Gələcək bu gün dünyaya
göz açanların
sağlamlığından asılıdır
Ana və
uşaqların mühafizəsi üçün ölkədə
7 perinatal mərkəz açılıb
Dünyanın əksər ölkələrində
olduğu kimi, Azərbaycanda da ana və uşaq
ölümü hallarından əksəriyyət məlumatlıdır.
Lakin ölkəmizdə ana və uşaqların mühafizəsi
naminə xüsusi perinatal mərkəzlərin
yaradıldığından əksəriyyətin xəbəri
yoxdur. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
direktoru Faizə Əliyeva ilə söhbətimiz bu yöndə
oldu.
- Reproduktiv sağlamlıq faktoru ana və
uşaqların sağlamlığının qorunmasına
yönəlib. Son 5 ildə Azərbaycanda ana və
uşaqların sağlamlığının qorunma sistemində
islahatlar gedir. Məqsəd əhalinin keyfiyyətli xidmətlə
təmin edilməsini yüksəltməklə ana və
uşaq ölümünün səviyyəsini azaltmaqdır.
Hamilə, zahı qadınlara və yeni
doğulmuş körpələrə ən münasib tibbi
kömək modelinin yaradılması istənilən ölkənin
səhiyyə sistemi üçün çətin
tapşırıqdır. Bir çox ölkələrin son
35-40 il ərzində topladığı təcrübə
göstərir ki, ən münasib metod effektiv perinatal mərkəzlərin
regional prinsip nəzərə alınmaqla
yaradılmasıdır. Artıq 50 ildir bu prinsip nəinki
perinatal tibbdə, həmçinin əhaliyə digər tibbi
xidmətlərin göstərilməsində də tətbiq
edilir. Regionlaşma nə deməkdir? sualını
cavablandırmaq istəyirəm. Perinatal xidmətin
regionlaşması dedikdə konkret regionda hamilə
qadının və yeni doğulmuş körpənin həyatındakı
risk səviyyəsinə əsasən tibbi xidmət göstərilməsi
ücün müalicə müəssisələrinin
infrastrukturunun yaradılması nəzərdə tutulur.
Regionlaşmanın mahiyyəti ondan ibarətdir ki, ana və
yeni doğulmuşlara yardımın müxtəlif səviyyələrinin
meyarları müəyyən edilir. Yəni ananın və ya
yeni doğulmuşun vəziyyəti ağırlaşdıqda
onlar lazımi tibbi xidmət göstərə biləcək
müəssisəyə yönəldilir.
Biz çalışırıq ki,
100-120 km məsafə saxlanılmaqla 7 perinatal mərkəz
yaradaq. Bu gün Bakıda, Gəncədə, Sabirabadda, Lənkəranda
və Naxçıvanda belə mərkəzlər fəaliyyət
göstərir. Şəkidə də perinatal mərkəz
tikilməkdədir. Digər mərkəzlər isə əhaliyə
xidmət göstərməkdədir.
-
Perinatal konsepsiyanın mahiyyəti nədir?
- Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir
ki, pasiyentin tələbatına əsasən hamiləlik,
doğuş və ya müalicə müddətində həmin
səviyyəyə uyğun texnologiyalar əlçatan olsun.
Beləliklə də həmin ərazidəki bütün
hamilə qadınlar klinik vəziyyətindən asılı
olaraq tibb müəssisələrində lazımi səviyyədə
təminatlı yardım alsınlar. Onu da deyim ki, hamiləliyi
fizioloji axara uyğun gedən qadınlar hamiləliyə tibbi
yardım göstərən istənilən müəssisədə
doğuşa gedə bilərlər.
Qeyd etmək yerinə düşər
ki, perinatal mərkəzlər ölkə üçün
yeni strukturdur və bununla əlaqədar olaraq səhiyyə
sistemindəki işlər yenidən təşkil edilir. Bu
gün bu sistem üç səviyyədən ibarətdir:
Birinci səviyyə - bu müəssisələr normal
doğuşları, yəni 37 həftəlik hamilələri
qəbul edir. İkinci səviyyəyə - buna nisbətən
ağır, yəni 34 həftədən sonrakı
doğuşları və ya hamiləliyində patologiyalar
müşahidə edilən qadınlar aiddir.
Üçüncü səviyyədə müxtəlif xəstəliklər
rast gəlinən ən ağır hamilələr və yeni
doğulmuşlar qəbul edilir.
Perinatal mərkəzlər ən çətin
doğuşlar zamanı qadının və yeni
doğulmuşun sağlamlığına cavabdehdir. Bundan
başqa, bizim işimizə vaxtından qabaq doğulmuş
körpələrə, ağır hamilə qadınlara qulluq
da daxildir.
- Bu
konsepsiyaya əsasən hansı işlər
görülüb?
- Hər şeydən əvvəl vahid
meyarlar əsasında keyfiyyətli yardım təşkil
edilib. Bunun üçün təbii ki, böyük praktiki
bacarığı olan yaxşı kadr potensialına ehtiyac
var. Bundan başqa, hamilə qadınlar və yeni
doğulmuşlar üçün müasir avadanlıqla təhciz
edilmiş yaxşı şərait lazımdır. Böyük
neonatal bölmə az kütlə ilə təxminən 800-900
qram və ya ondan yüksək çəki ilə doğulan
uşaqların yaşaması üçün vacibdir.
