Uşaqlar böyüklər kimi cəzalandırılmamalıdır

 

Cəmiyyət 8 il cəza çəkən uşağı bir vətəndaş olaraq itirir

 

Yuvenal Məhkəmələr bəzi ölkələrdə Ailə Məhkəməsi də adlandırılır. Çünki bu məhkəmələrdə təkcə cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş uşaqların işlərinə baxılmır. Təhlükəsizliyi risk altında olan, zorakılığa məruz qalan, cinayətin şahidi və ya qurbanı, insan alverinin qurbanı olan uşaqların işlərinə bu məhkəmələrdə baxılır. Yuvenal məhkəmələr uşağa uşaq kimi yanaşmağı bacarır. Çünki burada hakim sosial işçi və psixoloqla daim ünsiyyətdədir.

Yeri gəlmişkən, BMT Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə tövsiyə edib ki, cinayət törədən uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və onların cəmiyyətə adaptasiyası məqsədilə Yuvenal Ədliyyə ilə bağlı qanun qəbul edilməsi, ixtisaslaşmış məhkəmələrin, polisin, prokurorluq, vəkil orqanlarının yaradılması arzuolunandır.

Beynəlxalq təcrübə göstərir ki, Yuvenal Məhkəmədə alternativ cəza tədbiri təyin edilən uşaqların sonradan cəmiyyətə interqrasiyasında problem yaranmır. Cəmiyyət həmin uşağı bir vətəndaş olaraq itirmir. Ölkəmizdə hələ yuvenal ədliyyə sistemi yaradılmasa da, aparılan tədqiqatlar bu istiqamətdə tədbirlərin sürətləndirilməsinin önəmini aşkarlayır.

Konkret faktlardan söhbət açmaq yerinə dəşərdi. 2011-ci ildə Uşaq Hüquqları üzrə QHT Alyansının apardığı araşdırmanın nəticəsinə əsasən, üç il öncə Bakı şəhərində cinayət törətmiş və hüquq pozuntusuna yol vermiş 180-ə yaxın yeniyetmə Uşaq Hüquqları Klinikasının reabilitasiya mərkəzinə cəlb edilib. Bu uşaqlardan cəmi 2 nəfəri təkrarən xırda cinayət törədib. Tədqiqatçılar cəzaçəkmə - tərbiyə müəssisələrində cəza çəkmiş uşaqların taleyi ilə də maraqlanıb. Onların 44 faizi yenidən həbsxanalarda tapılıb! Əlbəttə, bu, böyük fərqdir.

Tədqiqatdan o da bəlli olub ki, 2006-2007-ci illərdə cəzaçəkmə müəssisələrində 50-70 uşaq var idisə, hazırda 28-30 uşaq tərbiyə alır. Onların az qismi Bakı şəhərindədir. Bu, onu göstərir ki, Bakıda aparılan islahat və uşaqların alternativ yolla cəzalandırılması üçün reabilitasiya mərkəzinin yaradılması böyük önəm daşıyır. Bundan başqa, prokurorluq orqanları, polis uşaq inspektorları, baş müstəntiq və tədqiqatçıların maarifləndirilməsi, məlumatlandırılması və beynəlxalq təcrəbənin öyrədilməsinin nəticəsi olaraq Bakıda azadlıqdan məhrumetmə ilə bağlı qərarların qəbulu azaldılıb.

Bu sistemin yaradılması üçün prokurorluq orqanlarının ixtisaslaşması da mühümdür. Çünki onlar uşaqların cəzaya məruz qalmasında önəmli rol oynayır.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov deyir ki, prokurorlar, dövlət ittihamçıları proseslərdə beynəlxalq standartlar tətbiq edə bilsəydilər, ölkədə heç bir uşaq 8 il azadlıqdan məhrum edilməzdi:

"Çünki heç bir tərbiyə və ya cəzaçəkmə müəssisəsində uşaqlar tərbiyə olunmur. Ümumiyyətlə, bu kimi müəssisələrdə uşaqlara yanaşma dəyişməlidir. Ağır cinayət törətmiş uşaqları izolyasiya etmək vəziyyətdən çıxış yolu deyil! Onlara psixoloqun yardımı lazımdır. Cəmiyyəti bu uşaqlardan qorumaq ağlasığmazdır".

