Nizami Cəfərov: "Türkiyə türkcəsi ortaq dil kimi istifadə olunmalıdır"

 

Təklif var ki, əlifbalar da ortaq məxrəcə gətirilsin

 

Ortaq türk dili ideyası gündəmdən düşmür. Müzakirələr, mülahizələr davam etdirilir. Nəhayət, konkret fikir üzərinə gəlinir. Dünya türklərinin ortaq ünsiyyət vasitəsi müəyyənləşir. 1990-cı ildən sonra 5 yeni Türk dövlətinin dünyanın siyasi xəritəsinə çıxmasından, başqa ölkələrdəki kompakt türk toplumlarının dünyaya açılmasının asanlaşmasından sonra mənəvi birliyin bu mühüm faktoruna təbii yolla aydınlıq gəlir. Son olaraq Bakıda "Müasir Azərbaycan" İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Türk dünyasının mədəni inteqrasiyası: Ortaq türk əlifbası və ortaq türk ədəbi dili" mövzusunda konfransında türk xalqları arasında adət-ənənələrin və hər xalqın milli ədəbi dilinin qorunub saxlanılması şərtilə ortaq ünsiyyət vasitəsinin müəyyənləşməsi ideyası müzakirə olunub.

Millət vəkili Nizami Cəfərov deyib ki, bu məsələ uzun illərdir müzakirə olunur: "Nəticə olaraq demək lazımdır ki, ən çox inkişaf etmiş türk dillərindən biri, daha doğrusu, Türkiyə türkcəsi ortaq dil kimi işlənilməlidir. Çünki dünyanın əksər ölkələrində türk liseyləri, türk mədəniyyət qurumları, televiziyaları fəaliyyət göstərir. Türkiyə türkcəsində 100 milyondan çox insan danışır".

Buna əlavə etmək olar ki, bu rəqəm dünya üzrə 250 milyonluq türk etnosunun çox böyük qismini təşkil etməkdədir. Təcrübə göstərir ki, ayrı-ayrı türk xalqlarının təmsilçiləri ünsiyyətə girdikdə bir-iki ayın içərisində yerli dili çox asanlıq və təbiiliklə mənimsəyə bilirlər.

Türkiyənin Azərbaycan səfiri Hulusi Kılıç bildirib ki, türk dünyası öz arasında hansısa xarici dildə yox, məhz ulu babalarımızın danışdığı kimi, ortaq bir dildə danışmalıdır: "Biz bu prosesin 2014-cü ildən reallaşacağını nəzərdə tutmuşuq".

Millət vəkili Fazil Mustafa ortaq türk əlifbası və ortaq ədəbi dil ideyasının artıq gecikmiş bir məsələ olduğunu iddia edib. Onun fikrincə, "bu məsələni təbii axara buraxmaq lazımdır, çünki zamana ehtiyac var". Bizcə, heç vaxt gec deyil. İşlər aparılmalı, məsələ gündəmdə saxlanılmalı, tövsiyələr hazırlanmalıdır. Məsələn, terminologiyada ortaq davranış sərgilənə bilər.

Toplantıda Qazaxıstan Türk Akademiyasının əməkdaşı Nadiya Kayınatqızı, dilçi alim Tofiq Hacıyev, Əhməd Qəşəmoğlu və başqaları bu mövzuda çıxışlar edib, öz təkliflərini irəli sürüblər.

Sonda tədbir iştirakçılarının türk dünyasının müvafiq qurumlarına, dövlət başçılarına müraciəti səsləndirilib.

 

 

İsmayıl 

 

Ayna.- 2011.- 12 noyabr.- S.19.