Azərbaycanın xarici hərbi siyasəti

 

Bu ilin avqust-oktyabrında baş verənlərin xronologiyası

 

"Ordunun Aynası" bu sayında həmin aylarda Azərbaycanın xarici hərbi siyasətinə dair faktları diqqətinizə təqdim edir.

 

GÖRÜŞLƏR, TƏDBİRLƏR, HADİSƏLƏR

 

3-5 avqust. Bakıda Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı keçirilib. Toplantıda SQ-nin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa, AR müdafiə sənayesinin potensialı və s. məsələlər haqqında hesabat və müzakirələr edilib.

5 sentyabr. Müdafiə naziri Səfər Əbiyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.

6-8 sentyabr. Polşanın Kelç şəhərində 19-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisi - "MSPO-2011" keçirilib. Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin də təmsilçiləri iştirak edib.

30 sentyabr. Müdafiə naziri Səfər Əbiyev ATƏT Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.

6 oktyabr. Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilib. İclasın işində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan xüsusi xidmət orqanlarının heyətləri iştirak edib. Tədbirdə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli əməkdaşları da təmsil olunub.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclasının nəticələri üzrə yekun sənəd imzalanıb. Konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb. Elə həmin gün prezident İlham Əliyev türkdilli konfrans iştirakçılarını qəbul edib.

11 oktyabr. GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayıb. Hüseynli onu da deyib ki, Ermənistana silah satışına Latviyanın "Latspeceksports" şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək onları bu məsələni araşdırmağa çağırıb.

11 oktyabr. Müdafiə naziri Səfər Əbiyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Niderland Krallığının keçmiş müdafiə naziri Villem Frederik van Eekeleni qəbul edib.

11 oktyabr. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

23 oktyabr. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 145 xilasedicisi xilasetmə avadanlıqları və xüsusi təlim keçmiş itləri ilə, eyni zamanda özlərinin fəaliyyətini təmin edən avadanlıq və ehtiyatlarla birlikdə İL-76 markalı təyyarə ilə Türkiyənin Van şəhərinə yola düşüblər.

25 oktyabr. Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

 

NATO İLƏ ƏMƏKDAŞLIQ

 

8 avqust. AR Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi olan Saloğlu layihəsinin rəsmi bağlanış mərasimini keçirib.

12 avqust. Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun 99 əsgəri Rumıniyada "Qara Dəniz Rotasiya Qüvvəsi-2011" çoxtərəfli təlim məşqlərində iştirak edərək geri dönüblər.

18-25 sentyabr. Azərbaycan hərbçiləri Gürcüstanın paytaxtı Tiflis şəhərində "Eternity-2011" kompüter dəstəkli komanda-qərargah təliminə qatılıblar.

23 sentyabr - 16 dekabr. Azərbaycan hərbçiləri Qarmis-Partenkirxendə C.Marşal Mərkəzinin ali təhlükəsizlik üzrə kursuna qatılıblar.

25-30 sentyabr. Azərbaycan hərbçiləri Londonda silahlara nəzarət üzrə təlim inspeksiyalarına qatılıblar.

26-29 sentyabr. Azərbaycan hərbçiləri Çernoqoriyanın Niksic şəhərində NATO qiymətləndirməsinə (NEL 1) qatılıblar.

27-28 sentyabr. Azərbaycan hərbçiləri Qarmis-Partenkirxendə C.Marşal Mərkəzinin terrorizmlə mübarizə işçi qrupunun növbəti görüşünə qatılıblar.

27-29 sentyabr. Azərbaycan hərbçiləri Munster/Bergendə quru qoşunları bölmələrində informasiya toplantısına qatılıblar.

28 sentyabr - 5 oktyabr. Azərbaycan hərbçiləri Brüssel və Monsda tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursuna qatılıblar.

7-15 oktyabr. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (Operational Capabilities Consept - OCC) üçün bəyan etdiyi taborunun hazırlığının qiymətləndirilməsi təlimi keçirilib. Birinci səviyyəli özünüqiymətləndirmə təlimi yerli ekspertlərin iştirakı ilə baş tutub.

