"Odlar Yurdu Azərbaycan: bir səyahətçinin gözü ilə

 

" Xaricdə iki fotosərgi xəbəri

 

Belqrad şəhər meriyasının binasında bu ad altında Azərbaycana həsr olunmuş fotosərgi keçirilmişdir. Sərgi dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmişdir və gənc serb fotoqraf Konstantin Novakoviçin Azərbaycanda çəkdiyi fotorəsmlər nümayiş etdirilmişdir. Sərgiyə ictimai marağın yüksək olduğu bildirilir.

Mərasimdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Novi Sad Musiqi Akademiyasının professoru Zərifə Əlizadə, səfir Eldar Həsənov çıxış etmiş, fotosərginin təşkili və keçirilməsinə, o cümlədən sərgidə iştirak etdiklərinə görə Belqrad şəhər Meriyasına, Azərbaycan Mədəniyyət Mərkəzinə, fotoqraf Konstantin Novakoviçə və qonaqlara təşəkkürünü bildirmişdir. Daha sonra Konstantin Novakoviç Azərbaycana səyahətindən bəhs edərək, xalqımız, onun mədəniyyəti, adət-ənənələrindən danışmış, Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşmüşdür. Fotosərgi milli musiqimizin sədaları altında davam etmişdir.

"Azərbaycanın gözəllikləri - xarici jurnalistlərin gözü ilə" adlı başqa bir fotosərgi Qazaxıstanın Xəzər sahilindəki Aktau şəhərində oradakı Baş Konsulluğumuzun təşəbbüsü ilə təşkil edilmişdir. Bu sərgi də Respublika Gününə həsr edilib və mayın 28-dək davam edəcək.

 

 

Ayna.- 2011.- 28 may.- S.20.