Ölkədə çoxuşaqlılığın təbliği məqsədəuyğun sayılmır

 

Çünki ölkədə demoqrafik problem yoxdur

 

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da demoqrafiya məsələləri son illərin ən çox müzakirə edilən mövzularından biridir. Çünki Azərbaycan ailələrində uşaqların sayı azalır. Bu, müxtəlif səbəblərlə izah edilir. Sosial-iqtisadi çətinliklər, Qarabağ müharibəsi, qaçqın-köçkün problemi, müxtəlif xəstəliklərlə əlaqədardır. Böyük əksəriyyət hesab edir ki, Azərbaycan ailələrində uşaqların sayının azalma tendensiyasına daha çox sosial çətinliklər, mənzil şəraitinin olmaması kimi problemlərin təsiri az deyil.

Burada çoxuşaqlı ailələrə verilən güzəştlərin ləğvini də qeyd etmək yerinə düşər. 1994-cü ildən sonra qurulan hər bir ailədə 1-2, nadir hallarda isə 3 uşaq böyüyür. Ekspertlər bunu insanların yaşayış tərzi ilə də bağlayır. İşsizlikdən, maddi gəlirin aşağı olmasından, mənzil problemindən əziyyət çəkən ailələr çox uşaq tərbiyə etməyi düşünmür. Amma çoxuşaqlı ailə olmaq istəməyən cütlüklər təkcə maddi sıxıntılar və digər problemlərdən əziyyət çəkənlər deyil, normal və yaxşı həyat sürən şəxslər də 1 və 2 uşaqdan artıq istəmirlər. Bu gün maddi təminatı çox yaxşı olan gənc ailələr nadir hallarda 2 uşaq istəyirlər, Avropada olduğu kimi.

Sovetlər Birliyi dönəmində əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, "Qəhrəman ana"lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdı. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu.

Vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10, 12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç "Qəhrəman ana"nın hər biri 17 uşaq dünyaya gətirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb.

Ümumiyyətlə, indi "çoxuşaqlı ailə" anlayışının özünün mənası dəyişib. Əgər 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdilərsə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər.

Dövlət Statistika Komitəsinin statistik məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

Çoxuşaqlı ailə termini yenilik deyilbir sıra dövlətlərdə bu sistem hələ də işləyir. Keçmiş sovet respublikalarından Rusiya bu cür ailələrə bir sıra güzəştləri tətbiq etməkdədir. Bu ölkədə 3-dən çox uşağı olan ailələr çoxuşaqlı sayılır.

Azərbaycanda demoqrafik vəziyyət kritik olmasa da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə edilən güzəştlərlə bağlı xarici təcrübəni öyrənir.

Ölkələr arasında 3 uşaq, 5 uşaq götürən də var. MDB ölkələrində, məsələn, Rusiyada 3-dən çox uşağı olan ailə çoxuşaqlı ailə hesab olunur.

Beləliklə, hökumət sovet dövründəki bir ənənəni - çoxuşaqlı ailələrə müəyyən güzəştlər və maddi yardımlar üçün xüsusi layihə həyata keçirə bilər.

MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli xatırlatdı ki, sovet dönəmində "çoxuşaqlı ailə" məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində bu rəqəm 4-dən 3-ə endirildi. "Çoxuşaqlı ailə" anlayışının 3-dən çox uşağı olan ailələrə şamil olunduğunu deyən Hadı Rəcəbliyə görə, əslində 3 uşaq elə də çox böyük göstərici deyil:

"İndi isə bu rəqəmin 3-dən 5-ə qaldırılması təklif olunur. Ancaq mənim mövqeyim belədir ki, bu rəqəm 4 olsa, daha ədalətli olar. Bu məsələnin özübir qədər mübahisəlidir və çox güman ki, müzakirələr nəticəsində bununla bağlı konkret bir mövqeyə gəlmək mümkün olacaq".

Komitə sədrinin fikrincə, bunun bir sıra mənfi və müsbət təsirləri var. Çoxuşaqlı ailə siyasəti ən çox təbii artımı zəif olan dövlətlərdə tətbiq olunur. Bəzi Avropa dövlətlərində demoqrafik böhran yaşanır. İnsanların sayı hər il azalır, təbii artım isə yoxdur:

"Ona görə bu ölkələr həmin siyasəti həyata keçirir. Amma Çin, İndoneziya, Hindistan kimi ölkələrdə bu məsələ o qədər də vacib deyil. Yardımlar sonda ailədə 7-8 uşağın olması ilə nəticələnir. Vaxtilə respublikamızda da bu güzəştlər mövcud olub. Bir ailədə hətta 12-13 uşaq var idi. Onların təminatı, cəmiyyətdə öz layiqli yerini tutması çox vaxt çətin olurdu. Yəni təcrübə göstərir ki, çoxuşaqlı ailələri həvəsləndirmək, nəyə görəsə maddi vəsaitə təhrik etmək bəzən neqativ təsirlərini göstərir".

