Xan Şuşinskinin 110 illiyi qeyd edildi

 

O, əsrarəngiz səs sahibi olub

 

Görkəmli xanəndə, xalq artisti Xan Şuşinskinin 110 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində yubiley toplantısı keçirilib. Mərasimə elm və sənət adamları, parlamentin deputatları, muğamsevərlər toplaşmışdılar. Foyedə bu şöhrətli muğam ifaçısının sənət yolunu əks etdirən fotosərgi açılmışdı. Yubiley mərasimi OperaBalet Teatrının baş rejissoru Hafiz Quliyevin rejissorluğu, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynovun aparıcılığı ilə davam etdi. R. Hüseynov Xan Şuşinskini müstəsna istedada, geniş diapazonlu, gur və məlahətli səsə, yüksək ifaçılıq mədəniyyətinə malik bir sənət adamı kimi xarakterizə etdi.

Xan Şuşinski Azərbaycanın canlı konservatoriyası sayılan Şuşa şəhərində Aslan ağa Cavanşirin ailəsində doğulub. Əsl adı İsfəndiyar imiş, "Xan Şuşinski" adını ona ustadı İslam Abdullayev o çağın misilsiz ifaçısı, təbrizli Əbülhəsən xan İqbala bənzətmə ilə verib. Bu ifaçı "Xan" adı ilə tanınırmış. Beləliklə, İsfəndiyar Cavanşirbu adla tanınıb, şöhrətlənib. "Mirzə Hüseyn segahı", "Şahnaz", "Qarabağ şikəstəsi", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mahur", "Heyratı", "Şur" və digər muğamları misilsiz bir istedadla ifa edərmiş. Xan Şuşinskinin eyni zamanda gözəl bəstələri də olub. Məsələn, çox vaxt xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını o bəstələmişdir.

Xan Şuşinskinin ömür yolu, ifaları təqdim olunan videomateriallarda izləndi. Muğam ifaçıları geniş konsert proqramı ilə çıxış etdilər. Akademik Vasim Məmmədəliyev dedi ki, Azərbaycan musiqi tarixində ikinci Xan Şuşinski olmayıb: "İkinci belə bir səs sahibi dünyaya gəlməyib. Xan əsrarəngiz səs sahibi idi. Onda olan səs, məlahət, şirinlik heç kimdə olmayıb. Xan elə bir sənətkar olub ki, onun səsini Cabbar, Seyid Şuşinski, Ələsgər Abdullayev kimi nəhənglər də bəyənib. Ələsgər Abdullayev ona deyib ki, səsini qoru, inanmıram ki, bundan sonra belə bir səs ola".

Xan Şuşinski sənətin sirlərini Segah İslamla yanaşı, o zamanın el xanəndələri Cabbar Qaryağdı, Seyid Şuşinski, Şəkili Ələsgər, Malıbəyli Həmid, Keçəçioğlu Məhəmməddən öyrənib. 20-ci illərdən məclislərdə və el şənliklərində səsinin məlahəti ilə insanların zövqünü oxşayıb. Sonrakı illərdə dəfələrlə Bakıya dəvət olunubuğurlu konsertlər verir. Mütəmadi olaraq paytaxta dəvət edilən Xanın konsertləri Filarmoniya ilə yanaşı şəhərin digər yığıncaq salonlarında və açıq havada təşkil edilir. İncə tenor səsi, yüksək koloraturlu ifa qabiliyyəti çoxlarını heyran qoyurmuş. İfasının bir özəlliyi də o imiş ki, muğamı bəmdən başlayır, sonra orta səsə çatdırıb, nəhayət zildə bitirirdi. Onun səsini fəvvarəyə bənzədənlər də vardı. O çağın məşhur xanəndəsi Şəkili Ələsgər deyirmiş: "Çətin ağlım kəsir, Xandan sonra belə gözəl səsi olan xanəndə dünyaya gəlsin".

Üzeyir bəy Hacıbəyov da Xanın sənətinə yüksək qiymət vermişdir. Onun ifasında "Şur" muğamına, "Alma almaya bənzər" mahnısına və "Qarabağ Şikəstəsi"nə qulaq asmaqdan doymazmış. Üzeyir bəyin "Qaragöz" mahnısının ilk ifaçısı da Xan olmuşbu mahnını uzun illər sevə-sevə səsləndirmişdir.

Sənətşünasların yekdil fikrincə, Xanın sənəti şablondan kənardır, orijinaldır. İfası insanlarda nikbin ovqat yaradır, könülləri oxşayır, qəlbləri sevindirir. Həyatda olduqca təvazökar, sadə bir insan olub. Milli musiqi tariximizdə silinməz iz buraxan Xan Şuşinski 1979-cu ildə vəfat etmişdir.

 

 

İsmayıl

 

Ayna.- 2011.- 26 noyabr.- S.20.