Aygün
Səmədzadə: “Müğənniləri tərifləməkdən
qorxuram"
Çünki
bəzən nəticəsi yaxşı olmur
Bəstəkar Aygün Səmədzadənin
Milli.Az xəbər portalına müsahibəsində diqqəti
çəkən məqamlar az deyil. Bu fikirdədir ki,
Tanrı insanı xəlq edəndə ona möcüzə
yaratmaq qüdrəti də verib. Bəzən insan öz
möcüzəsi - yaratdıqları ilə Tanrı dərgahına
yüksələ bilir. Belə insanlara həmişə
"Tanrının sevimli bəndəsi" deyiblər.
Aygün Səmədzadənin bəstələdiyi ürəyəyatımlı
musiqini dinlədikdə onun bu kateqoriyadan olduğu qənaətə
gəlmək o qədər də çətin olmur. Aygün
xanım ilk baxışdan adamda özündənrazı insan
təəssüratı yaradır. Amma onunla ünsiyyətdə
olanlar necə mehriban və səmimi olduğunu yaxşı
bilirlər. Aygün Səmədzadə (1967) akademik Ziyad Səmədzadənin
ailəsində dünyaya göz açıb. 1974-cü ildə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə
daxil olan Aygün 1985-ci ildə qızıl medalla məzun
olub. Elə həmin ildə də Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının
tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə "Üzeyir Hacıbəyov təqaüdü"
alıb.
1990-cı
ildə konservatoriyanı fərqlənmə diplomu ilə bitirən
Aygün Səmədzadə elə o vaxtdan musiqi tarixi
kafedrasında müəllimlik edir. Türk bəstəkarı
Əhməd Adnan Sayqunun yaradıcılığına həsr
olunan bir elmi monoqrafiyanın və 20-yə yaxın elmi məqalənin
müəllifidir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə
Flora Kərimovanın ifa etdiyi "Ruhumuz qovuşacaq"
mahnısı ilə gəlib. Buna baxmayaraq qısa zamanda
musiqisevərlərin rəğbətini qazanıb. 2000-ci ilin "Yaxşıların
yaxşısı" müsabiqəsində onun "Məktəb
illəri" mahnısı "ilin bəstəkarı"
nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə A.Səmədzadə
üçün daha uğurlu olub. Belə ki, bu ilin
fevralında keçirilən "Nəğmələrin nəğməsi"
müsabiqəsində onun 2001-ci ildə bəstələdiyi
"Tut ağacım" mahnısı
"Qran-Pri"yə, "Bu
dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı
isə ikinci yerə layiq
görülüb.
- Aygün
xanım, siz konservatoriyanı 1990-cı
ildə bitirmisiniz. Amma
ilk dəfə 1996-cı ildə "Ruhumuz qovuşacaq"
mahnısı ilə üzə çıxdınız. Niyə
belə gec?
- Buna gec demək düzgün olmaz.
Yəni aradakı 6 ili boş
yerə sərf etmədim. Biliyimi
artırmaqla məşğul olmuşam. Və
nəhayət, ürəyimin istəyini üzə
çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu
müddət elə də gec deyil. Aldığım biliyi
də ilk və ən çox
sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Buna qədər bir
sıra kiçik pyeslər
yazmışam. İlk mahnımı isə
Bülbül adına Musiqi
Məktəbinin 10-cu sinfində oxuyanda Cəfər
Cabbarlının "Dan ulduzu"
şeirinə bəstələmişəm.
- "Tut
ağacım" mahnısını dinləyərkən onun xüsusi ovqatla yazıldığını
düşünürsən...
- Ola bilər. Amma mənim
mahnılarım var ki,
onları "Tut ağacım"dan fərqləndirə
bilmərəm. Bunların arasında "Məktəb illəri",
"Bu dünyanı nağıl bilək",
"Yağış", "Ruhumuz qovuşacaq", "Gözüm
səni axtarır", "Sevgi deyilmiş", "Var ol, əzizim" və s. var. Eləsi var
ki, "Tut
ağacım"dan əvvəl bəstələmişdim, lakin "Tut
ağacım" və "Məktəb illəri"ndən
sonra dinləyici artıq bildi
ki, Aygün Səmədzadə
kimdir. Əgər mahnı qəlblərə
yol tapa bilirsə, deməli,
bu mahnı elə-belə yaranmır. Çox vaxt
insanı sevindirən və yaxud ürəyini
ağrıdan hadisələr mahnıya çevrilir.
Bu mahnı da belə
yaranıb.
- Böyük
bir əsər yazmaq fikriniz varmı?
- Belə
bir əsər yazmaq fikrim var. Bunun
üçün yaxşı
hazırlaşmaq lazımdır. Hər hansı bir böyük əsəri
yalnız yazmaq xatirinə yazmaq
doğru deyil.
Yazırsansa, tarixə düşəcək bir
əsər yaratmalısan. Mahnını model
kimi hər bəstəkar yaza
bilər, yəni mahnı subyektiv
janrdır. Onu da deyim ki, böyük əsərlər
yazan bir çox bəstəkarlar heç
də mahnının öhdəsindən gələ bilmirlər.
