Qızların nikah yaşı qaldırıldı

 

Qanun nə qədər təkmilləşsə də, tək qanun yolu ilə erkən nikah probleminin həlli mümkünsüz sayılır

 

Qızların nikah yaşı qaldırıldı. MM Ailə və Cinayət məcəllələrinə dəyişiklik etdi. Qızların nikah yaşının həddi bir il artırılaraq 18 yaşa çatdırılıb. İndiyədək qızların nikah yaşı 17 idi. Bu dəyişiklikdən sonra Azərbaycanda qızlar və oğlanlar üçün nikah yaşı 18 yaş olub.

Qanuna əsasən, qızlar üçün müstəsna hallarda nikaha bir qədər erkən girməyə icazə də veriləcək. Məsələn, qız hamilə olanda, valideynləri ölüm ayağında olanda və s. kimi nadir hallarda qızların bir il tez, yəni 17 yaşında evlənməsinə icazə veriləcək. CM-ə edilən dəyişikliyə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunub. Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

"Azərbaycanda SSRİ zamanında da nikah yaşı 18 olub, uzun illər bu mühitdə yaşayan insanların indi yenidən bu addımı narazılıqla qarşılaması mümkünsüzdür", - bu mülahizəni MM Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söylədi. Onun sözlərinə görə, nikah yaşını 18-ə qaldırmaqda məqsəd budur ki, qızlar normal təhsil alsın, fizioloji yetkinlik yaşına çatsın: "Bunu mütəxəssislər deyir. Dünyanın 135 ölkəsində qızların nikah yaşı 18-dir. Hətta Pakistanda da nikah yaşı 18-dən başlayır. Bu, sosial sifarişdir". Komitə sədri əksər ailələrin bu yaş həddinin tərəfdarı olduğunu söyləyib: "Bunun kiminsə əleyhinə olması ümumi qərara təsir edə bilməz. Qanun yaradıcılığı ağrılı prosesdir. Öncə çətin qəbul olunsa da, sonradan zəruri olduğu dərk edilir. Düşünürəm ki, proqressiv addımdır".

"Azərbaycanda erkən nikah hallarının olması XXI əsrdə yaşayan hər bir ziyalı üçün xəbərdaredici siqnaldır. Ona görə də bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir. Erkən nikah elə məsələdir ki, ən ciddi, ağır cəza da tətbiq olunsa, bu yolla qarşısını almaq qeyri-mümkündür", - deyə MM Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət Həsənova bildirib.

Həsənovanın fikrincə, maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır. XXI əsrdə qızlara yüksək təhsil almaq üçün imkan yaradılmalıdır:

"Qızlar da oğlanlarla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik".

Həsənovanın dediyinə görə, ən çox təklif olunan məsələ nikah yaşını bir yaş artırmaqla bağlı idi:

"Hesab edirəm ki, qanunun təkmilləşdirilməsi və möhkəmlənməsi problemin həllinə 60-70 faiz kömək edə bilər. Mən bu fikirdəyəm ki, qanun nə qədər möhkəmlənsə və təkmilləşsə də, tək qanun yolu ilə problemi həll etmək və qarşısını tam almaq qeyri-mümkündür. Kimsə öz qızını 15-16 yaşda ərə verirsə, ata-ananı həbs etmək olmaz ki... Burada ictimai qınaq böyük amildir. Ailə Məcəlləsində valideynin məsuliyyət məsələsi də gücləndirilməli və sərtləşdirilməlidir".

 

 

Aynurə   

 

Ayna.- 2011.- 26 noyabr.- S.15.