Boşanma proseduru sadədir

 

Lakin mürəkkəbləşdirilsə, ailələri qorumaq imkanı artar

 

Boşanma halları artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatı da boşanmaların artdığını təsdiqləyir. Belə ki, 2010-cu ildə Azərbaycanda nikahların bağlanması ilə yanaşı, boşanmaların da sayı artıb. Rəsmi orqanlar tərəfindən ölkədə 79,3 min nikah və 8,9 min boşanma qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2009-cu ilə nisbətən nikahların sayı 8,8-dən 8,9-a qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mətbuata bildirib ki, ölkəmizdə boşanmaların say artımına təsir edən amillərdən biri də boşanma prosesinin sadə olmasıdir. Onun sözlərinə görə, məhkəmələrin ailənin bütövlüyünü qoruyub saxlamaq üçün gücü yoxdur:

"Qanunvericilik buna imkan vermir. Qanunvericilikdə bu məsələ ilə əlaqədar dəyişiklik olarsa, boşanma prosesi mürəkkəbləşdirilsə, məhkəmələrin də ailələri qorumaq imkanı olar".

Ekspert hüquqşünas Günay Şirəliyeva deyir ki, ailə qanunvericiliyi boşanmanın səbəblərini müəyyən etmir. Bu səbəbləri tərəflər müəyyən etdiyinə görə onlar müxtəlif - xasiyyət uyğunsuzluğundan tutmuş ailənin maliyyə problemləri ilə əlaqədar anlaşılmazlıqlara qədər ola bilər. Ümumiyyətlə, qanunvericilikdə boşanmanın səbəblərinin müəyyən edilməməsi sovet ailə qanunvericiliyindən qalmışdır və bir sıra postsovet ölkələrində hələ də bu durum qalmaqdadır:

"Lakin Qərb ailə qanunvericiliyi xristianlığın təsiri altında olduğundanmümkün qədər ailəni qorumaq məqsədi güddüyündən, boşanma prosesini daha çətinləşdirir, məsələn, boşanma səbəblərini müəyyən edir. Misal üçün, ABŞ-ın Ohayo ştatında məhkəmə, ailənin dağılmasında tərəflərin təqsirini müəyyən edərək nikahı pozur. Tərəfin təqsiri - xəyanət, bir ildən az olmayaraq ərin (ya arvadın) qəsdən öz evindən getməsi, ərin (ya arvadın) xüsusi amansızlıqla öz yoldaşı ilə davranması, ərin (ya arvadın) sistematik olaraq spirtli içki qəbul etməsi və s. faktlar əsasında müəyyən edilir". Azərbaycanda əgər boşanma barədə ər və arvad razılığa gəlmişlərsə və onların 18 yaşına çatmamış ümumi uşaqları yoxdursa, onlar VVADQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı) orqanına və ya Azərbaycandan kənardadırlarsa, konsulluq idarəsinə boşanma barədə birgə ərizə yazaraq müraciət etməlidirlər. Əgər hər hansı bir tərəf ağır xəstədirsə, ya uzunmüddətli ezamiyyətdədirsə və ya digər səbəbdən VVADQ orqanına gələ bilmirsə, onda ər və arvad ayrı-ayrılıqda boşanma barədə ərizə tərtib etməli, notariusda onu təsdiq etdirməli və VVADQ orqanına gəlmək iqtidarında olan tərəf ərizələri ora təqdim etməlidir. Boşama haqqında ərizə ər və arvadın (və ya onlardan birinin) yaşadığı yerinya nikahın dövlət qeydiyyatının aparıldığı yerin VVADQ orqanına və ya konsulluq idarəsinə verilir. Nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra VVADQ orqanı (konsulluq idarəsi) tərəfindən həyata keçirilir.

 

"Ölkəmizdə ictimai qınaq istənilən səviyyədə deyil"

 

Vəkillər kollegiyasının 3 saylı Hüquq Məsləhətxanasının vəkili Sevinc Əliyeva bildirib ki, bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə də boşanma proseduru sadədir. Belə ki, tərəflərdən biri boşanma iddiası ilə məhkəməyə müraciət edərsə və məhkəmə nikahın davam etdirilməsinin mümkün olmaması barədə qənaətə gələrsə, boşanma qərarı verilir. Tərəflərdən birinin boşanmaq istəmədiyi və ya məhkəməyə gəlmədiyi təqdirdə boşanma prosesi 3 ay müddətinə təxirə salınır. Bu 3 ay müddətində razılıq əldə edilmirsə, məhkəmə iddiaçı tərəfin mövqeyini əsas götürür. Yəni bu zaman qarşı tərəfin məhkəməyə gəlib-gəlməməsi və ya fikri vacib sayılmır.

