Hesabını
soracağıq
Milli
Məclisin deputatı Xanhüseyn
Kazımlı ilə müsahibə
Qarabağ ətrafında Ermənistan-Azərbaycın
münaqişəsinin həllinə dair siyasət çərçivəsində,
təbii ki, əsas səylərdən biri də zəbt
olunmuş Azərbaycan ərazilərində hökm sürən
sosial-iqtisadi xaosun aradan qaldırılmasıdır. Bu yöndə
əsas faktorlardan biri kimi onu da qeyd etmək vacibdir ki, Ermənistan
qəsbkar dövlətdir. Bu reallığı nəzərə
alsaq, Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü pozduğuna görə
siyasi-hüquqi məsuliyyət daşımasından başqa,
eyni zamanda bizim ölkənin ekologiyasına, iqtisadiyyatına və
mədəniyyətinə ciddi zərər vurmuş dövlətdir.
Eyni zamanda bu vurulan ziyanı qiymətləndirmək
üçün təsərrüfaat vahidlərinin, təbiətin
və mədəni-tarixi abidələrin tək
hazırdakı vəziyyətini deyil, həm də onların
perspektiv əhəmiyyətini nəzərə almaq vacibdir.
Öz növbəsində Milli Məclisin
deputatı, MM iqtisadi siyasət komitəsinin üzvü, Azərbaycan
Sosial Rifah Partiyasının sədri, iqtisad elmləri doktoru,
professor Xanhüseyn Kazımlı AYNA qəzetinə müsahibəsində
qiymətləndirmə strategiyasının
qanunauyğunluqlarını nəzəri cəhətdən əsaslandıraraq,
həm də bu işin praktik analizinə diqqət yetirdi.
-
Sizin qiymətləndirmə prinsipləri sistemlərinin
hazırlanmasında kifayət qədər böyük təcrübəniz
var. Siz Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
sədri və MDB Qiymətləndiricilər Birlikləri
Şurasının üzvüsünüz (əvvəllər
bu qurumun sədri də olmusunuz). Bununla birlikdə siz həm də
Azərbaycan Dövlət İqtisad Universitetinin "Qiymət
və qiymətləndirmə" kafedrasının müdiri
vəzifəsində çalışırsınız. Məlumdur
ki, artıq bir neçə vaxtdır siz Dağlıq
Qarabağ ətrafında Ermənistan-Azərbaycan
münaqişəsi və Azərbaycan torpaqlarının
işğalı nəticəsində bizim ölkəyə
vurulan ziyanın qiymətləndirilməsi məsələsi
ilə də ardıcıl olaraq məşğulsunuz. Bunu nəzərə
alaraq Ermənistan dövlətinin Azərbaycana vurduğu
ziyanın ümumi qiymətləndirmə kriteriyaları
hansılardır?
- Əvvəla, mən Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində dəymiş
olan maddi və mənəvi zərərin ayrı-ayrı dairələr
tərəfindən hesablanması və müxtəlif məsələlərdə
səsləndirilməsi qaydaları ilə
razılaşmıram. Çünki bizim hər
sözümüz uğurlarımıza laqeyd olan müxtəlif
qüvvələrin dediklərini əsaslandırılmış
beynəlxalq yanaşmalarla alt-üst etməlidir. İlk
növbədə bütün maddi nemətlərin
yaranmasının əsası olan torpaq ən mühüm və
həm də əsrlər boyu başlıca istehsal vasitəsi
kimi qəbul edilmişdir. Bu səbəbdən Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan torpaqlarının hər
qarışı dəqiq təyinatı üzrə (əkin
yeri, bağ sahəsi, örüş sahəsi və s.)
hesablanmalı və həmin təyinatı üzrə Beynəlxalq
Qiymətləndirmə Standartlarına (IVS) istinad edərək
onun dəyəri müəyyənləşdirilir. Bu halda
torpağın kənd təsərrüfatı istehsalına
yararlılıq səviyyəsi, yeraltı və
yerüstü sərvətlərin dəyəri olduğu kimi
nəzərə alınmalıdır. Bu zaman torpağın
"normativ dəyəri" adlı yanaşmadan istifadə
edilməsi tamamilə yanlışlığa səbəb ola
bilər.
-
Şübhəsiz ki, müzakirə etdiyimiz mövzu çərçivəsində
vacib olan əmlak, kommunikasiyalar və infrastruktur məsələləri
də öz yerini tutur.
