Uşaqların
övladlığa verilməsi ilə bağlı yeni qaydalar
hazırlanır
Beynəlxalq
təcrübədə övladlığa verilmə prosesi sadədir
Azərbaycan ailəsi üçün
övlad hər şeydən əzizdir. Tanrıdan gələn
bu gözəl varlıqdan imtina edərək onu uşaq evlərinə
verənlərlə yanaşı, ömrü boyu uşaq həsrəti
ilə yaşayanlar da olur. Övladı olmadığı
üçün hər il onlarca ailə dağılır.
Amma bu gün ölkənin uşaq evlərində də 10 min
nəfərə yaxın uşaq ailə nəvazişindən
məhrumdur. Bu uşaqlar arasında onlara sahib çıxacaq
ailələri gözləyənlər də var.
Hazırda Azərbaycanda uşaqların
övladlığa verilməsi iki yolla mümkündür.
Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına,
digəri isə xarici vətəndaşlara
övladlığa verilməsi ilə bağlıdır.
Ölkə qanunvericiliyinə görə, ölkədə
yaşayan hər bir Azərbaycan vətəndaşı azərbaycanlı
uşaqları övladlığa götürə bilər.
Bu zaman həmin insanların hansı təbəqəni təmsil
etməsi nəzərə alınmır. Əsas meyar ondan ibarətdir
ki, uşağın övladlığa verildiyi ailə həmin
uşağın müdafiəsini və
qayğısını təmin edə, onun bütün
hüquqlarını qoruya bilsin. Uşağın təhsil
almasını, sağlamlığını təmin etsin,
eyni zamanda, öz gələcəyi ilə bağlı qərarları
uşaq özü sərbəst versin.
Uşaqların
övladlığa götürülməsi "Ailə Məcəlləsi",
"Mülki Prosesual
Məcəllə" və Nazirlər Kabinetinin
2000-ci il 20 sentyabr tarixli, 172 saylı qərarı ilə tənzimlənir.
Üç aylıqdan 3 yaşına qədər
övladlığa verilməsi mümkün
olan uşaqların mərkəzləşmiş
uçotu Səhiyyə Nazirliyi
tərəfindən aparılır. 3 yaşdan
18 yaş arası uşaqların
övladlığa verilməsi üçün
mərkəzləşmiş uçot qeydiyyatı
isə Təhsil Nazirliyi tərəfindən
aparılır. Övladlığa götürmə isə övlad götürmək (qəyyum olmaq) istəyən şəxsin ərizəsi
əsasında məhkəmə tərəfindən həyata
keçirilir. Məhkəməyə qədər
övlad götürmək (qəyyum olmaq) istəyən şəxs isə bir neçə mərhələdən keçməlidir.
Tək şəxs, yaxud ər və arvad uşağı övladlığa
götürmək istəyirsə, qeydiyyatda
olduğu ərazinin rayon
İcra Hakimiyyətinin "Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi"
üzrə komissiyaya müraciət edir. Həmin komissiya övladlıq və qəyyumluq
orqanı vasitəsilə valideyn olmaq istəyən şəxslərə
lazımi sənədlərin toplanması üçün
siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə
təqdim olunur. Rayon icra hakimiyyəti
başçısının müvafiq məktubu ilə həmin
sənədlərin surəti ya Səhiyyə Nazirliyinə,
yaxud da Təhsil Nazirliyinə ünvanlanır. Bundan sonra həmin
kəslər övladlığa uşaq götürmək istəyən
şəxs kimi qeydiyyata alınır. İcra hakimiyyətindən
məktub daxil olduqdan ən çox üç gün sonra həmin
şəxs qeydiyyata alınır və uşaqların
siyahısı ilə tanış olur. Əgər
övladlığa götürən uşaqla tanış
olursa, qəti qərara gəlirsə, ən geci 1 ay ərzində
uşağın sənədləri hazırlanır, məhkəməyə
təqdim olunur. Bu prosesdə Təhsil Nazirliyi, yaxud Səhiyyə
Nazirliyi icra hakimiyyəti ilə birlikdə sənədləri
məhkəməyə təqdim edir. Məhkəmə də 1 ay
ərzində bu məsələyə
baxır.
Nazirlər
Kabinetinin 2000-ci il tarixli, 141 saylı qərarı ilə bəzi
xəstəlik daşıyıcılarının
övladlığa uşaq götürməsinə
icazə verilmir. Bunlar
vərəmin aktiv və xroniki
vəziyyətdə olması, I, II və V qrup
dispanser qeydiyyatında olan
xəstələri, daxili orqanların, sinir sistemi xəstəlikləri
olan şəxslərdir. Bundan başqa,
bədxassəli onkoloji xəstəliklər,
narkomanlıq, toksikomanlıq və xronoloji
alkoqolizm, infeksion xəstəliklər
və ruhi xəstəlikləri olanlar da
övladlığa uşaq götürə
bilməz. Əmək qabiliyyətini itirməklə I və II
əlillik qrupu olan xəstələrin
övladlığa və qəyyumluğa uşaq götürməsinə icazə verilmir. Amma 18
yaşına çatan şəxslər
övladlığa verilmir.
