Jalə Əliyeva:
"Qadını kişi ilə bərabərləşdirməyə
çalışsaq
da, qadınla kişi bərabər deyil!"
Qadının
özünü təsdiq etməyinə əngəl yoxdur,
lakin o, buna hazırdırmı?
İlbəil bələdiyyə və
parlament seçkilərində seçilən
qadınların sayı artır. Son bələdiyyə seçkilərində
qadınlar daha böyük uğurlara imza atdılar. Belə
ki, onların bələdiyyələrdə təmsilçiliyi
7 faizdən 30 faizə çatdı. Parlament seçkilərində
də nəticə pis deyil. Ötən tərkibdə 15,
indiki tərkibdə isə 20 qadın təmsil olunur.
MM mədəniyyət komitəsinin
üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin mədəniyyət, təhsil və sosial
məsələlər komitəsinin sədri, filologiya elmləri
doktoru, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva
bizimlə söhbətində bildirdi ki, seçkili orqanlarda
qadınların say artımı zamanın tələbidir.
"10-15 il öncəyə nəzərən
seçkili orqanlarda qadınların sayı yüksək faizlə
artır. Düşünürəm ki, növbəti
seçkilərdə say daha da arta bilər.
Açığı, mən seçkilərdə kvota
qoyulmasını düzgün saymıram. Bunu seçkiyə
müdaxilə sayıram. Çünki vətəndaş bir
dairədən 10 namizədin içərisində qadın və
kişinin sayı bərabər olarsa belə, seçici
kişi namizədi dəstəkləyirsə, kvota burada nə
rol oynaya bilər ki?! Qadın fəaliyyətini elə
qurmalıdır ki, fəallığını elə
artırmalıdır ki, seçkilərdə
üstünlük qazana bilsin", - deyə ictimai və siyasi
həyatda fəallığı ilə seçilən
müsahibimiz Jalə Əliyeva söylədi.
-
Etiraf etmək lazımdır ki, Azərbaycan
qadınlarının əksəriyyəti ictimai-siyasi, iqtisadi
məsələlərin müzakirəsinə maraq göstərmir...
- Söhbət Azərbaycan
qadınından gedirsə, məsələyə birtərəfli
yanaşmaq düzgün olmazdı. Düşünmürəm
ki, qadınlarımız ictimai həyatda aktiv deyillər.
Razıyam ki, incəsənət aləmində onların fəallığı
daha çox nəzərə çarpır. Siyasi və
ictimai səhnədə onların sayı çox olmasa da, fəaldırlar.
Məsələn, QHT-lər yaradan və ona rəhbərlik edən
çoxlu sayda qadın var. Bəlkə də mən
yanılıram, amma müşahidələrimə əsasən
deyə bilərəm ki, QHT rəhbərlərinin əksəriyyəti
qadınlardır. Lakin etiraf edim ki, bununla bağlı
statistikadan xəbərsizəm. Ziyalı, müəllim, jurnalist
qadınların da sayı çoxdur.
Mən bu qənaətdəyəm ki,
qadınların ictimai-siyasi həyatda fəallıq göstərməməsinin
səbəbləri var. Azərbaycan qadınında mental
düşüncə tərzi, ailəyə
bağlılıq hissi çox güclüdür. Bunlar gəlişi
gözəl sözlər deyil. 20-ci əsrdə müsəlman
Şərqində Azərbaycan qadını seçmək-seçilmək
hüququ qazanıb. İnkişaf etmək, sivil
və demokratik olmaq
qadınların ruhunda var.
Bununla yanaşı, Azərbaycan
qadını kimdir deyəndə bizlərdə
ailəyə bağlılıq çox nəzərə
çarpır. Lakin bu,
o demək deyil ki, digər millətlərin, xalqların
qadınları ailələrini sevmir,
bağlı deyillər. Lakin bizdə bu, qabarıqdır. Qız
uşağı doğulandan bəri bir çox ailələrdə
ona aşılanan əhəmiyyətli fikir odur ki,
ailənin qadını olmalısın. Ümumilikdə
qızlarmız ailə qurub, həyat
yoldaşının, övladlarının, isti
ocağının keşiyində durmağa
daha çox can atır. Sanki bu yolla özlərini daha yaxşı ifadə edirlər.
Mental düşüncələrdən
başqa, qadının fizioloji,
dünyaya baxışları da fərqlidir. Biz
qadınla kişi bərabərdir desək
də, gender siyasətindən
danışsaq da, özümüz
özümüzü ola
bilməyəcək məsələ ilə aldatmağın yeri yoxdur. Bəlkə də
mənim fikrim subyektivlik,
sanki güclü cinsi müdafiə kimi
qarşılanacaq. Ancaq gəlin hər
şeyə olduğu kimi
baxaq. Qadın qadındır!
