İnternat
son imkan olmalıdır
Avropa
təcrübəsində internatlar azalıb.
Uşaq
ailəyə verilir və sonra işlə təmin olunur
İnsan öz həyatının ən
qayğısız anlarını uşaqlıqda
yaşayır. Problemlərdən uzaq, saf, təmiz... O
çağları çoxlarımız həmişə
nostalji duyğularla xatırlayırıq. Lakin elə
uşaqlar var ki, həyatlarının həmin dönəmi
ömrü boyu onlara əzab verir. Talelərinə internat evində
böyümək yazılan bu məsum uşaqların
yaşam tərzləri eyni olsa da, onları bu həyatı
yaşamağa vadar edən səbəblər müxtəlifdir.
Bu uşaqların arasında valideynləri sağ olanlar da,
onları dünyaya gətirənlərin üzünü
ömrü boyu görməyənlər də var.
Çox ölkələrdə
uşaqların internat evlərinə yerləşdirilməsinə
ən son halda yol verilir. Uşaq internat evinə
qoyulduqdan sonra onun ən qısa müddətdə ailəsinə
qaytarılması üçün tədbirlər
görülür. Azərbaycanın da qoşulduğu Uşaq
Hüquqları Konvensiyasına görə, uşağın
internatlara yerləşdirilməsinə yalnız ən son
halda, bütün imkanlar tükənəndən sonra yol vermək
olar. Amma uzun illər Azərbaycanda ailə himayəsindən məhrum
uşaqların internatlara yerləşdirilməsinə son
imkan kimi yox, ilk imkan kimi baxılırdı. Nəticə
göz önündədir: 9,2 milyon əhalisi olan bu ölkədə
10 minədək uşaq internatlarda böyüyür. Təkcə
bu ilin doqquz ayında 91 nəfər internat evlərinə verilib.
Bu 10 minin yalnız 500-700 nəfərinin valideyni yoxdur.
Qalanlarının bir və ya hər iki valideyni var.
Uşaqların ailələrinə
qaytarılması və təhsili ilə bağlı
2006-cı ildə "Dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı" Dövlət
Proqramı qəbul edilib.
2006-2015-ci illəri əhatə edən proqramın əsas məqsədi
uşaqların şəxsiyyətinin tam və ahəngdar
inkişafı üçün onların ailə mühitində
xoşbəxt böyüməsi naminə dövlət
uşaq müəssisələrində olan uşaqların ailələrə
verilməsi və alternativ qayğının təşkili
mexanizmlərinin yaradılmasıdır. 2006-cı ilin
martında işlərə başlanılan bu proqram 2015-ci ilədək
reallaşmalıdır.
İnternatda olan uşaqları 3 kateqoriyaya
bölmək olar.
Onlardan birinci qrupu tam bioloji ailələri
olan uşaqlardır. Həmin valideynlər
hansısa problem səbəbindən uşaqlarını
internat evlərinə yerləşdirib. İkinci kateqoriyaya əlilliyi
olan uşaqlar daxildir. Həmin uşaqların ailələrə
verilməsi bir qədər çətin prosesdir.
Üçüncü kateqoriyaya isə təhsil nöqteyi-nəzərindən
internata yerləşdirilən uşaqlar daxildir.
Araşdırmalar göstərir ki, ilkin olaraq bir və hər
iki valideyni olan uşaqların ailələrə verilməsi məqbul
olardı. Bu zaman elə ailələr seçilməlidir ki,
onlar uşaqlarını geri götürmək istəsin, amma
hansısa problem səbəbindən bu arzularını yerinə
yetirə bilmir.