Övladlığa götürənlə uşaq
arasında yaş fərqi 16-dan az olmamalıdır.
Uşaq Hüquqları üzrə
QHT Alyansının rəhbəri Nabil Seyidovun sözlərinə görə,
uşaqların övladlığa verilməsində müəyyən
problemlər qalır: "Uşağın gələcəyi
ilə bağlı qərarların verilməsi dövlətin
üzərinə yox, övladlığa uşaq götürən şəxsin üzərinə
düşür. Daha bir çətinlik ondan
ibarətdir ki, ölkənin uşaq müdafiə sistemi
övladlığa verilən uşaqların üzərində
daimi nəzarət saxlamağa,
onların pozulmuş
hüquqlarının bərpasına imkan
vermir. Həmçinin vətəndaşlar
kiçik yaşlı uşaqları
övladlığa götürmək istəyirlər ki, bu da
çətinlik yaradır. Bununla
bağlı müvafiq sənədlərin
toplanması da xeyli vaxt aparır. Amma beynəlxalq
təcrübədə övladlığa verilmə prosesi sadədir və sonradan
həmin uşaqların üzərində ciddi
nəzarət mexanizmi var.
Bu baxımdan qanunvericiliyə də dəyişikliklər
təklif etmişik. Həmçinin De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsində məlumat bazası
yaradılıb. Bu məlumat bazası
formalaşdırıldıqdan sonra kənar
müdaxilələr müəyyən qədər azalıb və
uşaqların övladlığa verilmə prosesi
sadələşdirilib. Digər tərəfdən, ailələrin
özlərinin də uşaqları övladlığa
götürməyə hazırlanmasına ehtiyac
var. Əks halda
övladlığa verilən uşaqlar həmin
ailələrdə problemlər yaşaya
bilər".
Seyidov bildirir
ki, hazırda ailələrə verilən
uşaqların rifahı, durumu və vəziyyətini
monitorinq etmək üçün
mexanizm var:
"Lakin həmin mexanizmlər sovet
dövründən qalmadır və işlək deyil. Onların həm texniki,
həm maliyyə, həm də insani
resursları kifayət deyil
Buna görə biz hökumətə həmin
yerli qurumların islahata uğraması ilə bağlı təkliflər
də göndərmişik. Bu qurumlar reforma edilməzsə,
işlək monitorinq mexanizmi olmazsa, uşaqların ailələrə
verilmə prosesində xeyli problem baş verə bilər".
TN-in De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət
Hacıyeva "Azadinform"a açıqlamasında bildirib
ki, övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların
və övladlığa verilməsi mümkün olan
uşaqların siyahısı dəqiqləşdirilib və
müvafiq məlumat bazası yaradılıb:
"Hazırda Təhsil Nazirliyinin
övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş
siyahısında 20 uşaq var. Onlardan 11-i sağlamlıq
imkanları məhdud uşaqlar üçün internat məktəblərində
və psixo-nevroloji uşaq evində yaşayan
uşaqlardır. Bununla yanaşı, 20 nəfərdən 9-u
15-17 yaş arasında olan uşaqlardır. 2010-cu ildə Təhsil
Nazirliyinin övladlığa götürülən
uşaqların mərkəzləşdirilmiş
siyahısında olan 14-17 yaş arası 8 uşaq
övladlığa verilib. Bununla yanaşı, cari ilin
oktyabrına qədər 2 nəfər övladlığa
verilib, 13 uşağın övladlığa verilməsi ilə
bağlı işlərə hazırda rayon məhkəmələrində
baxılır. Övladlığa uşaq götürmək
arzusunda olan vətəndaşların sayı hazırda 226 nəfərdir.
Valideyn olmaq arzusunda olan vətəndaşların əksər
hissəsi övladlığa əsasən 0-5 yaş arası
olan uşaq götürmək istəyirlər".
Hacıyevanın sözlərinə
görə, övladlığa götürülən
uşaqla bağlı müvafiq icra hakimiyyəti
orqanının əməkdaşı altı aydan bir başqa
səbəblə monitorinq apara bilər:
"Uşağın
övladlığa götürülmə məsələsi
gizli saxlanılmaqla, müəyyən qədər
uşağın gələcək taleyinin izlənilməsinə
icazə verilir. Götürülən uşaq doğma
övladla bərabər hesab olunduğu üçün onlar
istədikləri kimi ölkəni tərk edə bilər".
