Professor Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr edilib

 

Kitab ingilisdilli saytlarda yerləşdirilib

 

Tarixçi professor Cəmil Həsənlinin əsərlərinə dünyanın elm çevrələrində böyük tələbat duyulur. Onlar ayrı-ayrı dünya dillərinə tərcümə edilərək nüfuzlu nəşriyyatlarda işıq üzünə çıxarılır. Son olaraq "Stalin soyuq müharibənin Türkiyə böhranı" kitabını Harvard Universiteti ingilis dilində nəşr edib. Kitab XX əsrin 1945-53-cü illərində xarici siyasətdə baş verən prosesləri əhatə edir. Kitab II Dünya müharibəsindən sonra Sovet-Türkiyə münasibətlərinin qaranlıq məqamlarına, Ermənistanın Türkiyəyə iddialarının pərdəarxası məzmununa aydınlıq gətirir ("Turan").

Kitab ingilisdilli saytlarda yerləşdirilib. Kitaba Harvard, Corc Vaşinqton, Böyük Britaniyanın Kollec Kork Universitetinin nüfuzlu alimləri rəy veriblər. Kitab satış şəbəkələrinə paylanılıb.

Bundan əlavə, Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. 1918-20-ci illər" kitabı İranda fars dilində çapdan çıxıb. Kitab Tehranın "Hərəmi-Elm" nəşriyyatında işıq üzü görüb. Kitabı fars dilinə Hüseyn Şərqi çevirmişdir. Kitabda 1918-20-ci illərdə Şərqin ilk demokratik cümhuriyyətinin xarici diplomatiya tarixinin taleyüklü səhifələri əksini tapıb. Kitab eləcə demokratik cümhuriyyətin beynəlxalq münasibətlər sisteminə daxil olması, Versal Ali Şurası tərəfindən tanınması kimi mühüm məsələləri əhatə edir. Burada demokartik cümhuriyyətin İranla münasibətlərinə geniş yer verilir.

Buna qədər isə bu nüfuzlu tarixçinin Türkiyə Rusiyada 4 fundamental monoqrafiyası çapdan çıxıb.

 

 

İ.Umudlu 

 

Ayna.- 2011.- 12 noyabr.- S.2.