Günay
Kılıc: "Qadını güclü
olmayan cəmiyyət çökməyə
məhkumdur"
Türkiyə
səfiri Hulusi Kılıcın xanımı qeyd edir ki,
qadın hər yerdə söz sahibidir
Azərbaycan Jurnalist Qadınlar
Assosiasiyasının tərkibində fəaliyyət göstərən
"Qadın jurnalistlər klubu"nun qonağı bu dəfə
Türkiyə səfiri Hulusi Kılıcın xanımı
Günay Kılıc idi, yerli jurnalistlərin suallarını
cavablandırdı.
- Belə
bir ifadə var: "Hər bacarıqlı kişinin
arxasında güclü bir qadın var". Hulusi bəyin
arxasında duran qadının bu başarıda payı nə
qədərdir?
- Əslində, bu söz bütün
türk dünyasına aiddir. İfadələr fərqli olsa
da, məna eynidir. Türk qadınının ailədəki
rolunu, gücünü, dayanıqlığını, vəfasını
anladan çox köklü sözdür. Bunu xüsusilə
vurğulayıram, evlilik çox fərqli bir bərabərlikdir.
Heç tanımadığınız ailənin
yetişdirdiyi bir insanla həyatınızı
paylaşırsınız. Əslində, bu, heç də
asan deyil. Bizim tərəflərdə evlilik üçün
"kəsilməmiş qarpız" ifadəsini işlədirlər.
Diqqətlə seçsəniz də, necə
çıxacağı bəlli deyil. Amma qurduğumuz ailənin
təməlinin maddi və mövqeli maraqlara dayanıq
olmaması çox önəmlidir. Birlikdə verdiyiniz
mücadiləylə mənəvi və maddi hədəflərinizi
yaxalaya bilərsiniz. Biz universitetin birinci kursunda tanış
olduq. Yəni cibimizin boş olduğu, kredit alıb təhsilimizi
davam etdirdiyimiz zamanlar idi. O vaxtdan bəri də bərabərik.
Əlbəttə, çox çətin, problemli günlər
də yaşadıq.
Amma belə günlərdə
fədakarlığın böyük qismi deyəsən, qadının üzərindədir.
Çünki qadın yaradılış
etibarı ilə daha sülhsevər, vasitəçi
və qüvvətlidir. Evlilikdə kinə yer
yoxdur. Həyat yolunda eniş və yoxuşlarda, yaxşı və pis günlərdə, varlıqda və yoxluqda eyni insan
olaraq qala bilməyi bacarmaq lazımdır. Əlbəttə, həyat
yoldaşınızın da bu dəyərlərə sahib
olduğundan əmin olmaq
şərtilə. Onda bütün
həyatınızı paylaşdığınız bir insanın arxasındamı,
yanındamı, önündəmi, sağındamı,
solundamı durmağınızın nə önəmi var ki? Önəmli olan ona verdiyiniz
dəyər və dəstəkdir. Gerisi boş sözlərdir, məncə.
- Azərbaycan və
Türkiyə toplumunda çox
bənzərlik var. Bəs qadın
hüquqları məsələsində hansı ölkədə
vəziyyət daha yaxşıdır, yoxsa bu məsələdə
də ortağıq?
- Mən
hüquqşünas deyiləm.
Dolayısı ilə qanun çərçivəsində
bir müqayisə aparmağım
imkansızdır. Azərbaycanda da
Türkiyədə olduğu kimi, bəzi problemlər var.
Siz istədiyiniz qədər qanun yaradın, təəssüf ki, günlük yaşamda insanlar öz ənənələri ilə
yaşayır və öz
qanunlarını tətbiq edirlər. Bu da böyük problemlər
yaradır.
- Türkiyədə
yaradıcı qadınlara öz fəaliyyətlərini
genişləndirmək üçün nə
cür imkan
yaradılır?
-
Türkiyədə KOBİ dediyimiz Kiçik və Orta Boy İşlətmələri dəstəkləmək
və inkişaf etdirmək üçün proqram tətbiq
olunur. Hər hansı sahədə öz işini qurmaq istəyən ev
qadınları, gənc sahibkarlar, kiçik iş
adamları layihələrini hazırlayırlar. Tətbiqi
sahibkarlıq təhsilində müvəffəqiyyətli olub sənədini alan hər
kəs öz layihəsini təqdim edir. Dövlət layihəsi qəbul edilən
iş adamına qrant olaraq, yəni geri ödəməsiz
sərmayə krediti verir.
Bir
sözlə, "Projen hər nədirsə,
mənə göstər, sərmayəni al"
deyir. İşini qurub böyüdənlərə bir il sonra
sıfır faizlə təkrar kredit verir. İş adamı öz şəhərində, yaxud
qəsəbəsində qalaraq işini inkişaf etdirmək
imkanı tapır. Beləcə də bu böyük şəhərlərə
köçü durdurmağa
yardımçı olur. Çünki
bir iş yerinin qurulması bir çox insana çörək
pulu qazanmaq imkanı verir. İş
adamlarına dəstək proqramı çərçivəsində
Yeni İş Fikirləri
Proje Yarışmaları da
gerçəkləşir. Əlbəttə, bu,
yaradıcılığa, dolayısıyla da
inkişafa imkan verir.