2-5 oktyabr. Azərbaycan hərbçiləri İstanbulda Harvard məzunları tərəfindən Qara dəniz təhlükəsizlik məsələlərinin müzakirəsinə qatılıblar.

3-7 oktyabr. Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Azərbaycan hərbçiləri üçün "Maddi-texniki təminat" mövzusunda təlim kursu reallaşıb.

3-7 oktyabr. Azərbaycan hərbçiləri Almaniyanın Oberamerqau şəhərində NATO sülhün dəstəklənməsi əməliyyatları üzrə kursa qatılıblar.

3-7 oktyabr. Azərbaycan hərbçiləri Almaniyanın Oberamerqau şəhərində NATO təlimlərinin planlaşdırılması kursuna qatılıblar.

3-8 oktyabr. Azərbaycan hərbçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda OCC üzrə illik işçi qrupunun görüşündə iştirak edib.

3-14 oktyabr. Azərbaycan hərbçiləri Yunanıstanın Souda şəhərində dəniz təhdidlərinin qarşısının alınma əməliyyatları kursuna qatılıblar.

4-12 oktyabr. Azərbaycan hərbçiləri Polşanın paytaxtı Varşavada NATO-da standartlaşdırma kursuna qatılıblar.

5 oktyabr. Müdafiə naziri Səfər Əbiyev NATO baş katibinin dəvəti ilə NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak üçün Brüsselə yola düşüb.

5-7 oktyabr. Azərbaycan hərbçiləri Belçikanın Mons şəhərində "NATO maliyyə büdcəsinin idarə olunması" kursuna qatılıblar.

6-10 oktyabr. MM sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 57-ci illik sessiyasında iştirak ediblər.

10-14 oktyabr. Azərbaycan hərbçiləri Ankarada "Terrorizm və Kütləvi İnformasiya Vasitələri kursu"na qatılıblar.

10-21 oktyabr. Azərbaycan hərbçiləri Budapeştdə müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursuna qatılıblar.

12 oktyabr - 9 noyabr. Azərbaycan hərbçiləri Hollandiyanın Delft şəhərində beynəlxalq qərargah zabitlərinin tanışlıq kursunda (İSOOC-2011) iştirak ediblər.

17-20 oktyabr. Azərbaycan hərbçiləri Cenevrədə SNT təlim və tədris mərkəzləri rəislərinin 12-ci illik konfransına qatılıblar.

17-21 oktyabr. Azərbaycan hərbçiləri Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq Ankarada "İnsan alverinə qarşı mübarizə" kursuna qatılıblar.

18-21 oktyabr. Azərbaycan hərbçiləri ABŞ-ın Rodayland şəhərində Beynəlxalq Dəniz Gücü Simpoziumuna qatılıblar.

17 oktyabr. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib ki, NATO-nun təşəbbüsü ilə Bakıda sərhəd təhlükəsizliyinə həsr olunmuş seminar keçiriləcək. Noyabr seminarında Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən, həmçinin Əfqanıstandan heyətlər iştirak edəcək. Tədbirdə sərhəd təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi də paylaşılacaq.

22 oktyabr. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Ordunun Aynası" əlavəsinə eksklüziv müsahibəsində bəyan edib ki, NATO baş katibi Anders Foqh Rasmussen Azərbaycan prezidenti İlham Əliyevi Brüsselə, Şimali Atlantika Şurası ilə görüşə dəvət edib.

 

TÜRKİYƏ İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

1 avqust. Bu ilin sonunadək Türkiyənin ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) müəssisələri arasında 107 və 122 mm-lik artırılmış mənzilli raketlərin birgə istehsalına dair daha bir müqavilə imzalana bilər.

2 avqust. Türkiyənin Azərbaycan səfiri Hülusi Kılıc bildirib ki, Ankara Qəbələ RLS-in istifadəsində iştirak etmək niyyətində deyil.

8-12 avqust. Azərbaycan hərbçiləri Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursunda iştirak ediblər (Eğirdir, Isparta, Türkiyə).

