"Başqa dilim, elim vardır mənim"

 

Doktor Zehtabinin şeirlər kitabı Bakıda çapdan çıxdı

 

Ötən həftə 88 yaşı tamam olan doktor Məhəmmədtağı Zehtabinin "Başqa dilim, elim vardır mənim" adlı şeirlər kitabı çapdan çıxdı. Bu, onun bu tayda işıq üzü görən ilk kitabı idi. Kitabın redaktoru, nəşrə hazırlayanı, ön sözün şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Elmi redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədov, rəyçilər - filologiya elmləri doktoru Sabir Nəbioğlu, filologiya elmləri doktoru Rəhim Əliyev, Yədulla Nəminlidir (Kənani).

Pərvanə Məmmədli daha çox tarixçi türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabini oxuculara həm şair kimi tanıtdırır. Kitaba ədibin vətəndən ayrı düşdüyü illərdə qələmə aldığı şeirlər daxil edilib. M.Zehtabinin bu şeirləri 1947-1978-ci illər arası Aşqabad, Bakı, Berlin, Bağdadda yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb. Şeirlər tarixi xronologiyada sıralanıb. Pərvanə Məmmədli tərəfindən yazılan ön söz çətin anlaşılan sözlərin izah şərhi oxucuya bələdçilik edir.

Məhəmmədtağı Zehtabi 13 oktyabr 1923-cü ildə Şəbüstərdə doğulub. Bir az kənd məktəbində oxuyub, iki ildən sonra təhsilini Təbrizdə davam etdirib. Təbrizdə əvvəl "Füyuzat", sonra isə "Firdövsi" adına məktəbin ədəbi şöbəsini bitirib, müəllimlik etsə , ali təhsil almaq fikrindən daşınmır.

M.Zehtabi Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə katoliklər kilsəsində Müsyö Jozef Qvinderin sinfində fransızcanı öyrənir. Beləliklə, ana dili ilə yanaşı fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilir. 1940-cı illərdə M.Zehtabi Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı olan Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə türk dilində nəşr olunan "Azərbaycan" qəzetində məqalə şeirlərlə çıxış edir. Sonralar o günləri xatırlayıb yazırdı:

"1945-ci (1324) il gəldi. "Azərbaycan" qəzeti yenə nəşrə başladı. Bu qəzetlə tanışlıq məni ayrılmaz şəkildə ana dilimə bağladı.

Ana dilimdə yazmağa başladım. Bu dövrdən ana dilimi elmi cəhətdən öyrənmək ürəyimdə mühüm hədəf arzularımdan birinə çevrildi. Ana dilimi sevdim, sevdikcə dərinləşdim dərinləşdikcə onu daha artıq sevdim. Universitetə daxil olub elmi cəhətdən öyrənmək üçün o zaman mövcud olan bütün qapıları döydüm, can atıb çabaladımsa, hamısı üzümə bağlı oldu". 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə "Dünya ədəbiyyatı" mövzusunda oxuduğu mühazirələri dinləyir.

Milli Hökumətin qan içində boğulmasından sonra ilk sırada Təbriz Universiteti qapadılır. M.Zehtabinin həmin faciəvi günlərdə qələmə aldığı məşhur "Sən osan, mən buyam" şeiri rejimin ana dilində təhsilə, nəşriyyələrə danışığa qoyduğu yasağa qarşı etiraz səsi idi:

 

Su deyibdir mənə əvvəldə anam,

"ab" ki yox.

Yuxu öyrətdi uşaqlıqda mənə,

"xab" ki yox.

İlk dəfə ki çörək verdi mənə,

"nan" demədi.

Əzəlində mənə duzdanə

"nəməkdan" demədi.

Anam "əxtər" deməyibdir mənə,

ulduz deyib o.

Su donanda deməyibdir "yəxdi" bala,

buz deyib o. ..

Bəli, daş yağsa da göydən,

sən osan, mən buyam.

Var sənin başqa anan,

vardı mənim başqa anam.

Özümə məxsus olan başqa

elim vardı mənim.

Elimə məxsus olan başqa

dilim vardı mənim.

 

İranda başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi bir çox maddi digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün M.Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına - Sovet Azərbaycanına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 6 ilə qət etməli olur, o, universitetə yox, həbs düşərgəsinə düşür. Sərhədi pozduğuna görə uzaq Sibirə göndərilir. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşamalı olur...

