Məhkəmələrin ailələrin qorunub saxlanmasında rolu aşağıdır

 

Ailə və Cinayət məcəllələrinə, məhkəmə qərarlarının icrası haqqında qanuna əlavə və dəyişiklik paketi hazırlanıb

 

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi "Təmiz Dünya" İctimai Birliyi və Qadın Krizis Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Qadın hüquqlarının müdafiəsinin məhkəmələrdə monitorinqi" layihəsini həyata keçirir. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin sədri Akif Əlizadənin bildirdiyinə görə, il ərzində Bakıda və bəzi rayonlarda nikahın pozulması ilə bağlı 153 məhkəmə prosesinin monitorinqi keçirilib, məhkəmə proseslərində vəkillik və nümayəndəlik fəaliyyətini həyata keçirən hüquqşünaslarla qadın hüquqlarının müdafiəsində olan nəzəri və praktik problemlərlə bağlı sorğu-müsahibələr aparılıb, müxtəlif ölkələrin ailə qanunvericiliyi öyrənilib və sair.

Müəyyən edilib ki, 66 halda boşanmanın təşəbbüskarı kişilər, 87 halda isə təşəbbüskar kimi qadınlar çıxış etmişlər. Nikahın pozulmasının əsas səbəbləri kimi qadın və uşaqların ailədaxili zorakılıqla üzləşmələri, ailəyə yaxın qohumlar tərəfindən edilən kənar müdaxilələr, xəyanət, kişinin zərərli vərdişlərə (alkoqolizm və ya narkomaniya) malik olması, fiziki problemlər (uşaqların olmaması), tərəflərin xasiyyətlərinin uyğunsuzluğu, işsizlik və bununla bağlı maddi durumun çox pis olması və s. olmuşdur. Boşanma barədə iddia qaldıran qadınların yarısından çoxu ərləri tərəfindən müntəzəm olaraq zorakılığa məruz qaldıqlarını göstərmişlər.

Gənc ailələrin (nikahda olma müddətləri 1-5 il) nikahı pozma tələbləri daha çox müşahidə edilmişdir.

Məhkəmənin ailənin qorunub saxlanmasında, həmçinin ailədaxili zorakılığın qarşısının alınmasında rolu, uşaqlara alimentin yaşayış üçün zəruri həddə təyin edilməsi və sonradan vaxtlı-vaxtında icra edilməsi və sair məsələlərdə kifayət qədər problemlər mövcuddur.

Əlizadə onu da bildirdi ki, aparılmış monitorinqin nəticəsi olaraq rəhbəri olduğu təşkilatın ekspert qrupu Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Məhkəmə qərarlarının icrası haqqında qanuna zəruri əlavə və dəyişikliklər paketi hazırlayıb. Paketə Ailə Bərpa Mərkəzinin, Ailə Münsif Məhkəməsinin, Dövlət Aliment Fondunun yaradılması, nikah yaşlarının artırılması, boşanma prosesinin zərurət olduqda mürəkkəbləşdirilməsi və ya tezləşdirilməsi, alimenti könüllü ödəməyən valideyn üçün müxtəlif formalı cəzaların tətbiqi və sair daxildir.

 

 

A.Akif   

 

Ayna.- 2011.- 26 noyabr.- S.15.