Aynur Camalqızı: "Milli-mənəvi dəyərlərə hörməti qadınlı-kişili hər kəsdən gözləmək lazımdır"

 

İnsanların ədəbiyyata, musiqiyə münasibəti dəyişdikcə problemlərlə daha az üzləşəcəyik

  

Cəmiyyətdə mənəvi aşınmalardan danışılanda daha çox keçmiş illərlə müqayisə aparılır. "Əvvəllər belə deyildi" - tipli nostalgiya var. Şübhəsiz, bizim günlərdə dəyişən çox şey var. Lakin hər şey pisliyə doğru dəyişib? - sualına cavablar eyni deyildir.

Qadın Konsensus Mərkəzinin direktoru, keçmiş millət vəkili Aynur Camalqızı hesab etmir ki, keçmişdə hər şey daha yaxşı, daha gözəl olub. Xatırladır ki, hər zamanın öz problemləri olub:

"Məsələn, sovet dönəmində orta məktəb dərsliklərində, ədəbiyyatda bizə uzun müddət Qaçaq Nəbinin Həcərini fədakarlıq və qəhrəmanlıq, min kişinin içində baş çıxaran, kişi kimi möhkəm, etibarlı qadın olaraq təqdim ediblər. Təhtəlşüurumuza yeridiblər. Bizim nəzərimizdə qadın simvolu Koroğlunun Nigarı və ya Nəbinin Həcəri olub. Ancaq sovet dövrü bitəndən sonra bəlli oldu ki, heç də hər şey bizə təqdim edilən kimi deyilmiş. Mətbuatda bu barədə yazılıb, ədəbiyyatçılardan biri araşdırmışdı ki, Qaçaq Nəbi öləndən sonra Həcər 5 dəfə ərə gedib. Hətta sonuncu ailə qurduğu kişi milliyyətcə erməni olub. Bilirsiniz ki, əri qəhrəmanlıqla ölən, həlak olan kişinin arvadının başqasına ərə getməsi mentalitetimizdə məqbul sayılmır. Amma bu qadın uzun müddət bizə mənəviyyat və əxlaq rəmzi kimi qəbul etdirilib. Ona görə də bu cür məsələlərə "mütləq belə olmalıdır" nöqteyi-nəzərindən yanaşmaq doğru deyil. Təbii ki, burada fikirlər haçalana, mənim fikirlərimlə də kimlərsə razılaşmaya bilər. Ümumiyyətlə, bu tipli məsələlərdə ortaya konkret bir resept qoymaq çətindir".

Müsahibim deyir ki, bütövlükdə kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyanın tərbiyəvi əhəmiyyəti çox böyükdür.

Çünki televiziya hər kəsin evindədir. O, hər birimizin çağırılmamış qonağıdır. Bəlkə də ən yaxın qohum-əqrəbalarımızdan çox, televiziya ekranlarından gördüyümüz simalarla "yaxın" ünsiyyətdə oluruq. Ancaq bizim telekanallarda daha çox əyləncəli verilişlərin, bu verilişlərdə toyxana müğənnilərinin meydan sulaması insanların, xüsusən gənclərin zövqünün korlanmasına gətirib çıxarır. A.Camalqızı:

"Əksər gənclərə sual versəniz, həmin toyxana müğənnilərini az qala bizim klassiklərlə bərabər tutarlar. Çünki onlara seçim imkanı verilməyib. Əgər televiziya kanallarında keyfiyyətli musiqi ilə hazırda daha çox təqdim olunan "musiqi"nin fərqi göstərilsəydi, məsələn, Müslüm Maqomayevin, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun mahnıları da həmin müğənnilərin mahnıları qədər səsləndirilsəydi, populyarlaşdırılsaydı, onda insanlarda seçim imkanı yaranardı. O zaman insanlar ayırd edə bilərdilər: gözəl səs sahibi hansıdır, səsi olmayan hansıdır. Ancaq bu seçimi edə bilmədiyimizə görə ciddi problemlər yaranır".

Bəllidir ki, insanların milli-mənəvi dəyərlərə münasibətinin, dünyagörüşünün formalaşmasında televiziya ilə yanaşı, ədəbiyyatın da geniş imkanları var. Müsahibim də düşünür ki, gənclərə mütaliə vərdişini aşılamaq üçün bu tip verilişlərin, eyni zamanda mətbuatda da yazıların olmasının böyük əhəmiyyəti var:

"Doğrudur, son illər ədəbiyyata müəyyən meyillənmə yaranıb. Ancaq bütövlükdə götürəndə bizim cəmiyyət olaraq kitab oxumaq səviyyəmiz Rusiya, Türkiyə kimi ölkələrlə müqayisədə xeyli aşağıdır. Bu da əslində çox qorxulu tendensiyadır. Rusiyada yazıçı Pelevinin yeni kitabı 5-10 min tirajla çap olunandan iki saat sonra həmin kitabları kitab mağazalarından tapmaq olmur. Eləcə də Türkiyədə Əlif Şəfəqin "Aşk" romanı yarım milyon tirajla çap olundu və demək olar ki, bir kitab da yerdə qalmadı. Ancaq bizdə kitab 500 və ya ən yaxşı halda, 1000 tirajla çap olunur, onun heç 200 alıcısı tapılmır. Bu, əslində cəmiyyətin mənəvi deqradasiyasının, onun mənəvi cəhətdən nə qədər yoxsullaşmasının göstəricisidir. Ümumiyyətlə, bizim insanların ədəbiyyata, musiqiyə münasibəti dəyişməlidir. Münasibət dəyişdikcə biz də bayaqdan haqqında danışdığımız problemlərdən get-gedə xilas olacağıq. Nə qədər ki, cəmiyyətin elmə, təhsilə, ədəbiyyata, musiqiyə münasibəti dəyişməyib, biz belə problemlərlə üzləşəcəyik".

 

***

 

A.Camalqızı bir məqama da diqqət cəkdi:

"İstənilən məsələlərlə bağlı müzakirə aparsaq, görərik: cəmiyyət, təəssüflər olsun ki, hər şeyi qadından gözləyir - qəhrəmanlığı da, fədakarlığı da, əxlaqı da, namusu-qeyrəti də. Ancaq Allah qadınla kişini bərabər yaradıb, onlara bərabər imkanlar verib, qanunlarımızda da qadınlarla kişilərə bərabər hüquqlar tanınır, biri o birindən üstün sayılmır. Həmişə örnək gətirdiyimiz Avropada da qadınla kişi arasında bərabərlik işarəsi qoyulub. Ümumiyyətlə, bütün müəssisələrdə onlara bərabər imkanların yaradılması tələb olunur. Və qadınla kişi bu ölkələrdə bütün sferalarda gerçəkdən də bərabərdirlər".

Bəs bizdə niyə vəziyyət fərqlidir? Sualı cavablandıran həmsöhbətim düşünür ki, bu, mentalitetimizdəki bir sıra qüsurlu məqamlarla bağlıdır:

"Niyə hər şeyi qadından tələb edirik? Axı, qadın daha zərif və zəif məxluq hesab olunur. Elə isə, niyə bütün fədakarlıqları ondan gözləyək? Fikir vermisinizsə, adətən kişi haqqında hər hansı bir söz-söhbət, şayiə yayılanda heç kəs onun reallıq, yoxsa yalan, böhtan olduğunu müzakirəyə çevirmir. Hesab edilir ki, o, kişidir və onun haqqında hər şey danışıla bilər və o, kişi olduğu üçün nə istəsə, edə bilər.

. Ancaq qadın haqqında hətta bir böhtan yayılanda belə "bəlkə ona şər atırlar" deyə heç kəs araşdırmaq istəmir. Qadın bütün cəmiyyətin və ya onu tanıyan insanların müzakirə və qınaq obyektinə çevrilir. Təbii ki, bunu pisləyirəm və hesab edirəm ki, əxlaqi, milli-mənəvi dəyərlərə hörməti təkcə qadınlardan yox, qadınlı-kişili hər kəsdən - bütün insanlardan gözləmək, ya ummaq lazımdır".

A.Camalqızı söhbətində onu da vurğuladı ki, ümumiyyətlə, qadınların əxlaq mövzusunda yüksəkdən danışmasının əleyhinəyəm. Çünki onun fikrincə, qadın əxlaqdan danışanda çox çirkin görsənir:

"Qadın, sadəcə, əxlaqlı olmalıdır, əgər bacarırsa. Bacarmırsa, susmalıdır. Cəmiyyətimizin də gözləntisi budur: qadın əxlaqlı olmalıdır! Əxlaqdan danışmaqdan çox əxlaqlı olmağa çalışmalıdır. Əxlaqı olmaq nədir? Bu məsələyə hərə bir prizmadan yanaşa bilər. Mənim düşüncəmə görə, əxlaqlı olmaq - yalan danışmamaq, başqalarına pislik etməmək, heç kəsin dedi-qodusu ilə məşğul olmamaq, arxasınca danışmamaq, başqalarının həyatına müdaxilə etməməkdir. Əxlaqlı olmaq - Vətənini, torpağını sevmək, insanlara sevgi və sayğı ilə yanaşmaqdır. Başqalarının uğuruna qüssələnmək deyil, sevinməkdir. Düşünürəm ki, əxlaqlı insanları təkcə cəmiyyət yox, Allah da dəyərləndirir".