- Təbii ki. İşğal zamanı məhv
olmuş, habelə hazırda işğal altında olan
daşınar və daşınmaz əmlakın, rabitə və
nəqliyyat vasitələrinin, şose və dəmiryol xətlərinin
dəyəri sadəcə məsrəf (xərc) metodu ilə
deyil, gəlirlərin kapitallaşdırılması, biznesin
qiymətləndirilməsi qaydasında hesablanmalıdır.
Ona görə ki, istehsal və xidmət, habelə maddi və
mədəni təyinatla hər bir obyektin məhv edilməsi,
uzun müddət işğal altında saxlanılması Azərbaycan
xalqının bölgələrdəki sahibkarlıq fəaliyyətinə
mənfi təsir göstərən, illər boyu gözlənilən
faydalılığın itirilməsinə səbəb olan,
habelə Azərbaycan dövlətinin sosial-iqtisadi tərəqqisinə
ciddi mane olan amillərdən birinə çevrilmişdir.
Çünki işğala məruz qalan hər bir obyekt vahid
orqanizmin hüceyrələridir desək, daha düzgün
olar. Rabitə və nəqliyyat sistemi isə onun qan damarı
və vuran ürəyi kimi qəbul edilməlidir.
- Yəqin
ki, bir neçə söz Azərbaycana qarşı olan ekoloji
və mədəni terror haqqında söyləmək
lazımdır. Axı Ermənistanın təcavüzü nəticəsində
Azərbaycanın ekosisteminə və tarixi-mədəni abidələrinə
ciddi ziyan vurulmuşdur...
- Təəssüf
ki, bizim bu gün elə tarixi abidələr və muzeylər itirilmişdir ki,
onların dəyəri sadəcə əmlakın dəyərinin
hesablanması qaydasında deyil, xüsusi beynəlxalq yanaşmalarla
(metodlarla) müəyyən edilməlidir.
Ermənistanın işğalı nəticəsində
yalnız 1988-ci ildən sonra Azərbaycan böyük dəyərə malik
olan təbiət abidələrini də itirmişdir. Qeyd olunan tarixi və təbiət
abidələrinin dəyərinin hesablanmasının dünya təcrübəsində xüsusi qaydaları mövcuddur.
Bu qaydalar Azərbaycan Qiymətləndiricilər
Cəmiyyəti tərəfindən tərtib olunan
və ölkə hökumətinin xüsusi
qərarı ilə nəşr edilən "Milli
Qiymətləndirmə və Standartları"nda mənim
müəllifi olduğum "Qiymətləndirmənin
əsasları" və digər mənbələrdə
aydın və anlaşıqlı şəkildə
göstərilmişdir. Həmin problem
ətrafında Azərbaycan Dövlət İqtisad
Universitetinin "Qiymət və qiymətləndirmə"
kafedrasının alimləri və peşəkar əməkdaşları
tərəfindən çox sanballı dərsliklər,
dərs vəsaitləri və monoqrafiyalar
işlənib hazırlanaraq nəşr etdirilmişdir.
300-400
ildən artıq bir müddət ərzində
təbiət abidəsi olaraq qorunub saxlanılan və hazırda ermənilər
tərəfindən amansızcasına məhv edilən hər
hansı çinar ağacı
riyakarların istifadə etdiyi mebel istehsalı üçün
vacib olan xammal kimi qiymətləndirilməməlidir.
- Bir
millət vəkili kimi, siz
şübhəsiz ki, Azərbaycan dövlət
büdcəsinin strukturundakı artan
müdafiə xərclərinə də diqqət yetirirsiniz. Aydındır ki,
Azərbaycan buna məcburdur...
-
Məqsəd təcavüzə - erməni işğalına,
habelə beynəlxalq qurumların və hegemon
dövlətlərin laqeyd münasibətlərinə
məruz qalan Azərbaycan dövləti hətta
atəşkəsdən sonra da özünü
müdafiəyə böyük məbləğdə
vəsait sərf edir (rəqəmləri
açıqlamaq hələ tezdir). Əgər
erməni riyakarlığı olmasaydı, dövlət
büdcəsində müdafiə xərclərinin ilbəil
artırılmasına ehtiyac qalmazdı. Həmin
vəsaiti ölkənin sosial-iqtisadi
inkişafına yönəltməklə Azərbaycanın daha böyük tərəqqisinə
nail olmaq imkanları
yaranardı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən
strategiyası və onun işinin
davamçısı olan Azərbaycan prezidenti İlham Əliyevin
ardıcıl siyasəti nəticəsində bizim
ölkə müstəqillik illərində Cənubi Qafqaz regionunun liderinə çevrildi və daim öz iqtisadi və geosiyasi potensialını artırmaqdadır.
