Türkiyə Cümhuriyyətinin hərbi doktrinal baxışları

 

Türkiyənin Azərbaycan və Gürcüstanla hərbi təhlükəsizlik

münasibətlərinin inkişafı bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyə yönəlib

 

"Hərbi Analitik Tədqiqatlar Mərkəzi" İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə "Region ölkələrinin hərbi doktrinaları - stabillik, yoxsa qarşıdurma təhlükəsi?" adlı layihə çərçivəsində yekun sənəd hazırlayıb. "Ordunun Aynası"nda 6 ölkənin hərbi doktrinaları və hərbi-doktrinal sənədləri üzrə həyata keçirilmiş yekun araşdırma sənədi hissə-hissə oxuculara təqdim ediləcək.

İlk olaraq Türkiyə Cümhuriyyətinin hərbi-doktrinal baxışlarının təhlilini diqqətinizə çatdırırıq.

TC hərbi təhlükəsizlik sahəsindəki rəsmi baxışlar sistemi "Milli təhlükəsizlik haqqında siyasi sənəd"də (Milli güvenlik siyaset belgesi - MGSB) öz əksini tapıb. TC MGSB 2006-cı ilin martında qüvvəyə minmişdir.

MGSB-yə əsasən, TC-nin "müdafiə siyasəti" adlanan hərbi-doktrinal baxışları əsas iki vacib hissədən:

- milli təhlükəsizlik strategiyası (hərbi doktrinanın sosial-siyasi tərəfini aydınlaşdırır) və

- milli hərbi strategiyadan (hərbi doktrinanın hərbi-texniki tərəfini nizamlayır) ibarətdir.

TC-nin hərbi doktrinası müdafiə xarakteri daşıyır.

TC müdafiə siyasətinin əsas müddəaları bunlardır:

- TC-nin müstəqilliyi, ərazi bütövlüyü və cəmiyyətin respublika formasındakı quruluşunun müdafiəsini təmin etmək;

- böhran və münaqişələrin qarşısını almaq, onların yaranmaması üçün bütün imkanlardan istifadə etmək, bununla da beynəlxalq gərginliklərin azalması üçün mümkün bütün tədbirləri görmək;

- kollektiv təhlükəsizlik sistemlərində aktiv iştirak etmək, TC-nin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək.

TC hərbi təhlükəsizliyinin beynəlxalq təminatında NATO-ya öncəlik verilir. Ümumiyyətlə, NATO-ya üzvlük TC hərbi doktrinasının əsasını təşkil edir. Ölkənin NATO-da aktiv iştirakı TC-nin təhlükəsizliyinin kollektiv təminatı, müttəfiqlərin köməyi və dəstəyi ilə xarici və hərbi siyasətin reallaşdırılması üçün əlavə imkanların əldə edilməsi anlamındadır. Bununla əlaqədar olaraq milli silahlı qüvvələr NATO sülhməramlı əməliyyatlarında, NATO-Türkiyə hərbi təlimlərində aktiv iştirak edir. Son dönəmlər Türkiyənin müdafiə siyasətinin aktiv xarakter daşıması və bununla əlaqədar SQ-yə təşəbbüskarlıq göstərmək tapşırığı verilməsi və intensiv təlimlər keçirilməsi regionda sülhsabitliyin yaradılması istiqamətində atılan müsbət addımlardan sayıla bilər.

