"Efirdə deyiləsi mümkün olanlar barədə danışırıq"

 

Dilarə Əliyevagilin "öz senzurası var"

 

Bu gün teleməkanda maraqla izlənən şou proqramlardan biri "Burada və indi", onu maraqlı edən əsas aparıcı isim - Dilarə Əliyevadır. Veriliş nə qədər baxımlı olsa da, onun adı ətrafında danışanlar da olur. İlk yayımlanan ərəfədə verilişi "Kanal D" layihələrindən olan "Bəyaz şou"nun bənzəri olduğunu deyənlər tapıldı. Lakin əməkdar artist Dilarə Əliyeva bu yanaşmanı qəbul etmir:

- "Bəyaz şou"nun internetdəki bəzi kadrlarına baxmışam, proqrama bütövlükdə tamaşa etməmişəm. Belə baxanda, böyük həcmli şou proqramlar bir-birinə çox bənzəyir. Çünki bunların kökündə əyləncə dayandığı üçün vizual və məzmun etibarı ilə bir-birini xatırladır. Məncə, bu bənzərlikdə elə bir qəbahət yoxdur. Lakin etiraf edək ki, "Bəyaz şou"nu xatırlatsa da, "Burada və indi" başdan-başa milli koloritlə zəngindir. Əsas odur ki, efirə yüksək peşəkarlıqla hazırlanan proqram buraxılır. Mənə elə gəlir, indiyə qədər təqdim etdiyimiz əyləncəli proqramların sırasında "Burada və indi" daha maraqlısıdır.

- Sizi Azərbaycanın hələlik ilk və yeganə "şou qadın"ı adlandırırlar.

- Əgər insanlar belə düşünürlərsə, nə deyə bilərəm ki?.. Mən adların və titulların həvəslisi deyiləm, amma əgər gördüyüm işin nəticəsində bu ad yarandısa, imtina etmirəm. Bir də nəzərə almaq lazımdır ki, bu adı mən yalnız iş çərçivəsində daşıya bilərəm. Yəni bundan kənarda elə bir sənət fəaliyyətim olmur ki, yəni məclis və əyləncə məkanları kimi yerlərdə, bu adı tamamilə üzərimə götürüm.

- Siz həm də İrəvan Dövlət Dram Teatrının aktrisası olmusunuz.

- Artıq deyiləm.

- Fəxri adı həmin teatrda işlədiyiniz zaman təqdimatda almısınız. Niyə tərk etdiniz teatrı?

- Mən "əməkdar artist" adını 2007-ci ildə almışam, teatrdan isə ondan 3 il sonra uzaqlaşmışam. Bu barədə uzun-uzadı danışmaq istəmirəm, amma qısa olaraq qeyd edərdim ki, məndən asılı olmayan səbəblərə görə teatrı tərk etmək qərarına gəldim.

- Toppuş bacı ilə Keyxanım deyir ki, əgər boxçamızın ağzını açsaq, aləm bir-birinə dəyər.

- Biz efirdə deyilməsi mümkün olan şeylər barədə danışırıq. Təbii ki, Azərbaycan şou-biznesi çalxalanan dəryaya bənzədiyinə görə boxçanın ağzını açsaq, tornado ola bilər. Hər bir efir, mətbuat adamının bir senzurası var. Eləcə də bizim. İndiki halda məqsədimiz nəyinsə dərinliyinə gedib, qaşınmayan yerdən qan çıxarmaq deyil. Sadəcə, xəbərlərə məzəli don geyindirib insanların kefini açmaqla məşğuluq ki, nə şiş yansın, nə kabab. Bu noyabrda bizim efirə çıxmağımızın 15 ili tamam olur. İlk gündən bəri eyni deviz altında çalışmışıq. Biz elə şeyləri efirdə qabardırıq ki, onları çoxları bilir. Əgər eksklüziv xəbərlər olubsa, inanmırıq ki, bu halda da kiminsə qəlbinə toxunmuşuq.

- Teatr səhnəsinin "qurd"unu bu verilişdə öldürmürsünüz ki?

- Təbii ki, adi aparıcı bu verilişdə tələb olunan mizanların öhdəsindən gələ bilməzdi. Ona görə də burada aparıcının az-çox aktrisalıq keyfiyyətlərinin olması vacibdir. Teatr səhnəsi isə bir başqadır. Amma hər ikisində eyni peşəni yerinə yetiririk.

- SOY-un yaradıcılarından olan həyat yoldaşınız Oqtay Əliyevlə çiyin-çiyinə çalışırsınız. "Çöl işi" ailə münasibətlərinə təsir göstərmir?

- Evdə qarşılıqlı anlayış hökm sürür. Biz dünən və ya srağagün evlənməmişik. Evliliyimizin 20 illiyinə bir il qalıb. Bu müddətdə bir-birimizi kifayət qədər tanıya bilmişik.

- Teatr aləmində belə bir ifadə var ki, rejissorlar heç vaxt aktrisalara güzəşt etmirlər.

- Doğru buyurursunuz, Oqtay müəllim ola bilsin həyatda mənə nəyisə güzəştə gedə bilər, amma çəkilişlərdə baş verən kiçicik xətaya görə günümü qara edir. Özü də amansızcasına...

- Bu məqamda nə edirsiniz?

- Bu işin nəticəsində ortaya çıxan əsəb gərginliyidir. Heç mən evdə küsəndə də çıxıb harasa getmirəm. Onu başa düşürəm. Bir də qadın güzəştə getməyi bacarmalıdır.

- Bir zamanlar Oqtay müəllim şikayətlənirdi ki, sizin yeməkləri ləziz hazırlamağınız onun çəkisini azaltmasına imkan vermir. Amma son zamanlar həyat yoldaşınızın çəkisində gözəçarpan azalma var. Deyəsən, daha evdə yemək bişirmirsiniz?

- İşim nə qədər çox olsa da, ailəmə vaxt ayırıram, yeməkləri isə indi daha ləziz bişirirəm. Sadəcə, Oqtay əvvəlki kimi hər bişəni yox, lazım olduğu qədər yeyir. Bir də arıqlamaq üçün onun menyusu var, ondan kənara çıxmır.

 

 

 Xatun 

 

Ayna.- 2011.- 1 oktyabr.- S.21.