Gündüz
Abbasovun şəxsi arxiv
fondu yaradılıb
Azərbaycan Film Fondunda
tanınmış aktyor Gündüz Abbasovun şəxsi arxiv
fondu yaradılıb. Film Fondunun mətbuat xidmətinin rəsmisi
Rəşad Qasımovun məlumatına görə, aktyorun
fonduna 40-a yaxın fotomaterial daxil olub. Bu sənədlərin bəziləri
şəxsi arxivlərdən götürülüb. Bəziləri
isə fotoqraf Pərviz Quliyevin vaxtilə çəkdiyi
fotolardır.
Gündüz Abbasov ötən əsrin
50-60-cı illərinin ən məşhur aktyorlarından biri
olub. "Əsl dost". "Bir qalanın sirri",
"Bizim küçə", "Leyli və Məcnun",
"Telefonçu qız", "Torpaq, dəniz, od, səma",
"Dədə Qorqud", "Nizami" və digər filmlərdə
çəkilib.
Mətbuat əlaqələndiricisi daha
bir xəbəri bizimlə bölüşdü. Qurum Rusiya
Dövlət Film Fondu ilə birgə xalq artisti, kinorejissor
Tofiq İsmayılovun "Əzablı yollar" ("Məlikməmməd")
film-nağılını bərpa edib. Öyrəndik ki,
filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə həyata keçirilib. 1982-ci ildə
"Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin
ssenari müəllifi Oqtay Məmmədov, quruluşçu
rejissoru Tofiq İsmayılov, quruluşçu operatoru Şərif
Şərifovdur. Baş rollarda Yaşar Nuri, Eldəniz Zeynalov,
Siyavuş Aslan, Həmidə Ömərova və
başqaları çəkilib.
"Məlikməmməd"
nağılı əsasında çəkilən film
uşaqlar üçün nəzərdə tutulub. Filmin bərpa
variantı bu yaxınlarda AzTV-də nümayiş olunacaq.
Ayna.-
2011.- 19 noyabr.- S.20.