1969-cu ildə M. Zehtabi İraqa sığınmaq Bağdadda işləmək üçün işlədiyi universitetə müraciət edir. Bağdad Universitetində həvəslə qədim türk dillərini fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdiyi əsərlər əsasında universitetin elmi şurası tərəfindən ona professor adı verilir. İraqda işlədiyi vaxtlar Avropaya səfər edir bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor "İran türklərinin sərfi" (morfologiyası - P.M.) kitabını yazır bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur. Sonra bu kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarının ləhcə ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı nəşr olunub... Sonralar doğulub, boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini, eləcə ərəb dilini tədris edir. Otuz ildən sonra xalqının içində olmaq onun üçün çox böyük bir xoşbəxtlik idi. M.Zehtabi Berlində nəşr etdirdiyi "İran türklərinin sərfi" kitabını tədris etməkdən ruhlanaraq universitetdə tədris zamanı yüzlərlə gəncin ana dilini öyrənib mənimsəməyə can atdıqlarını, bu sahədə mənbə ədəbiyyat qıtlığını nəzərə alıb "Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası", "Ana dilimizi öyrənək" adlı kitablarını yazır.

Təbrizə 1979-cu il qayıdışından sonra Zehtabi öz elmi tədqiqatlarını daha geniş aspektdə davam etdirir. Təbrizdə dostları ilə birlikdə "Azərbaycan mədəniyyət ocağı" qurur. O, neçə illər boyu ardı-arası kəsilmədən bu qurumun iclaslarında iştirak edərək xalqımızın ədəbiyyat keçmiş tarixini tanıtdırmışdır. Bu ocaq indi doktorun sağlığında olduğu kimi fəaliyyətini davam etdirir.

Şah devrildikdən sonrakı ilk illərdə yerli aydınlar tərəfindən Azərbaycan türkcəsini tədris edən kurslar açılırdı. Təbriz şəhərində türkcə qrammatika kurslarının açılmasında M.Zehtabinin böyük rolu olmuşdur.

 Professor Zehtabi İran inqilabından sonra Təbriz Universitetində türk dili ədəbiyyatı müəllimi olmuş çoxlu müəllim yetişdirmişdir. Onun "Ana dilimizi necə yazaq" kitabçasında dilin səs qanunları, ahəng qanunu açıqlanmış, bu kitabça əlifbanı düzgün yazıb, oxumaqda gənclərə bir mənbə olmuşdur. Sonralar Güneydə orfoqrafiya ilə bağlı seminarlarda ondan çox faydalanmışlar.

Alim dilçiliklə yanaşı türk ədəbiyyatı ilə məşğul olur. Onun "İslamaqədərki İran türklərinin dili ədəbiyyatı","Əruzun türk folklorundakı izləri" kimi silsilə yazıları ümumtürk ədəbiyyatına dair dəyərli yazılardır.

 Türkologiya, tarix, dilçilik, ədəbiyyat folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur. Dərin ədəbi zövqə malik olan şairin qələmindən onlarca gözəl şeirlər çıxıb: "Çerik əfsanəsi","Pərvanənin sərgüzəşti", "Bəxti yatmış", "Bağban Eloğlu", "Bəzz qalasında", "Mişovun əfsanələri", "Qoy olsun on", "Həstiye nəsim" (farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin Təbrizdə nəşr olunmuşdur. "Türkcəm mənim, səs bayrağım","Sara Mahmud " isə onun Təbrizdə çap olunmuş son kitablarıdır. Hər iki kitab onun vəfatından sonra Əkbər Rəhimzadə Fərci Hüseyn Güneyli, Behzad Azərmi kimi fədakar aydınlar tərəfindən nəşr olunub. Onların birincisində vətəndən uzaq düşdüyü illərdə yazdığı şeirləri toplanıb. "Sara Mahmud"da isə ədibin eyniadlı pyesi "Məlikməmməd" poeması verilib.

Ömrünün çox hissəsi qürbətdə, sürgündə, həbsxanalarda keçən doktor M.Zehtabi 1998-ci ilin dekabrında ürək tutmasından (bir qədər müəmmalı şəkildə) vəfat edib. Doğulub boy atdığı Şəbüstərdə dəfn olunub.

 

 

Sədrəddin 

 

Ayna.- 2011.- 22 oktyabr.- S.8.