Qadın amili hər zaman üstünlük təşkil edib

 

Qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakının artmaqda olduğu vurğulanır

 

"Azərbaycan dövləti ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün gücünü səfərbər edib. Ölkədə aparılan uğurlu sosial siyasət qadınların öz potensiallarını reallaşdırmasına daha geniş zəmin yaradıb. Müasir Azərbaycanda qadınlarının dövlət strukturlarında təmsilçiliyi getdikcə artıb. Ölkədə aparılan sosial siyasət qadınların öz potensiallarını reallaşdırmasına zəmin yaradıb. Müasir Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artır. Ümumilikdə parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışa nisbətdə 14-dən 20 nəfərə yüksəlib. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatıb".

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova ötən həftə "Müstəqil Azərbaycan 20 il: Dövlət ailə, qadın və uşaq siyasəti" mövzusunda elmi-praktik konfransda səsləndirib.

Onun bildirdiyinə görə, cəmiyyət həyatının çox vacib aspektlərindən birionun hüquqi bazasıdır. 2006-cı ildə qəbul edilmiş "Gender - kişi və qadınların bərabərliyinin təminatları haqqında" qanuna əsasən, dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Bu istiqamətdə atılan addımlar sırasında "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" birgə layihə xüsusi yer tutur. Bu layihənin məntiqi davamı olaraq, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun Milli Məclis tərəfindən qəbul edilib:

"Qəbul olunan qanun bu istiqamətdə aparılan işin gücləndirilməsinə və insan hüquqlarının daha dolğun təmin olunmasına imkan yaradır. Qadınlara, əlillərə, həssas təbəqələrdən olan vətəndaşlarımıza ən müxtəlif formalarda və hərtərəfli dövlət dəstəyi göstərilir. Əmək haqlarının, təqaüdlərin artırılması, əhalinin məşğulluq problemləri ilə bağlı geniş layihələrin həyata keçirilməsi, ailələrə yardım məqsədilə müxtəlif profilli mərkəzlərin yaradılması bu sahədə aparılan işlərin kiçik bir hissəsidir".

H.Hüseynova deyir ki, Azərbaycan qadınlarının mütəmadi olaraq keçirilən qurultayları cəmiyyətin ən fəal, işgüzar qadınlarını bir yerə toplayaraq, bu sahədə qarşıda duran yeni vəzifələr müəyyən edir, gələcək inkişafın yol xəritəsini hazırlayır. Bundan başqa, ölkədə vətəndaş cəmiyyətinin, dialoqun inkişafı nəticəsində qadın qeyri-hökumət təşkilatlarının potensialı da gün-gündən artır.

"Ölkəmizdə aparılan sosial siyasət və onun tərkib hissəsi olan gender siyasətinin nəticəsi olaraq, ölkə qadınlarına öz potensiallarını reallaşdırmağa, fəal olmağa geniş zəmin yaranıb. Müasir Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır. Ümumilikdə parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışla nisbətdə, on dörddən iyirmi nəfərə yüksəlmişdir.

 Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatıb. Hazırda ölkədə dövlət qulluğunda çalışanlar, hakimlər, orta və ali məktəb müəllimləri, həkimlər sırasında qadınlar böyük əksəriyyət təşkil edir. Azərbaycanda qadın siyasətinin uğurları beynəlxalq müstəvidə də çox yüksək qiymətləndirilir. Son illər ölkəmiz qadınların həyatında önəmli rol oynayan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. 24-25 may 2010-cu il "De yure və de fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının keçirilməsi buna aydın misaldır", - deyə komitə sədri vurğulayıb.

 

"Qadın siyasəti - ailə, qadın, uşaq xətti üzrə qurulub"

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan xalqının qadınlara müsusi münasibət siyasətinin mövcud olduğu qənaətindədir:

"Bu siyasət birdən-birə formalaşmayıb, tarixdən, qərinələrdən gələn siyasətdir. Bizdə qadın siyasəti - ailə, qadın, uşaq xətti üzrə qurulub. Bu, faktiki olaraq islam mənəviyyatından, Qurandan gələn düzülüşdür. Bu, o deməkdir ki, ailənin əsasında qadın durur, uşaq da nəslin davamçısıdır. Ancaq mən bu sıraya "cəmiyyət" sözünü də daxil edərdim. Cəmiyyətin əsasında duran əsas dayaqlardan biri qadınlardır. Qadın cəmiyyətin bütün problemlərinə çiyin verir. Mən düşünmürəm ki, bu gün cəmiyyətin ayrı-ayrı sahələrində - dövlət quruculuğunda, səhiyyə, təhsil, elm sahələrində kişilərin xidməti qadınlardan çoxdur".

