Hicran
Hüseynova: "Ölkə həyatında
elə bir sahə yoxdur
ki, orada qadınlar təmsil olunmasın"
Neft sənayesi,
nanotexnologiyalar, hərbi sahələrdə böyük
uğur qazanan qadınlar var
Qadınların həm siyasətdə,
həm ictimai həyatda rolu artır. "Hər bir kişinin arxasında
güclü bir qadın dayanır" fikri artıq
çağdaş zəmanənin tələblərində
özünü doğrultmur. İndi qadınlar kişinin
arxasında deyil, onunla birgə addımlamalıdır.
Kişilərlə yanaşı qadınlar da idarəetmədə
birgə fəaliyyət göstərməli, idarəetməni
birgə həyata keçirməlidir. Cəmiyyətin
balanslaşdırılmış maraqlarını təmin etmək
üçün kişilərlə qadınların
qarşılıqlı hörmət əsasında
yaradıcı birliyinə ehtiyac var. Hakimiyyətdə
yalnız kişilərin və yaxud yalnız qadınların
təkbaşına iştirakı cəmiyyətin
balanslaşdırılmış maraqlarını təmin edə
bilməz. Ona görə də maraqların təmin edilməsi
üçün kişilərlə qadınlar arasında
yaradıcı birlik, həmrəylik lazımdır. Qeyd etmək
yerinə düşər ki, inam cəmiyyətin
inkişafını təşkil edir. İnam,
qarşılıqlı hörmət - bunlar hamısı mənəvi
dəyərlərdir və bunlarsız cəmiyyətin
uğurlu inkişafı mümkün ola bilməz. Hər bir cəmiyyətin
inkişafı üçün inam, qarşılıqlı
hörmət vacib amillərdir.
Ötən həftə Bakıda
Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən
"XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin
məsuliyyəti" adlı beynəlxalq konfransda da bu fikirlər
səsləndirildi. Konfransda çağdaş sosial həyatın
bütün sahələrində qadınların artan rolu,
onların sülh və sabitlik, idarəetmə, qərarların
qəbulu prosesində daha fəal iştirakı fonunda
xüsusən türkdilli ölkələrin qadınları
arasında əlaqələrin genişlənməsi,
onların müxtəlif sahələrdə təcrübə
mübadiləsi aparmalarına dair məsələlər
müzakirə edildi.
Belə bir fikir irəli
sürüldü ki, qadın müasir dünyanın
qaldırdığı problemlərin həllində daha aktiv
mövqe nümayiş etdirməlidir. Bəllidir ki, qadın
hüquqları insan hüquqlarının ayrılmaz tərkib
hissəsidir. Bəşəriyyət tarixində siyasət, o
cümlədən demokratiya kişilər və qadınlara təsnifatlanmır.
Ümumiyyətlə, siyasət birgə qəbul olunduğu,
fikirlərin ifadə edildiyi bir sahədir. Əgər siyasətdə
fikir məhdudiyyəti olarsa, onda bundan demokratiya və dövlət
müəyyən qədər əziyyət çəkəcək.
Yəni bu sahə müəyyən qrupların və
azlığın nəzarətində olacaq. Ona görə də
siyasətdə kişi - qadın ayrı-seçkiliyi
olmamalıdır. Müasir münasibətlərdə
qadınlar böyük rol oynayırlar. Ona görə onlar
bütün sahələrdə fəal iştirak etməlidir.
Onu da xatırlatmaq yerinə düşər
ki, Avropada Norveç və İsveçi çıxmaq şərti
ilə digər ölkələrdə qadınların hələ
də siyasətdə geniş rol almasında böyük problemlər
var. Siyasətcilər bu qənaətdədirlər ki,
qadın hərəkatının güclənməsi
qadınlar arasında həmrəyliyin olmasından daha
çox asılıdır. Qadınlar nə qədər
çox əlaqəli olsa, bir-birinin təcrübəsindən
yararlansa və ölkələrində tətbiq etsə,
qarşıya qoyulan məqsədə nail olmaq
mümkündür. Ən əsası qarşıda duran
problemlərin həlli üçün qadınlar daha aktiv
olmalıdır. Qadınlar ərazi bütövlüyü,
ailə, uşaq hüquqları ilə bağlı problemlərin
həllinə daha həssas yanaşmalı, daha qətiyyətli
mövqe ortaya qoymalıdır.