- Azərbaycan cəmiyyətində
nələri bəyənirsiniz və bunun
Türkiyədə də olmasını arzulardınız?
- Burda uşaqların musiqi
təhsilinə çox erkən yaşdan başlamaları çox
gözəl şeydir. Türkiyədə
də bu var, amma fərdi səylərlə, ailələrin
öz təşəbbüsləri ilə.
Türkiyədə də buradakı kimi
dövlət musiqi məktəblərinin
olmasını istərdim.
- Azərbaycanın
hansı bölgələrində olmusunuz
və o yerlər haqqında təəssüratlarınız?
-
Söyləyə bilərəm ki, bütün bölgələrdə oldum. Xüsusilə ilk iki il hər fürsətdə
gəzdik.
Türkiyə
ilə müqayisə edəndə məsafələr çox qısadır, ona
görə həftə sonlarını belə dəyərləndirirdik.
Bakıdan uzaqlaşdıqca təbiət daha
yaşıl, hava daha
təmizdir. Sanki Anadoluda
səyahətə çıxmışıq təsiri
bağışlayır adama.
İnsanların qonaqpərvərliyini, ürəklərindəki
Türkiyə sevgisini gördük.
Bir sözlə, çox
zövqlə dolaşdıq.
- Türk
tarixindən hansı qadının adını çəkə
bilərsiniz ki, bugünkü
türk qadınını onun
simvolu kimi görüb qiymətləndirəsiniz?
-
Tariximizdə ilklərə imza atan bir çox
qadın var. Məsələn,
ilk türk qadın roman ustası Fatma Aliyə
(1862-1936), ilk əsgəri qadın pilot Sabiha Gökçen
(1913-2001), ilk müsəlman teatr sənətçisi Afifə Jalə
(1902-1941), ilk türk
qadın həkimi Safiyə Ali (1891-1952),
qadınları milli mübarizəyə
çağıran Halidə Edip
(1884-1964), Nene Hatunlar,
şəhid qadınlar, qazi qadınlar və
daha neçələri. Əlbəttə,
belə qadınlar digər qadınlara yol
açdı və bugünkü türk qadınının təməli oldu.
- Bu
baxımdan Azərbaycan qadınının rolunu
necə görürsünüz?
- Eyni. Keçmişdən bu
günə qədər qadınların verdiyi
mübarizə hər zaman təqdirəlayiqdir.
Bu gün də
qadın hər yerdə söz sahibidir. Məncə, qadını güclü olmayan cəmiyyət
çökməyə məhkumdur.
- Əgər sizə bir filmdə Azərbaycan qadını rolunu oynamağı təklif etsələr,
razılaşardınızmı?
- Məktəb
illərimdə həvəskar kimi bir çox tamaşada oynamışam. Həmişə də
çox alqış alırdım. Demək
ki, rolumu yaxşı
oynayırmışam. İndi rolumu evdə oynayıram. Əgər professional aktrisa
olsaydım, Azərbaycan qadını rolunu
məmnuniyyətlə qəbul edib, türk soylu bir qadın olaraq böyük zövqlə oynayardım. Çünki mən Azərbaycan
qadını, Türkiyə qadını deyə bir ayrı-seçkilik salmıram.
- Bəzən deyirlər ki, qadının istirahət etdiyi
yerlərdən biri də mətbəxdir.
Siz necə, mətbəxdə dincəlirsiniz,
yoxsa ailənizin zövqünü
oxşamaq üçün
yalnız ləziz yeməklər bişirməklə kifayətlənirsiniz?
- Tam da mənim ən çox sevdiyim mövzunu açdınız. Düzdür,
mətbəx məni çox sakitləşdirir.
Bu mənim ən böyük
hobbimdir. Çünki
yaradıcılığı sevirəm. Mətbəxdə isə
yaradıcılığın sonu yoxdur. Öz damaq dadınızı,
yaratdığınız və ya reseptini başqa yerdən
tapdığınız hər yeməyə verə bilərsiniz.
Bəzən ilk dəfəylə
alınmır, amma vaz
keçmirəm, təkrar-təkrar edirəm. Ta
ki, damaq dadını tutuncaya qədər...
Başqa hobbim
də var. Bir də ipək
parça üzərinə boya ilə çəkməyi çox
sevirəm. Türk motivlərini əl
boyaması ilə ipək parçaya
köçürmək mənə inanılmaz böyük zövq verir. Tapdığım türk
motivlərinin kompozisiyasını özüm
quraşdırıram. Bakıya gəldiyimdən bəri isə
boyaya əlimi vura bilməmişəm.
Çünki bütün
ləvazimatlarım Türkiyədədir. Bundan
başqa, əl tikmə işini
də sevirəm..
Ayna.-
2011.- 5 noyabr.- S.15.