Nizami
Cəfərov: "Mən o fikirdəyəm
ki, biz yeni
qanun qəbul edəcəyik"
"Mədəniyyət
haqqında" qanuna baxılır
Parlamentin payız
sessiyasının qanunvericilik işləri
planına "Mədəniyyət haqqında" qanun layihəsi də daxildir.
Bu barədə danışan MM Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, sessiya
dövründə "Mədəniyyət haqqında" qanuna ciddi dəyişiklik
olunacaq:
- Hətta
ola bilsin, bu qanun yenidən işlənib
qəbul edilsin. "Mədəniyyət
haqqında" qanuna əlavələr və
dəyişikliklər edilməzdən öncə bu qanunun tam
dəyişdirilməsi, yenilənməsi təklif olunur. Bu qanun
layihəsi bizim iştirakımızla Mədəniyyət
və Turizm Nazirliyində
hazırlanıb. Hazırda bu sənəd
üzərində iş gedir.
Köhnə qanunla yeni
qanunu qarşılaşdırıb bir nəticəyə gələcəyik. Əgər
zərurət yaransa ki,
qanun tam yenilənməlidir,
o zaman yeni
layihəni qəbul edəcəyik. Yox, əgər
görsək ki, hazırkı qanun çox da köhnəlməyib, bu
zaman müəyyən məsələləri
əlavələr və dəyişikliklər şəklində
həll edəcəyik. Lakin bu zaman dəyişikliklər
həddindən artıq çox olacaq.
- Yeni
qanunvericiliyə təklif olunan dəyişikliklər
hansılardır?
- Burada mədəniyyət və incəsənət
qurumlarından, prodüser
anlayışından, mədəniyyət və incəsənət
sənayesindən, yaradıcılıqdan, beynəlxalq mədəni
əlaqələrdən söhbət gedir.
Eyni zamanda, mədəniyyətin
və incəsənətin istehlakı məsələsi yeni qanunda əksini tapacaq ki, burada
da məhsulun oxucuya,
tamaşaçıya necə çatdırılması məsələsindən
bəhs olunur. Belə məsələlər
çoxdur. Həm də biz
köhnə qanuna nisbətən indi daha iddialıyıq. Çünki artıq Azərbaycanda mədəniyyətin
inkişaf prosesi gedir və yeni məsələlər
ortaya çıxıb. Mədəniyyətin
və incəsənətin maddi təminatı
xeyli yüksəlib. Bu
baxımdan, bizim daha
iddialı bir qanun
layihəsi təqdim etmək imkanımız var.
Hər
halda, mən o fikirdəyəm
ki, biz yeni
qanun qəbul edəcəyik.
- Bu sənəddə
şou-bizneslə də bağlı məqamlar əksini tapacaq?
- Bəli,
burada şou-bizneslə bağlı məsələ
də əksini tapacaq. Elə məsələlər
var ki, biz
onları ictimaiyyətin ixtiyarına buraxmalıyıq. Yəni
orada çoxlu qadağalar və ya başqa yanaşmalar
olmamalıdır. Amma bununla
yanaşı, şou-biznesdə sənətkarlığı,
peşəkarlığı yüksəltmək üçün əsas iş
televiziyaların üzərinə düşür.
Çünki əksər hadisələr
məhz televiziyalarda baş
verir. Ona görə də
televiziyalarda nəsə bir
nəzarət mexanizmi olmalıdır. Bunu bədii şuralar
şəklində və ya başqa formada həyata
keçirmək olar. Məsələn,
ATV telekanalında belə bir təcrübə
mövcuddur. Ona
görə ki, şou
xəbərləri ən çox bu telekanalda
yayımlanır. Həmin televiziyada bir şura
yaradılıb.
Doğrudur, bu şura heç nəyi qadağan etmir, sadəcə,
məsələni müzakirə edib fikir bildirir. Bunun özü də
peşəkarlığın artmasına xidmət edir. Hər halda, mən
düşünürəm ki, yeni mədəniyyət qanununda
televiziyaların mədəniyyət, incəsənət və
şou-biznes verilişləri ilə
bağlı xüsusi mülahizələr
olmalıdır. Bu mülahizələr
yaxşılaşmağa, keyfiyyəti artırmağa və təcrübə
mübadiləsi aparmağa xidmət etməlidir.
Biz görürük ki, Azərbaycanda şou öz təbiətimizdən
çıxmayıb. Bu, dünyada
gedən bir prosesdir və
ölkəmizə kənardan gəlib. Amma
burada da təqlidçilik,
yüngüllük çoxdur.
Hər halda, biz deklorativ də olsa, bu məsələlərə baxıb fikir bildirəcəyik ki, şou-biznes nədir, onun
fəaliyyət mexanizmi necədir,
ümumiyyətlə, şou
anlayışı nə deməkdir.
Onu da bildirim ki, dünyada
olduğu kimi, Azərbaycanda
da incəsənətdə pornoqrafiyanın
qarşısını almaq məqsədilə
yeni mədəniyyət qanununda
hansısa maddələr əksini tapacaq.
Mən demirəm ki, şou-biznesdə pornoqrafik materiallar var. Amma bəzən bu sahədə yüngüllük,
qeyri-peşəkarlıq, şitlik o həddə çatır ki,
bunun özü pornoqrafiyadan təhlükəlidir. Ümumiyyətlə,
biz bütün məsələlərə
yeni qanunda baxıb
münasibət bildirəcəyik. Hesab
edirəm ki, hər şey
öz qaydasına düşəcək. Doğrudur, hələ bu
məsələ heç Mədəniyyət
komitəsində müzakirə olunmayıb. Amma
payız sessiyasında biz bu
işi həll edəcəyik. Çox güman ki, bu məsələ
payız sessiyasının sonuna kimi həllini tapacaq. Biz artıq işlərimizi intensivləşdirmişik.
Xatun
Ayna.-
2011.- 22 oktyabr.- S.20.