Psixoloqların rolu artdıqca...
insanların
ünsiyyət, ailə problemləri də öz həllini
tapır
Psixoloq
Elnur Rüstəmovun fikrincə, Azərbaycanda
ailə psixologiyası və kliniki psixologiyanın
böyük gələcəyi var. Tezliklə Rabitə və
İnformasiya Nazirliyi şəhər telefonları ilə
danışığın hər dəqiqəsini pullu edəcək.
Maraqlıdır, görəsən saatlarla telefondan
asılıb qalan minlərlə insan, o cümlədən
qadınlar ürəyini necə boşaldacaq. Axı qeybət
qırmaq ödənişli olacaq. Fikrimizcə, bu durum
psixoterapevt və psixoloqlarımızın işini
çoxaldacaq. Çoxlu sayda insan indi dərdini demək və
ürəklərində yığılıb qalmış
söz yığınını boşaltmaq üçün
psixoloqlara üz tutacaq. Yarızarafat, yarıgerçək irəli
sürdüyümüz bu fərziyyə doğru
çıxa bilərmi? Ya da ümumiyyətlə, kiməsə
dərdini deyib yüngülləşmək, ürəyini
boşaltmaq insanların problemini həll edirmi? Rsixoloqun rolu nədir?
Psixoloji Konsultasiya Mərkəzinin
rəhbəri, təcrübəli psixoloq Elnur Rüstəmov ölkəmizdə psixoloqlara
tələbatın artacağını söyləsə də,
bizimlə söhbətində hesab elədi
ki, insanların özlərinə
yaxın adamlara dərdini açması hələ
problemin həlli demək deyil. Onun
fikrincə, şəhər telefon
danışığı tariflərinin qiymətinin
artması bir tərəfdən psixoloji xidmətə ehtiyacı artıracaq. Ancaq o, məsələnin
digər tərəfinə diqqət çəkmək istəyir:
"Dərdini
kiməsə demək hələ problemin
həlli deyil. Bu işi peşəkar mütəxəssis
çözə bilər. Psixoloq problemin nədən
qaynaqlandığını sizə izah edir. Ancaq yaxın bir adama ürəyinizi bu gün boşaltsanız
da, sabah yenə eyni bir problem
başqa bir formada özünü
göstərəcək. Mütəxəssis isə problem üzərində analiz
aparır, bu isə o
deməkdir ki, siz
artıq onu bir daha problem kimi
qəbul etməyəcəksiniz. Ən azından sizi əvvəlki kimi narahat etməyəcək. Bir
məsələyə də münasibət bildirmək istərdim. Bizdə psixoloji sığorta yoxdur. Bu məsələni
də qabartmaq lazımdır. Bu, dolayı yolla psixi
sağlamlıq, psixi təhlükəsizlik barədə
qanunun da qəbul olunmasına gətirib çıxaracaq.
Düşünürəm ki, belə bir qanun cəmiyyətin
bütün strukturlarına təsir göstərərdi. Bu
gün insanlara daha çox psixoloqun rolu izah edilməlidir".
Bir çoxları psixoloqun üstünə
məsləhət üçün gedir. Və ya ondan daha
çox məsləhət gözləyir. E. Rüstəmov
buna da münasibət bildirdi:
"Psixoloq məsləhət vermir.
Psixoloq o zaman məsləhət verir ki, pasient qərar vermək
iqtidarında olmur. Və yaxud verdiyi qərar kiməsə
narahatlıq yarada bilər. Psixoloqun işi analiz etməkdir.
Psixoterapiyada belə bir anlayış var - Katarsis prosesi. Gedib
ürəyini psixoloqa boşaldırsan, dərdini söyləyib
çıxıb gedirsən, yüngülləşirsən.
Bir çox pasientlər danışanda müdaxilə etmirik.
Danışdıqca hər dəfə yeni informasiya verir.
Psixoloq da sözlə müalicə etdiyindən bu situasiyadan
terapevtik məqsədlər üçün istifadə
edir."
Həmsöhbətimiz əlavə etdi
ki, son vaxtlar psixoloqun rolu və psixoloji xidmət haqda insanlarda
məlumatlılıq səviyyəsi artıb:
"Əvvəllər
konsultasiyalarımızda 1 seans ancaq pasiyentə psixoloqun
terapiya prosesində rolu barədə məlumat verirdik. İndi
bu kimi izahatlara çox az vaxt gedir. İnsanlar maarifləniblər.
Biz Psixologiya və Konsultasiya Mərkəzi olaraq psixoloji xidməti
qruplaşdırmışıq. Ayrı-ayrı psixoloji
problemlərlə Mərkəzin mütəxəssisləri
ixtisaslaşıblar. Uşaq psixologiyasını yenidən təsnifatlaşdırdıq.
Buraya biz autik, hiperaktiv uşaqlarla iş, yeniyetmələrin
imtahana psixoloji hazırlığı, keçid yaş
dövründə psixoloji problemlərin aradan
qaldırılması və s. bu kimi problemlərlə
bağlı peşəkar psixoloqlar konsultasiyalar aparırlar.
Düşünürəm ki, psixologiyanı nə qədər
peşəkar səviyyədə insanlara çatdırsaq,
insanlar arasında ünsiyyət, münasibət daha
yaxşı formada qurulacaqdır. Hazırda psixologiya və
psixoterapiya geniş vüsət alıb.
Bunun da öz səbəbləri var.