Ə.Həsənov qadın siyasətinin tarixinə ekskurs edərək bildirib ki, qadınları ailə ilə, uşaqla bağlamaq bizə islamdan gəlmədir. "İslama qədər də Azərbaycan xalqının qadına münasibəti mövcud olub. İslama qədərki dövrdə - Manna, Atropatena dövlətlərində qadınların cəmiyyətdə oynadığı rol barədə məlumatlar az da olsa bizə gəlib çatıb. Qadınlar faktiki olaraq həmin dövlətlərdə kişilərlə çiyin-çiyinə dövlət quruculuğunda iştirak ediblər. Bundan sonra Azərbaycan tarixinin İslam sivilizasiyası dövrü başlayır. İslam mənbələrində qadın daha çox ailənin başında duran müqəddəs varlıq kimi təqdim olunur. Məhəmməd Peyğəmbər qadını "Cənnət anaların ayağı altındadır" - deyə dəyərləndirib. Bu, faktiki olaraq qadını müqəddəsləşdirməkdir. Azərbaycan tarixinin Səlcüq dövründə qadına münasibətə yeni çalarlar əlavə olunub. Bu da qadınların qəhrəmanlığı ilə bağlıdır. İslamda qadınların qəhrəmanlığından danışan səhnələr yoxdur. Quranda da qadın qəhrəman kimi təqdim olunmayıb. Daha çox müqəddəs bir varlıq, mərd ana kimi təqdim olunur ki, hamı bu müqəddəs varlığa sitayiş etsin. Dədə Qorqud dastanında Azərbaycan qadını Burla Xatun timsalında mərd, ailənin təəssübünü, namusunu qoruyan, qəhrəman bir obrazda təqdim olunur".

PA rəsmisi qeyd edib ki, sonrakı dövrdə Azərbaycan qadın siyasətinin əsasında milli-mənəvi dəyərlərimizin formalaşması prosesi başlayır. "Səfəvilər, Əfşarlar dövründə Azərbaycan qadınının islamdan gələn müqəddəsliyi saxlamaqla, türklərdən gələn mərdliyi mühafizə etməklə ictimai həyatdakı rolu artıb".

Ə.Həsənov qeyd edib ki, XIX əsrin əvvəlinə qədərki dövrlərdə Azərbaycan xalqının qadına milli-məxsusi münasibəti formalaşıb:

"Qadınlar Azərbaycan şahlarının saraylarında diplomatik işlə məşğul olurdular. Xalq Cümhuriyyəti dövründə isə Azərbaycan qadınına Şərqdə ilk dəfə olaraq seçib-seçilmək hüququ verildi. Bu, o zaman Avropa dövlətlərində də yox idi".

"Bugünkü Azərbaycan dövlətinin qadın siyasəti bütövlükdə tarix boyu süzülüb gəlmiş və Azərbaycan milli mənəvi dəyərlərinin əsasını təşkil edən mənbələrə söykənir. Müasir Azərbaycan qadın siyasətinin əsasında ümummilli lider Heydər Əliyev dayanır. Bu gün Azərbaycan qadınının cəmiyyətdəki rolunu dəyərləndirmək üçün qadınların Azərbaycanın müxtəlif sahələrindəki iştirakına nəzər yetirmək kifayətdir. Bu rol getdikcə artır. Dövlət siyasətinin prioritetlərindən biri də qadınlarımızın getdikcə fəallaşması, ictimai-siyasi həyatda yaxından iştirakıdır".

 

"Dəyərlərə söykənməyən qanun cəmiyyət tərəfindən qəbul olunmur"

 

"Hər bir millətin qanunları onun milli-mənəvi dəyərləri əsasında qurulur"- deyə bildirən Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, dəyərlərə söykənməyən qanun cəmiyyət tərəfindən qəbul olunmur və insanlar tərəfindən icra edilmir.