XXI əsr qadınlar üçün
yeni imkanlar, yeni təfəkkür, irəliyə doğru
sürətli inkişaf əsrinə çevrilib. Amma bu
uğurlara imza atmaq üçün, öz
hüquqlarını tanıtmaq üçün dünya
qadınları uzun bir mübarizə və zəhmət tələb
edən yol keçmişlər. Təbii ki, Azərbaycan da bu
proseslərdən kənarda qalmayıb. Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova hətta bu qənaətdədir ki, Azərbaycan
avanqard ölkələr sırasında olub:
"Hələ iyirminci əsrin əvvəllərində
Azərbaycanda Şərqdə ilk dəfə olaraq qızlar
üçün dünyəvi məktəb
açılıb və bu məktəbdə təhsil alan
qızlar sonradan ölkənin intellektual elitasına
çevrilib. Bu il biz bu məktəbin 110 illik yubileyini qeyd
edirik. İlk dəfə olaraq 1918-ci ildə bir sıra Avropa
ölkələrindən belə tez ölkəmizdə
qadınlara səsvermə hüququ verilib". Komitə sədri
deyir ki, o dövrün maarifçilərinin
qaldırdıqları əsas problemlər arasında insan
hüquqları, xüsusilə qadın azadlığı məsələsi
mühüm yer tutub. Azərbaycan maarifçiləri
qadının varlığı məsələsinə
çox mütərəqqi mövqedən
yanaşmışlar. Onlar qadın azadlığı məsələsini
milli oyanışın əsas amili kimi ortaya qoymuşlar:
"Çünki bizim tariximizdə
dövləti idarə edən, ciddi qərarlar qəbul edən
örnək siyasətçi qadınlar olublar. Azərbaycan
milli özünüdərkinin hər mərhələsi
ön plana unikal, istedadlı xanımların
çıxması ilə xarakterizə olunur. Bu gün Azərbaycanda
qadın siyasəti dövlət səviyyəsində vacib
aspektə çevrilib. Qadın hərəkatı tarixində
vacib mərhələ sayılan Pekin konfransından az sonra,
1998-ci ildə ölkəmizdə qadın problemlərini tənzimləyən
komitə yaradıldı".
Hüseynova əlavə etdi ki, müstəqil
Azərbaycanda qadın hüquqlarının inkişafı
üzrə siyasətin formalaşdırılması məsələlərinə
böyük diqqət yetirilir, bu sahələrdə mövcud
olan problemlərin həlli istiqamətində ardıcıl və
məqsədyönlü fəaliyyət var. 2006-cı ildə
prezidentin sərəncamı ilə Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinın
yaradılması faktı da ölkədə qadın məsələlərinin
həllinə verilən yüksək diqqətin əyani təzahürüdür.
Ölkəmizdə mütəmadi olaraq Qadınların
Ümumrespublika Qurultayları keçirilir, burada
qarşıda duran məsələlər nəzərdən
keçirilir, müzakirə edilir.
Komitə sədri deyir ki, qadınlara
münasibət, gender mədəniyyəti demokratiyanın
inkişafı ilə bağlı olduğu kimi,
demokratiyanın inkişafı da gender mədəniyyəti ilə,
qadın siyasətçilərin professionallığı ilə
bağlıdır:
"Ən vacibi odur ki, Azərbaycan
xalqı hər zaman sivilizasiyanın ədalətli və
mütərəqqi dəyərlərini öz milli-mənəvi
mahiyyətinə uyğunlaşdıraraq ümumbəşəri
dəyərləri öz milli sərvətinə çevirəcək".
"Bu gün Azərbaycanda
xanımlarımıza örnək olan, öz professional və
ictimai fəaliyyəti ilə yetişməkdə olan gənc
nəslə yol göstərən istiqamətləndirici
insanlar - oriyentirlər sırasında Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
adını xüsusi qeyd etmək istəyirəm. Mehriban
xanım öz yorulmaz əməyi, fəaliyyəti ilə, hər
bir problemə dərin insani və həssas münasibəti ilə
təkrarsız örnəkdir. Mehriban xanım ölkəmizin
ictimai həyatında müstəsna rol oynayan şəxsiyyət
kimi qadınlarımızın hüquq və imkan bərabərliyinin
genişləndirilməsi, gender balansının qorunması və
daha da möhkəmləndirilməsi prosesinə layiqli töhfə
verir".