Hazırda cəmiyyətin ən böyük problemi özgələşmə
problemidir. İnsanlar bir-birinə yadlaşırlar. Heç
kim başqasının halı ilə maraqlanmır. Bu isə
öz növbəsində insanlarda müəyyən gərginlik,
narahatlıq yaradır. Sanki insanlar bir robota çevrilir.
Düzdür, Nazim Hikmətin belə bir məşhur
sözü vardı: "Xoşbəxt o adamdır ki, səhər
işə, axşam isə evə tələsir".
Amma yazıçının söylədiyi
bu günümüzlə bir elə səsləşmir. Əksəriyyət
səhəri açanda yenilik istəyir. Bunu görmədikcə
narahat olur, sıxıntılar keçirir. Elnur Rüstəmov
deyir:
"Bu gün Bakı şəhərində
insanların əhvalı, ruhi vəziyyəti, psixoloji problemləri
ilə məşğul olacaq ən az 50 psixoloji mərkəzə
ehtiyac var. Tələbatlar artır. Bununla belə, psixoloji xidmət
bizdə həm azdır, həm də keyfiyyət zəifdir.
Peşəkarlıq aşağıdır. Daha doğrusu,
müxtəlif kateqoriyalarla işləyə bilən peşəkar
psixoloqlar çatışmır. Geniş maarifləndirici tədbirlər
görülmür. Televiziyada qoyulan mövzularda da psixoloq rəyi
onun bir fikri kimi irəli sürülür. Problemin həll yolu
göstərilmir. Konkret danışaq. Depressiyalar
mövsümü başlayır. Onu yaxşı keçirmək,
insanlar tərəfindən asan qavramaq, depressiyanın
qarşısını almaq üçün geniş məlumatlar
verilməlidir. O cümlədən, depressiyanın nə
olması izah olunmalıdır ki, insanlar bir növ
burulğanda ilişib qalmasın. Başa
salınmalıdır ki, insanlar depressiyadan necə
çıxa bilər? Hansı üsullardan faydalana bilər?
Psixoloqun yardımından necə istifadə edə bilər? Hər
bir insan ən azı ildə 1-2 dəfə depressiyaya
düşə bilər. Bundan əlavə, digər problem də
var. Cəmiyyətimizin ən ağrılı problemlərindən
biri də ailə institutunun dağılmasıdır. Əvvəlki
illərlə müqayisədə boşanmalar həddən
artıq çoxalıb. Konsultasiyalarda buna çox rast gəlinir.
Psixoloji dəstək və psixoloji maarifləndirmə
aparılmalıdır ki, problemi önləyə bilək. Məhkəmələrimizdə
boşanmalar zamanı bir psixoloq rəyi, psixoloji kabinet yoxdur.
İtirən isə cəmiyyətimizdir. Ailə
psixologiyası bizdə hələ formalaşmayıb..."
Elnur Rüstəmovun qənaətincə,
Azərbaycanda ailə və kliniki psixologiyanın böyük
gələcəyi var:
"Bura, şübhəsiz ki, uşaq
psixologiyasını da aid eləmək olar. Ölkəmizdə bunun bir
modelini yaratmaq lazımdır. Ailələrlə iş prosesində görürəm
ki, ən sonda psixoloqu çağırırlar. Halbuki daha
öncə psixoloq prosesdə iştirak eləsəydi, çox böyük kömək edə bilərdi. Bir də baxırsan ki, ailə xırda
bir məsələdən
dolayı dağılır.
Oğlan
evin neçənci uşağıdır? Qız evin
neçənci uşağıdır?
Tək uşaqlar evlənmə prosesində
nəyi nəzərə
almalıdırlar və
s. bizim üçün
kiçik görünən
nüanslar ailə qurulma prosesində mütləq nəzərə
alınmalıdır. Qurulan ailəyə
birmənalı şəkildə
psixoloq rəyi lazımdır. Bəziləri elə düşünür
ki, psixoloqun yanına getsə, ayrılacaq. Əksinə, psixoloq sizdə gələcəkdə üzləşə
biləcəyiniz narahatlıqla
bağlı immuniteti formalaşdırır. Bir çox
ailələrdə adaptasiya
prosesi zəif gedir. Təsəvvür
edin, mən 25 il tamam
ayrı bir dəyərlərlə, ayrı
qaydalarla böyümüşəm.
25 ildən sonra
fərqli mühitə
düşürəm. Bunu həzm etmək, ona uyğunlaşmaq, öhdəsindən gəlmək
üçün peşəkar
psixoloq yardımı lazımdır".
Mütəxəssis
eyni zamanda Azərbaycanın regionlarında
psixoloji maarifləndirməyə
də toxundu:
"Düşünürəm
ki, regionlarda psixoloji maarifləndirmə
daha çox aparılmalıdır.
Fikir vermişsinizsə, depressiyalar,
intihar hallarını
rayonlarda son zamanlar tez-tez müşahidə edirik. PCC olaraq
biz artıq Lənkəranda
Cənub televiziyası
ilə müvafiq razılığa gəlmişik.
Birgə
psixoloji proqram üzərində işləyirik.
Digər
rayon televiziyaları ilə
də bunu həyata keçirməyi
düşünürük. Bu yolla bölgələrimizdə
maarifləndirmə tədbirləri
aparmaq fikrindəyik.
Psixologiyaya aid populyar dildə, praktik bir jurnal da
çap etməyi planlaşdırırıq..."
Elnur Rüstəmov
Ayna.- 2011.- 22 oktyabr.- S.5.