15-26 avqust. Azərbaycan hərbçiləri Azərbaycan-Türkiyə İkitərəfli hərbi əməkdaşlıq planına əsasən, partlanma üsulları, mina və tələ-minalar üzrə kursa qatılıblar (İzmir, Türkiyə).

22 avqust. Müdafiə naziri Səfər Əbiyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib. Görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir Hülusi Kılıc Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.

2 sentyabr. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası (GATA) tibb fakültəsinin 31-ci buraxılış mərasimi keçirilib. Türkiyənin siyasi və hərbi elitasının qatıldığı mərasimdə fakültənin 54 məzununa diplomlar təqdim olunub. Məlumata görə, GATA tibb fakültəsinin builki məzunlarından 50-si Türkiyə, 2-si Azərbaycan, 1-i Əfqanıstan və 1-i İordaniya vətəndaşıdır.

19-30 sentyabr. Azərbaycan hərbçiləri Türkiyənin İzmir şəhərində hava əməliyyatı üzrə terminologiya kursuna qatılıblar.

28 sentyabr - 21 oktyabr. ANAMA Türkiyənin "Nokta" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Türkiyə-Suriya keçid terminalı ərazisində mexaniki mina təmizləmə əməliyyatlarını keçirib.

4 oktyabr. Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərinin (ASELSAN, "Ares Shipyard", "Yüksel Savunma", "Ekin Technology", TAİ) təmsilçilərindən ibarət heyət Bakıya gəlib. Görüşlərdə Türkiyə şirkətləri tərəfindən Azərbaycan qurumları üçün yeni texnika və silah sistemlərinin təqdimatı da keçirilib.

12-15 oktyabr. Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi heyət Azərbaycanda səfərdə olub. Yılmaz müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, baş nazir Artur Rasizadə, prezident İlham Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər şəxslərlə görüşüb. Yılmazın başçılıq etdiyi heyət MSN hərbi müəssisələrinə də baş çəkərək Azərbaycanın hərbi-sənaye potensialı ilə də tanış olub.

14 oktyabr. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

14 oktyabr. Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar bildirib ki, bəzi Avropa şirkətlərinin maneələrinə baxmayaraq, Türkiyə Azərbaycana T-155 "Fırtına" özüyeriyən artilleriya sisteminin satışında israrlıdır. Bayar qeyd edib ki, Bakıda Türkiyə müdafiə sənayesi ofisinin açılması planlaşdırılır. Onun fikrincə, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin texniki cəhətdən NATO standartlarına uyğunlaşdırılmasında mühüm rol oynaya bilər.

19 oktyabr.  ROKETSAN şirkətinin baş direktoru Hüseyn Baysak bildirib ki, Türkiyənin ROKETSAN şirkəti 2012-ci ilin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrinin sifarişi üzrə reaktiv mərmilərin göndərilməsinə başlayacaq.

20 oktyabr. Makina-Kimya Sənayesi Təşkilatının (MKEK) baş direktoru Ünal Önsipahioğlu bildirib ki, MKEK və Azərbaycan MSN yaxın vaxtlarda birgə layihələrin icrasına başlayır.

25 oktyabr. İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçirilib.

31 oktyabr. Türkiyə Müdafiə Sənayesi Katibliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirəcəyi modernləşdirmə layihələrində Türkiyə şirkətləri də iştirak edəcəklər.

 

ABŞ İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

10 avqust 2011 - 25 may 2012-ci il. Azərbaycan-ABŞ iş planına əsasən, Azərbaycan hərbçiləri piyada zabitin təməl kursuna qatılıblar (San-Antonio, ABŞ).

10 avqust 2011 - 26 iyul 2012-ci il. Azərbaycan-ABŞ iş planına əsasən, Azərbaycan hərbçiləri piyada kapitanları kursuna qatılıblar (San-Antonio, ABŞ).