Azərbaycan vətəndaşı olan
uşaqların əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürülməsinə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin razılığı əsasında yol verilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin Ölkələrarası
övladlığa götürmə sektorunun müdiri Vəsilə
Möhsümovanın sözlərinə görə,
övladlığa verilən uşaqların sonrakı taleyi
ilə daim maraqlanırlar. Hazırda "Uşaqların
övladlığa verilməsi və onların sonrakı həyat
şəraiti, tərbiyəsinə nəzarətin həyata
keçirilməsi haqqında" Qaydalar hazırlanır.
Qaydaların hazırlanma prosesi ilin sonunadək yekunlaşacaq və
qəbul olunmaq üçün Nazirlər Kabinetinə təqdim
ediləcək. Qaydalar Azərbaycan vətəndaşı olan
uşağın daxili övladlığa götürülməsi,
Azərbaycan vətəndaşı olan uşağın Azərbaycandan
kənarda yaşayan Azərbaycan vətəndaşı, əcnəbi
və vətəndaşlığı olmayanlar tərəfindən
övladlığa götürülməsi və
övladlığa verilən uşaqların sonrakı həyat
şəraiti, tərbiyəsinə nəzarətin həyata
keçirilməsi prosesini tənzimləyəcək.
Övladlığa verilmə prosesi "Ölkələrarası
övladlığa götürmə ilə bağlı
uşaqların müdafiəsi və əməkdaşlıq
haqqında" Haaqa Konvensiyası, Ailə və Mülki məcəllələr,
ayrı-ayrı qanunların müddəaları, Nazirlər
Kabinetinin qərarları ilə tənzimlənir.
Əcnəbilər
arasında Rusiya vətəndaşları üstünlük təşkil
edir
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsindən verilən bilgilərə
görə, bu il 6 uşaq xarici ölkə vətəndaşlarına
övladlığa verilib. Uşaqlardan 3-ü Rusiya vətəndaşı
olan azərbaycanlılara, 1-i Türkiyə, 1-i Fransa, 1-i isə
ABŞ vətəndaşına övladlığa verilib.
Rusiya vətəndaşları tərəfindən
övladlığa götürülənlər
övladlığa götürənin yaxın
qohumlarıdır. Fransa vətəndaşına övladlığa
verilən uşaq sifilis xəstəsi olub, ABŞ vətəndaşına
verilən uşağın isə bir qolu inkişafdan
qalıb. Bu uşaqlar əvvəlcə Azərbaycan vətəndaşlarına
övladlığa götürmə üçün təqdim
olunsa da, xəstə və fiziki qüsurlu olduqları
üçün onlardan imtina olunub.
Möhsümovanın sözlərinə
görə, Komitəyə övladlığa uşaq
götürmə ilə bağlı çoxsaylı
müraciətlər olur: "Müraciət edən sənədləri
Azərbaycan qanunvericiliyinə və "Ölkələrarası
övladlığa götürmə ilə bağlı
uşaqların müdafiəsi və əməkdaşlıq
haqqında" Haaqa Konvensiyasına uyğun olan əcnəbilərin
müraciətləri icraata qəbul edilir. Uşaq
götürmək üçün Komitədə 12 ailə
qeydiyyatdadır, bir neçə ailənin isə sənədləri
araşdırılır. Uçotda olanlar isə ABŞ,
Fransa, İngiltərə, Rusiya, Danimarka vətəndaşlarıdır.
Uşağı övladlığa götürən ailə
və övladlığa götürməni həyata
keçirən agentliklər Komitənin tələbi ilə 3
il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə
uşağın həyat və şəraiti, inkişafı,
təhsili və s. barədə məlumatları hesabat
formasında Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinə təqdim edir.
Hesabatlara bu uşaqların həyat tərzini,
yaşayışını özündə əks etdirən
fotoşəkillər, videogörüntülər və rəsmi
orqanların bu uşaqların sağlamlığı, həyatı
haqqında sənədlər daxildir. Bu sənədlər
vasitəsilə uşağın yaşadığı həyat
şəraiti ilə tanış olmaq
mümkündür".
Uşağın
normal böyüyüb inkişaf etməsi üçün ən
doğru mühit ailədir. Buna görə də gələcəyimiz
olan uşaqların ailə mühitində böyüməsi
üçün onların övladlığa verilməsi
normal qəbul olunur. Amma istənilən halda dövlət bu
uşaqların gələcək taleyinə nəzarət
mexanizmlərini də özündə saxlamalıdır.
Xüsusən də əcnəbi vətəndaşlara
övladlığa verilən uşaqların yaşam durumu
diqqətdə saxlanılmalıdır.
Ayna.-
2011.- 26 noyabr.- S.16.