Elçin İmanov: "Mahnı janrının üstündə qırğın gedir"

 

Çünki bunda pul var

 

Şənbə, Bəstəkar Elçin İmanov müəllif konsertinə hazırlaşır. Musiqili gecə yanvarın 4-də keçiriləcək. O gün bəstəkarın 50 yaşı tamam olur. Fəqət konsertin afişasında anonslarda heç bir ifaçının adı hallanmayacaq. Uzun illərdir musiqiçi kimi çalışan mahnılar bəstələyən Elçin İmanovun qapısı sənətçilərin üzünə açıqdır. Yəni könlü konsertdə oxumaq istəyənə səhnə şəraiti yaradılacaq:

"Eyyub Yaqubovdan başqa, heç kimə xüsusi dəvət göndərmədim. Teatrallaşmış konsert olacaq. Rejissoru "Bakılı oğlanlar" Klubunun sabiq üzvü Cavid İmamverdiyevdir. 1999-cu ildə Eyyub Yaqubov üçün bir mahnı bəstələmişdim - "Bakı-Moskva". Konsert səhnəsində "Bakı-Moskva" uçuş reysi olacaq. Sənət ustalarımızla birlikdə Moskvaya yola düşəcək orada müxtəlif gülməli sərgüzəştlərimiz olacaq".

Çalışdığı sənətçilərlə işbirliyinin gizli tərəflərindən bir az danışan bəstəkar həmişə yaxşı xasiyyətli insanlarla oturub-durduğunu deyir. Fərq etməz, istər sənətçi olsun, istər qeyri biri:

"Çox vaxt çalışıram tərəf-müqabilimi eşidim. Əgər sən müştərək bir əldə etmək istəyirsənsə, onda mütləq gərək o insanın da istəyini nəzərə alasan, etirazlarını qəbul etməyə hazır olasan. Bu çox çətin bir işdir. Xüsusən sovet dönəmində təhsil-tərbiyə alan insanlar üçün.

Biz avtoritar-total bir ideologiyanın diktəsi altında böyümüşük. Ona görə bizim üçün demokratiya yollarına düşmək çətindir. Amma həyatın nəbzini tutmaq istəyirsənsə, gərək cavanlarla, indiki zamanla uyğunlaşasan. Ona görə çox şeyi nəzərə alıram. Məsələn, tələbəm Lamiyə Novruzova. Onun hər istəyini qəbul edirəm, qulaq asıram, çalışıram ovqatını tutum. Çünki o, tamaşaçı ilə mənim aramda son körpücükdür. Əgər ona qulaq asmasam, o, fikrimi çatdıra bilməyəcək. Bunu həmişə nəzərə alıram. qədər uğurlu alınır, bunu tamaşaçılar deyə bilər, mənim üçün çətindir".

Bəstəkar həm yaşlı, həm gənc nəsillə çalışdığı üçün hamının istəkləri tələbləri ilə uyğunlaşmağın da çətin olduğunu söylədi. Şeiriyyəti sevən həmsöhbətim deyir ki, ifaçıların əsas iradı - musiqidən daha çox sözün olmasıdır.

"Deyirlər, bu, poeziyadır, camaat istəyir ki, mahnının sözü bəsit olsun, tez yadda qalsın. Elə son "Bilirəm gələn deyilsən" mahnısını götürək. Sözləri Ramiz Rövşənindir. Bu mahnını əhalinin 90 faizi - gənc, orta yaşlı nəsil sevdi. Axı onu təkcə mənim musiqimə Lamiyənin ifasına görə sevmədilər. Orada Ramiz Rövşən poeziyası, dərin fikir var. Bəzi ağzıgöyçəklər dedi ki, gəl bunun nəqarətini dəyiş. Əgər mən elə şey etsəydim, şeiri korlamış olardım. İndiki dövrdə belə sözləri eşitməmişəm. Halbuki gələcək nəslə gərək gözəl əsərlər qoyaq, köklərimizə qayıdaq. Bizim başımıza gələn bəlaların da hamısı buna görədir. Mahnını yazanda artıq bilirəm ki, bunu kim oxuyacaq. Yəni mahnılarım ünvansız olmur. Eyyub Yaqubova yazdığım mahnını heç vaxt İlqar Muradova, ya da Cavan Zeynallıya yazdığım mahnını bir başqasına təqdim etmərəm. Çünki mahnı yazanda ifaçının zövqünü, dünyagörüşünü, mütaliə edib-etmədiyini, edirsə, nələri etdiyini, nəyi sevdiyini s.nəzərə alıram. Axı bu insanlarla təmasda oluram. Məsələn, bilirəm ki, Eyyub sinədəftərdi. Oturub sənə Məhəmməd Füzulidən o qədər danışsın, məəttəl qalarsan ki, bu danışmayan Eyyubdu? Yaxud da İlqar Muradov. Bütün dünyanı gəzib, daxili mədəniyyəti zəngin bir insandır. Amma bu iki ifaçı bir-birindən fərqlidir. Ona görə ifaçının istəyinə görə, sözlərini tam dəyişdirdiyim mahnı olmayıb. Olubsa da, hansısa ifadə melodiya ilə uyğun gəlməyib, müəyyən dəyişiklik etmişim", - deyə bəstəkar bildirdi.

Son illər qeyri-peşəkar ordusu qınaq obyekti olsa da, hit-paradlarda daha çox onların yaradıcılıq məhsulları səslənir. Elçin İmanov bunun təqsirini konkret fərdlərdə deyil, elə özümüzdə görür:

"Başa düşürsünüz, yaradıcılığın da bir zamanı var. Bunun üçün ürək yetişməli, könül oxumalı, ürək sevməlidir. Hit-paradlarda birinci yerlərdədirsə, çox gözəl, qoy olsunlar. Deməli, biz nə tökmüşük aşımıza, o da çıxıb qaşığımıza. Yeni nəsil böyüyür, Arif Məlikovu qəbul etmir. Deməli, nəyisə düz etməmişik. Əgər Arif Məlikovu tanımır, hansısa "Məmmədov Əli"ni tanıyırsa, deməli, bu nəsil belə böyüyüb. Bu, təbliğatdan asılıdır.

Adam öz reklamı üçün özü pul xərcləmək məcburiyyətində qalmasa, niyə toya gedir? Oradan qazandığını verir "raskrutka"sına, ağzına gələni oxuyur ki, camaatın xoşuna gəlsin. Ona görə də mahnı janrının üstündə qırğın gedir, bu janrda pul var.

 

 

Xatun 

 

Ayna.- 2011.- 5 noyabr.- S.21.