10 avqust - 2011 - 14 dekabr 2012. Azərbaycan-ABŞ iş planına əsasən, Azərbaycan hərbçiləri Quru Qoşunları Komanda Qərargah Akademiyasında kurs keçiblər (San-Antonio, ABŞ).

19 avqust. ABŞ Dövlət Departamentinin ötən il üzrə dünya ölkələrində terrorizmlə bağlı hesabatı dərc olunub. Hesabatın Azərbaycana aid hissəsində ölkəmizin terrorçuluğa qarşı fəal çıxış etdiyi qeyd olunub.

31 avqust. Pentaqon Azərbaycana 10 milyon dollar məbləğində hərbi yardım ayırıb. Bu yardım Pentaqonun ayırdığı 44 milyon dollarlıq yardım paketinə daxildir. Yardım ayrılmış ölkələr sırasında Tunis, Malta, Litva və Macarıstan da var. Paket Pentaqon təmsilçiləri tərəfindən bəyənilərək, Konqresə göndərilib. Vəsait ayrılmasında əsas məqsəd hərbi-dəniz qüvvələrinin terrorla mübarizə imkanlarını gücləndirməkdir. Yardıma böyük olmayan katerlər, mühərriklər, təlimlərin keçirilməsi və s. daxildir.

11 sentyabr. ABŞ-ın Azərbaycan səfirliyinin mətbuat katibi Kis Bin deyib ki, ABŞ beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. O qeyd edib ki, Azərbaycan əsgərləri ABŞ və beynəlxalq qüvvələrlə Kosovo, İraq və hazırda Əfqanıstanda çiyin-çiyinə dayanıblar.

19-23 sentyabr. Azərbaycan hərbçiləri ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Azərbaycan-ABŞ iş planına əsasən, Hərbi-Dəniz Qüvvələrinin mühəndisliyə dəstək bölməsinin təliminə qatılıblar.

4 oktyabr. Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Görüşdə ABŞ-la Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri, regionda hərbi-siyasi vəziyyət və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Brayza KİV-ə bildirib ki, Əbiyevlə Xəzər dənizində Azərbaycanın enerji infrastrukturunu təhdid edən risklərlə birgə mübarizə planlarının hazırlanmasını müzakirə edib. "Azərbaycanın bir sıra yüksəkçinli rəsmi şəxslərinin enerji infrastrukturu məsələlərini öyrənmək üçün ABŞ-a bazar ertəsi baş tutacaq səfərinin bəzi detallarını təqdim etdim", - o əlavə edib.

5 oktyabr 2011 - 28 iyun 2012. Azərbaycan hərbçiləri Azərbaycan-ABŞ iş planına əsasən, San-Antonio şəhərində təşkil olunan beynəlxalq hüquq kursuna qatılıblar.

10-24 oktyabr. Əməkdaşlıq çərçivəsində Azərbaycan hərbçiləri ABŞ-ın mühüm enerji-infrastruktur sahələri, texnologiya və imkanları ilə tanış olmaq üçün Vaşinqtonda səfərdə olublar.

13 oktyabr. Prezident İlham Əliyev ABŞ Atlantik Şurasının prezidenti Frederik Kempin başçılıq etdiyi heyəti qəbul edib.

17 oktyabr. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ-ın Alman Marşal Fondu üzvlərindən ibarət heyətini qəbul edib.

 

RUSİYA (MDB, KTMT) İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

2 avqust. RİA "Novosti" agentliyinin verdiyi məlumata görə, Qəbələ RLS-in rekonstruksiyası yaxın iki ildə yekunlaşacaq. 2013-cü ildə RLS ən müasir avadanlıqlarla təchiz edilərək gücünü bir neçə dəfə artıracaq. Qəbələ RLS-in ətraf mühitə mənfi təsiri isə minimuma endiriləcək.

12 avqust. Moskvada Rusiya müdafiə naziri Anatoli Serdyukov və Azərbaycan müdafiə naziri Səfər Əbiyev arasındakı görüşdə Qəbələ RLS-in icarə müddətinin uzadılma məsələsi müzakirə olunub.

