"Ultionis"in çəkilişləri yekunlaşır

 

Son kadrlarda jurnalistlər çəkiləcək

 

"Ultionis" psixoloji trillerinin çəkilişi yekunlaşır. Bu barədə filmin quruluşçu rejissoru ssenari müəllifi Nicat Qafuroğlu xəbər verib.

Quruluşçu rejissor bildirib ki, sentyabrın 27-də xalq artisti Həmidə Ömərovanın iştirakı ilə "Ultionis"in daha bir neçə epizodunun çəkilişləri gerçəkləşib:

"Çəkilişlər uğurla davam edir. Həmidə xanıma ssenaridəki obrazı bu qədər təbii canlandırdığı üçün təşəkkür edirəm. Ümumiyyətlə, istərdim filmin bütün yaradıcı texniki heyətinə minnətdarlıq edim. Hər şey ürəyimizcədir. "Ultionis"in çəkilişləri yekunlaşır. Bir neçə epizodumuz qalıb ki, məhz onlarla bağlı orijinal fikirlərimiz var".

Qafuroğlunun sözlərinə görə, filmin əsas qəhrəmanı jurnalist olduğu üçün son epizodda jurnalistlərin əməyindən istifadə etməyi düşünürlər:

"Mənimlə yanaşı Ceyhun Musaoğlu da filmin ssenari müəllifidir. Bildiyiniz kimi, ikimiz jurnalistik. Hansı yaradıcı sahəyə müraciət etməyimizə baxmayaraq, özümüzü qəzet jurnalistikasından kənarda təsəvvür etmirik. Demək olar, bütün jurnalistlərlə dostuq. İstəyirik, onlar da filmimizdə görünsün. Çəkəcəyim epizodlardan biri redaksiyada baş verən hadisəni əhatə edəcək. Təbii ki, otağında müxbirlər oturmalıdır. Qəzet jurnalistlərinin efir imkanları azdı, oxucu onların çox vaxt fotosunu görür. Sevimli jurnalistləri bədii obrazda görmək oxucu üçün maraqlı olar. Bu məntiqlə jurnalistləri çəkilməyə dəvət edirik. Onları "Ultionis"də görmək xoşdur".

Nicat Qafuroğlunun eyniadlı romanının motivləri əsasında bir ildir çəkilişləri davam edən "Ultionis" filminin ssenarisini Nicat Qafuroğlu Ceyhun Musaoğlu yazıb.

 

 

Şəms 

 

Ayna.- 2011.- 8 oktyabr.- S.20.