"Hər tamaşadan sonra məndə
mənəvi təmizlənmə gedir"
Mənsum
İbrahimov deyir ki, milli operada Məcnundan yuxarı səviyyədə
obraz yoxdur
Mənsum İbrahimovun adı qarşısında
artıq professor tituluna
da rast gələcəyik.
O, bu elmi titula layiq görülüb.
Fəxri titulları gözləmədiyi halda aldığını bildirən
sənət adamı ilə söhbətimiz çalışdığı Milli Konservatoriyada dərs prosesindən sonra oldu:
- Professor - çox böyük elmi tituldur. Kafedramızın iclası idi.
Açığı, mən gözləmirdim
ki, bu məsələ
iclasda qoyular. Müxtəlif məsələlər müzakirə olunurdu.
Sonda yekdilliklə qərara alındı ki, mən bu ada
layiq görülüm.
- Bir çox ölkələrdə sizin
adınız "Qarabağ
triosu"nun tərkibində
göstərilir. Konsert afişalarınızda
bu adla təqdim
edilirsiniz.
- Yəni Qarabağın adı bizim adımızla yanaşı çəkilir.
Hər dəfə konsertin sonunda "Qarabağ şikəstəsi" oxuyuruq.
Bu artıq bizim
üçün bir növ qəbul olunmuş, ənənə
halını almış
bir prosesdir. Danimarkada fəaliyyət göstərən
"Vətən" cəmiyyətindən
bizə müraciət
etdilər ki, bura gəlmişkən həm Avropa azərbaycanlıları ilə
görüş təşkil
edək, həm də konsertinizi keçirək. Onların bizim
yaxınlarda gedəcəyimizdən
xəbərləri var
idi. Təbii ki, biz də
razılıq verdik.
Artıq
"Vətən" cəmiyyətinin
saytında bizim konsert barədə məlumat, afişalarımız,
şəkillərimiz, musiqilərimiz,
konsertin zalı, hətta biletin qiymətləri belə yerləşdirilib.
- Mənsum İbrahimov əsasən "Leyli və Məcnun" tamaşasındakı rolu
ilə tanınıb.
Azı 150 dəfə
bu rolda səhnəyə çıxdığınız
deyilir.Üzeyir Hacıbəyov
sağ olsaydı, bu gün operada
hansı dəyişiklik
etməyi təklif edərdiniz?
- İki dahinin yaratdığı bu əsərə dəyişiklik mümkündürmü?
15 ildir Məcnun
rolunu oynayıram, bir dəfə də olsun obraza
hansısa əlavə
barədə düşünməmişəm.
Sadə tamaşaçının yeni
Məcnunu qəbul edib-etməyəcəyini bilmirdim.
Mənim
ifamda Məcnun obrazını tamaşaçı
ilk dəfədən qəbul
edib. Bəzən mənə Məcnun
deyə müraciət
edilir ki, bundan da həzz
alıram.
- Bu partiyaları sizdən əvvəl canlandıran ifaçılardan kimin ifasını məktəb
hesab edirsiniz?
- Arif Babayev
və Zeynəb Xanlarovanın ifasında bu obrazları çox bəyənirdim.
Tale elə gətirdi
ki, bu rolu
oynamaq mənə də nəsib oldu. Opera və
Balet Teatrına məni Şövkət Ələkbərova gətirdi.
Bura gələndən sonra isə Arif Babayevlə
çalışmağa başladım.
Mən o
zaman Zeyd rolunu ifa edirdim.
Əsas məqsədim Məcnunu yaratmaq idi. Buna nə dərəcədə
nail olduğumu ancaq tamaşaçı deyə
bilər. Bugünkü
tamaşaçı ilə
20 il əvvəlin
tamaşaçısı arasında
fərq var. İndiki tamaşaçı daha səbirsizdir. Sovetlər vaxtı camaatı
məcburi olaraq operaya gətirib, qapını da arxadan bağlayırdılar.
Ancaq bugünkü tamaşaçının
xoşuna gəlməsə,
çıxıb gedər.
Çox
şükür ki, belə bir hal
hələ baş verməyib. Demək, tamaşaçı məni hələ də qəbul edir. "Leyli və Məcnun"un yerini heç bir tamaşa verə bilməz. Ümumiyyətlə, bizim milli operalarda Məcnundan yuxarı səviyyədə
heç bir obraz yoxdur. Məcnun mənim üçün əlçatmaz və qeyri-adidir. Hər tamaşadan sonra
məndə mənəvi
təmizlənmə gedir.
- Bu obrazları yaratmaq üçün ifaçıda
hansı xüsusiyyətlər
daha qabarıq olmalıdır?
- Hər muğam səsi olan ifaçı Məcnun ola
bilməz. Səhnəyə çıxanda tamaşaçı
sənin kimliyindən
xəbərsiz olur.
Gərək obrazı duyub
oynayasan. Bu əsər neçə-neçə
gənclərə ülvi
hisslər aşılayıb.
İki il
əvvəl tamaşadan
çıxanda bir gənc yaxınlaşaraq
"Mənsum müəllim,
sağ olun ki, məni azərbaycanlı
etdiniz, bu tamaşaya qədər Azərbaycan muğamını
başa düşməmişəm",
- deyə bildirdi. Mən isə cavabında "səni
biz yox, Üzeyir bəyin musiqisi azərbaycanlı etdi",
- dedim.
- Tələbələriniz arasında
Leyli və Məcnunlar varmı?
- Təbii ki, var. Mən bütün tələbələrimə
Leyli və Məcnun kimi baxıram. Müəllimlərini
səhnədə görən
tələbələrdə müəyyən fikir formalaşır.
- Bir çoxları deyir ki, Üzeyir
bəyin Leyli və Məcnunu 16 yaşında olub...
- Bunu naşı
adamlar deyirlər. Bu fikirləri söyləyən
insanlar operanı bilmirlər. 15-16 yaşında
Leyli və Məcnun kinoda ola bilər,
operada isə mümkün deyil. 15-16 yaşında opera müğənnisi yetişmir.
Opera müğənnisinin yetişməsi illər tələb edir. Rübabə
Muradova Leylini 45 yaşında elə oxuyub ki, onun
ifası yaddaşlara həkk olunub. Burada söhbət yaşdan yox, ifadan gedir.
16 yaşındakı gənc sevgisini səhnədə göstərə
bilərmi? 15 il əvvəl mən ilk dəfə Məcnun obrazını yaradanda tamaşa çox böyük anşlaqla keçmişdi.
O zaman ifamdan özüm də razı qalmışdım.
Ancaq illər keçəndən
sonra o tamaşanın
videoyazısını kiməsə
göstərməyə utanırdım.
Nə qədər potensialım var, bu rolu
oxuyacağam.
Z.Rüstəm
Ayna.-
2011.- 12 noyabr.- S.20.