər. Tamaşaya teatrın baş
rejissoru Gümrah Ömərov quruluş verib.
Aytən ƏLƏKBƏROVA
Ayna.- 2011.- 21 may.- S.20.