Məlahət Abbasova İstanbulda Prodüser Mərkəzi açır

 

"Təmirdən sonra teatrdakı oturacaqların rəngini heç bəyənmirdim"

 

İstanbulda yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova yeni prodüser şirkəti açmaq fikrindədir. Bu barədə danışarkən deyib ki, artıq şəxsi şirkətini açmaq zamanı yetişib:

"Açığı, hər an şəxsi şirkətimi aça bilərəm və bunun haqqında düşünürəm. Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrdə çox aktiv rol oynadığımı düşünürəm. Bakıdan da çox tanınmış insanlar artıq bunun zamanının yetişdiyini bildirirlər. Amma bir qorxum var, mən bu şirkəti idarə etməyə zaman tapacağam, ya yox".

Abbasova onu da deyib ki, şirkətini açmazdan əvvəl hazırda məşğul olduğu işlərini yekunlaşdırmalıdır. Artıq qızı Sudənin də aktrisalığa başladığını vurğulayan Abbasova "Babam üçün" adlanan serialda vaxt çatışmazlığından qızı ilə bərabər oynaya bilmədiyini deyib:

"Bu serialda Sudəylə bərabər oynamalı idim, lakin iş proqramımın sıxlığından serialın çəkilişlərində iştirakım mümkün olmadı. Amma qızım orada oynayır. Əgər serial reytinq yığarsa və uzun olarsa, bəlkə daha sonra o serialda oldum".

Hazırda bir neçə filmdə oynayan azərbaycanlı aktrisa bu işləri bitirdikdən sonra İstanbul Bələdiyyə Teatrında Elçinin "Şekspir" əsərini səhnəyə qoymaq niyyətindədir. Eləcə də Hüseyn Cavidin "İblis"i üzərində də işləyir:

"Bundan başqa, "Dədə Qorqud" adlı yeni layihə üzərində işləyirəm. Orada yalnız qadınlar olacaq. Gələcəkdə bir balet səhnələşdirmək istəyirik. Hələ ki, bu layihə bir düşüncə halındadır və reallaşdırmaq fikrindəyəm".

Akademik Milli Dram Teatrında tamaşa oynayacağına gəlincə, aktrisa bununla əlaqədar hələ ki dəqiqləşmə olmadığını vurğulayıb:

"Çox hörmət etdiyim insanlar tərəfindən təkliflər aldım. Əgər təkliflər təkrarlanarsa və ya mən bunu istəsəm, niyə də olmasın? Məmnuniyyətlə qəbul edərəm. Bu, tamamilə mənim boş vaxtımın olmaması ilə əlaqədardır. Amma vurğulamaq istərdim ki, dünyanın heç yerində teatrların oturacaqları bizdəki rəngdə deyil. Təmirdən sonra teatrdakı oturacaqların rəngini heç bəyənmədim. Gərək oturacaqlar başqa, daha ürəyə yatımlı rəngdə olaydı".

 

 

Ayna.- 2011.- 19 noyabr.- S.20.