"Biz beynəlxalq aləmə inteqrasiya olunur, Avropa standartlarını ölkəmizə gətiririk. Amma hər dəfə hansı məsələlər bizim milli-mənəvi dəyərlərə uyğun gəlmirsə, onunla bağlı mühafizəkar mövqe tuturuq. Bugünkü Azərbaycan qadını məhz həmin milli-mənəvi dəyərlərə söykənərək, bəşəri dəyərləri mənimsəyərək qanunlar çərçivəsində öz fəaliyyətini göstərir".

B.Muradovanın sözlərinə görə, 1995-ci ildən bəri qoşulduğumuz beynəlxalq konvensiyalar və onların Azərbaycan qanunvericiliyində əksini tapan müddəaları Azərbaycan qadınının ölkənin bütün istiqamətlərində gedən quruculuğunda iştirak etməyə və kişilərlə bərabər hüquqlara malik olmağına imkan verir.

"Ancaq bizə elə gəlir ki, cəmiyyətdə uğurlu nöqtələrə çatmaq üçün bizə şərait yaratmalıdırlar. Bu gün Azərbaycan qadınının təmsilçiliyi Azərbaycan qadınının bacardığına yönəldilib. Potensial var, ancaq istək və nəticə üst-üstə düşmür. Bu mənada qanunlar hər şəraiti yaradır ki, biz bərabər imkanlardan bərabər nəticələrə doğru inkişaf edək. Hesab edirəm ki, bu prosesi süni şəkildə sürətləndirmək heç bir konkret nəticə verməyəcək. Bütün dünyada məsələlərin müzakirəsinin kökündə gender məsələsi dayanır. Gender yanaşması hər zaman özünü göstərir. Ancaq bu, elə bir prosesdir ki, öz fərdi axarı ilə getməlidir. Biz yalnız buna stimul verə bilərik. Azərbaycan dövləti qanunverici bazada bu şəraiti yaratmaq üçün bütün addımları atıb. Azərbaycanda Ailə Məcəlləsi, Əmək Məcəlləsi, Cinayət Məcəlləsi qadın, ailə, uşaq hüquqlarını kifayət qədər qoruyur. Biz bütün qanunların qəbulunda gender məsələsini vacib hesab edirik".

Vitse-spiker qeyd edib ki, Azərbaycan qadınları cəmiyyətdə gedən uğurların əsasında dayanır. "20 il ərzində keçilən yolda əldə edilən nəticələrə fikir versək, razıyam ki, qadınlarla kişilərin iştirakında və təmsilçiliyində elə bir ciddi fərq yoxdur. Həm müstəqilliyimizin təmin olunmasında, həm dövlət quruculuğunda, həm də dövlətimizin inkişafında Azərbaycan qadınının rolu böyükdür".

Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri qadına qarşı münasibətdir: "Bununla bağlı parlament 2010-cu ildə "Məişət zorakılığına qarşı" qanun qəbul edib. Bu məsələyə çox ciddi diqqət yetirmişik. Artıq Azərbaycanın elə bir regionu yoxdur ki, qadınlar orada belə bir qanunun olduğunu bilməsinlər. Bu qanun ən çətin anda qadınları himayə edir".

B.Muradova ölkəmizdə uşaq hüquqları sahəsində də önəmli addımların atıldığını xatırladıb.

Ombudsman Elmira Süleymanova vurğulayıb ki, müstəqillik qazandığımız 20 il ərzində Azərbaycan özünə yeni imkanlar, inkişaf yolları tapıb. "Ölkəmiz öz sərvətlərinə arxalanaraq belə bir inkişafı təmin etməyə qadir olub. Ombudsman gender problemlərinin bu gün bütün dünyanı narahat etdiyini diqqətə çatdırıb:

"Bu baxımdan Azərbaycanda vəziyyət fərqlidir. İnkişaf strategiyaları və onun tərkib hissəsi olan insan faktoru baxımından qadın amili hər zaman üstünlük təşkil edib və həmişə dövlət siyasətində aparıcı mövqe tutub"..

   

 

A.Əhmədova   

 

Ayna.- 2011.- 22 oktyabr.- S.6.