Hərbi Doktrinaya əsasən, TC müdafiə siyasəti, milli təhlükəsizlik strategiyası üç əsas konseptual fikrə dayanır. Bunlar:

- gücdən və Silahlı Qüvvələrdən istifadə etmədən milli təhlükəsizliyi təmin etmək, təhdid və təhlükələrin qarşısını ala biləcək potensialı qorumaq ("çəkindirmə strategiyası"), bunun üçünSQ-ni yüksək döyüş hazırlığı səviyyəsində saxlamaq və hərtərəfli təmin etmək;

- böhranları (siyasi, hərbi, humanitars.) idarə etmək, öncədən hərbi və qeyri-hərbi xarakterli tədbirlər görmək, ehtimali təhdid və təhlükələri önləmək (bu məsələlərin həllində əsasən qeyri-hərbi yol və vasitələrdən istifadəyə üstünlük verilir);

- və perimetr üzrə - sərhəd boyu, qonşu ölkələrlə sülhü təmin edəcək təhlükəsizlik mühiti yaratmaqdır (mövcud böhranları həll etmək, gözlənilən böhranların qarşısını almaqla).

TC-nin bu hərbi doktrinal baxışlarının birinciikinci müddəası ("çəkindirmə strategiyası" və preventiv müdafiə siyasəti) ABŞ və NATO-da qəbul edilən strateji konseptual baxışlardır. Müdafiə strategiyasının üçüncü əsas müddəası isə AKP hökumətinin "qonşularla sıfır problem" siyasətindən qaynaqlanır.

Göründüyü kimi, demokratik Türkiyənin hərbi-siyasi rəhbərliyi öz ölkəsi ətrafında "sülh və təhlükəsizlik zonası" yaratmaq hədəfini qarşıya məqsəd qoymuşdur. Bu da Cənub-Şərqi Avropa, Orta Şərq və Cənubi Qafqazda regional sülh və sabitliyə, təhlükəsizliyin möhkəmlənməsinə, eyni zamanda demokratiyanın inkişafı və genişlənməsi üçün əlverişli şərait yaranmasına xidmət edir.

TC-nin milli hərbi strategiyası, hərbi doktrinanın hərbi-texniki tərəfi isə aşağıdakı dörd əsas konseptual fikrə dayanır:

- SQ-nin yüksək döyüş hazırlığı və döyüş gücündə saxlanması, hərtərəfli texniki təminatı;

- adi silahlardan istifadə etməklə qətiyyətli hərəkətlərə keçmək, əməliyyatlar aparmaq;

- məhdud miqyaslı hərbi əməliyyatlar aparmaq bacarığına malik olmaq;

- "nəsə başqa, nəinki müharibə" (və ya "müharibədənsə, nəsə başqa" əməliyyatlar) aparmaq, başqa sözlə, mümkün qədər müharibədən çəkinmək.

Mövcud qlobalregional hərbi-siyasi vəziyyətin və onun ehtimali inkişaf perspektivlərinin analizi, yeni tendensiyaların ortaya çıxması və inkişafı, risk, təhdid və təhlükələrin xarakterinin dəyişməsi regional təhlükəsizlik sistemində TC-nin roluyerinin yenidən müəyyən edilməsinə və hərbi doktrinaya prinsipial düzəlişlərə gətirib çıxarmışdır.

MGSB-yə əsasən, hazırda Türkiyə SQ "iki tam onda beş" yox, "bir tam onda beş" müharibəyə, yəni bir xarici düşmənlə yüksək intensivlikli müharibəyə və ya konfliktə, eyni zamanda daxili separatçı qruplaşmalar ilə genişmiqyaslı döyüş hərəkatlarına hazır olmaq şərti ilə hazırlanmalıdır.

Bu günü və 2015-2020-ci ilə kimi olan yaxın və ortamüddətli inkişaf perspektivini nəzərə alan Türkiyə öz hərbi-doktrinal baxışlarını yeni strateji şəraitə uyğunlaşdırmışdır. TC HD-si nəzərdə tutur ki, SQ eyni zamanda iki müharibədə, həm birləşmiş qoşunlar (NATO-nun) tərkibində, həm də müstəqil olaraq lokal müharibədə iştirak edib müharibə apara bilsin.