Onu da qeyd edək ki, Milli Məclisin komitə sədri Əli Hüseynli mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanda uşaq və yeniyetmələr barəsində işlərə baxan ixtisaslaşmış məhkəmələr yaratmaq yaxın gələcəkdə mümkün olmayacaq. O bildirib ki, uşaq və yeniyetmələrin işlərinə baxılması üçün ixtisaslaşmış məhkəmələrin - Yuvenal Məhkəmələrin yaradılması real görünmür, çünki bunun üçün xüsusi resurslar lazımdır. Lakin məhkəmələrin yaradılması aktualdır.

Altı ilə yaxındır ölkədə Yuvenal Ədliyyə sisteminin inkişafı ilə bağlı işlər aparılır. Prosesdə Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın, Uşaq hüquqları üzrə Dövlət Komitəsi, Uşaq Hüquqları üzrə QHT Alyansı yaxından iştirak edirlər. "Yuvenal Ədliyya haqqında" qanun hazırlanıb və hətta ictimai müzakirələri də keçirilib. Nabil Seyidov deyir ki, qanun Avropa standartlarına tam uyğun olmasa da, indiki vəziyyətdə proqressiv qanundur. Çünki layihədə YUNİSEF, beynəlxalq və yerli təşkilatların əksər tövsiyələri yer alır.

Müsahibim bu qənaətdədir ki, Azərbaycanda yuvenal məhkəmələrin və ixtisaslaşmış yuvenal ədliyyə qrumularının yaradılması üçün zəmin var:

"Özü də bunun üçün xeyli maliyyə vəsaiti deyil, sadəcə, iradə lazımdır. Altı il ərzində beynəlxalq və yerli təşkilatların dəstəyi ilə xeyli sayda hakimə təlim keçilib. Seminar və təlimlərin əsas mövzusu da bu olub ki, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş uşağı həbsxanaya deyil, alternativ tərbiyəvi tədbirlərə cəlb etmək lazımdır. Ən əsası isə hökumətin dəstəyi ilə alternativ tərbiyəvi xarakterli metodları tətbiq edən reablitasiya mərkəzi də yaradılıb. Bir daha vurğulayıram ki, Bakıda Yuvenal Məhkəmə yaradılmasına maliyyə vəsaiti lazım deyil. İradə lazımdır. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə konkret 1-2 hakim uşaqların işlərinə baxmaq üçün ayrılmalıdır. Təəssüflər olsun ki, həmin məhkəmədə uşaqlar əsassız və Azərbaycanın götürdüyü öhdəliklərə zidd olaraq bəzən 8-9 il azadlıqdan məhrum edilib. Halbuki həmin uşaqların böyük qismi asanlıqla icma səviyyəsində reablitasiya oluna və normal həyata qayıda, təhsilini davam etdirə bilər. 8 il tərbiyə müəssisəsində həbsxana həyatı sürdükdən sonra onun normal şəkildə həyata qayıtması qeyri-mümkündür. Azərbaycan cəmiyyəti üçün itirilmiş vətəndaşlar qəbul edilir. Onu da deyim ki, bizim tərbiyə müəssiəsinin həbsxanadan heç bir fərqi yoxdur. Sadəcə, adı fərqlidir", - deyə N.Seyidov bildirdi.

Fikir belədir ki, ayrıca Yuvenal Məhkəmə yaradılması çox ideal olardı. Çünki ölkəmizdə insan resursu mövcuddur, hər il ali məkətbələrdə xeyli sayda həquqşunas yetişdirilir. İxtisaslaşmış polis qurumunun yaradılması üçün də insan resursu var. DİN nəzdində baş ictimai təhlükəsizlik idarəsiin tərkibində yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsi fəaliyyət göstərir. Ən əsası da, ölkə üzrə 350-dən çox uşaq inspektoru fəaliyyət göstərir ki, onların əksəriyyəti ATƏT və YUNİSEF tərəfindən təşkil edilən təlimlərin iştirakçılarıdır. Yəni DİN tərkibində yuvenal polisin yaradılması üçün maliyyə resursu lazım deyil. Sadəcə, sadalanan qurumları çoxsaylı təşkilatların tabeliyindən azad etmək lazımdır. Koordinator son olaraq əlavə etdi:

"Bəllidir ki, dövlət büdcəmiz 10 ildə 20 dəfə artıb. Gələn ilin bÜdcəsi də 30 faiz artaracaq. Belə olan halda niyə 5 il öncə də Yuvenal Məhkəmə yaradılmasına maliyyə vəsaiti yox idi və indi də yoxdur? Fikrimcə, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və uşaqların böyüklər kimi cəzalandırılmasına son qoyulmalıdır".

 

 

A.Əhmədova 

 

Ayna.- 2011.- 8 oktyabr.- S.16.