Uşaq Hüquqları üzrə QHT
Alyansının icraçı direktoru Nazir Quliyev hesab edir ki,
proqramda nəzərdə tutulan işlərin yerinə yetirilməsi
sahəsində çətinliklər qalmaqdadır:
"Qanunvericiliyin tələblərinin tam
yerinə yetirilmədiyinin səbəblərindən biri
qanunda nəzərdə tutulan işlərin görülməsi
üçün kifayət qədər maliyyə vəsaitinin
ayrılmamasıdır. Yerli icra
orqanlarında fəaliyyət göstərən
"azyaşlılar komissiyaları"nın fəaliyyəti
qənaətbəxş deyil. Halbuki həmin komissiyalar öz
rayonlarından internat məktəblərinə göndərilən
uşaqların həyatı ilə daimi maraqlanmalıdır.
Mütəmadi olaraq həmin internat məktəblərinə
səfər edib, onlarla görüşməlidir. Əgər
uşağın ailəsində hər hansı problem varsa və
bu səbəbdən uşaq internata yerləşdirilsə, həmin
ailə ilə iş aparılmalı, ona müvafiq kömək
göstərilməlidir. Maksimum
çalışılmalıdır ki, bu problemlər qısa
müddətdə həll olunsun və uşaq ailəyə
qaytarılsın. Amma təəssüf ki, Azərbaycanda
uşaqlarla bağlı müvafiq strukturlar bu işi həyata
keçirə bilmir. Bu isə maliyyə
çatışmazlığı, səlahiyyətlərin
bilinməməsi, düzgün koordinasiya yoxluğu ilə
bağlıdır".
Quliyev hesab edir ki, övladlıq, qəyyumluq
və himayədarlıq mexanizmləri tam hazırlandıqdan
sonra əlilliyi olan və digər uşaqların ailələrə
verilməsini həll etmək olar:
"Bu ona görə çətin proses
hesab olunur ki, əlilliyi olan uşaqların xüsusi
ehtiyacları var. Onların təhsilə cəlb edilməsi
müəyyən problem yaradır. Azərbaycanda inklüziv təhsil
proqramı pilot şəklində bir neçə ildir həyata
keçirilir. Bu proqram öz səmərəliliyini təsdiq
edib. Amma təəssüf ki, ölkənin bütün ərazilərində
əlilliyi olan uşaqların təhsilə cəlb edilməsinə
şərait yoxdur. Həmin uşaqların
sağlamlığı ilə bağlı məsələ də
nəzərə alınmalıdır. Əgər hər iki
valideyn işləyirsə, əlilliyi olan uşaqların
qayğısına qalan olmayacaq".
Uşaqların ailələrə verilməsindən
sonra onlara nəzarət məsələlərinə gəldikdə,
Quliyev bu sahədə qüsurların olduğunu
vurğuladı:
"Yerli icra hakimiyyəti orqanlarında
"azyaşlılar komissiyaları"nın fəaliyyətinə
yenidən baxılmalıdır. Bununla
bağlı olaraq xarici ölkələrdə olan bənzər
komissiyaların təcrübəsi öyrənilərək təkliflər
hazırlanıb. Çünki mərkəzi qurum istəsə
belə, yerlərdə ailələrə verilən
bütün uşaqlara nəzarət edə bilməyəcək.
Bunun üçün dövlətin yükünün də
azaldılmasına ehtiyac var. Əksər ölkələrdə
dövlətin bu kimi funksiyaları qeyri-hökumət təşkilatlarına
həvalə edilir. Reabilitasiya mərkəzləri
formalaşdırılmalıdır".
Dövlət Proqramına uyğun olaraq
indiyədək uşaqların verildiyi ailələrin stimullaşdırılması,
onlara maliyyə dəstəyinin verilməsi, ailədə belə
uşaqlara ayrılmış vəsaitin xərclənməsinin
monitorinqi mexanizminin hazırlanması istiqamətində iş
aparılıb.