 

***

 

Hər gün efirdən, mətbuatdan cəmiyyətdə dəhşətli cinayət hadisələrinin, qətllərin baş verdiyinin şahidi oluruq. Mərkəz direktoru hesab edir ki, insanların aqressivləşməsi onların biliksizliyi, təhsilsizliyi, savadsızlığı ilə əlaqəlidir. Çünki insan nə qədər elmli olursa, mütaliə edirsə, eyni zamanda tərbiyələnirsə, bu, onun şəxsiyyət kimi formalaşmasında ciddi önəm daşıyır. Cinayət hadisələrini o insanlar törədir ki, onların təhsili, savadı yoxdur və elələri çıxış yolunu başqalarına zərər verməkdə görürlər.

"Əslində, İslam dinində intihar ən böyük günah sayılır. Ancaq mətbuat səhifələrindən 12-13 yaşlı uşaqların intihar etməsi ilə bağlı xəbərləri oxuyanda dəhşətə gəlirəm.

  Bu yaşda uşağın hansı problemi ola bilər ki, intihara əl atsın? Mən çox narahatam ki, niyə insanlar bu qədər aqressivdir? Niyə insanlar başqalarına əziyyət verməkdən, zülm-zillət verməkdən qorxmur? Hesab edirəm ki, bu kimi məsələləri müzakirə edib çıxış yollarını axtarmaq lazımdır".

A.Camalqızı bu fikirdədir ki, maddi zənginliklər heç də həmişə insanı xoşbəxt eləmir. Ancaq insan mənən zəngin olanda hər çətinliyə, əzab-əziyyətə qalib gələ bilir. Misal çəkir:

"Milli Qəhrəman Mübariz İbrahimov çox sadə ailədə doğulub. Ancaq görün onun içində Vətən sevgisi, torpaq məhəbbəti nə qədər güclüydü ki, belə bir qəhrəmanlığa, fədakarlığa imza ata bildi. O, öz həmvətənlərinin ürəyində düşmənə qalib gəlməyin nə qədər asan olduğunu göstərdi. Və qalib kimi öldü! Əgər insanın ürəyində Vətən, torpaq sevgisi varsa, onun hər şeyə münasibəti fərqli olur. Ümumiyyətlə, mən düşünürəm ki, sevgi mədəni hadisədir. Əgər insan əxlaqlıdırsa, mədənidirsə, o, valideynlərini də, millətini də, Vətənini də sevir, sevə bilir. Əgər insanın əxlaqı yoxdursa, ondan nə yüksək vətənpərvərlik, nə millətinə, nə dövlətinə, nə də valideynlərinə yüksək münasibət gözləmək olar".

Müsahibim onu da bildirdi ki, əslində sadaladığı bu məsələlərlə bağlı müəyyən dövlət proqramları var. Məsələn, dövlətin gənclər siyasəti, gənclərdə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı ölkə başçısının sərəncamları var. Bu istiqamətdə dövlət tərəfindən tələb olunan addımlar atılıb. Ancaq elə məsələlər var ki, onları inzibati üsullarla, inzibati metodlarla reallaşdırmaq, doğrudan, çətindir. Cünki hər bir uşağın tərbiyəsi onun ailəsindən başlayır. Sonra uşaq bağçasında, orta məktəbdə, daha sonra ali məktəbdə davam etdirilir:

"Yəni hər bir insan öz işində məsuliyyətli olsa, onda bu problemlər də ortaya çıxmaz. Valideynin yaxşı övlad böyütmək, müəllimin dəyərli vətəndaş yetişdirmək məsuliyyəti olsa, belə problemlər yaranmaz. Müəllim də, həkim də insanlara münasibətdə son dərəcədə həssas və diqqətli olmalıdır. Bu yaxınlarda Milli Ordumuzda bir əsgər dünyasını dəyişdi - Eldar Novruzov. İndi hər kəs onun ölümünün baiskarını axtarır və hərə bir səbəb göstərir. Məncə, ilk öncə ondan başlamaq lazımdır ki, o, bir Azərbaycan gənciydi və təəssüf ki, əsgər kimi döyüş meydanında yox, adi bir xəstəlik üzündən dünyasını dəyişdi. Ancaq bu hadisə baş verməyə də bilərdi. Hər halda, bu işdə məsuliyyəti olan hər kəs, əgər vicdanı varsa, öz günahını etiraf etməlidir. Bu, mənim nəzərimdə bir ailənin itkisi deyil, bütövlükdə Azərbaycanın itkisidir - biz bir əsgəri itirmişik. Yəni insanların öz işinə məsuliyyətindən də çox şey asılıdır".

 

 

Ayna.- 2011.- 29 oktyabr.- S.16.