Əliyeva qeyd etdi ki, tərəflərin boşanması məhkəməyə müraciət edilmədən də həyata keçirilə bilər. Lakin həmsöhbətimiz bunun üçün müəyyən şərtlərin olmasının vacibliyini vurğuladı:

"Belə ki, ailədə yetkinlik yaşına çatmayan uşaq olmamalı, eyni zamanda əmlak mübahisəsi qeydə alınmamalıdır". Bu şərtlər olduğu zaman hər iki tərəf nikahın qeydiyyata alındığı şöbəyə gedir və orada nikaha xitam verilir. Müsahibimiz adıçəkilən halların mövcud olduğu zaman boşanma prosesinin ancaq məhkəmə vasitəsilə həyata keçirilə biləcəyini nəzərə çatdırdı:

"Çünki məhkəmə uşağın kimin himayəsində qalmasını, onun aliment məsələsi barədə qərar çıxarmalıdır".

Vəkil boşanma prosesinin hər iki tərəfin razılığı olduğu halda 1 aya qədər yekunlaşa biləcəyini söylədi. Bununla belə, o, yuxarıda sadalanan problemlərə görə boşanma prosesinin 4-5 ay çəkdiyini bildirdi.

Bəs dünya ölkələrində boşanma prosesi nə qədər çəkir? Əliyeva deyir ki, ABŞ və Avropa ölkələrində boşanma insanların təbii hüququ sayılır. Yəni tərəflərin sadəcə olaraq bir-birlərindən xoşlanmamaları kifayət edir ki, ayrılsınlar. Həmsöhbətimiz Türkiyədə vəziyyətin fərqli olduğunu vurğuladı. Onun sözlərinə görə, bu ölkədə boşanma prosesinə Ailə Məhkəməsi baxır:

"Burada məhkəmə boşanma üçün əsas gətirilən səbəbləri araşdırdıqdan sonra qərar çıxarır. Yəni iddiaçı tərəf boşanmada xəyanəti səbəb göstərirsə, məhkəmə həqiqətən də xəyanətin olduğunu sübuta yetirməlidir".

Maraqlıdır ki, ölkəmizdə daha çox kişilər boşanma ilə bağlı məhkəmələrə müraciət edirlər: "Qadınlar isə əksər hallarda zorakılığa məruz qalaraq boşanma tərəfi kimi çıxış etməyə məcbur olurlar. Yaxud əri narkomaniyaya qurşanan, içki aludəçisinə çevrilən, uşağına baxmayan və ailəsini atıb Rusiyaya gedən kişilərin həyat yoldaşları müraciət edirlər".

Daha çox 1-2 il evli olan gənc cütlüklərin boşanmaq istədiklərini deyən həmsöhbətimiz kişilərin hansı səbəblərə görə nikaha xitam verdikləri məsələsinə də toxundu. O, iddiaçı tərəfin əksər hallarda çox sadə səbəb gətirdiklərini nəzərə çatdırdı:

"İddiaçı tərəf artıq qarşı tərəfi xoşlamadığını, sevmədiyini deyir və buna görə də boşanmaq istəyir".

Boşanmada qayınana və baldız faktorlarının da mühüm yer tutduğunu bildirdi: "Adətən, gəlinlər qayınana və baldızları ilə problemlər yaşayırlar. Kişi də bunu əsas gətirərək həyat yoldaşından boşanmağa çalışır". Sevinc xanımın dediyinə əsasən, xəyanətə görə boşanmaq istəyənlərin sayı olduqca azdır.

Əliyeva boşanma prosedurunun mürəkkəbləşməsinin tərəfdarı olmadığını bildirdi. O, bunu boşanma prosesinin süni olaraq uzadılması kimi qiymətləndirdi və dedi ki, bu, yekunda barışma ilə yekunlaşmayacaq:

"Bu, formal nikah olacaq və tərəflərdə qıcıq yaradacaq. Kişi və qadın hərəkətlərindən peşman olarlarsa, onların boşanmadan sonra yenidən bir yerə gəlmələrinə maneə olmadığından boşanmanı süni uzatmağın mənası yoxdur. Düzdür, Türkiyədə boşanma prosesi mürəkkəb olduğundan statistikada boşananların sayı az göstərilir. Lakin orada boşanma prosesi uzandığına görə tərəflər onsuz da ayrı yaşayırlar. Digər tərəfdən, Türkiyədə ictimai qınaq var". Ölkəmizdə ictimai qınağın istənilən səviyyədə olmadığını söyləyən Sevinc xanım:

"Kişilər boşandıqdan sonra bir neçə dəfə evlənmək imkanlarının olduqlarını nəzərə alaraq tez bir zamanda nikaha xitam verməkdə maraqlıdır. Qadınlar barədə isə eyni sözləri demək olmaz", - deyə vurğuladı.

O, boşanma prosesinin mürəkkəbləşdirilməsindən daha çox kişinin uşağa verdiyi aliment haqqının artırılmasını və bu yöndə icraatın gücləndirilməsini düzgün hesab etdi. Sevinc xanımın sözlərinə görə, yerli qanunvericilikdə aliment 76 manata müəyyənləşdirilib:

"Bu olduqca cüzi məbləğdir. Aliment kişinin maaşına görə müəyyənləşdirilir. Lakin əksər hallarda kişilərin aldıqları maaş aşağı göstərildiyindən məhkəmə aliment haqqını minimum yaşayış həddi normasında müəyyənləşdirir ki, bu da 80 manatdır".