3 sentyabr. MDB dövlət başçıları Düşənbə görüşünün yekunları üzrə Birlik ölkələrinin hava hücumundan müdafiə növbətçilərinin fəaliyyətinin təşkili haqqında saziş imzalayıblar.

6 sentyabr - 5 oktyabr. Rusiyanın Həştərxan vilayətində MDB Hava Hücumlarından Birləşmiş Müdafiə Qüvvələrinin "Hərbi Əməkdaşlıq-2011" hərbi təlimi keçirilib. Azərbaycanla yanaşı, təlimə müşahidəçi statusunda Moldova, Özbəkistan, Türkmənistan, Əlcəzair, Hindistan və Suriya hərbçiləri də qatılıb.

14 sentyabr. Rusiya KİV-i bildirir ki, rusiyalı mühəndislərin "T-72" tankının şassisi üzərində hazırladıqları döyüş maşını - BMPT ("Terminator") yaxın illərdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin silahlanmasına qəbul edilə bilər.

19-25 sentyabr. Azərbnaycan - Rusiya sərhədlərində "Sərhəd-sipər" əməliyyatı keçirilib.

29 sentyabr. KİV-in yazdığına görə, Azərbaycan Rusiyadan "Mi-17" tipli bir neçə helikopter alıb. Tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq, helikopterlərin ilin sonuna qədər Azərbaycana təhvili planlaşdırılır.

29-30 sentyabr. Azərbaycan, Rusiya və Qazaxıstan fövqəladə hallar nazirlikləri Xəzər dənizinin şimal hissəsində "Xəzər-2011" beynəlxalq kompleks adlı təlim keçirib.

4 oktyabr. Quba şəhərində Azərbaycan və RF daxili işlər nazirləri Ramil Usubov və Rəşid Nurqəliyevin iştirakı ilə sərhəd rayonlarında ictimai təhlükəsizliyin təmini və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə iki ölkə daxili işlər nazirlikləri tərəfindən yaradılmış xüsusiləşdirilmiş işçi qrupun sərhədyanı ərazilərdə polisin və daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi, eləcə də "Sərhəd-sipər" əməliyyatının nəticələri haqda hesabatı dinlənilib. Tədbirin yekunları əsasında protokol imzalanıb.

5 oktyabr. RF Kosmik Qoşunlarının komandanı, general-leytenant Oleq Ostapenko deyib ki, Rusiya Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-in bundan sonrakı istifadəsi ilə bağlı Azərbaycanla aparılan danışıqlardan yaxın vaxtlarda nəticə gözləyir. Qeyd edək ki, Qəbələ RLS-in icarə müqaviləsi 2012-ci il dekabrın 24-də bitir.

20 oktyabr. Azərbaycan FHN Akademiyası və RF Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyası arasında elmi və təhsil fəaliyyəti sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb.

27 oktyabr. MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda XXXI iclası keçirilib. İclasın sonunda gündəm məsələləri üzrə müvafiq qərarlar imzalanıb, Şuranın gələn il üçün fəaliyyət Planı təsdiq edilib, MDB Antiterror Mərkəzinin 2012-ci il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılıb. Növbəti iclası gələn il Moldovada keçirmək qərara alınıb.

 

İRANLA HƏRBİ ƏMƏKDAŞLIQ

 

8 avqust. İran ordusunun Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan dövlətini və prezidentini hədələyib. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, Azərbaycan öz xarici siyasətində heç bir müstəqil dövlətin daxili siyasətinə qarışmamaq prinsipini əsas tutur. Bununla yanaşı, Azərbaycan dövləti hansısa dövlətin öz daxili işlərinə qarışmasına heç bir zaman imkan yaratmayıb və bundan sonra da buna yol verməyəcək.

11 avqust. İran İslam Respublikasının Azərbaycan səfiri Məhəmmədbağır Bəhrami Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan XİN-ə dəvət olunub. İİR səfirini qəbul edən xarici işlər nazirinin müavini cənab N.Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

11 avqust. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin açıqlamasına sərt münasibət bildirib.