Çünki kiçik
bir mahnıda böyük
bir mövzunu əhatə
eləməlisən.
Çox vaxt deyirlər ki, mahnı asandır, hamı yaza bilər. Hamı mahnı yaza bilməz və yaxud mahnı bəstələyən
adam əvvəlcədən onun bəstəsinin dinləyici tərəfindən
necə qəbul olunacağını deyə bilməz. Bu
gün çoxları mahnı bəstələyir.
Bütün mahnıya bənzər ünsürləri də
mahnı adlandırmaq olmaz.
-
Mahnılarınızın əksəriyyəti dinləyicidə
əsasən uşaqlıq illərinin nostaljisini yaradır. Bu
nədən irəli gəlir? Yəni o illərdən doymaq
olmur?
- Uşaqlıq illərinə
qayıtmaq mümkün olmadığına görə
hamıda nostalgiya yaradır. Mənim və mənim
yaşıdlarımın, yəni 1980-ci illərin
uşaqlığı hər bir mənada çox gözəl
keçib. Bizim dövrün uşaqları gələcəyə
böyük inamla baxırdılar. Çox saf və təmiz
bir nəslin övladlarıydıq. Həyatı çətinləşdirən
problemlər hələ bizim üçün yad idi. Yəni
1990-cı illərə qədər uşaqlar, doğrudan da,
başqa cür fikirləşirdilər. O vaxtlar hamı dərsə
və yaxud dərnəklərə gedirdi. İndiki
uşaqlarla həmin dövrün uşaqlarını
müqayisə edə bilmirəm. Hətta uşaqlarımı
da öz uşaqlığımla müqayisə edəndə
məni təəccüb bürüyür. İndi
düşüncə tərzi dəyişib, maddiyyat ön
plana keçib. Mənəvi dünyaya varmaq həvəsi
azalıb. Mən öz tələbələrimə diqqət
yetirəndə fikirləşirəm ki, o dövrün gəncləri
çox mütaliə etdiklərinə görə bir az
romantik olurdular. Mənim mahnılarım da illər boyu
oxuduğum kitablardan gələn hisslərin təcəssümüdür.
- O
illərdə hansı ifaçının sizin
mahnıları oxuduğunu xəyala gətirirdiniz?
- Pərəstişkarı olduğumuz
müğənnilər vardı. Bu gün çox az yeniyetmə
tapılar ki, muğama qulaq assın. Amma mən o vaxt
Hacıbaba Hüseynov, Rübabə Muradova, Vaqif Mustafazadənin
lent yazılarına çox qulaq asırdım. Məsələn,
Vaqif Mustafazadənin "Bakı gecələri"ni eynilə
onun özü kimi fortepianoda çala bilirəm.
Mahnılarımı Akif İslamzadənin oxumasını
arzulamışam. Onu da qeyd edim ki, nəyi arzulamışamsa,
ona da çatmışam. Və möcüzə baş verəcəyinə
- Akif İslamzadənin mənim mahnılarımı
oxuyacağına inanıram.
- Ermənilər
də sizin "Məktəb illəri" mahnısını
oxuyurlar...
- Doğrudan da, ermənilərin mənim
mahnımı öz adlarına çıxıb oxuması mənə
ağır zərbəydi. Amma digər tərəfdən
fikirləşirəm ki, gör mahnımın nə qədər
qüdrəti var ki, onlar da oxudu. Buna görə mənim bir bəstəkar
kimi özümə inamım artır. Ancaq müəllif
hüquqlarımın qorunmasında sonadək mübarizə
aparacağam. Bu, çox çətin məsələdir. Yəni
onlarla müharibə vəziyyətində olan qarşı tərəf
olduğumuza görə heç bir əlaqəmiz yoxdur.
- Son illər səsi olmayan "müğənni"lərin
sayı artıb. Belələrinin ortaya
çıxmasına bəzən gözəl bir mahnı səbəb
olur. Sizcə, bayağılığın
meydan sulamasında peşəkar bəstəkarların təqsiri
nə dərəcədədir?
- Əlbəttə, özünə hörmət
eləyən bəstəkar səsi, sənəti
olmayan ifaçı ilə işləmək istəməz.
Mahnı nə qədər gözəl, ürəyəyatımlı
olsa da, səsi olmayan müğənni o mahnını sevdirə
bilməz. Zahiri effektlər hesabına üzə
çıxsa da, çox irəli gedə bilməz. Mən
şəxsən istedada və səviyyəyə baxıram. Hərdən
səhv etdiyim vaxtlar da olur.
- Kimlərlə işləyirsiniz
və kimlərlə
işləmək sizə rahatdır?
- Əvvəlcədən
kimlərlə işləmişəmsə,
elə onlarla da işləyirəm.
Amma ad çəkməyəcəyəm. Çünki
müğənniləri tərifləməkdən qorxuram. Bəzən nəticəsi
yaxşı olmur.
Ayna.-
2011.- 1 oktyabr.- S.20.