Qadınlara yardımın yolu - kvota!

 

Aynur Camalqızı xatırladır ki, qadın böyük qüvvədir  

 

Ölkə əhalisinin strukturunda qadınlar kişilərə nisbətdə çoxdur. Amma əfsuslar olsun ki, zərif cins ictimai-siyasi həyatda kişilərlə müqayisədə fəal deyildir. Doğrudur, cəmiyyətin sosial-iqtisadi problemlərinin müzakirəsində fəallıq göstərən, onların həllində konkret addımlar atan qadın millət vəkilləri, dövlət strukturlarında və sosial şəbəkədə, biznes sahəsində çalışan qadınlar var, lakin kişilərlə müqayisədə xeyli azdır.

Millət vəkili Aynur Camalqızı bir müddət mətbuatda çalışıb. Millət vəkili olduğu illərdə fəallığı, dəyərli təklifləri ilə seçilib. Aynur xanım hazırda Qadın Konsensus Mərkəzinin direktoru vəzifəsində çalışır. Bizimlə söhbətində siyasətdə qadınların rolu, dövlət idarəçiliyində qadınların təmsilçiliyi, bələdiyyə və parlament seçkilərində kvota qoyulmasına ehtiyac və s. məsələlərə toxunur.

- Siyasətdə qadınların rolu hiss edilirmi?

- Mən bu qənaətdəyəm ki, müstəqilliyimizin yaşı ilə müqayisədə bu yöndə bəlkə də böyük irəliləyiş gözləmək doğru olmazdı. Amma son iyirmi ilə nəzər salanda, məncə, ortada böyük uğurlar var. Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə ictimai-siyasi həyatdadır, siyasi təşkilatlarda təmsil olunur, öz sözlərini deməyə çalışırlar. Azərbaycanda bunun ənənəsi var. 1918-ci ildə əski Cümhuriyyət dönəmində qadınlara səsvermə hüququ tanınanda bu gün demokratiyanın beşiyi sayılan ABŞ-da hələ belə bir qərar qüvvəyə minməmişdi. Amma təbii ki, biz qadınlarımızı daha aktiv görmək istəyirik. İstəyirik ki, azərbaycanlı qadın öz potensialından daha səmərəli istifadə eləsin, daha fəal və daha iddialı olsun. Sevindirici haldır ki, qadınlar bələdiyyə orqanlarında və parlamentdə sayca daha artıq təmsilçilik əldə edə bilib. Son parlament seçkilərinin nəticələrinə əsasən, Milli Məclisdə qadın deputatların sayı 20 nəfərədək artıb. Təbii ki, bu böyük uğurdur.

Bir önəmli məqam da odur ki, cəmiyyət seçilən qadınların fəaliyyətini daha böyük maraqla izləyir, müzakirə edir və onlardan daha çox şey gözləyir. Məsələn, parlamentdəki 20 nəfər qadın öz fəaliyyəti ilə 105 kişi deputatı əksər hallarda kölgədə qoya bilir. Siz küçədə sorğu keçirsəniz, bəlkə də respondentlər kişi deputatların heç iyirmi nəfərinin adını söyləyə bilməz və ya xatırlamaqda çətinlik çəkər. Qadınlarımız isə bu məsələdə kişi həmkarlarını üstələyə biliblər. Bunun ən başlıca səbəbi, şübhəsiz, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da məhz Milli Məclisin üzvü olması ilə bağlıdır. Az müddət ərzində ölkədə birinci xanım institutunun əsasını qoyan, xalqın aztəminatlı təbəqəsinin problemlərinin həllində birbaşa iştirak edən, insanların müraciətlərinə həssas münasibəti ilə əhalinin böyük sevgisini, rəğbətini və etimadını qazanan Mehriban xanım Azərbaycan qadınları üçün bir örnəkdir. Bu nəcib xanımın fəaliyyəti qadınları daha fəal olmağa, öz məsuliyyətini daha dərindən dərk etməyə sövq edir.

- Siyasətdə qadınların say çoxluğunun üstünlüyü nələrdir?