18 avqust. İran Azərbaycan XİN-in İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycanın ünvanına söylədiyi yersiz fikirlərlə bağlı təqdim etdiyi notaya cavab verib.

19 sentyabr. Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində insident qeydə alınıb. İrandan Azərbaycana qanunsuz keçmək istəyən bir şəxs Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilib. Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucusunun İİR Sərhəd Qoşunlarının hərbçisi, 20 yaşlı Əkbər Həsənpur olduğu bəlli olub. Onun meyiti oktyabrın 20-də qarşı tərəfə təhvil verilib.

21 oktyabr. Azərbaycanın İran səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə İran-Azərbaycan sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub.

22 oktyabr. İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidi Azərbaycana səfər edib. O, müdafiə naziri Səfər Əbiyev və prezident İlham Əliyev tərəfindən qəbul olunub.

 

ALMANİYA İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

22-26 avqust. Azərbaycan hərbçiləri Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, qüvvə planlaşdırılması üzrə ekspert danışıqlarına qatılıblar (Bakı, Azərbaycan).

23-26 avqust. Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, Azərbaycan hərbçiləri beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi və "ISAF" əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminarda iştirak ediblər (Potsdam, AFR).

19-23 sentyabr. Azərbaycan hərbçiləri Bonn şəhərində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hərbi hüquq üzrə ekspert danışıqlarına qatılıblar.

5 oktyabr 2011-31 mart 2012. Azərbaycan hərbçiləri Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Hürt şəhərində motoatıcı bölük komandiri, mühəndis-istehkam bölük komandiri, həkimləri təkmilləşdirmə kurslarına qatılıblar.

 

LİTVA İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

8 avqust 2011-15 iyun 2012. Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan hərbçiləri Birləşmiş Komandanlıq və Baş Qərargah kursunda iştirak edirlər (Tartu, Estoniya).

22 avqust - 23 dekabr. Azərbaycan hərbçiləri Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, ingilis dili kursuna qatılıblar (Vilnus, Litva).

11-20 oktyabr. Azərbaycan hərbçiləri Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, Kaunas şəhərində keçirilən Tibb zabitləri üçün təməl kursuna qatılıblar.

 

BÖYÜK BRİTANİYA İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

22 avqust - 9 sentyabr. Azərbaycan hərbçiləri Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, əməliyyat atıcılığı kursunda iştirak ediblər (Vişkov, Çexiya).

23 avqust. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb. Əbiyev bu təkliflə razılaşıb.

31 oktyabr - 9 dekabr. Azərbaycan hərbçiləri Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Çexiyanın Vişkov şəhərində çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı kursuna qatılıblar.

 

PAKİSTANLA HƏRBİ ƏMƏKDAŞLIQ

 

8 avqust 2011-25 may 2012. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan hərbçiləri Hərbi Dəniz Qərargah kursuna qatılıb (Lahor, Pakistan).

29 avqust 2011 - 7 aprel 2012. Azərbaycan hərbçiləri Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, Tərəfdaş Zabitlərin Sualtı Əsas Əməliyyat kursuna qatılıblar (Kəraçi, Pakistan).

13 sentyabr. Müdafiə naziri Səfər Əbiyev Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Pakistan səfiri dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.

 

DİGƏR DÖVLƏTLƏRLƏ HƏRBİ ƏMƏKDAŞLIQ

 

GÜRCÜSTAN. 4 avqust. Gürcüstan Müdafiə Nazirliyinin "Delta" Hərbi-Elmi Texniki Mərkəzinin direktorunun başçılıq etdiyi heyət Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. "Delta" Hərbi-Elmi Texniki Mərkəzi Gürcüstanda hərbi sənayeyə cavabdeh qurumdur. Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən mərkəzə "Tiflis Aviasiya Zavodu" da olmaqla bir sıra müəssisələr daxildir.

26 oktyabr. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Bakıda keçirdiyi brifinqdə deyib ki, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası məsələsi iki ölkə münasibətlərini heç vaxt çətinləşdirməyib və çətinləşdirə bilməz.