. Təhsil Nazirliyinin nəzdində
yaradılan De-institusionalizasiya və Uşaqların Müdafiəsi
İdarəsinin rəisi Məlahət Hacıyeva mətbuata
uşaq müəssisələrində yaşayan uşaqlar
barədə rəqəmləri açıqlayıb:
"Son rəqəmlərə əsasən,
hazırda Təhsil, Səhiyyə və Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirliklərinin tabeliklərində olan
46 dövlət uşaq müəssisəsində 9874 nəfər
uşaq təhsil alır. Onlardan 3790 nəfəri
müəssisədə gecələyən uşaqlardır,
qalan 6084 nəfər təhsil alıb gecəni isə ailəsi
ilə keçirir. Müəssisədə
yaşayan uşaqların əksəriyyəti 7-16 yaş
arasında olan uşaqlardır. Bununla
yanaşı, müəssisələrdə gecələyən
3860 nəfər uşaqdan 1473 nəfəri sağlamlıq
imkanları məhdud olan uşaqlardır. Dövlət
uşaq müəssisələrindəki uşaqların təlim-tərbiyəsi
ilə 2530 nəfər pedaqoji işçi məşğul
olur. Təhsil Nazirliyi tərəfindən
görülən tədbirlər nəticəsində dövlət
uşaq müəssisələrindəki uşaqların
sayı ilbəil azalır. Belə ki, 2008-2009-cu tədris
ili üzrə 14389 nəfər, 2009-2010-cu tədris ili üzrə
10055 nəfər, 2010-2011-ci tədris ili üzrə isə
9874 nəfər olub".
Yeni tədris ilinin başlanğıcı
üçün məlumatlar artıq məlumat bazasına
yığılır. 2011-ci
ildə rayon və şəhər icra hakimiyyətlərinin sərəncamına
əsasən, müəssisələrdən bioloji ailələrinin
və yaxın qohumlarının himayəsinə 105 nəfər
uşaq qaytarılıb. Uşaqların
öz ailələrinə qaytarılması və ya yeni ailəyə
verilməzdən əvvəl icra hakimiyyətləri nəzdində
fəaliyyət göstərən yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın və TN əməkdaşları
tərəfindən ailələrin mənzil şəraitinə
baxış keçirilir və ailənin gəliri
araşdırılır. Məlahət Hacıyeva deyir:
"Bununla yanaşı, uşaq müəssisəyə
yerləşdirilənədək ailədaxili
zorakılığa, etinasızlığa məruz
qalmışsa və ona qarşı ailədəki vəziyyət
dəyişməmişsə, uşağın ailəyə
qaytarılması məqsədəmüvafiq hesab edilmir".
Hacıyeva övladlarına qayğı
göstərə bilməyən ailələrin və onların
uşaqlarının rifahının
yaxşılaşdırılması, onların müəssisələrə
düşməsinin qarşısının alınması məqsədilə
yerlərdə uşaqlara və ailələrə dəstək
xidmətlərinin yaradılması işlərinin davam
etdirildiyini deyir:
"Nitqi qüsurlu uşaqlar
üçün 14 saylı internat məktəbi,
Göyçay şəhər internat orta məktəbi, Lənkəran
şəhər sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi internat məktəblərinin
nəzdində alternativ qayğı mərkəzləri
yaradılması məqsədilə müvafiq inventar və
avadanlıq alınıb. Mərkəzdə işləyəcək
işçi heyətinin bacarıqlarının yeni tip xidmətlərin
iş fəaliyyətinə uyğun təmin edilməsi məqsədilə
təlimlərə cəlb olunub. 268 nəfər
uşağın Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən beş günərzi-qayğı
və reabilitasiya-inkişaf mərkəzlərinin xidmətlərinə
cəlb olunmaqla onların dövlət uşaq müəssisələrinə
yerləşdirilməsinin qarşısı alınıb. 15 ailəyə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə birgə müvafiq dəstək
göstərilib və 28 uşağın müəssisəyə
düşməsinin qarşısı alınıb. 6 ailəyə dəstək göstərilməklə
11 uşağın müəssisəyə düşməsinin
qarşısı alınıb. Bioloji ailələrinin
və yaxın qohumlarının himayəsinə 15 uşaq
qaytarılıb".
