Uşağı müstəqil
həyata necə hazırlamalı?
Psixoloq
məsləhət verir
Elmira
MİRZƏYEVA,
Praktik
Psixoloqlar
Assosiasiyasının
prezidenti
Deyirlər, hər yaxşı adamın
arxasında onun anası durur. Bəs pisin? - yəqin ki,
müxtəlif cavablar... Hər uşağın, yeniyetmənin,
gəncin, yetkin və ahıl insanın bir ailə üzvü
kimi xüsusi qayğıları, çətinlikləri,
maraqları olur. Lakin hamının yeganə bir istəyi var:
onu öz ailəsində anlasınlar, sevsinlər. Xoşbəxt
ailə ittifaqı və uşağın ailədə
düzgün tərbiyəsi bir problem olaraq tarix boyu gündəmdə
vacib bir məsələ kimi daim öz
aktuallığını saxlamışdır.
Buna nail olmaq üçün biz gəncləri
lap uşaqlıqdan müstəqil həyat, insanlarla ünsiyyət
qaydaları, ailə-nikah münasibətlərinin etik, psixoloji
və hüquqi aspektləri istiqamətində həyata
hazırlamalıyıq. Adətən uşağın bir yeri
ağrıyanda onu həkimə aparırıq. Bəs qəlbi
ağrıyanda necə? Əfsuslar ki, əksər hallarda onun
qəlb ağrılarından xəbərsizik, mənəvi
ağrıların fərqinə varmırıq, ona biganə
qalırıq. Çox vaxt böyüklər
övladlarının fiziki cəhətdən möhkəm
olmasına çalışır, lakin onun bir insan kimi necə
olacağını unudurlar.
Mümkün qədər biz bu şərtləri
yerinə yetiririk. Lakin unutmaq olmaz ki, uşağın hərtərəfli
şəxsiyyət kimi formalaşmasında onun valideyn, müəllim
məhəbbətinə, mərhəmətinə, diqqətinə
və mənəvi qayğısına ehtiyacı daha
böyükdür. Uşağı heç nəyindən
asılı olmayaraq sevmək lazımdır. Zahiri
görünüşünü, qabiliyyətini, gözəlliyini,
çirkinliyini və qüsurlarını nəzərə
almadan öz övladımızı şərtsiz və
sözsüz sevməliyik. Bu heç də uşağın
xarakterindəki mənfi xüsusiyyətlərlə
barışmaq deyil. Şərtsiz və sözsüz sevgi odur
ki, biz uşağı sevərək, ona əməkdaşlıq
təklif edərək tərbiyələndirməliyik. Bu halda
məhəbbəti güzgü ilə müqayisə etmək
olar. Əgər uşaq valideyn tərəfindən sevilərsə,
o da sevməyə başlayar.
Valideynlərdən istəyimiz: öz
övladlarına məhəbbətlərini
aşağıdakı aspektlərdə göstərməyə
çalışsınlar: Göz təması vasitəsilə:
Baxışlar təbii, aydın, mehriban
olmalıdır.Uşağın emosional ehtiyacını
ödəmək məqsədilə onun gözünün
içinə baxmaq lazımdır. Fiziki təmas: əlinə
toxunmaq, çiynindən tutmaq, başını tumarlamaq,
üzündən öpmək. Bu zaman emosional ünsiyyətə
ehtiyac ödənər. Müvazinət yaranar və bir valideyn
kimi müvəffəqiyyətə nail ola bilərsiniz. Dərin
diqqət: Bu zaman uşaq sizin dərin məhəbbətinizə
şərtsiz və sözsüz əmin olmalıdır. Hiss
etməlidir ki, siz onu bir şəxsiyyət kimi anlayır,
sevir və qiymətləndirir, qayğısına
qalırsınız. Dərin diqqət uşağa imkan verir
ki, özünü valideynlərinin gözündə
dünyada ən əziz, ən vacib insan kimi görsün.
Stress keçirmiş uşaqlara psixoloji
yardım qaydalarını da bilmək vacibdir. Hadisə baş
verən zaman sakitliyi qorumaq çətin olur, çünki bu
zaman hamı nə baş verdiyini bilmək istəyir. Bu vəziyyətdə
uşağı sakitləşdirə bilmək
üçün böyüklərin "hadisəyə
şüuri münasibət" bəsləməyi çox
vacibdir.
Uşağa "qorxma, hər şey
qaydasındadır" deməklə yalandan inandırmaq olmaz.
Daim uşaqla bir yerdə olmaq, gördüklərinə məna
vermək və hisslərini müzakirə etmək həlledicidir.
Müzakirəni uşağın yaş fərqindən
asılı olaraq aparmaq lazımdır.
Məktəbəqədər
yaşlı uşaqların söyləməyə çox
sözü olmaya bilər. İbtidai sinif uşaqları daha
danışqan olur. Onları diqqətlə dinləyin. Yeniyetmələr
hadisənin məğzini qavrayır, lakin onlar
qorxularını şişirtməyə və spesifik bir
qorxuya üstünlük verməyə meyillidirlər. Bu halda
sakitləşdirici müzakirələr aparmaq məqsədəuyğundur.
Əgər uşaq danışmırsa, ondan nə hiss etdiyini
deyil, nə fikirləşdiyini soruşun. Mümkün qədər
uşağı danışdırmağa
çalışın.
Rəsm çəkmək, ştrixləmə
və pozma metodundan istifadə uşaqda qorxu yaradan mənbəyə
qarşı qüvvə duyğusunun formalaşmasına səbəb
ola bilər. Məsələn, uşağa rəngli
karandaş, tabaşir, sadə karandaş və ağ vərəq
verib təklif etmək olar ki, nədən qorxursa, onun şəklini
çəksin. Yanında isə öz şəklini. Bu zaman
çalışmaq lazımdır uşaq öz şəklini
qorxu mənbəyindən daha böyük çəksin.
Uşaq şəkli çəkən zaman
yardımçı suallar vermək və dialoq aparmaqla öz
qüvvəsinə inandırmaq olar.
Məşğələnin sonunda qorxunu
yaradan əşyaların şəklini pozmaq olar. Bunu uşaq
etsə, daha yaxşı olar. Uşağa isə demək
lazımdır ki, görürsən, o səndən qorxub
qaçdı, sən güclüsən.
Ayna.-
2011.- 1 oktyabr.- S.16.