- Ölkə əhalisinin yarıdan çoxu, təxminən 51 faizdən artığı qadınlardır - rəsmi statistika belədir. Səsvermə hüququ olanların da yarıdan çoxu qadınlardır. Bu isə o deməkdir ki, Azərbaycanda istənilən seçkinin taleyini qadınlar həll edir. Yəni "Əhməd haradadır" filminin məşhur personajının təbirincə desək, "qadın böyük qüvvədir". İndi siz təsəvvür edin ki, əhalinin yarıdan çoxunu təşkil edən qadınlar siyasi proseslərdən uzaq olsa, heç kəs öz evindən, mətbəxindən çölə çıxmaq istəməsə, vəziyyət necə olar? Bu, ölkənin , bütövlükdə cəmiyyətin yerində saymasına, inkişafdan qalmasına gətirib çıxarar. O baxımdan siyasi səhnəni qadınsız təsəvvür etmək mümkün deyil. Hansı kollektivdə qadın varsa, üstəlik sayca çoxsa, bu, orada görülən işin daha effektiv olmasına təsir göstərir. Məsələn, araşdırmalara görə, qadınların çox olduğu ya qadınların rəhbərlik etdiyi müəssisələrdə korrupsiya rüşvətxorluq ya olmur, ya da aşağı səviyyədə olur. Ümumiyyətlə, qadınlar korrupsiyaya az meyilli zümrə sayılır. Məncə, bunun özü təqdir olunası bir üstünlükdür.

- Hazırda parlamentdə bələdiyyələrdə faiz nisbəti necədir?

- 2005-ci ildə Milli Məclisdə 14 qadın millət vəkili təmsil olunurdusa, yuxarıda da dediyim kimi, bu gün 20 qadın deputat Milli Məclis üzvüdür. Şübhəsiz ki, növbəti seçkilərdə bu, yüksələn xətt üzrə inkişaf edəcək, parlamentdə qadınların sayı yenə artacaq. Çünki bu, sadəcə, beynəlxalq təşkilatların tövsiyəsi üçün deyil, bu artıq cəmiyyətin sifarişidir. Sosial sifarişdir. Qadın fəallaşmasa, bu, bütün sahələrə öz mənfi təsirini göstərir.

Son bələdiyyə seçkilərinin nəticəsi da önəmli oldu, qadınların təmsilçiliyi 7 faizdən 30 faizədək artdı. Türkiyəlilərin çox xoşladığım bir deyimi var: "Yuvanı dişi quş yapar". Düşünürəm ki, qadınların bələdiyyə orqanlarında iştirakı əhalinin sosial problemlərinin müsbət həllinə təsirsiz ötüşmür. Çünki bu problemlər kişilərə nisbətən qadınlara daha yaxındır.

- Dövlət idarəçiliyində qadınların təmsilçiliyi yetərincədirmi?

- Kəmiyyət baxımından təbii ki, yetərli deyil. İstərdik ki, dövlət əhəmiyyətli qərarların qəbulu prosesində qadınların iştirakı daha da intensivləşsin. Amma bunu yalnız dövlətdən tələb etmək doğru deyil. Gender bərabərliyinin yaranması və uğur əldə edilməsi üçün vətəndaş cəmiyyəti və siyasi təşkilatlar hökumətlə birgə səy göstərməlidir. Qadın liderlərin yetişməsi üçün bütün imkanlar səfərbər edilməlidir. Bilirsiniz ki, Milli Məclis "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul edib. Gender bərabərliyinin təmin olunması üçün həmin qanunun konkret müddəaları mövcuddur. Məncə, həmin müddəalarda nəzərdə tutulan məsələləri həyata keçirmək üçün Qərbdə və Avropada dəbdə olan "bərabər imkanlar" formulundan da yararlanmaq mümkündür. Bu, əksər hallarda qadınlar üçün ciddi maneəyə çevrilən kişi qısqanclığının qarşısını almağa kömək edə bilər.

- Sizcə, bələdiyyə və parlament seçkilərində kvota qoyulmasına ehtiyac varmı?

