Humay Qədimova: "Məqsədim tarı dünyaya tanıtmaqdır"

 

hesab edir ki, sənəti ailəyə qurban vermək olar

 

Gənc istedadlı sənətçilər sırasında adı çəkilənlərdən biri "Humay" Qızlar Ansamblının rəhbəri, tarzən Humay Qədimovadır. Asəf Zeynallı adına Musiqi Kolleci, ardınca Azərbaycan Milli Konservatoriyasını bitirən milli musiqilərimizi yerli xarici səhnələrdə təbliğ edən Humayın məharəti hələ davam edir.

 Yaxın günlərdə kompozisiyalardan birinə klip çəkdirməyə hazırlaşan sənətçinin planları genişdir. Musiqiçi tarın imkanlarını nəinki yaxın, uzaq ölkələrə qədər çıxarmaqla Azərbaycan musiqisinin zənginliyini göstərmək arzusundadır. Solo ifaçılığa iki il əvvəl Opera Balet Teatrında keçirdiyi konserti ilə başlayan musiqiçi bir-birinin ardınca müxtəlif məkanlarda çıxışlar etdi. İndi isə yeni bir repertuarla Avropa səhnəsinə çıxmaq arzusundadır:

- Biz fikirləşirik ki, bu konsertləri layihə şəklində Azərbaycandan kənara, Avropaya çıxaraq. Məqsədimiz milli alətimiz olan tarı bütün dünyaya tanıtmaqdır. İlk olaraq Türkiyədən başlamışıq. İstanbulda "Tim Moslak Show Center"də 2300 nəfərlik salonda konsert proqramı ilə çıxış etdik. Xanəndə olaraq Elnarə Abdullayeva bizimlə getmişdi. Bundan başqa Kibariyəni tarda müşayiət etdim. Orda ilk konserti xalq artisti Zeynəb Xanlarova verib. Şərəf duyuram ki, Azərbaycandan ikincisi olaraq orda konsert mənə qismət oldu. Təbii ki, layihəni davam etdirmək fikrimiz var. Məşqlər gedir. Güman edirəm ki, yaxın vaxtlarda layihənin daha biri baş tutsun. Sadəcə, gecikməkdə səbəb odur ki, yeni, maraqlı seçimlər etmək istəyirik. Elə konsert lazımdır ki, səviyyəsi, sanbalı ilə yadda qalsın. Müasir formada olsun, amma çərçivəni aşmasın. Olsun, ancaq yaxşı olsun.

- Sənətində müəyyən ilklərə imza atanlardan sayılırsınız. Tarla bağlı mövcud stereotipləri qıranlardan birisiniz - indiyədək tar ifaçılığı kişilərə məxsus idi. İndi gənc bir xanım əlində tar efirdə görünməyə başlayıb. Çətin deyil?

- Ümumiyyətlə, tar çox çətin alətdir. Bir gün tarı əlinə almasan, özün bilirsən. İkinci gün əlinə almayanda ətrafındakı musiqiçilər bilir. Üçüncü gün isə hamı bilir. Bu elə bir alətdir ki, onunla hər gün mütəmadi məşğul olmaq lazımdır. Hacı Məmmədovun qonşuları deyirmiş ki, "Hacı müəllimin qapısının kandarından keçəndə tarının səsini eşitməyəndə bilirik evdə yoxdur". Hacı müəllimin özü obrazlı şəkildə deyirdi ki, "tarzən sutkanın 24 saatının 25 saatı bu alətlə məşğul olmalıdır". Bu baxımdan, alət xanımlar üçün daha çətindir. Ailə ilə sənəti birlikdə çatdırmaq müşkül işdir. Amma subay olduğuma görə hələ rahatlıq var.

Onu da qeyd edim ki, artıq iki ilə yaxındır udda çalmağı öyrənirəm. Azərbaycanda ud alətində çalan qız ifaçı yoxdur. Ümumiyyətlə, bizdə ud tədris edən məktəb belə mövcud deyil. Ərəb, türk ifaçılarının lent yazılarına qulaq asa-asa öyrənməyə başladım. Təbii ki, tarı bilməyim bu işdə mənə kömək oldu.

- Hazırda Şuşa musiqi texnikumunda dərs deyirsiniz. Tələbələriniz arasında qızlar var?

- Xeyr. Hamısı oğlanlardır. Buna çox təəssüf edirəm. Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunan vaxt hamı mənə qəribə baxırdı ki, "qıza bax e, tar çalır. Qız hara, tar hara?" Qardaşım da hirslənirdi ki, "gül kimi sənətin vardı. Sənə bu lazımdı?" Yaşa dolduqca baxırsan ki, qadın, ya kişi olmağın fərqi yoxdur. Əsas odur ki, sənəti sevəsən. Mən çox istərdim, qızlarımız da bu sənətə maraq göstərsinlər.