TC hərbi doktrinası hərbi təhlükəsizliyə olan təhdidlərin qiymətləndirilməsində daxili təhdidlərə öncəlik verilməsilə digər region dövlətlərindən əsaslı şəkildə fərqlənir. TC MGSB-də ehtimali daxili təhdidlərə "ənənəvi" olaraq radikal islamçılar, kürd separatçıları və ultra sol hərakatlar aid olunur. Bu təhdidlər xarici təhdidlər yanında prioritet sayılmaqla yanaşı, bu günpotensial təhlükə olaraq qalırlar.

Daxili təhdidlərə öncəlik verilməsi bir tərəfdən TC-nin beynəlxalq təhlükəsizlik təminatının yüksək səviyyədə təmini, NATO-ya üzvlüyüsoyuq müharibənin başa çatması ilə, digər tərəfdənsə onun yüksək döyüş qabiliyyəti və gücünə sahib qüdrətli, "çəkindirmə" qabiliyyətli orduya sahib olması ilə bağlıdır. İstənilən halda xarici hərbi təhdidlər sırasında region ölkələrindən gələn təhdidlərin hərbi doktrinada yer almaması regional sülh və təhlükəsizlik, sabitlik baxımından müsbət qiymətləndirilməlidir.

İlk dəfədir ki, MGSB-də TC-nin yaxın və uzaq perspektivdə prinsipial olaraq heç bir qonşu ölkəni hərbi cəhətdən təhlükə mənbəyi kimi görmədiyi qeyd edilir. Lakin bununla bərabər, MGSB-də TC perimetrində olan bəzi qonşu ölkələr nəzərdə tutularaq qeyd olunur ki, "bəzi ölkələr də ayrı-ayrı təhlükəyə çağırış və ya təhlükə mənbəyi ola bilər. Bunların qarısını almaq üçün öncə ordu potensialı dəstəyi ilə siyasi-diplomatik metodlardan istifadə olunacaq". Belə təhlükələr və təhlükəyə çağırışlar içində Kipr məsələsinə görə Yunanıstanla olan qarşıdurma, onunla hava, dəniz sərhədləri, Egey dənizi akvatoriyası problemləri də sənəddə qeyd olunur.

İranın raket və nüvə proqramlarının inkişafı üçün çalışmalarının TC-də narahatlıq yaratması isə MGSB-də xüsusi olaraq qeyd olunmuşdur.

TC MGSB-də Azərbaycan, eyni zamanda regional sülhsabitlik üçün vacib olan Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışması ehtimalının yer alması da müsbət qiymətləndirilməlidir.

TC hərbi təhlükəsizliyinin beynəlxalq təminatı sahəsində NATO ilə bərabər ABŞ və AB ilə, eyni zamanda üzv dövlətlərlə münasibətlərin inkişafına önəm verilir.

Qlobal güc və NATO lideri olan ABŞ ilə münasibətlər TC xarici siyasətinin, eyni zamanda hərbi təhlükəsizlik siyasətinin başlıca öncəliyi hesab edilir. TC-ABŞ münasibətlərinin inkişafı, xüsusən də Cənubi Qafqaz siyasətlərinin əlaqələndirilməsi regional sabitliyə müsbət təsir edən amillərdəndir.

TC-nin ABŞ-la birgə Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi, ərazi bütövlüyüsuverenliyini dəstəkləməsi, regional münaqişələrin dinc yolla həllinə, regionda demokratiya və təhlükəsizliyin inkişafına, bu ölkələrin AvropaAvroatlantik institutlara inteqrasiyasına, Gürcüstanın NATO-ya üzvlüyünə, Azərbaycan və Gürcüstanın hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsinə dəstək verməsi, RF-nin regionda hərbi iştirakının azaldılmasına və regional hərbi-siyasi disbalansın aradan qaldırılmasına yönəlik birgə səylər göstərməsi regional sabitliyin yaranmasına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Regional siyasətdə bir sıra məsələlərdə bu iki müttəfiq dövlətin fərqli xətlər izləməsi (məsələn, 2008-ci il Gürcüstan böhranı, İranın nüvə proqramı, Ermənistan-Azərbaycan münaqişəsi, TC-Ermənistan münasibətlərinin normallaşması və s. məsələlərdə) isə ilk növbədə regionda destruktiv rol oynayan qüvvələrin maraqlarına xidmət edir.