Əlilliyi olan uşaqların ailələrə
verilməsinə gəldikdə, nazirlik rəsmisi qəbul edilən
Dövlət Proqramında bu məsələnin nəzərə
alındığını vurğuladı:
"Dövlət Proqramının Tədbirlər
Planına və dövlət uşaq müəssisələrinin
transformasiyası üzrə Baş Plana əsasən,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün internat məktəblərinin bir hissəsində
risk qrupuna daxil olan (yəni çətin, böhran şəraitində
olan) və sağlamlıq imkanları məhdud (xüsusi
qayğıya ehtiyacı olan) uşaqlar üçün
reabilitasiya - inkişaf yönümlü günərzi xidmətlərin
yaradılması nəzərdə tutulub.
Yetim və valideyn himayəsindən məhrum
olan uşaqlar üçün Respublika yardımçı
internat məktəbi də bu müəssisələrdən
biridir. Müəssisənin nəzdində
ayrıca binada yerləşən "Uşaqlar
üçün Reabilitasiya-İnkişaf Mərkəzi"
yaradılıb. Mərkəzin yerləşdiyi
bina Təhsil Nazirliyi tərəfindən əsaslı təmir
edilib, Dövlət Proqramına ayrılan vəsait hesabına
müvafiq inventar, avadanlıq və inkişafetdirici təlim
materialları ilə təmin edilib. Mərkəzin
yaradılmasında məqsəd uşaqların müəssisələrə
düşməsinin qarşısının
alınmasıdır".
Belə ki, mərkəzin fəaliyyətə
başlaması ilə Xəzər rayonu ərazisində
yaşayan, risk qrupuna daxil olan (yəni çətin, böhran
şəraitində olan) və aztəminatlı,
sağlamlıq imkanları məhdud olan ailələrin
uşaqları cəlb edilib. Mərkəzdə
həmçinin psixoloq, loqoped, inkişaf terapiyası (yəni
uşaqlara özünəxidmət bacarıqlarının
aşılanmasını öyrədən xüsusi pedaqoq)
xidmətləri göstərilir. Hacıyeva deyir:
"Psixoloq uşaq və onun ailəsi ilə
kompleks şəkildə iş aparacaq. Bu mərkəzlər
gün ərzində 10-12 saat fəaliyyət göstərəcək.
Burada hər bir uşaq üçün ayrıca fərdi
qayğı planı hazırlanacaq və ona müvafiq olaraq
uşaqla iş aparılır. Əsas məqsəd
isə mərkəzdə hər bir uşağa göstərilən
qayğı nəticəsində onun cəmiyyətə
inteqrasiyası və sosial adaptasiyasını təmin etməkdir.
Məktəbyaşlı uşaqların (1-8-ci
siniflərarası) mərkəzdə dərsdən sonrakı
asudə vaxtlarının səmərəli təşkili də
nəzərdə tutulur. Uşaqların
axşam evlərinə nəqliyyat vasitəsilə
aparılması mərkəz tərəfindən təmin
edilir".
Valideyn himayəsindən məhrum olmuş
sağlamlıq imkanları məhdud uşaqların gələcəkdə
müəssisəyə deyil, Kiçik Qrup evinə yerləşdirilməsi
nəzərdə tutulur. Bu
qayğı növü ailə əsaslı olub, 6 nəfər
əlilliyi olan uşağın yaşaya biləcəyi
yaşayış evi modelidir. Kiçik
Qrup evində hər uşaq üçün fərdi əşyaları
olan ayrıca otaq nəzərdə tutulur və həmin evin əlilliyi
olan uşaqların ehtiyaclarına uyğun tikintisi
planlaşdırılır (pandus, əlilliyi olan uşaqlar
üçün xüsusi sanitar qovşağı və s. nəzərə
alınmaqla). Həmin evdə uşaqlara
növbəlilik qaydasında işləyən tərbiyəçilər
qayğı göstərəcəklər.
Amma bunların heç biri ailəni əvəz
etmir. Bu gün Avropa ölkələrinin
çoxunda internatlar mövcud deyil. Uşaqlar
ailələrə verilir, sonradan isə işlə təmin
olunurlar.
Aynurə
Ayna.-
2011.- 12 noyabr.- S.16.