İlham Əsgərov: "Söz verib ki, üç ilə hər şey düzələcək"

 

Aktyor teatrda baş verənlərdən danışdı

 

Bir müddət əvvəl səhhətində problem yaranan aktyor, xalq artisti İlham Əsgərov artıq ictimaiyyət arasında görünür. Aktyorla söhbətimizdə özünü yaxşı hiss etdiyini narahatlığının olmadığını bildirdi:

- Şükür, indi yaxşıyam. Çox insanlar mənimlə maraqlandılar, narahat oldular. İndi çalışıram özümə baxım. Əvvəllər, yəqin, özümə baxmamışam. İndi görürəm ki, özümə baxanda hər şey yaxşı olur. Yenə də həkim nəzarəti altındayam. Buna baxmayaraq fəaliyyətim də davam edir. Tamaşalarda oynayır, konsertlərə, toplantılara gedirəm.

- Tamaşalardan söz düşmüşkən, uzun illərdir çalışdığınız Akademik Milli Dram Teatrında vəziyyət indi necədir? Son islahatlar nəticəsini verirmi?

- Hər şey qaydasındadır. Müəyyən dəyişikliklər var. Qiyməti isə tamaşaçılar verəcək. Bizim ən böyük tənqidçimiz tamaşaçılardır. Hər cəhətdən çalışırıq ki, insanların zövqünü oxşayaq. Yeni rəhbərliyin də müəyyən tələbləri var. Biz aktyorlar çalışırıq ki, Akademik Milli Dram Teatrının ənənələrini qoruyaq.İstəyimiz budur. Görək nə olacaq?!

- Hazırda teatrda məşqləri gedən tamaşalara dəvət almısınız?

- Hələ yox, yeni tamaşalarda yoxam. Amma hazırda İlyas Əfəndiyevin "Qarabağnamə" əsərində İbrahim xanı oynayıram. Hansı ki, 14 il səhnədə "Hökmdar qızı" adı ilə oynanıldı. "Mesenat" tamaşasını da bərpa etmişik. İndi istəyirəm bir klassik əsərdə tutarlı bir obraz oynayım. Yeni əsərlərdə yoxam. Amma indi fikir var. Bir neçə aydan sonra hazırlanacaq tamaşalarda iştirak edəcəyəm.

- Yeni tamaşalara dəvət almamağınıza səbəb yeni rejissorların teatra gəlmələridir?

- Yeni rejissorlar gəlib. Onları o qədər tanımıram. Hələ ki işlərlə tanış oluram. Görsəm ki, istedadları, dünyagörüşləri var, sənətə münasibətləri yaxşıdır, ondan sonra mən həmin rejissorlara müraciət edərəm ki, bizi yaddan çıxarmayın. Amma indiyə kimi heç bir rejissora özüm müraciət etməmişəm. Məni həmişə rejissor seçib, rol verib.

- Teatrdakı dəyişikliklər mətbuatda çox müzakirə olundu. Aktyorların çoxunun indiki rəhbərlikdən, İsrafil İsrafilovdan narazı olduqları üzə çıxdı. Siz necə, baş verənlərdən razısınızmı?

- Müəyyən narazılıqlar, ola bilər, var. Həyatdır, sənətdir, yaradıcı fəaliyyətdir. Problemsiz həyat? Gərək onun da öhdəsindən gəlməyi bacarasan. Hər şeyin dərmanı zaman özüdür. Mən hər zaman reallıqdan danışıram. Hərdən aramızda elə sənətkarlar olur ki, xəyalpərvərdir. Reallıqdan danışanda dünəni , bu günü , sabahı da görürsən. Hər şey bu günün üstündə möhkəmlənib. Keçmişə baxıb dərs almalı, gələcəyə baxıb ümidlə yaşamalısan. Yoxsa, mən belə edəcəyəm, elə edəcəyəm...

- Aktyorların narazılığı aradan qalxıb, yoxsa hələ davam edir?

- Müəyyən narazılıqlar var.

- mənada?

- Başqa teatrın aktyorları gəlib bizim teatrda əsas rol alanda, bizim aktyorlar ikinci dərəcəli rol alanda, yaxud onlara dublyor olanda bu narazılıq doğurur. Mən onları tanımaya-tanımaya, mənim səhnəmə niyə çıxır? Mən ola-ola. Əvvəl onları tanıyaq, görək qabiliyyətləri nədir? Deyək, qardaş, gəncsən, yaxşı oynayırsan, gəl çıx məndən qabağa. Amma elə bir şey yoxdursa, ağızları söz tutmursa... Bizim o qədər cəngavər aktyorlarımız, aktrisalarımız var ki? Dəyişmək istəyirsənsə, gəlin onlara indiyədək oynamadıqları xarakter verək. Mən istəyirəm ki, öldürücü komediya oynayım. Məni həmişə lirik qəhrəman, faciəvi, lirik-dramatik obrazlarda görüblər. Bunu oynamağa var? Amma xarakterik rollar oynayanda rejissor da aktyoru yenidən kəşf edir. Deyir ki, məsələn, İlhamı bu xarakterdə görməmişəm, bəlkə burda sınayım. Bax onda bu oldu ... Yoxsa, kimi gətirim, kimi gətirim? Bununla islahat olmayacaq. Bu gün mənə elə qrim, elə kostyum, elə xarakter ver ki, desinlər, o hansı aktyordur, tanımadım? Kimi cür tanıyırlar, qocanı qoca, cavanı cavan verirlər. Amma elə cavanlarımız var ki, qoca rolunu da oynaya bilir. Elə yaşlımız var ki, cavanların oynamadığı cavanı oynaya bilir. Onda deyərsən ki, afərin. Yoxsa, filankəs niyə bu yaşdadır? 50 yaşı var, 20-30 yaşında cavanı elə oynayır ki, cavandan da yaxşı. O, aktyorun ustalığıdır. Vaxt var idi Hökumə xanım, Amaliya xanım elə xarakterlər yaradırdılar ki. Bunun üçün rejissor işi lazımdır. Bir-birinə inam, dostluq öz yerində. Sənətə gələndə tələbkarlıq güclü olmalıdır. Aktyoru hərtərəfli işlətmək lazımdır. Filankəs komik ampluadadır, filankəs dramatik ampluadadır. Hərtərəfli olanda aktyor dəyişə bilir.

- Bu teatrın gələcəyini necə görürsünüz? Sizcə, inkişaf olacaq?

- Hər halda, gəlin tamaşalarımıza baxın. Yeni tamaşalar hazırlanır. Həmin tamaşaların hazırlıq prosesindən özünüz hiss edəcəksiniz. Biz istəyirik gözəl olsun. İki-üç ay keçsin görək necə olur? Təzə rəhbərliyin gəlməyindən bir il keçir. Söz verib ki, üç ilə hər şey düzələcək..

 

 

XATUN

 

Ayna.- 2011.- 28 may.- S.20.