Rafiq
Babayevin anım gecəsi keçirildi
Bu misilsiz sənətçi
terrorun qurbanı olub
Oktyabrın 27-də axşam Muğam Mərkəzində
xalq artisti, görkəmli pianoçu və bəstəkar
Rafiq Babayevin 75 illiyinə həsr olunmuş anım gecəsi
keçirildi. Yubiley oktyabrın 15-dən 29-dək Bakıda
keçirilən Beynəlxalq Caz Festivalının tərkib
hissəsi olub ("Turan"). Zal bəstəkarın
yaxınları, dostları, pərəstişkarları,
festival iştirakçıları ilə dolu olub. Babayev həm
musiqiçi, həm də bir insan kimi onların qəlbində
dərin iz qoyub. Aparıcı Rahib Azəri maestronun həyat
yolundan danışıb, konsert
çıxışlarından, şəxsi albomundan fotolar,
R.Babayev haqqında fikir söyləyən musiqi korifeylərinin
müsahibələri nümayiş etdirilib. Onların
arasında Azərbaycan cazının təməl
daşını qoyan Tofiq Quliyev deyib ki, "Rafiq həyatım
boyu tanıdığım ən təmiz, ən düzgün
adam idi".
Cəmil Əmirov, Rain Sultanov, Elçin
Şirinov, Emil Əfrasiyab və başqalarının
ifasında bəstəkarın məşhur caz
improvizasiyaları səslənib. Pianoçu və bəstəkar
Salman Qəmbərov özünün "Rafiq Babayevə ithaf
olunur" bəstəsini səsləndirib. Əsərin
sonunda o, fortepianonun pedalının vasitəsilə getdikcə
dayanan ürək döyüntüsü səslərini ifadə
edib.
Rafiq Babayev Bakıda doğulub. Atası
Fərzi Babayev 1937-ci ildə repressiya olunub. Anası Şahbəyim
6 övladını - Mərziyə, Vəsilə, Emilya, Oqtay,
Rafiq, Armanusanı çətinliklər içərisində
böyüdüb boya-başa çatdırıb. Sonradan bu
uşaqların hamısı peşəkar musiqiçi
kimi tanınıb.
1943-cü
ildə 160 saylı musiqi məktəbinə
daxil olan Rafiq ilk caz
kvaretini də məhz bu
məktəbdə yaradıb. 1950-ci ildə məktəbi bitirərək
Asəf Zeynallı adına musiqi məktəbinin
fortepiano sinfinə daxil
olub, R.S.Levinanın sinfində təhsil
alır. Bu məktəbdə təhsil almaqla
yanaşı, Xalq Çalğı Alətləri
Ansamblının musiqi rəhbəri vəzifəsində
işləyib. Bu illərdə caz musiqisinə bərk bağlanıb və improvizasiya ustalığını təkmilləşdirib.
1954-cü
ildə buraxılış imtahanında onun
ifa etdiyi proqrama klassik əsərlərlə
yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib. Sonradan
özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq
Babayev 1959-cu ildə Bakı
Konservatoriyasını bitirdikdən sonra həmin
qrupun musiqi rəhbəri
kimi Sovet
İttifaqı şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə
çıxıb. Rafiq Babayev
Bakıya dönəndən sonra Rəşid
Behbudovla tanış olub.
1967-ci
ildə Rəşid Behbudov Mahnı
Teatrını yaradanda Rafiq
Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət
olunub. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert
proqramı hazırlamağa başlayırlar. Bütün
bu illər ərzində Rafiq
caz musiqisi sahəsində
yaradıcı işini də davam etdirib, caz festivallarında iştirak
edib. 1967-ci ildə
Tallində Beynəlxalq
Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olub. Onun kompozisiyası xüsusi
qeyd edilib. Müxtəlif illərdə
bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər),
Cəmil Əmirov (klavişli alətlər),
Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov
(bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov
(bas-gitara) və başqa peşəkar musiqiçilər çalışıblar.
1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi
layihələrinin həyata
keçirilməsinə kömək
edən səsyazma studiyası yaradıb.
Folklor çalğı alətlərindən
istifadə etməklə,
onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda
bir-birinə zidd cəhətlərinə - Qərbə
və Şərqə
xas olan musiqini melodik tərzdə birləşdirərək
gözəl kompozisiyalar
yaradıb. 1993-cü ildə Rafiq Babayevə xalq artisti adı verilib.
...Terror
insanı qəfildən
haqlayır. 1994-cü il martın 19-da heç bir günahı olmayan onlarca şəhərli Ermənistan dövlət orqanlarının təşkil
etdiyi qanlı terrorun qurbanı olub. Bakı metrosunda baş vermiş partlayışda
həyatını itirənlər
arasında Rafiq Babayev də vardı...
İ.Balıoğlu
Ayna.-
2011.- 29 oktyabr.- S.19.