- "Lalə" Qızlar ansamblından sonra ölkədə tanınan bir kollektiv yaratdınız. Bu ansamblı yaradanda, ifaçıları toplayanda kimi çətinliklərlə qarşılaşdınız? "Humay" da "Lalə" qızlar ansamblının aqibətini yaşamasın deyə, kollektivi dərəcədə qorumağa çalışırsınız?

- Ceyran Haşımova Bakı konsertimə gələndə dedi ki, "sən yaxşı edib solo fəaliyyətə başladın. Çünki ansamblda rəhbər kimi çalışmağı heç kimə arzulamıram". Onun sözündə böyük həqiqət var. Həqiqətən çox çətindir. Həddən artıq... Onları toplayıb bir araya gətirmək, ya da hansısa alətin ifaçısını tapmaq çətindir. Bildiyiniz kimi, efirə üçlük çıxarsa, tarın yanında mütləq kamança olmalıdır. Nağaranın yanında qoşa da olmalıdır. Nağaranın ürəyi qoşadır, qoşanın ürəyi nağara. Lakin nağaranı tapırsan, qoşa qalır, ya da əksinə. Bunları tapıb bir araya gətirmək çox çətindir. Başqa bir şey var ki, tar-kamançadan biri zəif oldusa, ifa yaxşı alınmayacaq. İstedadlı qızlar var. Musiqi məktəbini bitirirlər. Amma sonra ardınca getmirlər. Ya evdə valideynləri qoymur, ya da öz həvəsləri olmur. Belə problemlərlə üzləşib yarımçıq qoyurlar.

Allaha şükür, ansambl hələ ki fəaliyyətini davam etdirir. Ansamblla bağlı başqa bir fikrimiz var. Hayata keçəndən sonra ətraflı məlumat verəcəyik.

- Yerli sənətçilərlə yanaşı, Tarkan, Rafet El Roman, Sərdar Ortac, Alişan kimi türk ifaçılarını müşayiət etmişsiniz. Onlarla bizimkilər arasında fərq var?

- Sadəlik... Türk sənətçiləri çox sadədir. Meqastar Tarkan məşq prosesində bizimlə məsləhətləşirdi ki, "bəlkə bunu belə edək". Baxmayaraq, bu, onun öz repertuarı idi, istədiyini edə bilərdi. Hətta dizini yerə qoyub üzünü bizə tərəf çevirdi oxudu. Gözlərimizə inanmadıq. Mən buna sadəlik deyərdim. Bizimkilər bunu etmir axı. Bizimkilər diz qoyurlar yerə? Ya musiqiçilərlə məsləhətləşirlər?! Xeyr, mən bunu yüz faiz əminliklə deyirəm. Çünki onlarla işləyirəm, bilirəm. Amma ifalarına söz yoxdur. 2008-ci ildə Heydər Əliyev Sarayında Röyanın konsertində onu müşayiət etdik. Röyada o sadəliyi gördüm. Bizimlə məsləhətləşirdi. Çünki özü etiraf edirdi ki, xalq mahnılarının ifasında o qədər səriştəsi yoxdur. Azərbaycan ifaçılarından Röyada, bir Zamiqdə o sadəliyi görmüşəm.

- Tanındıqdan sonra ailə qurmaqda problem olur. Sizin sənətiniz vaxtsa ailə qurmağınızda problemə çevrilsə, necə seçim edərsiniz?

- Səmimi deyirəm, mən sənətsiz qala bilmərəm. Bir gün tar çalmayanda özümü narahat hiss edirəm. Bu, boğazdan yuxarı deyilən söz deyil. Tar mənə doğmadır. Mütləq deyil ki, mən bunu hər gün efirdə nümayiş etdirim. Tarı efir üçün sevmirəm. Gedib evin küncündə çalaram, amma bilirəm ki, rahatlandım. Elə şeylər var ki, insanlar məni anlamır. Amma tar məni elə gözəl anlayır ki. Hərdən anam deyir, "bəlkə elə bir adamla ailə qurdun ki, bütün bu əziyyətlərini nəzərə almayacaq sənətdən getməyini istəyəcək?" Mən o barədə çox fikirləşmişəm. Məncə, sənəti ailəyə qurban vermək olar!.

 

 

Zəminə  

 

Ayna.- 2011.- 1 oktyabr.- S.21.