Həmsöhbətimiz alimentin ödənilmə prosesinə nəzarətin çox zəif olduğunu dedi:

"Alimenti ödəməyən kişi cinayət məsuliyyətinə cəlb edilə bilər. Lakin müvafiq qurumlar bu işin arxasınca düşmür. Digər tərəfdən, belə vətəndaşların ölkədən çıxmasına icazə verilməyə də bilər".

Məlumat üçün bildirdi ki, ABŞ-da alimenti ödəməyən kişiyə sürücülük vəsiqəsi verilmir və işə düzələrkən problemlərlə üzləşir: "Bir sözlə, boşanmaq məsuliyyəti artırılmalıdır ki, hər adi səbəbə görə nikaha xitam verilməsin". Bəzən üç ay müddətində hətta təcrübəli psixoloqlar da tərəflər arasında narazılıqları dəf edə bilmir.

Həqiqətənmi boşanma prosedurunu mürəkkəbləşdirməklə bu mənfi tendensiyanın qarşısını almaq olar? Bu suala cavablar müxtəlifdir. Çünki ölkəmizdə son illər ailədaxili zorakılıq halları artıb. Bəzən adi söz-söhbət tərəflər arasında münaqişəyə, döyülməyə, bıçaqlanmaya, hətta ölümə səbəb olur. Ən yaxşı halda isə ailənin dağılması ilə nəticələnir. Ekspertlərin qənaətinə görə, boşanmalarda ailədaxili zorakılıq hallarının da böyük rolu var. Zorakılığa məruz qalan qadın çıxış yolu kimi boşanmaya üstünlük verir. Son illərdə qanunlar boşanmanı asanlaşdırdığına görə dünyanın əksər ölkələrində boşanmalar artıb. Ölkəmizdə boşanma prosedurunun asanlığı isə bu halların artması ilə nəticələnir.

Araşdırmalar göstərir ki, ailə-məişət zorakılığı qurbanlarının böyük əksəriyyəti qadınlardır. Hər il onlarla qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Qadın Krizis Mərkəzinin apardığı araşdırmalar göstərir ki, son illər ailə, məişət zəminində dünyasını dəyişən qadınların sayı artıb. Qurumun rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, hər il 4 minə yaxın qadın döyülür:

"Təxminən 1000-dən çox qadının döyülməsi gündəlik hal alıb. 73 faiz qadın həyat yoldaşı və qeyri-rəsmi nikahda olduqları kişilər tərəfindən zorakılığa məruz qalır. Bu halları kişilər normal qarşılayırlar. Çoxu hesab edir ki, qadın döyülürsə, deməli, buna layiq nəsə edib. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini düşünür. Digər tərəfdən isə bu gün insanların sosial-psixoloji durumunda da aqressivlik artıb. İnsanlar az qala adi bir sözdən dava salmağa meyillidir. Bütün bunlar həmin ailələrdə böyüyən uşaqların da psixologiyasına ciddi təsir göstərir".

Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə də ailədaxili zorakılıq hallarının son illər artdığını təsdiqləyir:

"Bu problem o qədər kəskin şəkil aldı ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olundu. Bu problemlə mübarizə üçün təkcə qanun qəbul etmək kifayət deyil, maarifləndirmə işləri də aparılmalıdır. Amma hesab edirəm ki, boşanma həmişə mənfi hal kimi qəbul olunmamalıdır. O, bəzən böyük faciələrdən çıxış yoludur. Bütün ömrü boyu zorakılığa məruz qalmaqdansa və buna dözüm göstərməkdənsə, boşanma daha yaxşıdır. Amma bunun bəzən mentalitetə uyğun olmadığı bildirilir. Belə ki, cəmiyyətdə uzun müddət belə bir fikir yaranıb ki, qızın ər evindən ancaq meyiti çıxa bilər. Amma bu fikir o qədər də düzgün deyil. Əgər iki nəfərin bir yerdə yaşaması mümkün deyilsə, çıxış yolu boşanmadır".

Problemin qarşısının alınma yollarından biri kimi boşanma ilə bağlı prosedurların çətinləşdirilməsinə gəldikdə, A.İsazadə bunu müsbət qarşılayır:

"Araşdırmalar göstərir ki, bəzən boşanan cütlük sonradan yenidən nikaha girir. İkinci dəfə ailə qurmaq çox vaxt tərəflərə xoşbəxtlik gətirmir. Buna görə də boşanma ilə bağlı müddətin artırılmasına ehtiyac var. Bəzən üç ay müddətində hətta təcrübəli psixoloqlar da tərəflər arasındakı narazılıqları dəf edə bilmir. Həmin müddətdə isə artıq məhkəmə tərəfdən tərəflərin nikahı pozulur. Bir müddət keçdikdən sonra isə emosiyalar səngiyir, narazılıq aradan qalxır və tərəflər boşanmalarına peşman olur. Buna görə də hesab edirəm ki, boşanma ilə bağlı prosedurların çətinləşdirilməsi bu halların azalmasına səbəb ola bilər".

 

 

Aynurə 

 

Ayna.- 2011.- 15 oktyabr.- S.16.