"Səhnəni aktyorun əlindən aldın, həyatı puç olur"

 

Yasin Qarayev işdən uzaqlaşdırılan həmkarlarının gedişi ilə razılaşa bilmir

 

"65 yaşına çatmış həkim artıq müdrikləşir, loğmanlaşır. Ondan öyrənilmə vaxtı gəlib çatır. Universiteti təzəcə bitirmiş bir gənc 65 yaşlı böyük təcrübəyə malik olan həkimi əvəz edə bilərmi? Müəyyən müddət həmin təcrübəli həkim ona təcrübə keçməlidir. 65 yaşında müəllim daha kamil olur. Müdrikləşir, potensialı cavanınkından daha çox olur. Mənim birinci sinif müəllimim hazırda sağdır. Yaşı səksəni ötsə də, özünü çox yaxşı hiss edir. Həmişə də məclislərimizin başında əyləşir. Onun müdrik kəlamlarından, tövsiyələrindən doymaq olmur" - bu sözləri Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev teatrlarda yaranan yaş senzurası ilə bağlı məsələyə aydınlıq gətirərək bildirib. Aktyor 65 yaşında teatrdan uzaqlaşdırılan həmkarlarının gedişi ilə barışa bilmir.

"Xarici ölkələrdə yaşlı aktyora hörmət edir, səhnədən uzaqlaşdırmırlar. Bizim yaşı 80-i haqlayan böyük aktrisa Firəngiz Şərifova var. Səsinin məlahəti, ahəngi bu gün də olduğu kimi qalıb. Və ya Tariyel Qasımov. Bu saat ömrünün bahar fəslini yaşayır. 72 yaşı var.

Onun anası 92 yaşındadır. Onlar uzunömürlü nəsildir. Biz onlara gedəndə 92 yaşlı anası bizə xəngəl bişirir. 30-40 yaşında elə qadınlar var xəngəl yaya bilmirlər. Və ya Ağaxan Salmanlı. Dəyirmanın bu başından ölü buraxarsan, o biri başından diri çıxar. İşlək, zirək, teatra, sənətə vurğun insanları təqaüdə göndərmək nə dərəcədə düzgündür? Mənim üçün onların teatrdan getməyi çox ağırdır. 40 ildir mən ailəmdən çox, o yoldaşlarla ünsiyyətdə oluram. Gedişlərinə çox heyifslənirəm".

Aktyor xatırladır ki, bu proses başqa teatrlara şamil edilməyib. Xatırlatdı ki, Akademik Milli Dram Teatrında hələ heç kəs buraxılmayıb:

"Rus Dram Teatrında Yegizarovdan soruşmuşam, onlarda da hələ belə bir proses baş verməyib. Mənimlə hələ ki, birillik müqavilə bağlanıb. Bir ildən sonra, yəqin, deyərlər ki, sən teatra lazım deyilsən. Gələn il müqaviləmin vaxtı bitəcək, yaşım da 65-i keçəcək, yəqin, mənə növbə çatar. Mən hesab edirəm ki, həm qanunu tapdalamaq olmaz, həm qanunu kortəbii surətdə tətbiq etmək olmaz. Qanun pakdır, təmizdir. Amma bu qanunu tətbiq edəndə gərək bir az diqqətli olasan. Ölçü hissini itirmək olmaz. Teatr insanları səhnəyə bütün qəlbləri ilə vurğun olurlar. Onlar ömrünü-gününü teatra xərcləyir, teatrla nəfəs alırlar. Səhnə onlar üçün ilahi qüvvədir. Səhnəni onların əlindən aldın, aktyorun həyatı puç olur. Hətta eləsi var ki, bunu özü üçün faciə sayır.

 

 

Xatun   

 

Ayna.- 2011.- 29 oktyabr.- S.20.