Qadını kişi ilə bərabərləşdirməyə
çalışsaq da, qadınla kişi bərabər deyil!
Qadın zərif varlıqdır, məsələlərə humanizm baxımından, analıq duyğusu ilə yanaşır. Bu xüsusiyyət onun üstünlüyüdür. Fizioloji
cəhətdən isə kişi cinsindən
zəifdir. Yəni bu məsələ ilə
bağlı çox aspektlər var və məsələyə fəlsəfi
yanaşılarsa, bəlkə də saatlarla
danışmaq olar.
Əgər
özünü ifadə etmək istəyirsə,
özünü təsdiq etmək istəyirsə,
buna problem, əngəl
yoxdur. Qadının buna
nə dərəcədə hazır olduğu
isə başqa məsələdir.
- Sizcə, mövcud
şəraitdə böyümüş,
tərbiyə almış qadınları siyasətə, iqtisadi və ictimai həyata
cəlb etmək üçün kampaniyalar, maarifləndirmə tədbirləri
aparmaq gərəkdirmi? Yoxsa
zamanı gəldikdə qadınların aktivləşəcəyini
gözləmək lazımdır, hələlik meydan kişilərindir...
- Təbii
ki, hər bir sahədə
cəmiyyətin maarifləndirməyə ehtiyacı var. Bu məsələ də
istisna olunmur. Amma bir məqamı da unutmayaq. Cəmiyyətə,
ictimaiyyətə "siyasətlə məşğul
olanların yarıdan çoxu qadın
olmalıdır" tələbi, sifarişi
göndərmək, bu yöndə təbliğat
aparmaq yersizdir. Buna addım-addım nail olmaq mümkündür. Tələsmək
lazım deyil. Cəmiyyətin sosial sifarişi
olmalıdır.
Məsələn,
bəzi ailələrdə nikah
yaşına çatmayan qızların ərə
verilməsi, zorakılıq halları, qohum
evlilikləri ilə bağlı həyəcan təbili
çalırıq. Çünki cəmiyyətdən gələn
sifarişi ictimai və dövlət strukturlarında bilirlər
və bu istiqamətdə
çalışmalar var. Əgər cəmiyyətdə
qadınların passivliyi müşahidə edilərsə, məqsədli
şəkildə maarifləndirməyə başlamaq olar.
- Sizcə,
20 qadın deputat 51 faizi qadın seçicilərdən ibarət
olan bir ölkə üçün kifayətdirmi?
- Hər bir ölkənin dövlətçilik
tarixi və ənənələri var. Bu kimi məsələlərdə
adətən qonşu ölkələrlə, hətta bəzən
bir qədər irəliyə gedib parlamentarizmi, demokratik ənənələri
150-200 il olan dövlətlərlə müqayisə
aparılır. Bunu absurd saymıram. Amma elə bir ölkə
göstərin ki, orada parlamentdə qadınların sayı
kişilərlə bərabərdir və ya çoxdur. Mən
belə ölkə tanımıram. Yaxın ölkələrlə
müqayisə edə bilərik. Azərbaycan parlamentində
deputatların beşdə biri qadındır. 125 deputatın
20-si qadındır. Türkiyə parlamentində bu nisbət
bizdəkindən azdır. Rusiya, Gürcüstan, Ermənistanda
da parlamentdə təmsil olunan qadınların faizi azdır.
Fikrimcə,
bu, qadının təbiətindən irəli
gəlir. Doğrudur, Adəm Həvvanın
var olması üçün
qabırğasının birini verdi. Lakin yəqin ki, müasir
cəmiyyətdə bunu etmək istəyən
yoxdur ki, qadınlar bütün cəmiyyətlərdə
kişilərin arxasınca gəlirlər. Əlbəttə,
hansı ölkədən, hansı cəmiyyətdən
söhbət getdiyi də önəmli məsələdir.
Uzaq Şərqə nəzər
saldıqda dünyanın indiki inkişaf səviyyəsində qadını
kölə, hüquqsüz görürük.
Söyləyəcəyim
fikirlərdə başqa çalar
axtarmasınlar. Bəlkə də mən çox
fəal qadınların arasında olduğum
üçün bu qənaətdəyəm.
Mənim gördüyüm qədər,
Azərbaycan qadını aktivliyini qoruyub saxlayır. Özü
də söhbət şəhərdən getmir.
Mən özüm paytaxtdan
300 km aralıda olan iki rayonun millət vəkiliyəm.