Amma axı Azərbaycan dövləti buna hansı şəraitdə nail
oldu. Azərbaycan müstəqillikdən
ötən müddət ərzində özünün
dünyəvi tərəqqisinə malik olmaqla, həm də bir milyondan artıq qaçqın və
köçkünlərinin mənzil şəraitinin, sosial-iqtisadi güzəranının
yaxşılaşdırılması kimi
nəhəng problemlərlə də üzləşməli
olmuş, onun
ağırlıqlarının öhdəsindən gələ
bilmişdir. Axı Azərbaycanı buna vadar edən erməni
təcavüzü, özünü məzlum
qismində göstərən sonradan yaranma qonşumuzun
riyakarlığı deyilmi? Qeyri-insani
işğalçılıq, hər cür
vəhşiliklərə əl ataraq böyük insan tələfatı,
doğma torpaqlarımızın
minalanması siyasəti, sonradan isə onun ağır nəticələri ilə
yanaşı, həm də xalqımızın varidatı
hesabına bu ərazilərin
qarış-qarış minalardan təmizlənməsi
xərcləri Azərbaycan dövlətinin maddi
itkiləri deyilmi?
Bununla belə, misal
üçün, Azərbaycan
Respublikası ərazisinin minalardan təmizlənməsi
üzrə milli agentliyinin
rəsmi məlumatlarına görə, ölkəmizmn
hazırda erməni işğalında olmayan
(işğalyanı sahələr) ərazilərinin minalardan təmizlənməsi məqsədilə
təxminən 2.5-3 ilə qədər vaxt
lazımdır.
Lakin torpaqlarımız işğaldan
azad edildikdən sonra bu ərazilərin minalardan
təmizlənməsinə 10-12 ilə qədər vaxt tələb olunur.
Hansı ki, bu zaman bərpa işləri və onlarla əlaqədar xərclər isə başqa mövzunun predmetidir. Şübhəsiz, ölkəmizin bu işlərə yönəldilməsi məqsədilə
kifayət qədər maliyyə imkanları mövcuddur.
Həm də ata-babalarımızın "yara
yiyəsini ağrıdar" deyiminin geniş şərhinə də heç bir ehtiyac yoxdur. Deməli, doğma ərazilərimizin düşmən
tapdağından azad edilməsi barədəki
cəhdlərimizin qələbəsi eyni zamanda, təmizləmə və bərpa
problemləri ilə bizi üzbəüz
qoyması qaçılmazdır.
Lakin beynəlxalq təcrübəyə
görə, bu kimi
problemlərin həlli üçün zərərçəkən
ölkə tərəfindən əvvəlcədən müvafiq layihə tərtib olunur.
Beləliklə, tədricən "Donor"
ölkələr qarşısında müvafiq
məsələlər qaldırılır. Bu
eyni zamanda, təcavüzkara
qarşı beynəlxalq ictimai rəydəki
mübarizə vasitələrindən birinə çevrilmiş olur. Digər
tərəfdən isə "Donor"
ölkələri nümayəndələrinin tez-tez rast gəldiyimiz
"sizin belə proqramınız
vardırmı" sualını da
cavablandırmış oluruq. Bu vəzifəni
şərəflə yerinə yetirmək üçün
Azərbaycanın müvafiq
tanınmış alimləri, beynəlxalq səviyyədə
qəbul edilən qiymətləndirici mütəxəssisləri
vardır. Şübhəsiz, bu kimi intellektual qüvvələrin
toplanaraq səfərbər edilməsinə
dövlətin və ictimaiyyətin ciddi
dəstəyi lazım gəlir.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əlyiev tərəfindən müəyyən olunan "Uğur
Strategiyası" ölkə prezidenti cənab
İlham Əliyev tərəfindən
ardıcıl olaraq, həm də böyük müvəffəqiyyətlə
yerinə yetirilməkdədir. Bununla yanaşı, nəhəng nailiyyətlərimizin prezident İlham Əliyev
törəfindən daha uzaq
gələcəyə müvəffəqiyyətlə
daşınması niyyətlərinə bir
damla da olsa, dəstək verə bilən bu kimi cəsarətli
addımların müvafiq qurumlar
tərəfindən atılmasına da
ehtiyac var.
N.MƏLİKOV
Ayna.-
2011.- 8 oktyabr.- S.19.