Akademik
Ədilə Namazova: "İncəsənətin
insan əxlaqının
formalaşmasında rolu
danılmazdır"
Telekanalların
bu yöndə proqramlar yayımlaması tövsiyə edilir
"Cəmiyyətdə əxlaq məsələsi
hamıya eyni dərəcədə aiddir. İstər kişi
olsun, istər qadın, istər gənc, istərsə də
uşaq. Cəmiyyətdə qadınların adını bəlkə
ona görə daha çox əxlaqla bağlayırlar ki, o,
anadır. Qadın ailədə ab-hava yaradandır. Əgər
onun əxlaqı yaxşıdırsa, böyük-kiçiyin
yerini bilsə, tərbiyəsi olsa, demək,
uşağını da elə tərbiyəli, əxlaqlı
böyüdəcək. Nə qədər olmasa, həyat
yoldaşı da ona baxıb ibrət götürəcək.
O, həyat yoldaşını da düzgün istiqamətləndirəcək",
- deyə akademik Ədilə Namazova söyləyir.
Onun fikrincə, insan əxlaqının
formalaşması, mənəviyyatının zənginləşməsi
üçün ilk növbədə onun tərbiyəsi, daha
sonra biliyi. İnsanın dərrakəsi, düşüncəsi
onun mənəviyyatının zənginləşməsində
mühüm rol oynayır. Ailə əxlaqı isə valideynlərdən
başlayır. Akademik deyir: "Ailədə əxlaq olmasa, o
ailədə böyüyən uşaqda da əxlaq olmaz.
"Ot kökü üstə bitər" - deyib atalar.
Heç görmüsünüzmü,
qızılgülün kökündən qanqal bitsin? Və
yaxud buğda kökündən hər hansı alaq bitdiyini
görmüsünüzmü?
Müsahibim onu da qeyd etdi ki, incəsənətin
müxtəlif növlərinin insanın təlim-tərbiyəsində,
əxlaqının formalaşmasında rolu danılmazdır. Odur
ki, hər bir telekanal həftə müddətində tərbiyəvi,
əxlaqi əhəmiyyətli verilişlər təqdim etməlidir.
Sirr deyil ki, indi böyük romanları oxuyan azdır. Və
yaxud müasir ədiblərimizin böyük kitablarını
da oxuyan azdır:
"Belə vəziyyət 30-40 il bundan əvvəl
başqa ölkələrdə baş vermişdi. Mən bir dəfə
"Oqonyok" jurnalından Lev Tolstoyun Amerikada yaşayan nəvəsinin
müsahibəsini oxudum. Ona sual vermişdilər ki, indi
Amerikada Tolstoyun əsərlərini oxuyan, tanıyan varmı?
O isə cavabında demişdi ki, biz indi elə dövrdə
yaşayırıq ki, insanların Tolstoyun "Hərb və
sülh", "Anna Karenina" kimi qalın əsərlərini
oxumağa hövsələsi çatmır. Onlar daha çox
detektiv janrında olan xırda kitablara üstünlük verirlər.
Metroda gedərkən, parkda dincələrkən bu kimi
kitabları oxuyurlar. Mən onda təəccüblənirdim,
axı bizdə hamımız Mirzə İbrahimovun "Gələcək
gün" romanını əldən-ələ oxuyurduq. Və
yaxud Süleyman Rəhimovun əsərlərini mütaliə
edirdik. Səməd Vurğunun şeirlərini əzbər
bilirdik. Görünür, dediyimiz inkişaf insanları bir qədər
böyük əsərlərdən uzaqlaşdırır. Təbii
ki, bu da onların əxlaqına təsir edir. Digər tərəfdən,
biz mənəviyyatı, əxlaqı özümüz də
inkişaf etdirməliyik".
A.AKİF
Ayna.-
2011.- 19 noyabr.- S.18.