İnanın ki, iclas
salonlarında qadınların sayı kişilərdən çoxdur. Qadının sözü
keçərlidir. Qadın seçkidə qadına səs
vermək lazım olduğunu söyləyərsə,
həmin məntəqədə qadın da
seçilir. Yəni qadının sözü sayılır, diqqətə
alınır, onun seçiminə ailəsi
tərəfindən inam, etibar
var. Amma elə ucqar yerlərimiz var ki, qızların erkən yaşda
ərə verildiyindən həyəcan təbili
çalırıq. Mən düşünürəm ki, bizdə ortaq nötqə
var.
- Sizcə,
qadınların siyasətdə rolu haqda söylənənlərin əsası
varmı? Yoxsa, sadəcə, sözlərdir
ki, qadınlar məsələlərə
analıq hissi, humanizm
ilə yanaşırlar. Fikrimcə, siyasətdə hisslər,
duyğular ön planda olmur...
- Mən
də əksəriyyət kimi
düşünürəm ki, kəmiyyət
deyil, keyfiyyət vacibdir.
Siyasətdə də qadınların rolunun artması, özlərini ifadə
imkanlarının genişləndirilməsi, ümumilikdə
ölkənin gələcəyi üçün
qəbul edilən qanunlar, atılan
addımlar baxımından çox əhəmiyyətlidir.
Özünə hesabat verən hər bir azərbaycanlı qadın dünyada
nümunəmizin olduğunu
unutmamalıdır. Azərbaycan qadını haqqında əsrlərdən
bəri formalaşan fikir
var. Azərbaycan qadınının ən
ali vəzifəsi cəmiyyətə
faydalı övladlar böyütmək və
belə bir ailənin keşiyində
durmaqdır. Lakin məsələ bununla bitmir. Eyni zamanda, Azərbaycan
qadını illərdən bəri formalaşan
düşüncədən başqa, eyni zamanda, bu
gün bütün dünyaya isbat edə bilib ki, sadəcə, ailəsinin,
seçdiyi peşəsinin ustası və
gözəl xanım deyil. Eyni
zamanda, həyat yoldaşı ilə bərabər
şəkildə ölkənin problemləri ilə məşğul
olacaq dərəcədə qüdrətlidir.
Diqqətli oxucuya məlumdur ki, söhbət Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevadan gedir. Dünyanın ali
mükafatlarına layiq görülən bu xanım Azərbaycan qadınının ən
gözəl nümunəsidir və onun dünya ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanması bizi sevindirir.
Fikrimcə, Mehriban xanımın
timsalında bu, Azərbaycan
qadınının uğurudur və Azərbaycan
qadınının dünyada
açdığı yeni
cığırdır. Təbii ki, bu cığırda gedənlərin sayı çox olarsa, bütün Azərbaycan qazanmış olar. Sıralarımızın genişlənməsi
və möhkəmlənməsini bir
qadın olaraq, təbii ki,
arzu edirəm.
- Məlumdur
ki, incəsənətdə, mədəniyyət sahələrində
qadınların sayı çoxdur. Amma qəribədir ki, qadınlar
və kişilər, hətta bu sahədə
çalışan insanlar da bu sahədə səviyyənin qənaətbəxş
olmadığını vurğulayırlar. Qadınlar
siyasətə gəlsələr, Sizcə, vəziyyət necə
olar?
- Düşünmürəm ki, siyasətdə
də eyni vəziyyət yarana bilər. Sənətdə bu vəziyyət
onda yarandı ki, əksər sahələrdə olduğu
kimi, sənət də demokratikləşməyə, azad
olmağa başladı. Şou-biznes
deyilən bir termin gündəmə gəldi. Biznes ticarət deməkdir.
Sənətin yanına biznes
ifadəsini qoya bilənlər sənəti
bu səviyyəyə
yuvarlatdılar. Görün elə
bir vəziyyət yaradıblar, artıq düşünənlər var
ki, siyasətdə qadınların sayı çox olarsa, necə olar? Mən belə düşünmürəm.
Hər sahənin müxtəlif xarakterli, fikirli insanları var. Siyasətə
gələn qadın kifayət qədər hesabatlıdır. Siyasətlə şounu müqayisə etmək düzgün olmazdı. Siyasətə gələn qadın
özünə rəva
bilməz ki, onun haqqında pis fikirləşsinlər.
Siyasət tamaşa deyil,
buna özünü hazırlıqlı bilən
insan anlayır ki, onun dilindən
çıxan hər bir söz bütün
dövlətin nüfuzuna
bərabər tutula bilər.
Aynurə
Ayna.-
2011.- 8 oktyabr.- S.15.