Hadı Rəcəbli hesab edir ki, dövlət onsuz da kasıb olan ailələrə ünvanlı yardımlar verir ki, onların da əksəriyyəti çoxuşaqlı ailələrdir.

MM bir müddət öncəyədək "Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi üzərində işləyirdi. Bu qanunda çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması, onlara dövlət qayğısının, gənc ailələrdə çoxuşaqlılığa meyilliliyin artırılmasının təmin olunması və digər amillərin yer alacağı gözlənilirdi. Lakin adıçəkilən qanun tərtibi yarımcıq qaldı. Rəcəbli bildirdi ki, onsuz da Azərbaycanda illik 1,1-1,2 faiz artım var. Belə bir şəraitdə çoxuşaqlılığın təbliği o qədər də məqsədəuyğun deyil:

"Bundansa parlament "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun qəbul etməlidir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı Sosial Yardım Şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, artıq bir ilə yaxındır dövlət kasıb və imkansız, o cümlədən çoxuşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün səmərəli tədbirləri gücləndirməyi düşünür. Artıq bir ilə yaxındır ki, Aktiv Sosial Yardım Proqramı həyata keçirilir ki, bu da aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir.

Bu proqram qeyd olunan təbəqənin də sosial müdafiəsinin yaxşılaşdırılmasını əhatə edir:

"Bu gün yardım alan ailələrin 50 faizi həmin sosial kateqoriyaya aid olanlardır. Bu ailələrin içərisində həddən artıq imkansız və ehtiyacı olan ailələrə rast gəlinəndə, onlarla bağlı daha güclü sosial müdafiə tədbirləri görüləcək. Bu ailələrə yardımlarla bərabər, əlavə köməkliklərin göstərilməsi də istisna olunmur".

Millət vəkili Musa Quliyev də bununla bağlı ayrıca qanunun qəbuluna ehtiyac olmadığını düşünür. Onun fikrincə, 3-dən yuxarı uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunmalıdır:

"Onlar üçün də dövlət tərəfindən kifayət qədər güzəştlər nəzərdə tutulur. Lakin həmin ailələr üçün sosial imtiyazlar, güzəştlər nəzərdə tutan müəyyən dövlət proqramı qəbul oluna bilər".

Musa Quliyevin fikrincə, Dövlət Proqramı ilə çoxuşaqlı ailələrin gəlirlərinə uyğun olaraq onlara ilbəil vəsaitin ayrılması, onların dövlət tərəfindən icbari tibbi sığortaya cəlb olunması, təhsili ilə bağlı bütün xərclərin dövlət tərəfindən təmin olunması tənzimlənə bilər. Sədr müavini hesab edir ki, Dövlət Proqramının qəbul olunması çoxuşaqlı ailələrə müəyyən güzəştlərin tətbiqi ilə bağlı qanunun qəbulundan daha optimal variantdır.

"2001-ci ildən başlayaraq sosial müdafiənin güzəşt və imtiyaz sistemindən imtina etmişik, ünvanlı sosial müdafiə sisteminə üstünlük veririk. Çoxuşaqlı ailələr müxtəlifdir. İmkanlı ailələr var. Onlara dövlət tərəfindən sosial vəziyyəti ağır olan ailə ilə eyni dərəcədə yardım göstərilməsinin də mənası yoxdur və əsas məqsədə xidmət etmir. Bu mənada, düşünürəm ki, çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı Dövlət Proqramı qəbul etmək olar", - Quliyev deyib.

Quliyevin fikrincə, qanunla tənzimləmə daha çevik üsul deyilqanun bütün vətəndaşları bərabər tutur. Çoxuşaqlı ailələrin isə eləsi var ki, dövlətin qayğısına ehtiyacı yoxdur.

Bu baxımdan, Musa Quliyev vəsaitin daha səmərəli xərclənməsi üçün Dövlət Proqramının qəbulunu məqsədəuyğun hesab edir.

Çoxuşaqlı ailələrdə uşağın sayına gəlincə, deputat hesab edir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab oluna bilər.

Yaxın 20 ildə Azərbaycanda demoqrafik fəlakət gözlənilmədiyini deyən Quliyev bildirib ki, ölkədə demoqrafik proseslər müsbət istiqamətdə inkişaf edir. O deyir:

"İldə 150-165 min uşaq doğulur, bunun yarısı qədər ölən var. Azərbaycanda təxminən ildə 80-90 min nəfər əhali artımı var. Azərbaycanda əhalinin böyük hissəsi gənc və əməkqabiliyyətli insanlardır. Əhalinin qocalma, demoqrafik azalma problemi yoxdur. Doğulan uşaqların sağlamlığına və inkişafına fikir verməliyik. 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunmalıdır".

Ailələrdə uşaqların sayından çox, onların sağlamlığına, təhsilə cəlb olunmasına, istedadlarının uyğun istiqamət üzrə vaxtında aşkara çıxarılmasına, stimullaşdırılmasına və vətənpərvər ruhda tərbiyə olunmasına önəm verilməsi vacib sayılır.

 

 

A.Akif   

 

Ayna.- 2011.- 12 noyabr.- S.15.