Bu işlər 2006-2010-cu illəri əhatə
edən ana və uşaqların
sağlamlığının mühafizəsi dövlət
proqramı çərçivəsində həyata
keçirilib. Əminliklə deyə bilərəm ki, bizim
ölkəmizdə texniki parametrlərinə görə beynəlxalq
standartlara cavab verən perinatal mərkəzlər
mövcuddur.
Dövlət proqramında ən çətin
məqam kadr hazırlığı idi. Səhiyyə
Nazirliyinin öz strategiyası var və bu gün əksər
həkimlər, orta tibb işçiləri, perinatal mərkəzlərin
personalı və digər hamiləliyə yardım müəssisələri
Almaniyada, Türkiyədə və Rusiyada təhsil alır.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun resurs
bazasında rayonlardan olan mütəxəssislərin praktik
hazırlığı aparılır. Göstərilən
xidmətin keyfiyyətini ölçmək üçün
bizim institutda monitorinq qrupları təşkil edilib ki, rübdə
bir dəfə rayonlara gedir, həkimlərə və tibb
personalına metodoloji və praktik yardım göstərirlər.
Kadrların hazırlıq prosesi ilk baxışdan
göründüyü kimi sadə deyil. Çünki bu proses
vaxt və insan faktorunun iştirakını tələb edir.
Bu gün ağır patologiya
müşahidə edilən hamilə qadınlar əsasən
üç müəssisəyə yönəldilir. Bakıda
Respublika Perinatal Mərkəz, Mamalıq və Ginekologiya
İnstitutu, Gəncədə Perinatal Mərkəz.
Qeyd edim ki, perinatal yardım modelində
Mamalıq və Ginekologiya İnstitutu nəinki klinik baza rolunu
oynayır, həm də ən yüksək riskli
doğuşları qəbul edir, patologiyalarla müşahidə
edilən hamiləlikləri izləyir, vaxtından qabaq - 22 həftəlik
doğuşlar burada həyata keçirilir,
yarımçıq doğulan, ən ağır vəziyyətdə
olan ana və uşaqlara qulluq göstərilir. Bu ölkədə
ixtisaslaşmış və yüksək səviyyəli
yardım göstərən müəssisə olmaqla
yanaşı, elmi-tədqiqat, tibbi personalın təkmilləşməsi
üçün metodiki mərkəzdir.
Perinatal yardım modeli ötən il
oktyabrın 6-da təsdiq
edilib. Qeyd etdiyim kimi, hər səviyyəyə
uyğun hamilə, zahı qadınların və yeni doğulmuşlara
yardımın təşkili
üçün yaradılmış
sistemdir. Hər səviyyəyə
uyğun olaraq məqsədlər və hədəflər var. Bu sistemin
başında iki əsas qurum dayanır. Elmi-Tədiqat Mamalıq və
Ginekologiya İnstiututu
və Pediatoriya İnstitutu.
İnstitutumuzun imkanları genişdir. Əgər
son 5 ilin göstəricilərini
müqayisə etsək,
bizə müraciət
edənlərin sayı
5 dəfə artıb.
Əgər 2005-ci ildə
instituta 1110 qadın qəbul edilmişdisə,
2010-cu ildə 5347 hamilə,
onların 84 faizi orta, ağır patologiyalarla qəbul edilib. Vaxtından qabaq doğuşlar
14 faiz artır. İnstitutda
700-800 qram doğulan körpələrə qulluq
göstərilir.
- Statistika digər perinatal mərkəzlərin
tam fəaliyyətinin effektiv
olmadığına dəlalət
etmir ki?
- Bilirsiniz, ana və uşaq
sağlamlığının mühafizəsi sistemində
islahatlar aparmaq asan iş deyil.
Minilliyin
İnkişaf Məqsədlərinin
8 əsas hədəfinin
4-ü reproduktiv sağlamlıqla
bağlıdır. Azərbaycanda milli strategiya hazırlanıb. Biz 2015-ci ilə qədər ana ölümünü
3/4 dəfə azaltmalıyıq.
Əgər 2006-cı ildə
hər 100000 qadından
39,9 həyatını
itirirdisə, 2010-cu ildə
bu göstərici
15,6-ya düşüb. Demək olar
ki, iki dəfə
azalıb. Ancaq ana
ölümünün strukturuna
baxsaq, qanaxmadan və hipertonik vəziyyətlə bağlı
ölüm hallarının
qaldığını müşahidə
edirik. Burada əsas günah
doğuşa yardım
göstərən həkimlərin
üzərinə düşür
ki, vaxtında patologiyalar müşahidə
edilən hamilə qadını düzgün
müəssisəyə yönəltməyiblər.
Deməli, ilkin tibbi yardım göstərən
sistemdə də islahatlar aparmaq lazımdır, kadr potensialı gücləndirilməlidir.
Çox böyük işlər görsək də, hələ qarşıda görəcəyimiz
işlər də xeylidir. Bizim həkimlərimiz
xalqımızın sağlamlığı
üçün hər
şey edirlər.
Axı millətin gələcəyi
bu gün dünyaya göz açan doğulmuşların
sağlamlığından asılıdır.
Aynurə
Ədəbiyyat qəzeti.- 2011.- 15 oktyabr.- S.5.