"Miras" LODZ kinoteatrında nümayiş etdirilib

 

Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi mayın 26-da Rusiyanın İvanovo şəhərində keçirilən Andrey Tarkovski adına Zerkalo Beynəlxalq kinofestivalı çərçivəsində LODZ kinoteatrında nümayiş olunub. Fariz Əhmədovun dediyinə görə, film kinofestivalın "Leqkoye dıxaniye" - bölməsində Azərbaycanı təmsil edib. Bu bölməyə Rusiyanın müxtəlif ali kino məktəblərinin tələbələri tərəfindən lentə alınmış və müxtəlif beynəlxalq kinofestivallarda uğur qazanmış filmlər daxil edilib. Festivalın işinə mayın 23-də start verilib. Festival çərçivəsində 100-dən artıq bədii, sənədli, animasiya tələbə filmləri əsas mükafat uğrunda mübarizə aparırlar. Festival öz işini mayın 30-da "Riqa" kinoteatrında başa vuracaq.

"Miras" sənədli filmi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.A.Proşkinin emalatxanasında təhsil alır. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə "Bir addım" studiyasında istehsal olunub.

 

 

Ayna.- 2011.- 28 may.- S.20.