QAZAXISTAN. 6 sentyabr. Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov Azərbaycana səfər edib. Həmin gün qonaq müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə və müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb.

8 sentyabr. Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov deyib ki, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasında əlaqələr yüksək səviyyədədir. Nazir bildirib ki, Azərbaycan dənizçiləri hidroqrafiya, naviqasiya və kadrların hazırlanması sahəsində Qazaxıstanın dənizçilərinə kömək edirlər.

İSRAİL. 8 oktyabr. Məlumata görə, İsrail Müdafiə Nazirliyi Azərbaycanla hərbi əməkdaşlığı irəli aparacaq mühüm qərar qəbul etməyə hazırlaşır. Söhbət Azərbaycana göndəriləcək İsrail hərbi mütəxəssislərindən gedir.

27 oktyabr. İsrailin "Mossad"a yaxınlığı ilə bilinən www.debka.com portalı Azərbaycanın bu ölkə ilə hərbi-strateji sahədə tərəfdaşlığına dair çox mühüm və sensasion detalları açıb.

UKRAYNA. 19-22 oktyabr. Ukrayna Daxili Qoşunlarının komandanı, general-leytenant Sergey Yarovoy Azərbaycana səfər edib. Yarovoy jurnalistlərə açıqlamasında bildirib ki, Bakıya səfəri tanışlıq xarakteri daşıyır, əsas məqsəd gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirməkdir.

BELARUS. 26 oktyabr. Azərbaycan prezidenti İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul edib.

MOLDOVA. 26 oktyabr. Varşavada Şərt Tərəfdaşlığı sammiti çərçivəsində Moldovanın baş naziri Vlad Filat ölkəsinin Ermənistana silah satdığı üçün Azərbaycanın dövlət başçısı İlham Əliyevə öz üzürxahlığını çatdırıb. Diplomat Moldova tərəfindən həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı səhv siyasi addım adlandırıb.

MACARISTAN. 8-10 sentyabr. Macarıstan paytaxtındakı Hüquqi Təlim Akademiyasında Beynəlxalq cinayət hüququ üzrə 10-cu konfrans keçirilib. Silahlı qüvvələrdə və polis qüvvələrində ittiham və ifadə azadlığına həsr olunmuş toplantıda dünyanın əlliyə yaxın ölkəsindən gələnlər iştirak edib. Tədbirdə Azərbaycanı respublika baş prokurorunun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev təmsil edib.

İORDANİYA. 6 sentyabr. MSN-dən verilən məlumata görə, bu ilin sonlarından Azərbaycan və İordaniya bədən zirehləri və dəbilqələrin istehsalına başlayacaq. Artıq tərəflər arasında imzalanmış memorandum çərçivəsində MSN-in "Radioquraşdırma" zavodunun istehsal prosesində iştirak edəcək əməkdaşları üçün İordaniyanın "NP Aerospace Jordan" şirkətinin mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Müəssisədə istehsal üçün müvafiq sahə yaradılıb.

QƏTƏR. 20-22 sentyabr. Azərbaycan hərbçiləri Qətərin paytaxtı Dohada "Yırtıcı Şahin-3" təliminin ikinci koordinasiya toplantısına qatılıblar.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİYİ. 27-30 sentyabr. Azərbaycan hərbçiləri BƏƏ- nin paytaxtı Dubayda informasiya texnologiyaları üzrə konfransa qatılıblar.

ÇEXİYA. 17-21 oktyabr. Azərbaycan hərbçiləri Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən, Praqada silahlandırma və hərbi texnologiyalar üzrə ekspertlərin işçi görüşünə, eləcə də kütləvi qırğın silahlarından müdafiə məsələləri üzrə ekspertlərin işçi görüşünə qatılıblar.

CƏNUBİ KOREYA. 29 sentyabr. Müdafiə naziri Səfər Əbiyev Cənubi Koreyanın Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi, briqada generalı Hakyanğ Parkı qəbul edib. Görüşdə hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb..

 

Ayna.- 2011.- 19 noyabr.- S.9-16.