Azərbaycan kinosunun durumu: iflic

 

Aktyor kədər içindədir

 

"Uzun müddətdir fəaliyyətində problemlər yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqı iflic vəziyyətindədir". Bu sözləri ittifaqın birinci katibi, xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ittifaqın fəaliyyətində heç bir yenilik yoxdur və hər şey olduğu kimi davam edir:

"Heç bir iş yoxdur. Gəlirik, boş-boşuna oturub gedirik, vaxt ötür, heç bir müsbət nəticə də yoxdur. İstəmirik qurumun fəaliyyəti dayansın, amma desələr ki, artıq bitdi, dağılışıb gedəcəyik. Əlimizdən artıq heç nə gəlmir".

İttifaqın fəaliyyətinin davam etməsi üçün bütün lazımi addımların atıldığını deyən Rasim Balayev bundan sonra hansısa addıma ehtiyac olmadığını qeyd etdi:

"Əlimizdən gələni etmişik. Bütün lazımi instansiyalara yazılı müraciətlər göndərdik, hələ də nəticə yoxdur. Qərar vermək vaxtıdır. Məsələnin bu qədər uzun sürməsi narahatlıq doğurur".

Rasim Balayev Kinematoqrafçılar İttifaqının maddi tərəfdən çox sıxıntılı olduğunu dedi. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov isə ittifaqın gələcək taleyinin onlardan asılı olmadığını deyib:

"Kinematoqrafçılar İttifaqı ictimai təşkilatdır, nazirliyə heç bir aidiyyəti yoxdur. Biz ittifaqın fəaliyyətinə də təsir edə bilmərik. Nazirlik yalnız tabelikdə olan təşkilatlara cavabdehdir".

Kinematoqrfçılar İttifaqına Rüstəm İbrahimbəyov sədrlik edir. İttifaqın təşkilatçılığı ilə bir neçə il həyata keçirilən "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı da maddi vəsaitin yoxluğu səbəbindən son iki ildir baş tutmur".

 

 

Xatun

 

Ayna.- 2011.- 19 noyabr.- S.20.