- Mənə elə gəlir ki, ehtiyac var. Nəinki ehtiyac var, hətta bu məsələdə xeyli gecikmişik. Ümumiyyətlə, Avropada kvota üsulundan qadınların siyasi proseslərdə fəallaşması üçün keçid mexanizmi kimi istifadə edilir. Dünya dövlətləri müxtəlif vaxtlarda bu üsuldan özünəməxsus şəkildə bəhrələnib və ortaya olduqca ciddi nəticələr qoya biliblər. Məsələn, Skandinaviya ölkələrini xatırlatmaq olar. Bilirsiniz ki, vaxtilə bu ölkələrdə seçkili orqanlarda qadınların təmsilçiliyi üçün kvota qoyulub və bu sistem sayəsində parlamentdə qadınların sayı artmağa başlayıb. Qadınlar üçün kvota sayəsində bu gün Skandinaviya parlamentlərində qadınlar sayca kişilərdən çoxdur. Hazırda İsveç parlamentində qadınlar 51 faiz təşkil edir. Qadınlar dövlət idarəçiliyində də fəal iştirak edir, Norveç hökumətində qadınların təmsilçiliyi 30 faizdən artıqdır.

onu da qeyd etmək lazımdır ki, bu ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Böyük Britaniya, İtaliya, ArgentinaBraziliyada da kvota sisteminin tətbiqi sayəsində uğurlu nəticələr əldə edilib. Məncə, Azərbaycan bu ölkələrin uğurlu təcrübəsindən bəhrələnməlidir. Doğrudur, bəzən deyirlər ki, bu addım qadınlarla kişilər arasında bərabərlik işarəsi qoymağa mane ola bilər. Amma biz istər dövlət, istərsə də cəmiyyət olaraq, gerçəkdən qadınların öz imkanlarını gerçəkləşdirməsində maraqlıyıqsa, onların fiziki, mənəvi, psixoloji, mental buxovlardan azad olunmalarına yardım etməliyik. Bu yardımın yolu, üsulu isə budur: kvota.

- Azərbaycan qadınlarının siyasətə, rəhbər vəzifələr dövlət idarəçiliyinə xüsusilə can atdığını söyləmək olmaz. Sizcə, bu nə ilə izah edilə bilər?

- Müəyyən mənada haqlısınız. Çünki qadının ilkin təbii vəzifəsi qadınlıqdır - analıqdır. Ana kimi öz vəzifəsini layiqincə yerinə yetirmək istəyi qadına təbii ki, özünü büsbütün karyeraya həsr etməyə mane olur. Qadın öncə övladlarını boya-başa çatdırmağa səy göstərir, bir də onda ayılır ki, ən gözəl illərini əldən verib. Amma gözəl bir ana olmaq, vətən üçün ləyaqətli, tərbiyəli övlad yetişdirmək asan işdirmi? Məncə, ən çətini və həm də ən şərəflisi elə budur. Məşhurlardan birinin sözüdür, deyir ki, adətən şəxsi həyatında xoşbəxt ola bilməyən qadınlar siyasətə can atırlar. Müəyyən dərəcədə haqlıdır. Amma qadın o zaman güclü olur ki, şəxsi anlamda da xoşbəxtdir və karyerada da uğurlara imza atır. Tanınanlarımız arasında buna onlarca misal çəkmək olar.

- Bu zehniyyəti dəyişmək üçün zamana ehtiyac var, yoxsa müəyyən tədbirlərin görülməsi yerinə düşərdi?

- Əlbəttə, ilk növbədə kişilərin qadın üzərindəki zorakılığının qarşısı alınmalıdır. Bunu isə yalnız inzibati metodlarla önləmək mümkün deyil. Qadına münasibət dəyişməlidir. Ata qızına əlavə yük, ər arvadına əşya kimi baxmamalıdır. Bu düşüncəni dəyişmək, mənə elə gəlir, keyfiyyətli təhsildən asılıdır. Təkcə qadınların təhsil almasını nəzərdə tutmuram. Elə kişilərin də savad, bilik sahibi olması bu məsələdə çox önəmlidir. İntellektual kişi ilə cahil və savadsız kişilərin qadına münasibətində ciddi fərqlər var. Bu fərq aradan götürüləndə Azərbaycan qadını da liderliyə daha həvəslə can atacaq..

 

 

Aynurə   

 

Ayna.- 2011.- 1 oktyabr.- S.14.