"Bu gün müasir Azərbaycanda
siyasətçi qadının cəmiyyətdə rolu necədir?"
sualını cavablandıran komitə sədrinin fikrincə,
onlar çox fəaldırlar. Ən əsası ölkədə
qadınların qərar qəbuletmədə və hakimiyyət
orqanlarında iştirakı da getdikcə artmaqdadır:
"Azərbaycanın həyatında elə
bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın.
İlk baxışdan hətta qadınlara aid olmayan, ənənəvi
olaraq kişilərin işlədiyi neft sənayesi,
nano-texnologiyalar, müdafiə və hərbi sahələrdə
belə böyük uğur qazanan qadınlar var. Ölkəmizdə
insan haqları təsisatı - ombudsman, Naxçıvan Muxtar
Respublikasının baş nazirinin müavini, SOCAR neft şirkətinin
vitse-prezidenti qadındır. Milli təhlükəsizlik və
ədliyyə sistemində general rütbəli qadınlar aktiv
professional fəaliyyətləri ilə öz həmkarlarından
geri qalmırlar. İctimai-siyasi proseslərdə fəal
iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə
geniş təmsil olunur, səhiyyədə, təhsildə,
idmanda, orduda çalışırlar. Qadınların qərar
qəbuletmədə və hakimiyyət orqanlarında
iştirakı da getdikcə artmaqdadır. Azərbaycanda
parlament sədrinin 3 müavinindən biri, daimi komissiya sədrlərinin
biri qadındır. Ümumilikdə parlamentin 125 deputatından
20-si qadındır. Son bələdiyyə seçkiləri
dövründə bələdiyyə orqanlarına seçilən
qadınların sayı 2%-dən 26%-dək yüksəlib".
Bundan başqa, elm sahəsində, təhsildə
qadınlarımız öz potensiallarını tam
reallaşdırmağa imkan qazanıblar. Ölkəmizdə
qadın alimlər arasında 3 akademik, 12 müxbir üzv, 117
elmlər doktoru, 1328 elmlər namizədi var.
H.Hüseynovanın fikrincə, son illər
ölkəmizdə müşahidə olunan iqtisadi və sosial
inkişaf prosesləri öz dinamizmi ilə seçilir və
Azərbaycan iqtisadi baxımdan dünyanın inkişaf
etmiş ölkələri ilə bir sırada gedir. Müstəqil
Azərbaycanda sosial sahədə dövlət siyasətinin
prioritet istiqamətlərindən birini təşkil edən
qadın siyasətində də bu surət öz parlaq təzahürünü
tapır. Komitə sədri bildirdi ki, sovet sisteminin kollapsı nəticəsində
çox mürəkkəb, çətin situasiyada Azərbaycan
ikinci dəfə öz müstəqilliyini bərpa etmək
imkanı qazanıb:
"Müstəqilliyin
başlanğıc dövrü ölkəmizin həyatının
çox dramatik bir mərhələsidir. Bu, müharibə,
Qarabağ münaqişəsi, minlərlə
sındırılmış insan taleləri, öz
yurd-yuvalarından didərgin düşmüş, ailələrini,
övladlarını itirmiş qadınlardır. Bu qadınlar
ekstremal vəziyyətlərə, müharibə
reallıqlarına baxmayaraq, çətinliklərə qalib gəlməyi
bacarmışlar. Dağlıq Qarabağ konflikti Azərbaycanın
vətəndaşlarına ciddi ziyan vurdu. Vətənindən
didərgin düşmüş 1 milyon vətəndaşımızın
156 mini qaçqın və 297 min yeddi yüz otuz biri məcburi
köçkün qadındır. Onların cəmiyyətə
inteqrasiyası üçün böyük işlər
aparılır. Azərbaycan dövləti bu qızların
yaxşı təhsil alması, fiziki sağlamlığı,
normal həyat şəraiti təmin etmə yolunda əlindən
gələni əsirgəmir".
Ölkəmizdə
hamının bərabər hüquqları təsbit olunub. 2006-cı
ildə ölkədə gender bərabərliyi haqqında
qanun qəbul olunub, bu da qadınların hüquqlarının
təmin olunmasında ciddi addımdır. 2010-cu ildə "Məişət
zorakılığının qarşısının
alınması" haqqında qanun ölkədə
qadınların müdafiəsi sahəsində aparılan
uzunmüddətli fəaliyyətin davamı kimi böyük əhəmiyyətə
malikdir.
A.Əhmədova
Ayna.-
2011.- 15 oktyabr.- S.15.