NATO üzvü, eyni zamanda demokratik, müttəfiq dövlətlər olan TC və ABŞ-ın regional siyasətə ortaq baxış formalaşdırması, mövcud fikir ayrılıqlarını aradan qaldırması və Cənubi Qafqazda əlaqələndirilmiş siyasət aparması, münaqişələrin həllinə, regiondaxili inteqrasiyaya, regional sabitliyin, təhlükəsizliyin və demokratiyanın inkişafına, bütövlükdə regionun pozitiv inkişafına müsbət təsir edərdi.

AB-yə üzvlükonun hərbi təhlükəsizlik qurumlarında iştirak da TC xarici və təhlükəsizlik siyasətinin başlıca prioritetlərindən sayılır.

 

Cənubi Qafqaz.

 

Türkiyə xarici siyasətində Azərbaycan xüsusi yer tutur və təbii müttəfiq olan bu iki qardaş dövlət arasındakı münasibətlər strateji xarakter daşıyır. 16 avqust 2010-cu il tarixdə Bakıda imzalanan "Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə ilə bu münasibətlər rəsmiləşmişdir. Tərəflərin 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiq olduqlarının da ifadə edildiyi bu müqavilənin 2-ci maddəsinə əsasən:

"Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır".

Göründüyü kimi, strateji xarakter daşıyan TC-Azərbaycan rəsmi münasibətləri hərbi-siyasi müttəfiqlik münasibətlərinə çox yaxınlaşmışdır.

Ankara Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hərtərəfli dəstək verir, Abxaziya və Cənubi Osetiya ilə danışıqlarda vasitəçiliyə nail olmaq istəyir. Gürcüstanla hərbi və hərbi-texniki sahədə sıx əməkdaşlıq edən TC onun silahlı qüvvələrinin gücləndirilməsinə çalışır. TC Gürcüstanın NATO-ya üzvlüyünü də dəstəkləyir.

TC-nin Azərbaycan və Gürcüstanla hərbi təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi bütövlükdə Cənubi Qafqaz regionunda hərbi-siyasi disbalansın normallaşmasına, regional sülhsabitliyin yaranmasına yönəlmişdir.

Türkiyə eyni zamanda ona qarşı "soyqırım" və ərazi iddialarından əl çəkməyən, Azərbaycanla müharibə vəziyyətində olan qonşu Ermənistanla da münasibətlərin normallaşdırılması yollarını aramaqdadır.

Real siyasətə əsaslanan və regionda formalaşan mürəkkəb və həssas hərbi-siyasi durumu nəzərə alan TC Rusiya ilə də çoxsahəli tərəfdaşlıq münasibətlərinin inkişafına üstünlük verməkdədir.

TC və RF üçün birgə maraqlarümumi xarakter daşıyan problemlər (Qara dəniz və onun ətrafında olan problemlər, xüsusən də Qara dəniz ətrafına aid olmayan ölkələrin HDQ-nin burada olmasının istənməməsi, İraq, Suriya, Yaxın Şərq məsələsi və İranın nüvə proqramı ilə bağlı məsələlər) də ikitərəfli münasibətlərin inkişafı üçün müsbət şərait yaradır.

Enerji, eyni zamanda atom enerjisi sahəsində böyük razılaşmalar əldə edən Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı Cənubi Qafqazda birgə əməkdaşlıq üçün də əlverişli zəmin yaratmaq yolu ilə, yəni dolayısı ilə regional inkişafa da müsbət təsir edə bilər.

 

Hərbi Analitik Tədqiqatlar Mərkəzi

Ayna.- 2011.- 19 noyabr.- S.10.